Birinci hissə, 5
Səhifə 1 / 2
Qaranlıq qarışıb əl-ayaq yığışandan sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən dilinə bir şey dəyməsə də qulluqçuların gətir-diyi çay-çörəyə əl vurmadı. Anası ilə bərabər, göz yaşı axıdan Salatın nə qədər yalvardısa da, arvad inadından dönmədi. Evə qaranlıq çökdü. Qızının lampanı yandırmaq istədiyini görəndə acıqlandı:
– Yıxıl, öl bir yerdə! Mənim çırağımı fələk özü söndürüb.
– Ana, dərdin alım, adamın ürəyi darıxır.
– Bəs mənim ürəyim darıxmır?
– Qoy yandırım.
– Sənə dedim otur bir yerdə. Mən bu evin ocağını kor qoyacağam.
– Sən qağamın canı.
– Qağan da ölsün, sən də. Əl çək məndən.
– Ana, necə qıyıb qağama elə dedin?
Arvad hirsli olduğundan nə danışdığını bilmirdi. Salatın səsini kəsib təəccüblə onun üzünə baxanda Zərnigar xanım elə bil yuxudan ayıldı. Hələ də evə qayıtmayan oğlunu xatırladı.
– Allah atan Cahandar ağanın əlifini yanıltsın, ay bala, məni elə çaşdırıb ki, nə danışdığımı da bilmirəm.
Salatın anasının boynunu qucaqlayıb, üz-gözündən öpdü:
– Dərdin alım, ay ana, qağama qarğama.
Həmişə mal-qara öriişdən qayıdanda həyətə çıxıb, əli belində, qulluqçulara göstəriş verən, inəklərin südünü bir yana yığdırıb eyməyə çəkdirən, toyuq-cücəni rahatlayıb, itlərin yalına belə göz qoyan Zərnigar xanım indi yerindən tərpənmədi. Yarğanın qaşında at kişnəyəndə ərinin gəldiyini hiss etdi. Otaq onun başına fırlandı. Arvadın bədənini titrətmə götürdü. O, pəncərədən hər şeyi görürdü. Əlində çatı buzov dalınca qaçanları da, malları xalxala dolduranları da, itlərin zəncirini açıb yal tökənləri də gözündən qoymurdu. Onun həyatı dünənə qədər nə yaxşı sakit keçirdi. Şamxal bir tərəfdə hərlənər, hamıdan çox istədiyi, boynunu oxşayıb "mənim yaranal ərim" - dediyi Cahandar ağa samanlığın üstündə oturub nərildəyərdi. Zərnigar xanım da ortada hərlənərdi. Amma indi!..
Onun fikri bayırda qalsa da yerindən tərpənmir, canını dişinə tutub dayanırdı. Hətta xalxaldan çıxan təpəl buzov anasını əməndə arvad hər şeyi unudub "ay qız!" - deyə çığırdı da. Salatın anasından nə olduğunu soruşanda Zərnigar xanım "heç" – deyə köksünü ötürdü. Onun gözü yolda idi. Bu gün-sabah kiçik oğlu oxumaqdan qayıdacaqdı. Ona nişan aparacaqdılar. Zərnigar xanım düz iki il idi ki, kənd qızlarını gözündən qoymurdu. İstər Qaynarda, istərsə də Kürdə çimişəndə onlara baxır, toyda, nişanda özünə gəlin seçirdi. Əşrəf onun istəklisi idi. Özünün dediyi kimi, ilk ovunun balası idi. Onun özünə layiq bir qız axtarıb taparaq, sonra da cah-cəlalla toy etmək Zərnigar xanımın arzusu idi. Axı, Əşrəf hər oğulun tayı deyildi. Hələ bu mahalda onun kimi gözəl-göyçək, qanacaqlı, mərifətli bir oğul yox idi. Zərnigar xanım elə bilirdi ki, göy çat eləyəndə Əşrəf yerə düşüb. O hər yerdə, hər məclisdə oğlundan danışar, onun boyunu sevərdi. Buna onun haqqı da var idi. Doğrudan da, bu mahalda iki savadlı vardısa, onun biri Əşrəf idi. Əlbəttə, kitab-dəftərin nə olduğunu bilməyən Zərnigar xanım oxumağın da nə olduğunu başa düşmürdü. Ancaq bircə şeyi bilirdi ki, oğlu deyəsən hamıdan, hətta doğma qardaşı Şamxaldan da seçilir.
Bir ay bundan əvvəl onlar qazının qapısına getmiş və qız "həsini almışdılar. Onlar Əşrəf gələnə qədər hər şeyi hazır etmək istəyirdilər. Elə bu məqsədlə də Cahandar ağa şəhərə, həftə bazarına getmişdi. Geri qayıdanda parça-paltar əvəzinə Mələyi gətirmişdi. Zərnigar xanımı da elə yandıran bu idi. Bunları düşündükcə onun başından tüstü çıxır, ünü göyə qalxırdı. "Səni görüm el içində xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün qara olsun", - deyə ərinə qarğayırdı.
Həyətdə ocaq qalanıb maralın dərisi soyulanda arvad yenidən hirsləndi. "Səni görüm gora sağ baş aparmayasan! Təzə eşqə düşdüyün yerdə tanrı belini qıraydı, Gör nə tezcə də ova gedib? Gül kimi balamı evindən didərgin salıb, hələ utanmır, iştahından maral əti də keçir. Görüm yediyiniz boğazınızda qalsın. Bilirəm ki, elə də olacaq. Təzə bardağın suyu sərin olar. İndidən xanımına maral əti yedirdir. Qoy olsun. Mənim ahım sizi tutmasa, daha heç nə bilmirəm".
Salatın anasının vəziyyətini başa düşsə də, bir şey deyə bilmirdi. Axı o nə edə bilərdi? Anasına təsəlli vermək üçün bir sözü yox idi...
Tapdıq qapını ayağı ilə itələyib, yavaşca araladı. Əlindəkiləri yerə salmamaq üçün çiynini qabağa verib, otağa keçdi. Yenicə qalaylandığından par-par parıldayan iri mis sinini taxtın üstünə qoydu. Sacdan götürdüyü isti yuxaları qatlayıb göy soğanla birlikdə camın yanına düzmüşdü.
Tapdıq sinini ehmalca irəli itələdi.
– Xanım, özüm bişirmişəm. İsti-isti yeyin.
İstiot və kəkotu səpilmiş kababın xoş ətri dərhal otağa doldu. Salatın tez ayağa durdu. O, birtəhər anasının könlünü almağa çalışdığından, qabı irəli çəkdi. Ancaq anası ona imkan vermədi. İlan çalmış kimi yerindən dik atılıb camı götürdü və vıyıltı ilə bayıra atdı. Tikələrin hərəsi bir tərəfə dağıldı. Mis cam daşa dəyib danqıldadı, sonra da otluğa diyirləndi. Otağı əsəbi bir səs bürüdü:
– Apar, ver ağana, qoy təzə xanımının gözünə soxsun.
Tapdıq nə isə demək istədi. Lakin Zərnigar xanım ayağını yerə döyüb onun üstünə qışqırdı:
– Bu saat rədd ol burdan! Yoxsa, ağanı sənə, səni də ağana qataram.
Nökər dinməz-söyləməz bayıra çıxdı. Arvadı yenidən hirs götürdü. "Yox, bu evin altını üstünə çevirəcəyəm. Onun yurduna od vuracağam. Bu hayfi onda qoymaram. Mən çöldə-zadda qalmamışam. Mənim də sahibim var. Yerlər qulaqlıdır. Bu gün-sabah gəlib çıxarlar".
O doğrudan da qapını açıb həyətə çıxmaq, ərini Mələyə, Mələyi də ərinə qatmaq istədi. Ancaq səhərki əhvalatı xatırlayanda susdu. Büzüşüb bir küncdəcə oturdu. Əli hər yerdən üzüldüyündən, gözlərinə dəm verdi.
Salatın yük yerindən yorğan-döşək götürüb yer saldı. Sakitcə anasına yaxınlaşdı.
– Dur, ana, qurbanın olum, canına yazığın gəlsin.
Zərnigar xanım bu dəfə dinmədi. Elə pallı-paltarlı yerinə uzandı. Salatın anasının böyrünə qısıldı. O, bu saat atasının fikrini dağıtmaq üçün çox şey söyləmək istəyirdi. Ancaq nədən başlamağı bilmirdi. Qardaşından söz salıb Şamxalın harda olduğunumu soruşsun, yoxsa Əşrəfdən danışıb qardaşına almaq istədikləri qızımı tərifləsin? İki gün əvvəl Kürün qırağında onu gördüyünümü söyləsin? Anasına desinmi ki, qız Əşrəfi soruşurdu? Onun qaş-gözünü tərifləyib, şirin gülüşündən, çənəsindəki qara xalından sözmü salsın?
Salatın çox fikirləşdi, çox düşündü və özünün də xəbəri olmadan yuxuya getdi. Qızının bir quzu kimi böyrünə qısıldığını görən Zərnigar xanım ehmalca onun üstünü örtdü. Salatın şirin-şirin mışıldayırd!. Arvad bir anlığa hər şeyi unutdu. Onun qəlbindəki analıq hissi qadınlıq duyğusuna, kin-küdurətə və qısqanclığa üstün gəldi. "Mən bunu hara qoyum gedim? - deyə düşündü. - Tutalım, sifariş elədim, qardaşlarım gəlib məni apardılar, bəs sonra? Onlar dinc duracaqlarmı? Araya qan düşməyəcəkmi? Kim bilir, dilim-ağzım qurusun, bəlkə də uşaqlardan birini öldürdülər. Ya da ki, bizim kişini vurdular, onda necə olacaq? Elə də olsa, belə də olsa, yenə mənim evim yıxılmayacaqmı? Oğlum-qızım düzdə qalmayacaqmı? Nə bilim vallah, heç özün də bu işlərdən baş açmıram. Kaş yaranmayaydım. Allah məni bura gətirən günə daş yağdıraydı".
Artıq ətraf sakitləşmişdi. Ay solğun işığını pəncərədən içəri salmışdı. Kürün qıjıltısı aydınca eşidilirdi. Zərnigar xanım gözünü pəncərədən bayıra zilləyib fikrə getdi. Xəyal onu uzaqlara, bu yerlərə gəl-diyi ilk günlərə aparıb çıxardı...
Zəmigar üç qardaşın tək bacısı idi. Evin körpəsi, anasının sonbe-şiyi olduğuna görə hamı onun başına pərvanə kimi dolanırdı. Evdəki gəlinlər onu əzizləyir, Özlərinə bir don tikəndə, ona ikisini biçirdilər. Zərnigar qayğısız bir həyat keçirirdi. Kənddə bir toy, nişan olanda gəlinlər onu da aparır, qardaşları, bu tək bacını dönə-dönə oynadıb əllərini şabaşla doldurur, yorub taqətdən salmamış ondan əl çəkmirdilər. İllər keçdikcə Zərnigar yaşa dolur, nazik, ucaboy bir qıza dönürdü. Artıq nişanlı qızlar onu öz cərgələrinə qatır, bəy gəzəndə onu da özləri ilə aparırdılar. Zərnigar belə yerlərdən çox vaxt əlləri və dırnaqları xınalı qayıdırdı.
Qardaşları onu belə görəndə sataşır, "A xınalı kəklik, çox dağa-daşa çıxma, naqafil ovçuya rast gələrsən", - deyirdilər. Zərnigar bu atmacaların mənasını o qədər də yaxşı başa düşməsə də, qızarıb evdən bayıra qaçırdı.
Bir gün yenə kəndlərində toy vardı. Cavanlar cıdıra çıxmışdılar. Qızlar, gəlinlər damların üstünə toplaşıb qoşalaşan atlara baxırdılar. Nəməri kimin alacağı hamını maraqlandırırdı. Zurnaçılar cuşa gəlib daha da zilə çəkirdilər. Atlılar uzaqlaşır, xır yolunu keçib o tərəflərə, təpələrin ətəyindəki düzənliyə gedirdilər.
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
IX fəsil, 2Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
IX fəsil, 3Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
Başqa şairlərin şeirləri
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı