X fəsil, 3
Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.
– Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.
Telefonda qəza firqə özək katibinin şadyana səsi eşidildi.
– Kabı, Bakıdan xəbər gəldi. Onlar bizim xahişimizi yerinə yetiriblər. Xalq Maarif Komissarlığı əmr göndərib. Halay bəyi seminariyaya müdir təyin ediblər. Əmri sənə göndərirəm. Halay bəyi də, maarif şöbə müdirini də çağır yanına, gedin məktəbə. Müəllimləri yığın, iclas aparın, Halay bəyi təqdim edin, qoyun kişi bu gündən işə başlasın. Sonra nəticəsini mənə deyərsən.
Kəsəmənli dəstək əlində xeyli dayandı. Onun zəhmli sifətinə elə bil işıq çilənmişdi. Qan sağılmış gözləri durulmuşdu. Kişi sevindiyindən bilmirdi nə etsin. Masanın üstündəki zınqırovu cingildətdi. Keşikçi milis qapının ağzında göründü.
– Bu saat get Halay bəyi mənim yanıma gətir.
Ayağa durdu. Üst-başını sahmana saldı ki, kişini şadyana qarşılasın. Bir azdan qapı aralandı və milis nəfəri göründü. O, tək idi. Kəsəmənli təşvişlə milisin üzünə baxdı.
– Bəs Halay bəy hanı?
Növbətçi milis boynunu aşağı salıb büzüşdü və səsi titrəyə-titrəyə astadan dilləndi;
– Yoxdur. İki gün bundan əvvəl gecə gəlib evindən aparıblar.
Kəsəmənlini elə bil ilan çaldı. Yerindən dik atıldı.
– Hara?!
– Qalaya.
Növbətçi gördü ki, Kəsəmənlinin başı azacıq əsdi, sifətinin cod tükləri daha da codlaşdı. Əvvəlcə çiyinləri, sonra da bütün bədəni titrədi. Dabanı üstündə fırlanıb öncə sağ, sonra da sol çiyni tərəfdən arxaya boylandı. Elə bil kiminsə kürəyini nişan aldığını gördü. Növbətçi milis son zamanlar Kəsəmənlinin yol gedərkən, ya da at belində olarkən birdən təşvişlə geri boylandığını, elə bil arxadan kiminsə onu vuracağını bilmək üçün belə etdiyini çox görmüşdü.
Kəsəmənli ayağa durdu. Otağın içində iki dəfə fırlandı, pəncərələrin, qapının ağzında dayandı. Elə bil çıxmağa yer axtarır, ancaq yol tapmırdı. Onun gözləri qıpqırmızı qızarıb qan çanağına dönmüşdü. Gözlərini tor basmışdı. Heç nə görmürdü. Əlləri də titrəyirdi. Növbətçi milisioner "Kişini, deyəsən, vurğun vuracaq" - deyə düşündü, cəld masanın üstündəki su qabına yaxınlaşıb ona bir stəkan su verdi.
– Kabı qağa, özünüzə toxtaxlıq verin.
Kabı kişi bu sözlərdən ayılan kimi oldu. Növbətçi kişi onun boyun damarlarının sakitləşməsindən başa düşdü ki, Kəsəmənli yavaş-yavaş özünə gəldi.
Kabı azacıq toxtadıqdan sonra güllə kimi bayıra çıxdı və bir göz qırpımında atın belinə sıçradı.
Həmişə həyətdə yəhərli-yüyənli atlarınan dayanan milislər də atın belinə qalxdılar. Onlar Kəsəmənli ilə dabanbasaraq Fətullayevin idarəsinə gəldilər. \
Kəsəmənli sürətlə qapını açıb içəri girdi. Fətullayev fısıltısını içəri yığmış ilan kimi sakitcə oturmuşdu. O, Kəsəmənliyə fikir vermədi və azacıq yerində qımıldandı. Fətullayev nimdaş, rəngi bozarmış qara dəri pencəyini geyinmişdi. Ayağındakı çəkmələr də, başındakı dəri papaq da nimdaş idi. Zahirən sakit görünən gözlərində elə bil ilan-çayan qaynaşırdı.
Kəsəmənliyə elə gəldi ki, onun qarşısında, masanın üstündə nəhəng bir ilan qıvrılıb yatmışdı. Ancaq bu ilanın başı tərpənir, gözləri nəyə isə zillənirdi. Bir balaca ləngisən, ya da ehtiyatsızlıq etsən, bir göz qırpımında üstünə atılacaq, bədəninə dolanıb səni tas-tas edəcəkdi. Kəsəmənli bunları düşünsə də, səsinə sakitlik verdi və qətiyyətlə soruşdu:
– Halay bəy hardadı?
– Yoxdur.
– Necə yəni yoxdur'? Sən nə ixtiyarla...
Elə bil masanın üstündə yatan nəhəng ilan tərpəndi. Onun bədəni buğum- buğum titrədi və başını dik qaldırdı.
– Mən qanunsuz heç bir iş görmürəm, "Troyka"nın qərarı ilə hərəkət edirəm. Al, bu da qərar. Özü də, xahiş edirəm, hay-haray salmayasınız, hökm yerinə yetirilmişdir. Artıq gecikmək olmazdı.
Kabı kişinin əli sezilmədən qobura yaxınlaşdı. Naqanın çıxması ilə otağı şaqqıltının bürüməsi bir oldu. Top hərləndikcə gilizlər ətrafa səpələndi. Fətullayev masanın üstə sərildi. Kəsəmənli onun şoralanan qara qan içində ölmüş sifətinə baxdı və bir göz qırpımında qapıdan çıxıb atın belinə sıçradı. Dilican dərəsi tərəfə çapdı. Bir də o zaman ayıldı ki, Naltökən yaylağına çatmışdı. Cilovu çəkdi, atın köpüklənmiş sinəsinə, sonra da arxasınca gələnlərə baxdı. Kəsəmənli bir səfərə çıxanda, qaçaq-quldur üstünə gedəndə onu tək buraxmayan milislər indi də onun yanında idilər. Kabı kişi nəfəsini dərib Noylu bulağın üstündəki dəyələrə və Halay bəyin çadırına baxdı. Köks ötürüb üzünü yoldaşlarına çevirdi.
– Gəlin, qayıdın evinizə.
– Biz səni tək qoya bilmərik.
– Mən qayıdası olmayacam. Mənə görə arvad-uşağınızı başsız qoymayın.
Milislər onun sözünə baxmadılar. Birlikdə qaçaqların alaçığına yaxınlaşdılar. Həsən ağa qabağa yeridi. Halay bəyi görməyəndə Kəsəmənlinin gözünə baxdı. Bu zabitəli və zəhmli kişinin gözlərində yaş gizlənmişdi.
– Namərdlərdən qoruya bilmədim. - O, birdən-birə kişiyə yaraşmayan daxili bir çılğınlıqla hönkürdü. Sakitləşdikdən sonra hələ də bir şey anlamayan Həsən ağaya dedi. - Yoldaşlarına de, hazırlaşsınlar. Üstümüzü almamış burdan getməliyik. - O, atın üstündən qanrılıb Noylu bulağa baxdı. Ciyəri yanırdı. Bunu başa düşən bir gəlin iri qalaylı bir parçı su ilə doldurub ona yaxınlaşdı. Kəsəmənli qabı götürüb başına çəkdi.
Qaçaqlar atlandılar. Tərpənməzdən əvvəl zirvəsi qarlı dağlara, güllü-çiçəkli alp çəmənliklərinə, meşədən qarağat və çiyələk yığan uşaqlara baxdılar. Atları tərpətdilər. Qarşıda Arazın lilli və boz-bulanıq suları axırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-olen-dunyam-x-fesil-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
IX fəsil, 3Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
IX fəsil, 5Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.