19
Rayonda açılmış tibb məktəbi şəhərin qurtaracağında, pambıq məntəqəsinin qarşısındakı ikimərtəbəli binada yerləşmişdi. Tibb məktəbində oxuyan qızlar elə burada da yaşayırdılar. İkinci mərtəbə onların yataqxanası idi. Hər gün dərsdən sonra qızlar məktəbin həyətində, arxın kənarında oturub kitab oxuyur, səhərlər isə dəsmal, sabun götürüb yuyunmağa gedirdilər. Arabir zarafatlaşıb bir-birinin üstünə su atanlar da olurdu.
Məktəb direktoru qızları şəhərə az-az buraxırdı. Dörd divar arasında darıxan qızlar, pəncərələrdən küçəyə çıxır, pencəklərini çiyinlərinə salıb qapı ağzında dayanırdılar. Hörüklərini döşlərinin üstündən qabağa sallayan bu qızlar əllərini qoyunlarına qoyub elə məlul-məlul dayanırdılar ki, baxanda adamın onlara yazığı gəlirdi.
Şahnaz bu məktəbdə oxumuşdu. İlk günlərdə özünü sakit aparmağa çalışan Şahnaz, az sonra həmişəki adətini əlinə aldı. Tez-tez güzgü qabağında dayanıb özünə sığal verdi. Yoldaşlarının bəziləri onun saçını, başqaları qaş-gözünü tərifə başladılar. Şahnaz özü də yavaş-yavaş hiss etdi ki, gözəldir, pəncərə qabağından çəkilmədi. Saatlarla dayanıb asfalt yola, məntəqəyə pambıq gətirənlərə, dayanan maşınlara, bir-biri ilə zarafatlaşan cavanlara baxdı. Çayxanada aşıq oxuyanda o, pəncərəni açardı. Gözəllərə söz qoşmağı sevən aşığın da gözü ona qulaq asan qızı almışdı, Hətta bir dəfə Şahnaz aşığın sazı sinəsinə basıb titrək səslə:
Pəncərədən baxan qız,
Sular kimi axan qız,
Məni oda yaxan qız,
Düş bəri, qadan alım.
– deyə oxuduğunu gördü. O dərhal əzilib-büzüldü və pəncərədən geri çəkildi. "Aşıq, qızı hürkütdün" - deyə cavanlar gülüşdülər.
Günlər keçdi... O, yavaş-yavaş həyətə, küçəyə çıxdı, bəzənib-düzəndi. Dayısı Kosaoğlu ondan heç nə əsirgəmədi.
Üç-dörd aydan sonra Şahnaz təkcə gözəlliyi ilə deyil, geyimi-kecimi ilə yoldaşlarından seçildi. O, şəhər cavanlarının gözündən yayınmadı. Hamı tibb məktəbinə təzə, gözəl bir qız gəldiyini söyləyirdi. Şahnaz küçələri, mağazaları gəzməyə başladı. O, bir dükandan o birinə girir, satılan şeylərə baxır, qiymət soruşur, bir sözlə, şəhərin başından vurub ayağından çıxırdı. Kiçik rayon mərkəzi elə bil ona dar gəlirdi. Bir gündə hər küçəni iki-üç dəfə dolanırdı.
Bir-iki ayın içində hamı onu tanımışdı. Oğlanlar arxasınca baxaraq, baş-başa verib pıçıldaşır, o isə kəlağayısı yellənə-yellənə gəzib küçələri ətirlə doldururdu.
Şahnaz diqqət mərkəzində dayandığını hiss etdikcə, özünə daha çox sığal verirdi. O, yerişini-duruşunu da dəyişdi. Arvadların dediyi kimi, "erkək at təki ayağını yerə döyüb, gumbur-gumbur gumbuldamağa" başladı. Dəftər-kitab Şahnazın yadından çıxdısa da, dayısı onu darda qoymadı. Ayaqqabısı köhnəlməmiş təzəsini aldı. Donu solmamış yenisini tikdirdi. "Nə qədər ki sağam, geyin, gəz" - dedi. Şahnaza da elə bu lazımdı.
Onun ətrafında fırlanan oğlanların sayı artdı. Hətta bir-birləriylə mərc gələnlər, onun üstündə vuruşanlar da oldu. Şahnaz kinoya, teatra dadandı. Yaz aylarında şəhər kənarına, Ermənistana gedən yolun üstündəki Qarabulaq tərəfə ayaq açdı. Bir azdan onun daha uzaqlara, Alagöz çayının sahilindəki çəmənliyə getdiyini də görənlər oldu.
Onun dalınca düşənlər içərisində ortaboy, tökməbədən bir oğlan vardı. Bu oğlan tez-tez "Moskviç"ini məktəbin qabağında saxlayar, zəncirli açarını əlində oynada-oynada pəncərəyə boylanardı. Şahnaz hər dəfə onu görəndə qımışıb gizlənirdi. Şofer onun dalınca çox düşdüsə də, tuta bilmədi. Əlini üzdü. Ancaq bir dəfə, istirahət gününün axşamı Şahnazın iki qızla piyada getdiyini gördü. Maşını onların dalınca sürdü.
– Ay qızlar, kəndə gedirsiniz?
– Sənə nə var?
Mən də kəndə gedirəm. Gəlin oturun. Piyada yorularsınız. Qızlar əvvəlcə çəkindilər. Sonra maşına yaxınlaşdılar. Şahnaz qabaqda, şoferin yanında oturdu. Oğlan qapını bağlayıb yola düşdü.
– Bəs niyə piyada gedirsiniz, Şahnaz?
– Mənim adımı hardan bilirsən?
– Sənin adını bilməyən tapılarmı?
– Niyə?
– Necə niyə, ay qız! Şəhərimizdə bircə gözəl var, onu da tanrmasaq ayıb olar ki.
Şahnaz dinmədi. Gizlincə gülümsündü.
– Səni də tammayan yoxdur, ay Məmməd.
– Əşi, mən şofer adamam. Şofer Məmmədi tanımasalar da olar.
Təki siz gözəllər tanınasınız.
Bundan sonra onların dostluğu möhkəmləndi. Şahnaz bir yana getmək istəyən kimi Məmməd öz "Moskviç"i ilə hazır olurdu. Gah stansiyaya gedir, gah dağlara sarı üz tutur, gah da elə-belə, maşında oturub saatlarla gəzirdilər. Şahnaz yaz aylarında yaşıllaşan çölləri, rəngbərəng çiçəkləri gördükcə cuşə gəlir, qolunu maşının pəncərəsindən çıxardıb ətrafa baxmaqdan doymurdu. Maşın isə sürətini artırır, asfalt yolun sinəsinə yatıb su kimi axırdı. Sünbüllənmiş taxıllar, qızıl lalələr gül-çiçəkli çöllər xəlbir kimi fırlanıb geridə qalırdı. Elə bil maşın yox, çöllər hərlənib, onların başına dolanırdı.
Şahnaz bəzən maşını saxlayıb yol kənarındakı çəmənlikdə oturardı. Külək vurduqca otların dalğalanmasından, çiçəklərin bir-birinə baş əyməsindən onun xoşu gələrdi. Qız sərin otluğa uzanıb gah əllərini, gah da yanaqlarını zərif, şehli çiçəklərə sürtərdı. Belə vaxtlarda Məmməd özünü təmkinli aparırdı. O, çiçəklərdən dəstə bağlayıb Şahnazın qucağına atar və oğrun-oğrun qızı süzərdi, Şahnaz artıq ondan çəkinmirdi. Hətta ürəyində Məmmədin cəsarətsizliyinə gülürdü.
Bir dəfə yenə onlar yol kənarında, təpə döşündəki çəmənlikdə dayanmışdılar. Şahnaz, adəti üzrə, göy otluqda sərilmişdi. Məmməd ondan bir az aralı dirsəklənib böyrü üstə uzanmışdı. Çölləri yarıb keçən asfalt yol bomboş idi. Ətrafdakı xırdaca təpələrdə, geniş çöllərdə heç kəs yox idi. Məmməd susurdu. Onun gözləri Şahnazın ipək corabda daha qəşəng görünən topuğuna və ətli baldırına dikilmişdi. Şahnaz bunu hiss edir və qürrələnirdi. Birdən Məmməd sürünüb ona yaxınlaşdı. Qızın qaynar gözlərinə, uzun və sıx kirpiklərinə, ehtirasdan alışıb-yanan dodaqlarına baxdı. Hər şeyi unutdu. Şahnazı qolları arasına alıb dəli bir ehtirasla öpməyə başladı. Şahnaz əvvəlcə heç nə demədi. Lakin bir az sonra Məmməd necə hərəkət etdisə, qız qəfildən çırpındı.
– Bura bax, fikrin nədir, dəli olmayıbsan ha?
– Dəlidən də pisəm.
– Özünü ələ al, ağıllı ol...
– Neyləyim, ağlımı başımdan çıxardırsan.
Şahnaz şoferin əl çəkməyəcəyini hiss edib üz-gözünü turşutdu.
– İndi fikrin nədir, xalqın qızını biabır eləyəcəksən? Özünü yığışdır, deyirəm yoxsa dünyanı başına dar elərəm.
Məmməd udqunur, cavab vermirdi. Şahnaz onun alovlu gözlərinə baxıb yenə çırpırdı.
– Bura bax, ay dəli, qolunu boşalt, belimi sındırdın. Qoy oturub ağıllı-başlı söhbət eləyək. Sənə sözüm var.
– Nə söz?
– Söz də...
– İnanmıram.
– Bəs mən sənə niyə inanıram?
– İnansan belə eləməzsən.
– Elə inandığım üçün sənə etibar edib buralara gəlirəm. Elə bilirsən mən səni istəmirəm?..
Şahnaz onunla şirin-şirin danışsa da qorxur, vəziyyətdən çıxmağa çalışırdı. O, əvvəlcə müqavimət göstərib çığır-bağır salmaq istədi. Ancaq bunun faydasız olacağını görüb dinmədi. Deyib-gülməyə başladı. Şahnaz vaxt qazanmaq və Məmmədi birtəhər yumşaltmaq istəyirdi.
– Ədə, yavaş - deyə birdən o ufuldadı. Sonra Məmmədin boynunu qucaqlayıb üzündən öpdü. - Görürsən ki, səni necə çox istəyirəm.
Sən də məni istəyirsənsə, sözümə qulaq as.
Məmmədin qolları boşaldı. O, bir anlığa özünü itirdi. Qəfildən Şahnaz tükürpərdici bir səslə "İlan!" – deyə qışqırdı və bihuş halda onun qolları arasında uzandı.
Şofer dik atıldı. Özündən getmiş Şahnaza baxdı. Su gətirmək üçün maşına tərəf qaçdı. Şahnaza da elə bu lazım idi. O, cəld ayağa durdu. Yuxarı, təpə döşünə üz qoydu. Qızın qaqqıltısını eşidən şofer aldandığını başa düşdü. Yüyürüb qızı qovmağa başladı. Şahnaz, kəlağayısı əlində, xallı kəpənəkləri hürküdə-hürküdə otların, çiçəklərin arası ilə yuxarı qaçırdı. Ayaqqabılarını çıxartmışdı. Saçı üzünə dağılmışdı. Arabir geri dönür, ona çatmağa çalışan Məmmədə baxıb qaqqıldayırdı.
Təpənin başında Məmməd özünu yetirdi. Qızın qolundan tutub sinəsinə basdı. Hər ikisi tövşüyür, güclə nəfəs alırdı.
– Bura bax, məndən nə istəyirsən? Sən ki məni alan deyilsən?!
– Gələrsən?
Şahnaz gözlərini onun gözlərinin içinə zillədi.
– Aldatmırsan ki?
...O gündən Məmməd Şahnazın dalınca kö1gə kimi sürünməyə başladı. Qız məktəbi qurtarıb kəndə qayıdanda Məmməd də "İyirmi altılar" kolxozuna gəldi. Şahnazın xətrinə Kosaoğlunun "Pobeda"sına şofer oldu. O, hələ də Şahnazdan qəti cavab ala bilmirdi. Qız yenə həmişəki kimi gülür, nazlanır, ancaq ciddi bir cavab vermirdi. İmran gələndən sonra Şahnaz birdən-birə Məmməddən üz döndərdi. Şofer susdu, işin sonunu gözlədi. Deyəsən, axır vaxtlar külək yenə onun tərəfinə əsirdi. Şahnaz "Pobeda"dan düşmürdü.
Yenə onlar səhər tezdən tarlaları gəzirdilər. Şahnaz itik axtaran kimi, maşını gah bu, gah da o biri briqadaya sürdürürdü. Məmməd dinməz-söyləməz qızın əmrinə əməl edirdi. Əyri-üyrü yollar toza-dumana bürünürdü.
Pambıq kolları qoza tökmüşdü. Bu gün-sabah çatlayıb ağarışacaqdı. Çöllərdən adam seyrəlmişdi. Taxıl çoxdan biçilmişdi. Kombaynla biçilən yerlərdə traktorların izi qalmışdı. Dərə-təpələrdə pencəyə vurulmuş taxılları xırmana araba ilə daşıyırdılar.
Maşın kolxozun tarlasının yanından keçib sola burulanda uzaqdan bir qaraltı göründü. Məmməd ona yaxınlaşanda "Pobeda"nı saxladı. Şahnaz atılıb yerə düşdü. Xarab olmuş motosikllə əlləşən İmranın başı üstündə dayanıb əllərini belinə qoydu. Cingiltili səslə qəhqəhə çəkdi.
– Yoldaş ağranom, bu nədir, səni nə kökdə görürəm?!
İmran cavab vermədi. Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra üst-başını çırpıb ayağa durdu.
– Nə buyurdunuz, Şahnaz xanım?
Qız, İmranın baxışlarına dözə bilməyib, sözünü dəyişdi:
– Heç... dedim özünü niyə yorursan?
– Bəs nə edim?
– Gəl min "Pobeda"ya, bu nədir!..
– Çox sağ ol. Özgə atına minən tez düşər...
İmran motosikli işə saldı. Hələ də dayanıb onunla nə isə danışmaq istəyən Şahnazı süzdü:
– Özgə bir sözünüz yoxdur ki'?
– Xeyir, nə sözüm olacaq.
– Onda salamat qalın.
Motosikl gurultu ilə onlardan uzaqlaşdı. Şahnaz toz-duman içərisində itən İmranın arxasınca baxıb, hirsindən alt dodağını çeynədi. Şahnaz dabanı üstündə fırlanıb maşına mindi, qapını çırpdı.
– Sür!
– Hara?
– Hara istəyirsən.
Məmməd dodaqaltı güldü. Maşın baş alıb getdi. Onlar susurdular. Şahnazın qaşqabağı yerlə gedirdi. Məmməd şad görünürdü.
– Bilmirəm qızlarda bu nə adətdir?
– Nə? - Şahnaz fikrindən ayıldı.
– Hansı oğlan ki onları saymır, dalınca düşüb dəli-divanə olurlar.
Dərdlərindən ölənə isə məhəl qoymurlar.
– Elə sizin də xasiyyətiniz bizimki kimidir.
Məmməd bir az susduqdan sonra yenidən dilləndi:
– Şahnaz...
– Nə var?
– Bir söz desəm xətrinə dəyməz ki?
– De görüm.
– Axı bu İmranda nə tapmısan ki, əl çəkmək istəmirsən? Sən deyib-gülən bir qızsan, ərin də gərək çalıb oynayan bir adam olsun.
İmranın qaşqabağından zəhər tökülür. O sənin qədrnıi nə biləcək? Canım üçün, düz sözümdür. Zər qədrini zərgər bilər. Onun fikri-zikri işdir.
Sən də ömrünü-gününü belə adamla çürütmək istəyirsən? Ay qız, hayıf deyilsən? Cavanlıq bir də məgər əlinə düşəcək?
Məmmədin sözləri Şahnazın ürəyindəki qüssəni yavaş-yavaş dağıdırdı. O, yanında qədrini bilən bir adam olduğunu yəqin edib sevinir, "doğrudan da, mən İmranın nəyinə aşiq olmuşam? - deyə düşünürdü. - Ağrım ürəyinə! O da oğlandır? Mənim kimi bir qıza heç gözünün ucuyla da baxmır. Keyin birisidir, heç nə başa düşmür. Doğrudan da o mənim qədrimi nə biləcək? Elə əvvəldən də nahaq yerə Sayalı bibimin sözünə baxdım".
Məmməd asta-asta sözünə davam edir, Şahnazın qaş-gözünü, boy-buxununu tərifləyirdi. Şahnaz gah maşının güzgüsündə özünə baxır, gah da Məmmədin ipək köynəyinin altından aydınca görünən qabarıq və geniş sinəsinə, qüvvətli qol əzələlərinə nəzər salırdı. "Bunun İmrandan nəyi pisdir? Top kimi oğlandır. Özü də neçə ildir dalımca sürünür".
Onlar çox dolandılar. Axşam üstü Dəlidağın ətəyindəki "Damcılı" bulağın yanında dayandılar.
Hava sərinləşirdi. Mamırlı daşların arasından dumduru su şırıltı ilə axıb gedirdi. Əvvəlcə Şahnaz, sonra da Məmməd sərin suda əl-üzünü yudu. Məmməd pendir-çörək çıxartdı. Hətta, bir qarpız da götürüb bulağın soyuq suyuna qoydu.
– Bunları haradan aldın? - deyə Şahnaz təəccüblə soruşdu.
– Bəs sən şoferləri nə bilirsən? İstəyirsən araq da gətirim.
– Yox, mən içən deyiləm.
– Nahaq.
Şahnaz doyunca çörək yedikdən sonra göylüyə uzandı. Onun başı hərlənirdi. Bugünkü gəzinti, deyəsən, qızı əldən salmışdı. Məmməd onun yanında oturdu. Qaranlıq qarışırdı. Aşağılarda kövşənlərə od vurmuşdular. Şahnaz gözlərini sonsuz boşluqlara zilləmişdi.
– Məmməd... Üşüyürəm.
Hava sərin olsa da, o qədər soyuq deyildi. Məmməd bu nazlı qızın oxşanmaq istədiyini duyub ona yaxınlaşdı.
– Sən düz deyirsən, Məmməd, zər qədrini zərgər bilər.
– İndi başa düşürsən?
Onlar yanaşı oturdular. Şahnazın kini coşub-daşırdı. O, bu axşam İmrana yanıq vermək, "sən qanmadın, indi yan-yaxıl" demək istəyirdi. Məmməd isə əlinə fürsət düşdüyünü hiss edir, nəhayət, neçə vaxtdan bəri dalmca süründüyü Şahnazı ələ keçirə biləcəyinə sevinirdi.
Məmməd səssizcə, Şahnazı qucaqlayıb otluğa yıxdı. Qız dillənmədi...
Kitabxana.az · https://kitabxana.az/works/ismayil-sixli-ayrilan-yollar-19
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O, yuxudan ayılan kimi əlini yaslığın altına uzatdı və naqanın dəstəyini ovcunda hiss edib sakitləşdi. Yorğanı üstündən atıb çarpayıda oturdu və ayaqlarını salladı. Paçasının arasına və dizlərinə qara dəri tikilmiş qalife şalvarını soyunmamışdı, corablarını da çıxartmamışdı. Tələsik uzunboğaz xrom çəkmələrini geyindi, naqanı şalvarının cibinə qoyub gərnəşdi. Otağın küncündəki əl-üz yuyulana yaxınlaşdı, lüləyi açıb möhkəm yuyundu. Dəsmalla qurulandıqdan sonra gəlib frenç pencəyini geyindi. Yaxasının düymələrini, iri döş və yan ciblərinin ağzını bağladı, kəmərini qurşadı, çalın-çarpaz qoltuqaltılarını çiynindən aşırdı, patron daraqlarının yerində olub-olmadığını yoxladıqdan sonra naqanı qoburuna qoydu, onaçılanı isə yanından salladı. Adəti üzrə mauzerin taxta qoburuna bərkidilmiş qızıl lövhənin üstündəki yazıları oxudu. Bu onaçılanı ona Zaqataladakı qaçaqlarla döyüşlərdə göstərdiyi şücaətə görə vermişdilər. Onun göy gümüşü və şabalıdı rəngli buxara papaqları olmasına baxmayaraq iri, dəyirmi, boz saçaqlı papaq geyinərdi. İndi də elə elədi. Bu papağı geyinəndə elə bil çiyni bir az da enlənir, qan sağılmış gözləri adamı qılınc kimi kəsir, qarşısındakıları vahimələndirirdi. Çox vaxt saçaqlı papağın altından baxan baxışların nə ifadə etdiyini ayırd etmək olmurdu.Qapı astaca aralandı. Növbətçi milisioner əlində səhər yeməyi içəri daxil oldu. Küncdəki stolun üstünə yeməkləri səliqə ilə düzdü. Növbətçi getdikdən sonra o, söseyə yaxınlaşdı: soyutma yumurtanı, bal ilə qaymağı bir göz qırpımında yeyib üstündən bir stəkan südlü çay içdi. Üst-başını səliqəyə salıb iş otağına keçdi.
II fəsil, 2Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. Kabı kişi üst-başını düzəltdi, saçaqlı papağını gözünün üstündən azca geri itələdi və şax addımlarla dəhliz boyu getdi. Üstünə qəza firqə özək katibinin adı yazılmış qapını aralayıb içəridəkilərə salam verdi. Firqə özək katibi Abdal kişi qaş-qabaqlı idi. Telefonda kiminləsə acı-acı danışırdı. O, dilucu salamı aldı və Kəsnmənliyə oturmaq üçün yer göstərdi. Kəsəmənli neçə aydan bəri qəzaya təhkim olunmuş Çekanın nümayəndəsilə qabaq-qənşər oturası oldu. O, adəti üzrə ayağını ayağının üstünə aşırmışdı. Biləkləri didilmiş qara tumac gödəkçəsinin ortasını enli qalın kəmərlə boğmalamışdı. Bir yandan naqanı, bir yandan da çantası sallanırdı. Başındakı papaq da nimdaş idi. Bircə ulduzdan başqa. Elə bil ulduzu qəsdən seçmişdi; hər gün tozunu alıb papağının alnına yapışdırırdı.Onların baxışları ani olaraq toqquşdu. Kəsəmənliyə elə gəldi ki, Fətullayevin gözlərində qıvrılıb yatan ilan fısıldayıb ayıldı və qarşısındakı adamın üstünə atılmağa hazırlaşdı. Fətullayev də Kəsəmənlinin gözlərində ildırım kimi şaxıyan amansız baxışları gördü. Lakin özlərini çox sakit apardılar. Kəsəmənli başa düşdü ki, onu buraya boş-boşuna çağırmayıblar.
II fəsil, 3Qapının ağzında domuşuqlu oturan uşaq Kəsəmənlini görən kimi ayağa durdu və hörmətlə ona salam verdi. Kabı kişi bu üstü-başı cırıq uşağın mərifətinə heyran qaldı. Ayaq saxlayıb onun tükü tökülmüş papağına, çiyinləri yamaqlı köynəyinə və didik-didik olmuş şalvarına baxdı. Uşağın ayağındakı çarığın burnu deşilmişdi. Çirkli corabı görünürdü. Amma özünü əkə-bükə kişi kimi aparırdı.– Kimi istəyirsən, bala?
III fəsil, 1Son vaxtlar Ömər koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacalarda ləngiyən mal-qaranın mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal- tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qatılı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.