Salatın çətəni çəkib dəyənin qapısını örtdü. Küncə, yük yerinin yanına bir döşəkcə atdı. Ayaqlı duağı ortaya qoydu. Döşəyin altından dəftər-qələm çıxartdı. Bardaş qurab oturdu. Yaylağa gələndən bəri öyrənib yazdığı hərflərə xeyli baxdı. Onları səssizcə oxudu. Sonra da duağın üstünə əyilib iri, naşı hərflərlə sözlər yazmağa başladı. O, xəttinin gözəl olmasına çalışdığından qələmi kağıza daha möhkəm basırdı. Qız elə bilirdi ki, qələmi gücü gəldiyi qədər sıxsa hər şey düzələcəkdir.

Salatın gün günorta yerinə gələnə qədər üç səhifə yazıb doldurdu. Sonra boynunu yana əyib diqqətlə yazdıqlarına baxdı. Əllərini boynunun arxasında çarpazlayıb bərkdən gərnəşdi. Onun sümükləri şaqqıldadı. Ayağa durub kağız-qələmi yığışdırdı. Döşəyin altında gizlətdi. Dəyədən çıxdı.

Gün qızmışdı. Arxacda iri göy çibinlər vızıldaşırdı. Arvadlar yorğan-döşəyi günə sərmişdilər. Həyətdə nehrə çalxalayırdılar.

Salatın səhəngini götürüb bulağa endi.

Qarşı tərəfdəki dağın döşündə, iri fıstıq ağacının dibində cavanlar toplaşmışdılar. Onlar göy otluğa uzanmışdılar. Bir nəfər isə ortada saz çalıb oxuyurdu. Salatın cığırla enə-enə mahnıya qulaq asdı. Oxuyanın səsi pis deyildi. Saz çalmağı da yaxşı idi. Ancaq arada zəngulə vuranda naşılığı bilinirdi.

O, bulağa endi. Suyun üstü qız-gəlinlə dolmuşdu. Onların bir qismi iri ağac novda paltar yaxalayır, bir qismi qab qumlayır, bir hissəsi isə kənardaca oturub, səsi dalğa-dalğa dərəyə yayılan saza qulaq asırdı. Onlardan arabir şaqqıldayıb gülənlər də var idi.

– Ölmüş yaman oxuyur, deyəsən ürəyini yandıran var.

– Gör necə də boğazında qaynadır.

– Zarafat deyil, haqq aşığıdır.

Qızlardan biri üzünü dağın döşündə toplaşanlara tərəf tutdu:

– Yandıran yansın, ədə, özünə divan eləmə.

Qızlar şaqqıldayıb gülüşdülər.

Salatın səssizcə onlara yaxınlaşdı, Bulağın gözündən səhəngini doldurub kənara qoydu. Ətəyini çırmayıb suyun axarı ilə aşağı getdi. Yarpız dərib önlüyünü doldurdu. Geri, bulağın üstünə qayıtdı. Səhəngini götürüb yola düşmək istədi. Bu vaxt qızlardan biri onun qolundan yapışıb qəhqəhə ilə güldü:

– Ay qız, ağzın, burnun niyə bu kökdədir?

Salatın dayanıb mat-mat onun üzünə baxdı:

– Nə olub?

– Dodağın gömgöydür, nə yeyibsən?

Salatın əlinin arxası ilə ağzını sildi. Diqqətlə barmaqlarına baxdı və başa düşdü ki, dişi, dodaqları gömgöydür.

– Qələmdən olub.

– Nə qələm, sən də yazı yazırsan?

– Yox, Əşrəfin qələmidir, – Salatın tələsik cavab verdi və donunun ucu ilə ağzını silməyə başladı. Dodağını təmizləmək əvəzinə, qələmin rəngini üzünə yaymaladı. Qızlar yenidən gülüşdülər. Salatın səhəngi yerə qoyub, bulaqda üzünü tərtəmiz yuyası oldu.

– Aaz, ala, qumla sürt.

– Dua da yazırsanmı?

– Bircə əl çəkin. Sizin kefiniz gəlib, mənim işim var.

Salatın qızlardan ayrılıb dolama cığırlarla yuxarı qalxdı. Cavanlar yenə çalıb-oxuyurdular. Onlardan xeyli aralıda isə qızlar yelləncək salmışdılar. Sazın səsi daha aydın eşidilirdi. Aşığın sözləri qayadan-qayaya düşüb dərə aşağı yayılırdı:

Sallana-sallana gələn Salatın,

Gəl elə sallanma, söz dəyər sənə.

Al-yaşıl geyinib çıxma qarşıma,

Sağın bədnəzərdən göz dəyər sənə.

Qız adının çəkildiyini eşidəndə özünü itirdi. Addımlarını yeyinləşdirib dərədən tez uzaqlaşmağa çalışdı. "Bıy, ciyərin yansın, məni biabır elədi" – deyə xəyalından keçirdi. Sürətini bir az artırdı. Aşıq ortada fırlandı. O sanki qızın hər şeyi eşitdiyini başa düşdü. Sazı sinəsinə basıb üzünü binələrə doğru çevirdi:

Əylən, əylən, görüm kimin yarısan?

Hansı bəxtəvərin vəfadarısan?

Kölgədə bəslənmiş quzey qarısan,

Səhərin günəşi tez dəyər sənə.

Salatın qəribə hal keçirirdi. O bir tərəfdən addımlarını yeyinlədib tez dəyələrə çatmağa çalışır, digər tərəfdən də mahnının sözlərini axıra qədər eşitmək istəyirdi. Hərdənbir dodaqları aralanır, qımışırdı. Mahnının sözləri onu həm əsəbiləşdirir, həm də xumarlandırırdı. Salatın başa düşürdü ki, aşıq bu sözləri boş-boşuna oxumur, doğrudan da onu tərifləyir, onun gözəlliyini mədh eləyir. Salatın adının dilə, ağıza düşməsini istəmirdi. Ancaq tərifdən də xoşu gəlirdi. Bütün qızlar kimi onu da şirin sözlər meyxoş edirdi. Elə bil aşıq da bunu başa düşmüşdü:

Aşıq deyər, heç kəs yarın öyməsin,

Düymələ yaxayın çarpaz düyməsin.

Dəstələ zülfünü yerə dəyməsin,

Yollar qubarlıdır, toz dəyər sənə.

Aşıq son misranı deyərkən bərkdən zəngulə vurdu. Sazı yuxarı qaldırıb ortada fırlandı. Salatın onun səsinin qayalarda əks-səda verib təkrar olunduğunu eşitdi. Qız bu dəfə özünü lap itirdi. Ona elə gəldi ki, bulaq başındakı qızlar qaqqıldaşdılar. Dönüb geri baxmağı ürəyindən keçirsə də, cəsarəti çatmadı. Güc-bəla ilə özünü dəyələrə yetirdi. Səhəngi yerə qoyub dərindən nəfəs aldı. Alnının tərini sildi.

Zərnigar xanım onun dəyənin yanında ləngidiyini görüb əl elədi. Salatın anasının yanına yüyürdü.

– A bala, nə oldu, yarpız dərdinmi?

– Dərmişəm, ana, bax gör, bəsdirmi?

– Bəsdi. Di tez ol, dəyəni yığışdır, uşaqlara çörək apar.

Salatın qayıdıb doyəyə girdi. Ətəyindəki yarpızı boşaltdı. Koftasının qoynundan balaca bir güzgü çıxartdı. Əvvəlcə sifətindəki mürəkkəbin gedib-getməməsini yoxladı. Sonra saçının islaq qıvırcıqlarını sığalladı. Hörüyünü çiyninin üstündən aşağı salıb diqqətlə baxdı. "Ciyəri yanmış düz deyirmiş, heç indiyəcən fikir verməmişdim, deyəsən, saçım doğrudan da uzundur". Sonra yorğan-döşəyi çırpıb təmizlədi, səliqə ilə qatlayıb bir küncə yığdı. Dəyənin çubuğundan asılmış pencəyi götürüb qatlamaq istədi. Elə bu vaxt pencəyin yan cibindən yerə bir qutu düşdü. Papiros dəyənin ortasına səpələndi. Salatın dizi üstə çöküb onları yığdı, səliqə ilə qutuya doldurdu. Bir xeyli əlində saxlayıb baxdı. Qutunun üstündəki zərli yazıları oxumaq istədi. Hərflərin bəzisini tanısa da, sözləri başa düşə bilmədi. Qutunu burnuna yaxınlaşdırıb qoxuladı. Tütün tozu burnunu qıcıqlandırdı. Qız bir-iki dəfə asqırdı. O birinci dəfə bu cür yaraşıqlı papiros görürdü. Atası da, Şamxal da eşmə çəkirdilər. Amma bu qutulu papiros adamın gözünü oxşayırdı. Salatın birdən nə fikirləşdisə, papirosu qoynunda gizlətdi. Qaça-qaça öz dəyələrinə getdi. Sandığı ehmalca açdı. Əşrəfin oxumaqdan qayıdanda alıb gətirdiyi ətir şüşəsini çıxartdı. Qapağını açıb papirosun üstünə çilədi. Dəyəni xoş bir rayihə doldurdu. Qız, əlində bir qutu, bir

xeyli beləcə dayandı. "Görəsən, çəkəndə başa düşəcəkmi ki, papirosuna ətir çilənib? Görəsən, ağlına nə gələcək? Yəqin mən heç xəyalına da düşməyəcəm. Çox məzəli iş olacaq. Fikirləşə-fikirləşə qalacaq ki, görəsən bunu kim eləyib?"

Salatın qutunu burnuna yaxınlaşdırıb qoxuladı. Ətirli tütünün iyi onun ciyərinə doldu. Qız astadan gülüb ayağa durdu. Dəyədən çıxmaq istədi. Sonra nə fikirləşdisə geri qayıtdı. Duağı çəkib qabağına qoydu. Papiros qutusunu boşaltdı. Qələmi götürdü. Çox ehtiyat və çətinliklə qutunun içinə "Əhməd" sözünü yazdı. Dönə-dönə oxudu. Papirosları yenidən səliqə ilə qutuya doldurdu. Aparıb pencəyin cibinə qoydu. Dəyədən çıxdı. Çətəni çəkib qapını bağladı.

Gün günorta yerindən əyilmişdi.

Salatın anasının hazırladığı bağlamanı götürdü. Binələrin önündəki pəyə doğru addımladı. Onun yanaqları alışıb-yanırdı. Bir az bundan əvvəl tutduğu işdən peşman olmuşdu. Yol gedə-gedə özünü danlayırdı. Deyəsən, axmaqlamışam. Getdikcə ağlım azalır. Xalqın papirosuna durduğum yerdə niyə ətir çilədim? Yad oğlanla mənim nə işim var? Heç qız tanımadığı adamla belə zarafat eləyərmi? Durdıığum yerdəcə özümü işə saldım. Bəlkə papirosu yerli-dibli gizlədim? Onda da fikirləşəcək ki, görəsən bunu kim götürüb. Yəqin uşaqlardan şübhələnəcək. Bəlkə Əşrəfə deyim ki, bilmədim, şüşə əlimdən düşdü, papirosun üstünə ətir səpələndi. Bəs yazı? Axı, mən axmaq qutuya onun adını da yazdım. Yox, qayıdan kimi gərək papirosu gizlədim. Allah eləməmiş, bu işdən dədəm xəbər tutsa, böyük tikəmi qulağım boyda eləyər. Elə Şamxal da ətimi şişə çəkər".

Salatın təpənin dikdirinə çatıb nəfəsini dərdi. Əlini gözünün üstünə qoyub uzaqlara boylandı. Üstü mamırlı yalçın qayalara, dağların döşündəki dolama cığırlara, arana doğru uzanan torpaq yollara baxdı. Buradan hər şey, sinəsi dalğalanan yaşıl yamaclar, otları saralan talalar, dərə ilə axan köpüklü sular aydınca görünürdü. Qarşıdakı dağın döşündə bir dəstə uşaq vardı. Onlar çiyələyi ota düzüb əllərində sallamışdılar.

Qız köksünü ötürdü. Cığıra düşüb irəlilədi. Ot qurşağa çıxırdı. Sarı qaymaqçiçəkləri, qramafon gülləri yaşıllığı daha da gözəlləşdirirdi. Çəmənliyin ortasında ucalan qayanın üstü xınalı idi. Onun ətrafını kəkotu bürümüşdü. Salatın özü də hiss etmədən göytəpəlilərin "Ərim gəldi" adlandırdıqları yerə gəlib çıxdı. Bura həmişə qız-gəlinlə dolu olardı. Qızlar kəkotu dərib buradaca qurudar, gəlinlər baş-başa verib xısınlaşar, arabir qaynanalarından gileylənib, dad çəkərdilər. Arana doğru uzanan yollara həsrətlə boylanmaq, hər qaraltıya göz qoymaq onların adəti idi. Aşağılarda bir araba, bir atlı görünən kimi ürəkləri döyünərdi. Sevinclərini bir-birilərindən gizləyən gəlinlər qaraltı yaxınlaşana kimi özlərini sakit aparmağa çalışardılar. Gələnin kim olduğunu biləndən sonra isə sakitcə ayağa durar, "ərim gəldi" – deyə qımışardılar. Yaşmaqlarını burunlarına qədər qaldırıb dəyələra doğru qaçardılar. Əri gəlməyənlər isə bir-birinə qaş-göz edib, gələnlərin dalınca gülərdilər.

Bu gün nədənsə bura boş idi. Binədəki kişilər beş-on gün idi ki, arana, biçinə getmişdilər. Onların qayıtmaq vaxtı idi. Bəs nə üçün yollara boylanan yox idi? Salatın təəccüb etdi. Ancaq birdən qayanın alt tərəfindən, kölgə düşən yerdən cingiltili bir səs eşitdi:

Şəkidən furqon gəlir,

Atları yorğun gəlir...

Bir gecə mehman etsən,

Gör necə çervon gəlir.

Mahnının dalınca qaqqıldaşıb gülüşdülər. Salatın anladı ki, bura boş deyil. Binədəki qız-gəlin qayanın kölgəsinə toplaşıb yollara baxır. Doğrudan da dərənin dibi ilə üç at qoşulmuş furqon gəlirdi.

Qayanın dibindən yenə gülüş eşidildi. Kimsə ucadan qışqırdı:

– Ay gəlinlər, özünüzü hazırlayın, hansınızınsa əriniz gəlir.

– Ay çəpəl, nə bilirsən, bəlkə ər deyil, nişanlıdır.

– Daha yaxşı.

Salatın qızardı. Ürəyində "Allah abrınızı töksün", – deyə gülüşənlərin qarasınca deyindi və addımlarını yeyinlədib burdan uzaqlaşdı. Beş-on addım getməmiş öz-özünü danlamağa başladı: "Mən də qəribə olmuşam. Xalqı qınayıram, ancaq özümün tutduğum işdən xəbərim yoxdur".

Əşrəfgil qayanın kölgəsində idilər. Əhməd iri bir daşın üstündə oturmuşdu. Osman qayanın divarına kömürlə nə isə yazırdı. Əşrəf bir az o tərəfdə, kölgədə Səlimə şer əzbərlədirdi. Qayada salamat yer qalmamışdı. Hər tərəf yazıq-yazıq olmuşdu. Hətta torpaqda da əyri-üyrü xətlər var idi. Onların başı lap qarışmışdı. Osman birdən dayandı. Əlində kömür qayaya baxıb fikrə getdi. Alnının damarı şişdi. Onun qəribə görkəmi var idi. Sifəti kömür tozuna bulaşımşdı. Saçının dibindən axan tər yanağından qara zolaq salmışdı.

Osman gözünü yuxarı dikib xəyalında nəyi isə hesabladı, Kömürlə qayanı yazdı. Dərhal da əli ilə sildi. Səlim şerə ara verib, ona nə isə işarə etdi. Əhməd bunu gördü və Səlimə gözünü ağartdı:

– İşin olmasın, bu saat özü tapacaq.

Doğrudan da Osman birdən qayaya yaxınlaşdı. Əlindəki yaş əski ilə daşı sildi və danışa-danışa od kimi yazmağa başladı. Əhməd ayağa durub əlini Osmanın kürəyinə vurdu:

– Bax, indi arxayınam, hesabdan imtahan verəcəksən.

Osman qolu ilə alnının tərini sildi. Onun sifəti qapqara oldu.

– Səlim, sən necə?

– Hamısını bilirəm. Bütün dörd əməliyyatı lap yuxulu-yuxulu danışaram.

– Çox yaxşı. Əşrəf, bəs şeri bilirmi?

– Bilir, – deyə Əşrəf gülə-gülə cavab verdi. – Biz bugünkü işimizi qurtarmışıq.

– Mən də sizə çörək gətirmişəm.

Onlar dönüb, əlində bağlama, qayanın üstündə duran Salatına baxdılar. Əşrəf tez qızın yanına qaçıb bacısının çiynini qucaqladı.

– Lap gözəl iş görübsən, tez ol, bağlamanı aç, görək nəyin var.

Salatın qayanın kölgəsində, yaşıl otluqda süfrə açdı. Təzə isti çörəyin ətri ətrafa yayıldı. Əşrəf çörəyin birini dərhal götürüb kəsdi. Arasına pendir qoyub dürməklədi.

– Əhməd lələ, tez ol, motal pendiri ilə təzə çörəyin ləzzəti ayrı olur.

Əhməd sakitcə süfrəyə yaxınlaşdı.

Salatın Əşrəfin böyrünə qısıldı.

– Axşam dovğamız olacaq.

– Özü də yarpıznan, eləmi?

– Elədir.

Əşrəf uşaqları da çağırdı. Onlar bardaş qurub hərləmə oturdular. Salatın Osmanın sir-sifətinə baxıb güldü.

– Əyə, üz-gözün nə kökdədir, lap kömürçüyə oxşayırsan.

Hamı gülüşdü. Əslində o biri uşaqlar da toz-torpaq içində idilər.

– Tez olun, özünüzü bulağa salın. Görüm kim tez gedib gələcək.

Dalda qalana çörək verməyəcəyik.

Uşaqlar bir-birini qova-qova dərəyə, bulağın üstünə endilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, 11

Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianinin tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedaqoji təlimə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şöbəsinin tələbələri polislərlə savaşmışdılar. Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxanaın yoxlamağı qərara almışdı.

19577 dəq
Dördüncü hissə, 12

Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:

19573 dəq
Dördüncü hissə, 13

Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib təzim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bəzi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki paqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.

195713 dəq
Dördüncü hissə, 14

Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acı dərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təpələrin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?

19578 dəq

Başqa şairlərin şeirləri