Birinci hissə, 5
Səhifə 2 / 2 · 50%
Onlar kənddən aralanıb döngədə görünməz oldular. Az sonra geri qayıtdılar. Qabaqda göy buxara papaqlı, kəhər atlı bir oğlan gəlirdi. At quş kimi süzür, xəndəklərin üstündən yüngüllüklə atılırdı. Çərkəzi paltarlı bu oğlan atın yalına yataraq qamçını oynadırdı. Onun başlığı ağ göyərçin qanadı kimi havada çırpınırdı. Hamı təəccüblə cıdırın qalibinə baxırdı. Camaatın arasına pıçıltı düşmüşdü:
– Bu kimin oğludur?
– Vallah, tanımıram.
– Heç biz tərəfin adamına oxşamır.
– Deyəsən qonaqdır.
– Qonaq ürək eləyib bizim cavanların qabağında at oynatmaz.
– Ciyərli oğul özünü hər yerdə göstərər.
Adamlar atlının qabağına yüyürdülər. Qərib oğlan nəməri göydə alıb atının boynuna doladı. Gümüş döşlüklü kəhərin yalı, qırmızı kəlağayının altından qız teli kimi axıb töküldü. Oğlan arxada qoyduğu cavanları gözləmədən atını birbaş zurnaçıların qabağına sürdü. Kəhər şaxə qalxıb kişnədi. Dəfin ahənginə uyğun olaraq qabaq ayaqlarını yerə döydü. Oğlan birdən yəhərdə başı üstündə dayandı. At qaçaraq onu xeyli uzağa apardı və geri dönüb dördnala çapdı. Oğlan görünməz oldu. Arvadların çoxu, elə Zərnigar da içini çəkib qışqırdı. At qaçıb camaata yaxınlaşanda kəhərin böyrünə yatan oğlan sıçrayıb ayaq üstə atın belinə qalxdı. Zurnaçıların bərabərinə çatanda atılıb yerə düşdü.
Hamı heyran qalmışdı. Ancaq, deyəsən, kənd cavanlarının çoxu qəzəbli idi. O, atı yedəkləyib kənara çəkilən kimi, kimsə xəncərin dəstəyindən yapışıb irəli çıxdı.
– Ə, toy toğlusu kimi nə atılıb-düşürsən! Yoxsa bizi arvad hesab eləyirsən?
Oğlan çiyni üstündən dönüb saymazyana ona baxdı.
– Özün arvad adını üstünə götürürsənsə, mən bir şey demirəm.
Xəncərin havada parıldaması ilə qəribin oğlanın biləyini göydə tutması bir oldu.
– Vaxtsız banlayan beçənin başını tez kəsərlər, bala, ağır otur, batman gəl.
Cavanlardan bir neçəsi irəli çıxanda Zərnigarın qardaşları qırğı kimi atılıb ortaya keçdilər və qəribi araya aldılar.
– Kimi əcəl hərləyirsə, qabağa çıxsın, - deyə xəncərlərini hazır tutdular. Elə bu vaxt zəhmli bir səs eşidildi:
– Rədd olun burdan, haramzadalar! Adam da qonağa əl qaldırarmı? Cavanlar xəncərlərini qınına qoyub geri çəkildilər. Toy sahibi qonağın kürəyinə döydü.
– Ananın südü sənə halal olsun, a bala, sən onlara baş qoşma, yandıqlarından elə eləyirlər.
Zərnigar camaatdan aralanıb qardaşlarının yanma qaçdı. Qərib oğlana diqqətlə baxdı. Ev sahibi yenə oğlana müraciət etdi:
– A bala, kimlərdənsən?
– Göytəpədənəm.
– Bəs burada bir simsarın varmı?
O dillənənə qədər Zərnigarın böyük qardaşı cavab verdi:
– Bizə qonaq gəlib, qohumumuzdu, ay Murad dayı.
Kişi diqqətlə onları süzüb gülümsündü.
– Olsun, a bala, ət yeyən quş dimdiyindən bilinir.
Zumaçıl ar susmuşdular. Hamı məsələnin nə ilə qurtaracağını gözləyirdi. Murad kişi çiynindən sürüşüb düşən əbasını düzəldib qışqırdı:
– Əyə, niyə kiridiniz, çalın görək. Qoyun qızlar oynasın!
Zurnaçılar oyun havası çaldılar. Yenə hər kəs öz işinə başladı. Yalnız bu zaman qonaq dönüb Zərnigara baxdı. Qız hər şeyi unutmuşdu. Oğlanın cəsarəti, bu yad yerdə qorxmaması onu heyran etmişdi. Oğlan nədənsə gülümsündü, sonra da üzünü Zərnigarın böyük qardaşına tutdu:
– Bu qiz kimdir?
– Bacımdır.
Oğlan ani fikrə getdi və birdən atın boynundan kəlağayını açıb Zərnigarın çiyninə atdı:
– Al, qoy sənin olsun.
Zərnigarın qardaşları azca pərt oldular. Ancaq bir şey demədilər. Yalnız kiçik qardaşı qızın üstünə acıqlandı:
– Çənəmizin altını niyə kəsdiribsən, çıx get!
Zərnigar cəld qızların yanına qaçdı.
– Ay qız, o kim idi?
– Ay batmış, gözlə ha.
– Yamanca şeysən, şeytandan üç gün qabaq yaranmısan.
– Kəlağayı hanı, göstər görək.
– Nəməri niyə sənə verdi?
– Pis oğlan deyil, amma yaman qaradır.
Qızlar onu sərçə kimi didişdirib suala basdıqca, Zərnigarın yanaqları qıpqırmızı olub, boynundakı kəlağayını rəngindən seçilmədi. Nəhayət, o, sinəsini qabardıb qızlara qürurla cavab verdi:
– Belə öz qohumumuzdur, sizə nə var?
Toy qurtardı. Oğlan bir gecə qonaq qalıb getdi. Ancaq Zərnigar onu unuda bilmədi. Oğlanın bağışladığı qırmızı kəlağayını qatlayıb sandıqda, ala-bəzək parçalardan tikdiyi boğçanın içində gizlətdi. Hərə bir tərəfə dağılıb, evdə sakitlik olanda Zərnigar boynundan asdığı açarla sandığı açıb pal-paltarını tökər, kəlağayını çıxarıb baxar, tərli at qoxusunun gedib-getmədiyini yoxlayar, sonra da keçən yay dağda dərdiyi sarı boğça çiçəyinin arasına qoyub yenə sandıqda gizlədərdi. Qız oğlanı unuda bilmirdi. Hətta bir gecə işığı söndürüb anasının yanına uzananda səbr edə bilməyib:
– O oğlan kim idi? - deyə soruşdu.
– Hansı, dərdin alım?
– Mənə kəlağayı bağışlayan.
– Qohumumuzdur, dərdin alım, atan tərəfdən qohumuq.
– O ki, bizim kənddən deyil, hardan qohum olduq?
Axı qızını, bizim də əslimiz o tərəfdən, Kürün aşağısındakı Göy-təpədəndir. Sonra köçüb buraya gəlmişik.
– Niyə?
– Eh, neylirsən, qızım, onları soruşub? Bu, uzun əhvalatdır.
Zərnigar israr etmiş, anası da demişdi ki, rəhmətlik babanın əlindən xata çıxıb, araya qan düşüb. Kənddə ikitirəlik olub. Axırda baban cana doyub, gecənin birində arvad-uşağını arabaya doldurub, kənddən qaçıb. İndi biz burda olsaq da kökümüz-nəslimiz ordadır, dərdin alım. Cahandar ağa da babayın nəslindədir.
Zərnigar o gündən sonra oğlanı daha intizarla gözlədi.
Bu hadisədən düz bir il sonra qıza elçi gəldi. Nişan taxdılar, sonra da toy oldu. Zərnigarı Cahandar ağaya verdilər...
... Gözünü pəncərəyə zilləyib dayanan Zərnigar xanım hər şeyi indiki kimi xattriayırdı. Düz üç gün, üç gece toy çaldılar. Sonra da qumrovlu fayton gətirdilər. Qardaşları kövrəlmişdi. Deyəsən, bacıla-rından ayrılmaq onlara ağır gəlirdi. Zərnigar onların boynunu qucaq-layıb ağladı. Gəlini evdən çıxartdılar. Kimsə "gəlin oynasın", -dedi. Zərnigar ortaya çəkmək istədilər. Ancaq qızın böyük qardaşı irəli yeridi. "Mənim bacım öz toyunda oynamayacaq". Mübahisə qızaşdı. Axırda yengə ortaya çıxdı. "Gəlində işiniz olmasın", - dedi. Faytonlar qatarlaşdılar. Zərnigar evlərindən ayrıldı. Kimsə "yola çıxan kimi faytonları dayandırıb gəlini oynadacağıq", - dedi. Zərnigar, qardaşının hirsli səsini eşitdi: "Beşaçılanı doldurub damın üstündə gözləyəcəyəm. Kimin hünəri varsa, oynatsın!".
Qumrovlu faytonlar yola çatıb dayandı. Zurnaçıları düşürdüb oyun havası çaldırdılar. Gəlini oynatmaq istədilər. Elə bu vaxt başlarının üstündən dalbadal üç güllə vıyıldayıb keçdi. Dönüb baxdılar. Zərnigar da üzündən duvağı araladı. Damın üstündə əli tüfəngli dayanan qardaşını gördü. Ağsaqqal bir kişi cavanlara acıqlandı:
– A bala, höcət eləməyin, görmürsünüzmü tərs damarına düşüb?!
Faytonların qumrovları yenidən zınqıldadı. Atlılar qaçıb qabağa keçdilər.
Bütün bunlar düz iyirmi il qabaq olmuşdu. O zaman Zərnigarın on altı yaşı vardı. İndi o, üç uşaq anası idi. Əri həmişə onu "Zərrim, Zərrim", - deyə əzizləyərdi. "Bəs indi nə oldu? Niyə birdən-birə üzü döndü? Yox, kişiyə cadu yazdırıblar. Üstünə qurd yağı sürtüblər. Allah mərdimazarın evini yıxsın. Paxılın goru çatlasın. Məni gözü gotürməyənin gözünə nar şaxı batsın".
Bayırda külək qalxdı. Həyətdə dirəkdən asılmış tənəkə ləyən yerə düşüb danqıldadı. Tardakı toyuqlar qığıldaşdılar. Talvarın üstündəki ot tayası uçub yerə töküldü. Zərnigar xanım küləyin otu bir yumaq kimi büküb xırman yerinə qədər apardığını gördükdə yerindən tərpənmədi. "Qoy Allah hər şeyin altını üstünə çevirsin", - deyə öz-özünə pıçıldadı. Nökərlərin samanlığın yanında qaladıqları ocaq yerindəki kösövlər közərdi. Külək şiddətləndikcə ocaq qalanır, qığılcımlar göyə sovrulurdu.
Zərnigar xanım yerin içində dirsəkləndi. "Belləri qırılmışlar, elə yeyib yatmağı bilirlər. Ocağı da söndürməyiblər. Bu saat samanlığa od düşəcək". O, həyəcanlandı və bir az bundar; əvvəl dediyi sözləri unudub yerindən qalxdı. Qapıya yaxınlaşdı. Nə qədər hirsli olsa da, ərinə qarğayıb söysə də, var-dövlətinin yanıb kül olmasını istəmirdi. Necə deyərlər, dil desə də, ürək razı olmurdu.
Zərnigar xanım qapını açıb bayıra çıxdı. Nökərləri qaldırıb danlamaq, sonra da ocağı söndürməyə göndərmək istədi. Pəncərənin qabağından keçərkən gözucu içəri baxdı. Fitili aşağı çəkilmiş otuzluq lampanın solğun işığında ərini və onun qolu üstündə yatan Mələyi gördü. Arvadın gözünə qaranlıq çökdü. Ona elə gəldi ki, eyvanın dirəkləri əyildi, tavan onun üstünə uçdu. Arvad divara söykənib güc-bəla ilə ayaq üstündə dayandı. Hər şey - közərən ocaq da, vıyıldayan külək də, alışıb yanan od da onun yadından çıxdı. O, qaranlıqda yol itirən adamlar kimi divardan tuta-tuta birtəhər sürünüb özünü evə saldı. İniltinin səsi otağa yayıldı:
– Gözün tökülsün, ay tanrı, məni niyə bu günlərə qoydun?
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-deli-kur-birinci-hisse-5
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib- gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı- daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə görürdülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə- diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
IX fəsil, 2Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Gepoda, bir ayağı da kənddə idi. Şənlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı-salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
IX fəsil, 3Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmiryol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
IX fəsil, 4Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər, onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdənbir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
Başqa şairlərin şeirləri
Dərd-qəmin ərbabıyam,Dərdlər məndən irad olmaz,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı