Birinci hissə, 7
Səhifə 2 / 2 · 50%
Suvadağa çatanda yenə dayandılar. Su yolu sürüşkənləşmişdi. Güləsər qabağa keçdi.
– Qoy, mən düşüm, sənin də səhəngini doldurum.
– Yox, yox, özüm enərəm.
– Sürüşərsən.
– Eybi yoxdur, çəkməmi soyunaram.
– Hazır mən ayağı yalınam.
Salatın Güləsərin dərisi qaralmış balaca ayağına baxdı. Barmaqlanın arasına palçıq dolmuşdu. Xınası solmuş dırnaqları lilə batmışdı.
– Ayaqqabın yoxdıırmu?
– Var. Palçıqdır deyən, geyinməmişəm.
Salatın sualının yersiz olduğunu başa düşüb xəcalət çəkdi. Güləsər aşağı endi. Kürün suyu bulanıb köpüklənmişdi. Ləpələr şıltaqlıqla atılıb-düşür, yarğanın sarı torpağını yalayırdı.
Güləsər əvvəlcə öz səhəngini suya basdı. Su poqquldadı. Səhəng agırlaşıb aşağı batdı. Güləsər onu dartıb sudan çıxartdı və Suvadağın qaşında dayanan Salatına verdi. İkinci səhəngi də doldurandan sonra kənara çıxmaq istədi. Salatın aşağı əyilib əlini uzatdı:
– Biləyimdən yapış.
Güləsər onun köməyi ilə yuxarı çıxdı. Belini düzəldib nəfəsini dərdi. Sonra da səhənglərin palçığını silib, tıxacları taxdı. Salatına kömək elədi. Özü isə səhəngini dalına alıb, çatı ilə sarıdı. Cahandar ağanın evinin bərabərinə çatanda Güləsər sükutu pozdu:
– Heç görünmürsən?
– Özün başımıza gələni bilirsən ki?!
– Hə, eşitdim. Kişi yaman pıs iş tutub.
– Tutduğu iş cəhənnəmə, qağam evdən didərgin düşüb.
Güləsər dinmədi. Qardaşı Çərkəzin sözlərini yadına salıb susdu
Xeyli sonra özünü bilməməzliyə vurub soruşdu:
– Haradadır ki?
– Nə bilim, - deyə Salatın doluxsunub cavab verdi. - Tərsin biridir, yaman qorxuram...
– Heç nə olmaz, - deyə Güləsər onun sözünü kəsdi, - balaca ha deyil. Salatın qanrılıb qızın üzünə baxdı. Güləsərin gözləri gülürdü. 0, sözlü adama oxşayırdı.
– Deyəsən səndə xəbər var.
– Nə xəbər?
– Qağamı görübsənmi?
– Bıy, ay Salatın, mən onu hardan görərəm?
– Bəlkə Çərkəzin yanıa gəlib? Qız susdu.
– Səni and verirəm o qardaşın Çərkəzin canına, düzünü de, qağam sizdədimi? Niyə dinmirsən? Sənə nə oldu? Niyə qızardın?
– Heç, - deyə Güləsər silkələndi və qabağa keçdi.
Onlar yolayrıcıda dayandılar. Salatın gözünü Güləsərin üzünə zillədi.
– Heç kəsə deməzsən ki?
– Qağamın canı üçün yox.
– Dünən bizdəydi. Ancaq ağzından qaçırma ha. Mənə özləri tapşırıb, bircə sənə deyirəm.
– Arxayın ol, Sən Allah, ona yaxşı bax. Bəlkə axşam qaranlıq qarışanda oğurlanıb xəlvəti sizə gəldim.
– Gəl, gözləyəcəyəm.
Güləsər ondan aralanıb evlərinə doğru yollandı. Salatın qızın dalınca xeyli baxıb köksünü ötürdü. Səhəngi çiynində rahatlayıb qolunu qulpnaa keçirdi. Dönüb evlərinə sarı addımladı. O sevinirdi. Anasına bir az sakitləşdiyinə, qardaşının yerini bildiyinə görə az qalırdı ki, uşaq kimi atılıb düşsün. O bu saat anasının yanına qaçacaq, Şamxalın heç yana getmədiyini, kənddə olduğunu ona xəbər verəcəkdi. Anası da sevinəcəkdi Bəs sonra? Eh, sonrası Allah kərimdir.
Salatın xırmana yaxınlaşdı. Nə isə bir şey an kimi vızıldayıb havada. Birdən elə bil onu daldan itələdilər. Çiynindəki səhəng ağırlaşdı. Qiz qədər çalışdısa da müvazinətini saxlaya bilmədi. Təngildəvib qabağa yeridi. Ağzı üstə palçığa yıxıldı. Səhəng onun çiynindən düşüb üç-dörd addım qabağa dığırlandı. Qız qolunun siyrilmiş yerindən axan qana fikir vermədən durub səhəngi götürmək istədi. Gözunə inanmadı. Səhəng deşilmişdi. Su fışqırıb axırdı. Salatın özünə gəlməmiş Güləsərin təlaşlı səsi eşidildi: Allah, mənə ölüm ver, Allah mənə ölüm ver. Ay qız, Salatın, bu nə idi?
O dalındakı səhəngi yerə qoydu. Qızın qolundan tutub qaldırdı. Salatın ətrafına boylanıb çiynini çəkdi.
– Heç özüm də bilmirəm, niyə yıxıldım.
Güləsər kənara düşmüş səhəngə baxdı. Fikirli-fikirli başını buladı. Qızın qolundan tutub yaşlı qadınlar kimi ürək verdi.
– Allaha şükür, yaxşı qurtarıbsan.
– Nə olub ki?
– Görmürsən səhəngə güllə dəyib?
– Elə şey olmaz.
– Qağayın canı üçün düz sözümdür. Bircə bax, səhəngin ortası necə deşilib. Yəqin hansı ciyəri yanmışınsa çovutma gülləsi dəyib.
Nökərlər tökülüşüb gəldilər. Güllə səsi eşidən Cahandar ağa tüfəngi götürüb samanlığın üstünə çıxdı. Gözünü o taya, meşəyə zillədi.
Güləsər Salatını yıxıldığı yerdən qaldırandan sonra belini düzəldib sahilə baxdı. O tayda bir atlının meşəyə girərək, kolların arasında gözdən itdiyini gördü.
Cahandar üzünə qaldırdığı tüfəngini aşağı saldı.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-7
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Molla Sadığın on iki kərənli uzun evi başdan-başa gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr salınmışdı.Hər tərəf tərtəmiz süpürülmüş, tavandan asılan çırağın məftili elə bil qəsdən lap aşağıya endirilmişdi. Divara vurulan ala-bəzək kilimlərin tozu alınmış, künc-bucağın qurumu da təmizlənmişdi. Ev adamın üzünə gülürdü.
İkinci hissə, 9Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni çeynəyib fınxırdıqca ağzından köpük daşlanırdı. O, qaranlıqda güclə seçilən qadını döşünün altına alıb əzmək istəyirdi. Atin isti nəfəsini kürəyinin ortasında duyan Şahnigar isə səsini çıxartmadan yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı büdrəyib yıxılan kimi sıçrayıb qalxır, şallağın çiyni aşağı enəcəyindən qorxduğuna görə canını dişinə tutub yorturdu. Kəndə çaxnaşmna düşmüşdü. İtlər ağız-ağıza verib ulaşır, orda-burda tüfəng atılırdı.Cahandar ağa susurdu. Gözünü atın qulaqları arasından irəli zilləyib, güclə görünən bacısına baxırdı. O gah sirkənlikdə təmiz itən, gah da az qalan atın ayağı altına düşən. Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. Dodaqları səyriyir, barmağı isə tüfəngin tətiyində oynayırdı.
Üçüncü hissə, 1Boz dağların ətəyi ilə qıvrıla-qıvrıla gələn qatar kiçik bir dayanacaqda azca yavaşıdı. Əşrəf vaqonun ayaqlığından yerə atıldı. Qatar bunu gözləyirmiş kimi dartınıb silkələndi. Çarxlar relslərin üstündə sürüşüb fırlandı. Parovoz içini təmizləyib bir neçə dəfə güyüldədi və fışıltı ilə yoluna davam etdi. Qumu, torpağı və relslərin altındakı taxtadan belə mazuta bulanmış yolun ətrafındakı otların üstünə elə bil şeh çiləndi.Əşrəf paltarının tozunu çırpıb yolun kənarında dayandı. Kəsik-kəsik fit verib uzaqlaşarı qatarın arxasınca xeyli baxdıqdan sonra kiçik yol çamadanını götürüb, bircə budkadan ibarət olan stansiyaya yaxınlaşdı. Qatarı yola salan xidmətçi axşamüstü bu kimsəsiz yerdə tək qalan sərnişinə baxdı. Onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi. Gün yaxmışdı. Gecə vaxtı o hara gedəcəkdi?
Üçüncü hissə, 2Meşənin dərinliyində, binələrdən xeyli uzaqda dalbadal güllə atıldı. Meşəyə boğuq bir gurultu yayıldı. Dəyələrdən bir az aralı, talanın ortasındakı çəmənlikdə hörüklənmış Qəmər qulaqlarını şəklədi. Yalını pırpızlandırıb bərkdən kişnədi və dal ayağı üstə qalxıb çəçiyini havada oynatdı, Zərblə dartınıb irəşməni qırdı. Dördnala çaparaq dəyələrə tərəf qaçdı. Binədəki arvad-uşaq çığırışıb kənara dağıldı. Cahandar alaçıqdan hövlnak çıxıb atın dalınca yüyürdü. Yoğun və zəhmli səslə bir-iki dəfə “hey-hey, Qəmər!” - deyə atı səslədi. Qəmər nə qədər çılğınlaşmış olsa da, sahibinin səsini eşidən kimi yerişini yavaşıtdı. Dəyələrin ətrafında bir-iki dəfə dövrə vurub dayandı. Sakitləşmək üçün qabaq ayağı ilə yeri eşdi. Cahandar ağa ona yaxınlaşanda isə təlaşla ətrafa boylanıb astadan oxrandı. Kişi irəşməni yığdı, atın yalın sığalladı və yedəkləyib alaçığın yanına gətirdi.Gün yaxmışdı. Meşənin arxasında gizlənən günəşin maili şüaları yarpaqların arasına soxulub ətrafı işıqlandırmağa çalışırdı. Ancaq baş-başa vermiş palıdlar. İri fıstıq və vələs ağaclarının qalın yarpaqları işığın qabağını kəsib yerə qatı kölgə salırdı. Meşəyə birdən-birə qaranlıq çökürdü.