20
Səhifə 1 / 4
Klubda adam əlindən tərpənmək olmurdu. Yerlər tutulduğundan, gələnlərin çoxu ayaq üstündə qalmışdı. Pəncərə ağzında oturanlar, dal tərəfdə çənələrini əllərindəki yabaya söykəyib dayananlar da var idi.
Kazım Kosaoğlunun tapşırığı ilə qapının ağzını kəsmişdi. O, istədiyi adamı içəri buraxır, istəmədiyini döşündən itələyib xırıldayırdı:
– Yer yoxdur, hara soxulursan?
– Necə yəni hara soxulursan?
– Bunun necəsi yoxdur ki.
– Belə dnr görüm, ayaq üstə dayanaram.
Mübahisə qızışır, bəziləri zorla içəri keçir, bəziləri də klubun qabağında dayanırdılar.
Kosaoğlu hamıdan qabaq gəlib, səhnəyə çıxmışdı. O, qırmızı örtüklü stolun arxasında oturub prokuror Əsədovla söhbət edir, arabir də gözucu zala baxırdı. Kazım işləri pis düzəltməmişdi: qabaq cərgələrdə oturanlar öz adamları idi. Bundan başqa hər tərəfdə-küncdə, ortada, lap arxada da onun ürəyinə yatan adamlar əyləşmişdi. "Qoy belə olsun, bir söz deyən kimi, səsimizə səs versinlər, - deyə Kosaoğlu düşünürdü, - görək kim kimin anasını ağladacaq".
Nəsib dayı ilə olan söhbətindən sonra iclassız keçinməyin mümkün olmayacağını gördükdə, Kosaoğlu başqa cür hərəkət etməyi qərara almış, bir həftə gecə-gündüz çalışmış, iclasda kimin nə barədə danışacağını müəyyənləşdirmişdi. Hətta prokuroru da yığıncağa dəvət etmişdi.
Zalda ağız deyəni qulaq eşitmirdi. İclasda nə məsələlər müzakirə olunacağını bilənlər də, bilməyənlər də həyəcanlı idi. Arvadlar pıçıldaşırdılar.
– Ay Xeyransa, görəsən nə məsələ olacaq?
– Bilmirsən? Tükəzbanın oğlu İmranın məsələsidir də.
– O nə qayırıb ki?
– Nə qayıracaq?! Camaatın taxılını, pulunu verib MTS-ə. İndi əməkgününə paylamağa heç nə qalmayıb.
– Elə şey olmaz.
– Niyə olmur? Kosaoğlu özü işin üstünü açıb.
Dal cərgədə də söhbət gedirdi.
– Deyirlər, Kərim kişini kənddən sürgün eləyəcəklər.
– Niyə?
– Nə bilim, kəndə çaxnaşma salır.
– Nə çaxnaşma? O ki sözün düzünü deyən kişidir.
– Bəs bilmirsən ki, Kosaoğlunun belə şeylərdən xoşu gəlmir? Odur ki, prokuroru da gətirib.
– Gətirəndə nə olar. Elə bilirsən camaat ondan qorxub danışmayacaq? Qoy iclas başlansın. Çox adamın paxırı açılacaq.
Kazım müəllimləri qapının ağzında saxlamışdı.
– Ay rəhmətlik uşağı, gedin işinizdə-gücünüzdə olun. Müəlliməsiniz, müəllimliyinizi eləyin, kolxoz iclasında nə işiniz var? Görmürsünüz özümüzə yer çatmır?
Zeynəb də burada idi, Nərgiz müəllimənin yanında dayanmışdı. Bir azdan Nəsib dayı gəldi. O, klubun qabağında dayanıb, qapı ağzını kəsdirən Kazıma baxdı:
– Camaat niyə buraxmırsan?
– Yer yoxdur.
Nəsib dayı üzünü məktəb direktoruna tutdu:
– Müəllim, mümkünsə bir gecəliyə skamyalarınızı kluba verin.
– Sonra yenə Kazıma baxdı. - Get özünə yer tap, otur, - dedi, - teatr zad deyil ki, yolu kəsibsən.
Beş dəqiqə keçməmiş yaxındakı məktəbdən skamya, stul gətirdilər. Qapıda dayananlar içəri doluşdular.
İclas başlandı. Nəsib dayı camaatı sakitləşdirdi. Birinci Kosaoğlu danışdı. O, asta-asta xitabət kürsüsünə yaxınlaşdı. Zəhmli baxışlarla camaatı süzdü. Pıçıltılar kəsildi.
– Camaat! İndiyə qədər "İyirmi altılar" kolxozunu hamı tərifləyib. Rayonda planı hamıdan əvvəl biz doldurmuşuq. Adımız-sanımız olub.
Amma indi adımızı batıranlar, kəndə çaxnaşma salanlar var. Kolxozumuzu geri çəkənlər var. Camaatı ac qoymaq istəyənlər var.
– O, bir az dayandı. Cərgələrə göz gəzdirib sözünün təsirini yoxladı.
– Özünüz gördünüz ki, səpində az qala biabır olmuşduq. Hamınız şahidsiniz ki, mən hər il əkini də, səpini də yerinə yetirmişəm. Amma bu il geridə qalmışıq, səbəbi nədir? - O, son sözləri daha da ucadan deyib susdu. Ani olaraq zalı süzdü, - səbəbi odur ki, bəzi adamlar iş görmək əvəzinə kəndə çaxnaşma salır. Partiyamızın tapşırığını yerinə yetirməyə qoymur. Qabağımıza kötük dığırlayır. Hökumətimiz hər işdə qabaqda olmağı bizdən tələb edir. Əgər biz yaxşı işləməsək, planı doldurmasaq, hökumət yanında üzümüz ağ olarmı?
– Əlbəttə yox, - deyə yerlərdən dilləndilər.
– Əkin zamanı işi pozmaq istəyənlər oldu, qoymadım. Səpində də çaxnaşma saldılar. Yenə dinc dayanmırlar. İçərimizdə texnikanın əleyhinə olanlar var. Belə getsə, işləriniz tökülüb qalacaq.
– Kimdir onlar?
– Sədrlik eşqinə düşənlər. Əgər lazım bilsəniz, mən sədrlikdən gedə bilərəm. Ancaq yadınızdan çıxartmayın ki, mən neçə ildir əziyyət çəkib kolxoz düzəltmişəm. Dar gündə sizi saxlamışam.
– Biz səni buraxmırıq, Qurban qağa, - deyə Kazım xırıldadı.
– Kolxozu başsız qoymaq olarmı? - deyə kim isə ona səs verdi.
Bunlardan ürəklənən Kosaoğlu səsini daha da ucaltdı.
– Mən sizin pis günə düşməyinizi istəmirəm.
Rəyasət heyətində oturan prokuror gözucu Nəsib dayını, İmranı süzüb gülümsündü. Nəsib dayı isə adəti üzrə, sakitcə oturub: "Gör hardan yapışır, camaatı nə ilə öz tərəfinə çəkmək istəyir, - deyə düşünürdü, - dostum deyəsən bu iclasa möhkəmcə hazırlaşıb".
Kosaoğlu davam edirdi:
– ...Sizi bura çağırmaqda məqsədim odur ki, həmişə adamları tapıb kəndimizdən qovaq. Bizə demaqoqlar, çaxnaşma salanlar lazım deyil-
– Kosaoğlunun səsi daha da ucaldı, - mən razı olmaram ki, belələri işimizə əngəl törətsin!
– Axı kimdir onlar, yoldaş sədr? - deyə yerdən soruşdular.
– Kimdir? Biri bax bu Kərim kişidir. İşi-gücü kolxoz rəhbərliyinin əleyhinə danışmaqdır. Ağzını açanda deyir "düzgünlük yoxdur". Əslinə baxsan, düzgün olmayan özüdür. İşləmir, həm də texnikanın əleyhinə gedir. O biri də İmrandır. Gedib üç-dörd il oxuyub, indi özündən yüz oyun çıxardır. Mən deyirəm, gərək bu il kolxozumuzda beş-altı geroy olsun, o deyir yox, biz geroyluq üçün çalışmırıq. Açıq-açığına gözü götürmür, yoldaşlar. Amma mənə də Kosaoğlu deyərlər. Kolxozumuzu dağıtmağa heç kimi qoymaram. Uşaq ola-ola bizə ağıl öyrəmək istəyir. Gəldiyi beş ay deyil, aləmi bir-birinə qatıb, hələ mən onun arvad-zad məsələsini demirəm...
Kosaoğlu çox danışdı. Axırda təklif etdi ki, İmranı aqronomluqdan çıxartmaq lazımdır.
O, sözünü qurtarıb yerində oturmaq istəyirdi ki, Nəsib dayı sual verdi:
– İmranı işdən götürsək, məsələlər düzələcəkmi?
Kim isə yerdən söz atdı:
– Niyə düzəlmir, sədrin əl-qolu açılar.
Kosaoğlu cavab vermədən, keçib yerində əyləşdi. Nəsib dayı camaata müraciət etdi:
– Danışmaq istəyən varmı?
Bir dəqiqə heç kəs dinmədi. Hamı bir-birinin üzünə baxdı. Görünür, qabağa düşməyə cəsarət edən yox idi. Nəsib dayı sualı bir daha təkrar edəndə Kərim kişi dilləndi:
– A dərdin alım, a sədr, mənə söz ver.
O, ayağa durdu. Çəliyinə dirənə-dirənə qabağa keçdi. Üzünü camaata çevirdi. Ancaq Nəsib dayı onu xitabət kürsüsünə dəvət etdi. "Bir də orayamı çıxım", - deyə Kərim kişi gülümsündüsə də, sədrin sözünü yerə salmadı.
– Kosaoğlu burda dedi ki, guya mən texnikanın əleyhinəyəm. Mən də boynuma alıram. Mən texnikanın yox, bircə maşın var, adı da kombayndır, bax onun əleyhinəyəm.
– Demək camaatın taxılını çöllərdə qoymaq istəyirsən? Kombayn olmasa, taxılı kim biçər? - deyə Kosaoğlu yerindən dilləndi.
– Bir sözümə axıra qədər qulaq as, sonra danış, - deyə Kərim kişi ona cavab verdi və üzünü camaata tutdu. - Dərdinizi alım, mən demişəm kombayn pis maşındır. İndi də deyirəm. Çox pis maşındır.
Yerdən səs-küy qopdu: "Sən başa düşmürsən!", "Keç otur yerində!" "Vaxtımızı alma!", "Kişinin sözünü yarımçıq kəsməyin".
Nəsib dayı əlindəki qələmi su qabına döydü. Hamının sakitləşdiyini görən Kərim kişi gülümsündü:
– Axı heç soruşmursunuz, niyə pis maşındır?
İmran maraqlandı:
– Kərim dayı, de görək, doğrudan da, kombayn niyə pis maşındır?
Mən belə sözü birinci dəfə eşidirəm.
– Bu saat, dərdin alım, - o, əlini irəli uzadıb bir-bir barmaqlarını qatlamağa başladı. - Bax, kombayn taxılı göydə biçir, göydə döyür, göydə sovurur, göydə də kisələrə doldurub anbara göndərir. Belədirmi? Ay sağ ol. Amma bilmirəm nədənsə taxıl anbarda torpağa dönür, yarıdan çoxu torpaq olur. Mən başa düşən, taxılı torpağa döndərən kombayndır. Kombayndan başqa taxıla kim torpaq qata bilər? Amma mən bircə şeyi başa düşə bilmirəm, kombayn bu torpağı hardan alır?
Taxılı göydə biçir, göydə döyüb sovurur, taxıl yer üzü görmür, ancaq torpağa dönür. Demək, kombayn pis maşıdır.
O susdu. Camaat da dinmədi. Lakin birdən-birə klubu gülüş səsləri bürüdü. Kim isə yerindən dilləndi.
– Kərim dayı, kombaynda nə günah var, torpaq məsələsini anbardardan soruş, o, yaxşısını bilər.
– Mən bunu bilirəm, a bala, qoy görək Kosaoğlu da bilirmi?
– Bura bax, - deyə Kosaoğlu qışqırdı, - nə lağlağı danışırsan, camaatı niyə ələ salırsan?
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-20
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdilar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpızböcəkləri səpələnmişdi. İşığınbiri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa- qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin - ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya– Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsdən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
III fəsil, 3Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır. Fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyin- sə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara- daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər- təmizəm". Qaratel bəzən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvranırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.Elçilər getdilər. Bir həftədən sonra qıza nişan geldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
III fəsil, 4Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.Bunların heç biri Qarateli maraqlandırmırdı. Onım fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı... Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa- qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağlığını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kım əl qaldırdı, a gözlərinə qurban olum. Sən ki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri-göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
IV fəsil, 1Qəza mərkuzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəl Qaymaqlı kəndinə işləməyə göndərdılar. O, iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı iki mərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çamadanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış bəylərdən birinin evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şənliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacısı, qapı- pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər- axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah bəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, həm bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacal öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qiz-gəlinin ürəyini atlandırırdılar. Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
Başqa şairlərin şeirləri
Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
KömürlənərMərd döyüşəndə namərd qaçar,Dağlar kömür kömürlənər
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndənÇəməndə naləni ögrəndi mürğani-çəmən məndən,Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,