Üçüncü hissə, 11
Səhifə 2 / 2 · 50%
– O nədi elə?
– Bu uşaqlar sənin qohumun deyil, tanışın deyil, heç bir kənddə də anadan olmayıbsınız, sənə nə düşüb ki, özünü öldürürsən? İndiki zamanda heç qardaş qardaşa bir tikə çörək vermir.
– Eh, əmi, – deyə Əhməd dərindən köksünü ötürdü, – elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir.
– Bunlar hamısı Allahın işidir, a bala.
– Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
Rüstəm kişi susdu. Əhmədi birinci dəfə görürmüş kimi heyrətlə süzdü. Sonra da nəzərə çarpmayacaq dərəcədə astadan başını tərpətdi. "Suyun lal axanı, adamın yerə baxanı buna deyiblər. Gör nələr danışır! Deyəsən heç iki ölünü bir qəbirdə qoyana oxşamır, ağzı çox odludur. Amma insafa qalsa, dediklərinin hamısı düzdür. Deyəsən, irəlini, gerini fikirləşən adamdır", – deyə düşündü. Qəlyanını təzədən doldurub tüstülətdi:
– Yaxşı, indi sən nə eləmək istəyirsən?
– Camaatıma kömək.
– Bayaq dedim, a bala, sənin əlində nə var ki, camaata da kömək eləyəsən?
– Mənim əlimdə heç nəyim olmasa da savadım var. Mən camaata bununla kömək eləyərəm. Əgər hamı oxusa, savadlı olsa, belə haqsızlıqlar baş verməz. Biz cəhənnəm, heç olmasa bizdən sonra gələnlər yaxşı dolansınlar, xeyiri şərdən seçə bilsinlər. Bax, mənim istədiyim budur. Rüstəm əmi, mən istəyirəm ki, sənin oğlun Səlim oxusun, savadlı olsun. Xeyir-şərini başa düşsün. Daha onun-bunun əvəzinə işləməsin. Aydındırmı?
Qoca çiyinlərini çəkdi:
– Nə bilim, a bala, dediklərin düzdür. Amma dünya belə gəlib, belə də gedəcək. Bu işlər düzələn deyil.
– Düzələcək. Mən bu uşaqları oxudacağam. Onların da hərəsi beş uşaq oxudacaq. Belə-belə hamı savadlanacaq, nadanlıq aradan qalxacaq. Elm dediyin işıq kimi bir şeydir, çoxaldıqca qaranlığın ömrü azalır, adamın gözünə nur gəlir.
– Yaxşi, deyəsən, məni bağladın, a bala, bə o biri uşaqlarla da danışıbsanmı?
– Hələ heç kəsi tapmamışam.
– Qarpızını kəs, oğul, indi ki, belə oldu, arvada deyərəm, çörəkdən-zaddan bişirər, Allah köməyiniz olsun, gedin...
Göytəpənin üstünə boğucu, ağır qaranlıq çökmüşdü. Bir budaq, bir ot, bir yarpaq belə tərpənmirdi. Mal-qaranın torpaq yoldan qaldırdığı toz havada boğanaq kimi dayanmışdı. Gündüzlər haraya isə çəkilib yox olan ağcaqanadlar Kürün üstündən bulud kimi qalxıb kəndə dolmuşdu. Onların vızıltısı bütün Göytəpəyə yayılmışdı. Arançılar damların üstündə, lalvarlarda özlərinə yer salmışdılar. Qazma daxmalarda oturmaq mümkün deyildi. Birələr enli kimi adamın bədəninə daraşırdı. Elə bayırda da rahatlıq yox idi. Ağcaqanadlar elə sancırdılar ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. Hamı təzək yandırmışdı. Təzəyin acı tüstüsü bütün kəndə yayılmış, onsuz da ağır olan havanı kəsifləşdirmişdi.
Əhməd əlində iri bir budaq, özünü ağcaqanadlardan qoruya-qoruya kəndin arası ilə xeyli dolaşdı, nəhayət, gəmiçi Qocanın həyətində ayaq saxladı. Həyətdə it olmadığından, birbaş çardağın üstünə çıxdı.
Qoca kişi Kürün qırağından yenicə qayıtmışdı. Çardağın üstündə təzək yandırıb oturmuşdu. Yorğunluğuna baxmayaraq, yuxusu gəlmirdi Təklik onu yaman darıxdırırdı. Bədənini üşütmə götürmüşdü. Deyəsən, zəhrimar qara qızdırma yenə başlayacaqdı. Yazıq kişi neçə il idi ki, əlləşir, bu dərddən yaxasını qurtara bilmirdi.
– Axşamın xeyir, ay Qoca dayı.
Kişi qəfildən onun başının üstünü kəsdirən adamı əvvəlcə tanıya bilmədi.
– Axşamın xeyir, a bala, kimsən? – O, gözünü ovuşdurdu, tüstü boğazına dolduğundan çeçədi, – Bıy səni zəhrimara qalasan!
– Mənəm, Qoca dayı, poçt Əhmədəm.
– Ay səni xoş gördük, bəri gəl, yanını yerə qoy görək, nə var, nə yox, nə əcəb səndən?
– Elə belə gəldim kefini soruşum.
– Çox yaxşı eləyibsən. İstilərlə necəsən?
– Birtəhər yola veririk.
Onlar yanaşı oturdular. Qoca kişi ağacla təzəkləri qurdaladı. Tüstü daha da çoxaldı. Ağcaqanadlar bir az kənara uçdular. Onlar vızıltı ilə ətrafa dolanıb, qorxularından tüstüyə yaxın gələ bilmədilər.
– Bəs Çərkəz hanı?
Qoca kişi köksünü ötürdü. Elə bil yazığın yaralı yerinə toxundular.
– Nə bilim, a bala, axır vaxtlar heç evə yovuşmur. Bacısı qaçırılandan sonra isə heç dindirmək olmur. Bir söz soruşan kimi "kənddən baş götürüb gedəcəyəm" – deyir.
– Haraya, Qoca dayı?
– Nə bilim, şəhərə, fəhləliyə.
– Bəs sən nə deyirsən?
– Nə deyim, a bala, özü bilir. Mənim hay-hayım gedib, vay-vayım qalıb. Bu gün-sabahlığam.
– Sənə nə olub, ay Qoca dayı, maşallah qırğı kimisən.
– Ay xalayın toyu olsun, mənə təsəlli verirsən?
– Vallah düz sözümdür. Allah qoysa bu gün-sabah Çərkəzə də toy eləyib gəlin gətirərsən.
– Elə mən də onu deyirəm, amma Çərkəz ipə-sapa yatmır.
– Yatar, niyə yatmır, gözaltısı var?
– Mən hardan bilim? Heç ürəyinin sözünü adama açır ki?
Əhməd kişinin dərdini dağıtmaq üçün söhbətini bir az da şirinləşdirməyi qərara aldı:
– Mən bu sirri öyrənsəm, əvəzinə nə verərsən?
– Nə verəcəyəm, ay nişanlısı göyçək, görmürsənmi dilənçidən pay diləyirəm?
– Dünya varından ötəri ürəyini niyə sıxırsan, ay Qoca dayı, Çərkəzin canı sağ olsun.
– Orası elədir, a bala, amma yoxdan Allah da bezardır. Görmürsənmi, yanıma gəlibsən, heç bir stəkan quru çayım da yoxdur ki, sənə verəm.
Tüstü azacıq seyrəldi. Bundan istifadə edən iri bir ağcaqanad Əhmədin boynuna qondu. İri, uzun xortumunu birdən-birə sancdı. Əhməd diksinib şappıltı ilə boynuna vurdu. Onun ovcu qana bulandı.
– Allah kökünü kəssin, yaman şeydir. Üstünə keçə salırsan, onu da deşib adamı dişləyir.
Qoca kişi yanındakı təzəklərdən götürüb ocağa qoydu. Əlindəki ağacla közü eşib üfürdü. Tüstü kəsifləşən kimi ağcaqanadlar vızıldaşıb yenidən kənara çəkildi.
Bir xeyli yenə susdular. Qoca kişi gecə vaxtı Əhmədin onun yanına boş-boşuna gəlmədiyini, nə isə bir söz demək istədiyini anlamışdı. Amma soruşmağa ürək etmirdi. Əhməd isə doğrudan da kişinin kefini bir az açmaq, sonradan fikrini söyləmək istəyirdi.
Kişi yenə təzəyi qurdaladı. Əhməd onun boğulub çeçədiyini görüb ağacı aldı. Təzəyi çevirdi. Korun-koruna yanan ocağın gözünü deşdi:
– Qoca dayı, sabah yaylağa gedirəm, sözün yoxdur ki?
– Xeyirdimi, a bala?
– Uşaqları aparıram.
– Hansı uşaqları?
– Seminariyaya hazırladıqlarımı. Sizin Osmanı da aparmaq istəyirəm. Gəlmişəm səndən icazə alım.
Kişi azacıq sükutdan sonra soruşdu:
– Anası nə deyir?
– Sənin razılığın olsa, sözü yoxdur.
– Osman özü getmək istəyirmi?
– Niyə istəmir?
Qoca kişi yetim qalmış qardaşı oğlunun oxumaq arzusunda olduğunu çoxdan bilirdi. Ancaq nə özünün, nə də yetim uşağın anasının imkanı olmadığından susurdu. İndi ki, bir Allah bəndəsi bu işdə Osmana kömək etmək istəyirdi, ona nə üçün mane olaydı? Kişi bir xeyli susduqdan sonra dərindən köksünü ötürüb astadan dilləndi:
– Özünüz bilən yaxşıdır, mən bir şey demirəm. Gedin, Allah köməyiniz olsun.
Əhməd onun əlini sıxıb ayrıldı. Çardağın üstündən endi. Bir xeyli cığırla getdi. Qoca kişinin onu səslədiyini eşidib ayaq saxladı. Gəmiçi ona yaxınlaşana qədər gözlədi. Kişi gəldi. Bir müddət tərəddüd içində dayandı. Əhməd onun nə isə bir şey demək istədiyini, ancaq qəti qarara gələ bilmədiyini hiss etsə də dinmədi. Qoca dayının sözə başlamasını gözlədi.
– İşdi, yaylaqda bizim uşaq gözünə deysə, deynən nigaran olmasın, salamatlıqdır.
– Deyərəm, Qoca dayı, arxayın ol. Başqa bir sifarişin yoxdur ki?
– Yox, dərdin alım, dünəndən bilsəydim bəlkə bir-iki yemişdən qarpızdan tapardım. İndi əlim heç yana çatmaz.
– Mən apararam. Sənin əvəzindən pay verərəm.
– Çox sağ ol, a bala, ata payının ləzzəti başqa olur. – Kişi çiynini çəkdi. Sanki bununla "Yoxsulluğun üzü qara olsun, nə eləyim?" – demək istədi. – Yaxşı yol, bala, uşaqlardan muğayat ol.
Əhməd, kişinin səsindəki titrəyişdən duydu ki, kövrəlmişdir. Onun qəlbi riqqətə gəldi. Bu saat Qoca kişi ilə özünün arasında bır yaxınlıq olduğunu hiss etdi. Qoca kişi doğma kəndində yaşasa da, tamamilə tək və yalqız idi. Əhməd başa düşdü ki, kişi qızından çox oğlunun dərdini çəkir. Çərkəzin onu qoca vaxtında qara damın altında tək qoyub şəhərə gedəcəyindən qorxur. Əhməd bu anda Qoca kişiyə haqq verdi. Çünki özü çox yaxşı bilirdi ki, təklik ağır dərddir.
Əhməd yavaşca onun çiynini qucaqladı. Yumaq kimi büzüşüb balacalaşmış bu ixtiyar kişini öpdü. Başını sinəsində xeyli saxladı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-ucuncu-hisse-11
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tez-tez göyün üzü tutulur, buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Çənli-çiskinli yağış başlamışdı. Yolların palçığı saqqız kimi olmuşdu. Yavaş- yavaş hava soyuyur, mal-qara örüşə çıxmırdı. Toyuqlar quru yer axtarır, itlər büzüşüb ocaq yerində yatırdı.Hava açılana oxşamırdı.
27Tükəzban gözünü açanda ətrafa boylandı. Harada olduğunu müəyyənləşdirə bilmədi. Sonra başının üstündə dayanmış Zeynəbi gördü:– Bura haradır, qızım?
28Gecədən xeyli keçmiş itlər hürüşdü. Doqqazdan səs gəldi. Axır günlər səksəkəli olan Kosaoğlu yerindən dik qalxdı, döyükmüş halda pəncərədən boylandı, səsə qulaq asdı. Bir azdan Sayalı içəri girdi.– Kimdir?
29İmran evə qədəm basan kimi anasının yoxluğunu bütün dəhşəti ilə hiss etdi. Toyuq-cücə həyətə səpələnmişdi. Eyvan süpürülməmişdi. Ocaq yerindəki daşlara, divara söykədilmiş saca əl dəyməmişdi. Səhəng boş idi. Taxtın üstü səliqəyə salınmamışdı. Ev buz kimi idi.İmran sakitcə taxtda oturdu. Hara baxdısa, anası gəlib gözünün qabağında dayandı. Ona elə gəldi ki, anası bu saat qaynamış samovarı içəri gətirəcək, süfrə salacaq, qonşu otaqdan Nərgiz çıxıb gələcək, yenə oturub birlikdə, deyə-gülə çörək yeyəcəklər...
Başqa şairlərin şeirləri
Gənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Vay deyəAğanı öldürdü qaçaqlar bu gün,Ağla altı aylıq haqqım vay, deyə.
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,