Molla Məhəmməd Bağdadi "Füzuli" təxəllüs
Səhifə 3 / 3 · 67%
Ya rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm.
Topraqdan eylədin bir insan,
Müstövcibi-əqlü qabili-can.
Gər can isə xaki-dərgəhindir,
Vər əql isə saliki-rəhindir.
Mən gülşəni-can içində xarəm,
Ayineyi-əqli pürqubarəm.
Ol gün ki, yox idi məndə qüdrət,
Qıldın mənə qeybətimdə rəğbət.
Can verdinü sahibi-dil etdin,
İdraki-ümurə qabil etdin.
Yüz şükr ki, yox sənə xilafım,
İnsafım varü etirafım.
Öylə deyiləm ki, bu aradə
Sədd ola sülukim etiqadə.
Rahi-tələbində biqərarəm,
Əmma tələbimdə şərmsarəm.
Doğru yola getmədim, nə hasil?
Bir mənzilə yetmədim, nə hasil?
Bir ərsədə hər əsər ki, gördüm,
Sənsən dedim ol əsər, yügürdüm;
Çün verdi xəyal ona xəmü piç,
Mən münfəil oldum, ol əsər hiç.
Mən əqldən istərəm dəlalət,
Əqlim mənə göstərər zəlalət.
Təhqiq yolunda əql netsin,
Əmavü qərib qanda getsin?
Tövfiq edəsən məgər rəfiqim,
Ta səhl ola şiddəti-təriqim.
Dünya nədirü təəllüqatı,
Əndişeyi-mövtdür həyatı.
Əmma deməzəm yalandır ol həm,
Sərmənzili-imtəhandır ol həm.
Billah ki, bu dilfərib mənzil
Öylə mənə verdi rahəti-dil--
Kim, əski məqamımı unutdum,
Sandım vətənim, məqam tutdum.
Müşkül gəlir indi tərkin etmək,
Bir özgə məqama dəxi getmək.
Mən böylə qılıram etibarı--
Kim, bunda olur könül qərarı.
Əmma çü sənindürür bu göftar--
Kim, dünyadan özgə axirət var.
Oldur ki, məqami-cavidandır,
Kami-dilü rahəti-rəvandır.
Göftarına etiqad qıldım,
Ol dəxi yek olduğunu bildim.
Bildim bu imiş sənin muradın--
Kim, əhli-kəmal ola ibadın,
Bunda yetə rütbeyi-kəmalə,
Onda yetə dövləti-vüsalə.
Bu rahdən etmək olmaz ikrah,
Xoşrahdürür sənə gedən rah.
Ol ləhzə həm etmə şəfqətin kəm.
Tövfiqinə qıl rəfiq hər dəm.
Çün əql ilə can əmanətindir,
Məndə əsəri-inayətindir.
Bunları mənimlə zar qılma,
Bir neçə əzizi xar qılma!
Ta kim, bu məqamı tərk edəndə,
Məndən sənə əzm edib gedəndə,
Məndən cəzə ilə getməsinlər,
Dərgahə şikayət etməsinlər.
Şum olmasın onlara vüsalım,
Olmasın olardan infialım.
Etmək gərək əhli-feyzi-biniş,
Təhqiqi-vücudi-afəriniş.
Bilmək gərək onu kim, cəvahir
Nə gənci-nihandan oldu zahir?
Nə dairədir bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?
Cismə ərəzi kim etdi qaim.
Narə nədən oldu nur lazim?
Hər xilqətə gərçi bir səbəb var,
Aya, səbəbi kim etdi izhar?
Gər kaf ilə nundan oldu aləm.
Aya nədən oldu kafü nun həm?
Bihudə deyil bu karxanə,
Bifaidə gərdişi-zəmanə.
Haşa ki, bu türfə nəqşi-qərra
Nəqqaşından ola mübərra.
Haşa ki, bu bargahi-ali,
Bir dəm əyasından ola xali,
Fikr eylə və gör, nədir bu üslub,
Nə saniədir bu süni-mənsub?
Hər zərreyi-zahirin zühuri
Bir özgəyə bağlıdır zəruri.
Gər ğayətə eyləsən təəmmül,
Zahir olur onda məzhəri-küll.
Versən özünə fənayi-mütləq,
İsbat olur ol fəna ilə həqq.
Gər var isə mərifət məzaqi,
Fani sənə bəs dəlili-baqi.
Həqqa ki, həmin vücud birdir,
Bir zatə vücud münhəsirdir.
Əksidir onun vücudi-əğyar,
Mənidə yox etibar ilə var.
Var olanı xəlq yox sanırlar,
Yox varlığına aldanırlar.
Yoxdur bu vücudun etibarı,
Həq ayinədir, cahan qübarı.
Ey əql, ədəbə riayət eylə,
Bu bilmək ilə kifayət eylə!
Təhqiqi-sifatə qane olgil,
Əndişeyi-zatə mane olgil!
Ol pərdəyə kimsə rah bulmaz,
Təhqiq bil, onu bilmək olmaz.
Gər yetsə idi bu sirrə idrak,
Deməzdi rəsul "maərəfnak".
Xəlq oldu bu bəhri-heyrətə qərq,
Ta xəlqdən ola xaliqə fərq.
Hər riştə ki, həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir.
Faş oldu ki, sirri-həq nihandır,
Aləmdə nişanı binişandır.
BU, İZHARİ-ETİRAFİ-CƏHALƏTDİR VƏ İQRARİ-İSRAFİ-MƏSİYYƏTDİR.
Ey hikmətə baxmayan nəzərsiz,
Əhvali-zəmanədən xəbərsiz!
Tən etmə ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Şərh eylə mənə ki, çərx netdi?
Ondan nə cəfa zühura yetdi?
Nən var idi kim, əlindən aldı,
Nə mərtəbədən aşağı saldı?
Dövranə gətirdi mehrü mahi,
İçində səpidiyü siyahi.
Gəh atəşə zəcri-ab verdi,
Gəh badə qəmi-türab verdi.
Şəmi-əməlin münəvvər etdi,
Hər nə dilədin müyəssər etdi;
Qıldı səni hiçdən bir adəm,
Əsbabi-tənəümün fərahəm.
Çərxin xud işi səninlə böylə,
Sən neylədin onun ilə, söylə!
Hər dəm onu bivəfa oxursan,
Dönsün--deyü bəddua oxursan.
Çün ol sənə qıldı mehribanlıq,
Yaxşılığa eyləmə yamanlıq!
RUHA XİTAB
Ey ruh ki, cami-cəhl edib nuş,
Hübbi-vətən eylədin fəramuş.
Kim saldı səni bu təng rahə,
Qandan düşdün bu damgahə?
Sən tərk qılıb ədəm diyarın,
Bulduqda vücud etibarın,
Qılmışdı səninlə hikmətüllah,
Əcnasi-həvasü əqli həmrah.
Ta aləmə qəldiyin zamanda,
Bazari-tərəddüdi-cahanda
Sərmayələrindən edəsən sud,
Ol sud nədir?--Rizayi-məbud.
Hala ki, xəsarət oldu vaqe,
Sərmayələrin təmam zaye.
Heyranü mükəddərü təhidəst,
Əhvali xərabü rütbəsi pəst.
Dönsən yenə gəldiyin məqamə,
Qabilmi düşəsən ehtirama?
Əlbəttə, zəlilü xar olursan,
Bu fel ilə şərmsar olursan.
NƏFSPƏRƏST QAFİLƏ XİTAB
Ey nəfspərəstü cismpərvər,
Olma qəmi-hirs ilə mükəddər!
Səy eylə mətai-mur yığma,
Cəhd eylə əzabi-gur yığma!
Alma ələ səğari-meyi-nab--
Kim, qərqə edər səni bu girdab!
Olma nigərani-səbzeyi-bəng--
Kayineyi-dininə salır jəng!
Dəf kimi köksdə ləhv qoyma!
Ney kimi həvayi-nəfsə uyma!
Damani-təriqi-şəri tutgil,
Hər nə ki, xilafi-şərdir, unutgil!
Təhqiqi-vəsileyi-vüsul et!
Təqlidi-şəriəti-rəsul et.
Qədim Yunanıstanda şüəra sinfi bir qissə və hekayət yazmaq istədikləri əsnada Muza adlı şer ilahəsinə rücu edib, ondan kömək və mədəd dilərdilər. Bu adətə oxşar əski əcəm və ərəb və türk şairləri dəxi saqiyi-safzəmirə və sadəruya üz çöndərib, ondan kərəm və himmət dilərdilər. Füzulinin "Leyli və Məcnun" qisseyi-pürqüssəvü məlalının ibtida və intihasında və hekayənin bəzi məqamlarında yazdığı saqinamələr onun ən xoşməzmun və dilpəzir kəlamlarından ədd olunsa gərəkdir. Bu saqinamələrdə o qədər mühəssənat, lətafət və mövzuniyyət vardır ki, onları yazmaqla başa gələsi deyil. Onları diqqətlə oxuyanlar bir tərəfdən dünyayi-dunun qeydindən və nəfsi-şumun hirs və təməindən, alçaq və rəzil əməllərdən, pis işlərdən, fasid və batil fikirlərdən xilas olub, nuraniyyət kəsb edirlərsə də, digər tərəfdən onların qəlbi bir növ məhzun və könlü tutqun olur. Bu hala səbəb oldur ki, Füzuliyi-şikəstə-halın qələmi-gövhərsənci tökdüyü dürri-safın əksəri gözdən tökülən əşki-müsəffaya bənzəyir, nəinki şadlıq çəmənində yağan barana. Füzuli, demək olur ki, möhnət yükünün barkeşi olub, aləmi-insaiyyətdə tamami qəmzədələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunmuşdur. Füzulinin ahü nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmə yandırır. Amma bu yanmaqda bir feyz və səadət və ülviyyət vardır ki, o atəşə yanan istər ki, bir də yansın. Bu cansuzluq pərvanənin şam başına dolanıb yanmağına bənzəyir.
Füzuli tamam aləmin dərd və qəmin çəkdiyini "Hədiqətüs-süəda"nın axırında bəyan edir. Bu qəm və ələm nüsxəsini tamam etdikdən sonra şair füzəlayi-bəlağətpişə və füsəhayi-diqqətəndişədən təvəqqe və rica edir ki, binayi-təlifinə və tərhi-təsnifinə diqqət yetirdikdə, islahi-xətasına iqdam və ehtimam edələr və mühərririn duayi-xeyir ilə yad edib, qəbuli-üzr ilə hər nöqsanın tamam qılalar. Və sonra bu şeri gətirir:
Hücumi-möhnəti-dövran məluli,
Giriftari-qəmi-aləm Füzuli.
Deyil ol ləhceyi-göftarə qabil--
Kim, ola qabili-səmi-əkabir.
Qılır cəmiyyəti-dil ləfzi dilkəş,
Müşəvvəş söyləməz, illa müşəvvəş.
Gəl, ey hali-təkəllümdən xəbərdar,
Tərəhhüm qıl, təərrüz qılma zinhar!
"Leyli və Məcnun" hekayəsinin səbəbi-nəzmini bəyan qıldığı saqinamədə Füzuli deyir: Bu, bir bəzmi-müsibəti-bəladır ki, onun əvvəli qəm, sonu bəladır. Bu hekayənin nə badəsinə nişatdan rəng, nə nəğməsinə fərəhdən ahəng var. İdrakı verir xəyala azar, əfkarı edər məlali əfkar.
Hərkah bu, bir bəhcət gətirən və fərəh yetirən hekayə olsaydı, bunun tövcihinə rağib olanlar çox olardı. Bu, pürməlal bir dastandır ki, hər bir fəsihin halını pərişan edib nitqini bağlar və sözlərini kutah elər. Necə ki, bu babda Nizamiyi-şirinkəlam deyibdir:
Əsbabe-soxən neşato nazəst,
Zin hər do soxən bəhane sazəst.
Meydane-soxən fərax bayəd,
Ta təb dər u honər nəmayəd.
Dor gərmiye-riko səxtiye-kuh,
Ta çənd soxən rəvəd beənbuh. [1]
[1] Tərcüməsi:
Sözün ləvazimatı şadlıq və nazdır,
Söz özünü bu iki vasitə ilə göstərir.
Sözün meydanı gərək geniş olsun--
Ki, təb onda hünər göstərə bilsin.
İsti qumda və bərk dağda
Heç qiymətli söz demək olarmı?!
Füzuli Şeyx Nizaminin bu sözlərini saqinaməsində zikr edib deyir:
Bir iş ki, qılır şikayət ustad
Şagirdə olur rücui bidad.
Amma bu əmr nə qədər düşvar isə də, Füzuli onu əncama gətirməyə şüru edib, öz təbi-lətifindən və qələmi-gövhərrizindən himmət tələb edir;
Ey təbi-lətifü əqli-vala,
İdraki-büləndü nitqi-guya!
Düşdü səfərim diyari-dərdə,
Kimdir mənə yar bu səfərdə?
Hər kimdə ki, vardır istitaət,
Dərdü qəmü möhnətü qənaət,
Oldur bu müsafirətdə yarım,
Zövq əhlinə yoxdur etibarım….
QƏLƏMƏ XİTAB
Ey xameyi-sərkəşi-səbükxiz,
Vəqt oldu ki, olasan göhərriz!
Mən acizəmü bu əmr müşkil.
İmdad dəmidir, olma qafil!
Asari-mürüvvət eylə izhar,
Bir təprən, əgər mürüvvətin var!
Sən qıl hünəri, mən alayım ad,
Sən çək ələmi, mən olayım şad.
Çün nəxli-hədiqeyi-hünərsən,
Müftahi-xəzineyi-göhərsən,
Cəhd eylə, çıxar cəvahiri-pak,
Fikr etmə ki, yoxdur əhli-idrak!
Demə ki, bulub kəsad bazar,
Bulmaz bu mətaimiz xəridar….
Ey bəxt, vəfasız olma sən həm,
Həmrahlıq et bizimlə bir dəm.
Əlhəqq, demək olur, bu əmri-müşkili, yəni "Leyli və Məcnun" hekayəsini ustadi-şüəra və əfsəhi-füsəha Molla Məhəmməd Bağdadi Füzuli kəmali-fəsahət və bəlağət ilə əncama yetiribdir ki, onda zərrəcə bir qüsur yoxdur və ümumi-şüəra və üdəba bu qövlə şərik və müqirrdir.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-molla-mehemmed-bagdadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.
Mirzə Həsən "Mirzə" təxəllüsQüdsiyi-cənnətməkanın müasirlərindən Qazax şairləri Mustafa ağa Arif və Kazım ağa Salikdən başqa Qarabağ xanlığında dəxi bir neçə xoştəb şüəra var imiş ki, onların isimləri atidə zikr olunur.Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
Mirzə Məhəmməd Qaib oğlu "Fədai" təxəllüsKazım ağa Salikin müasirlərindən birisi də mərhum Mirzə Məhəmməd Qaibzadə "Fədai" təxəllüsdür ki, əslən Salahlı qəryəsindən olub, indiki Qaibovların babalarından birisidir. Onun ilə Kazım ağanın mabeynində ülfət və məvəddət olduğu biri-birinə yazdıqları əşardan görünür.Fədai sinndə Kazım ağadan böyük imiş. Necə ki, onun Kazım ağaya yazdığı bir kağızından məlum olur:
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
جز رگ جان عشق تو دگر چه گشاید؟یا ز تو جز رنج و درد سر چه گشاید؟
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.