Molla Pənah "Vaqif" təxəllüsləri
Səhifə 7 / 7 · 86%
Filhəqiqə, hansı bir məkan və zamanda və hansı miləl və əqvamın arasında Vaqifin sözləri məzmundan düşüb cifeyi-dünyaya ehtiyac və iştiyaq olmayacaqdır və adamların əmalü əfalında kizb və böhtan əvəzində doğruluq, qiybət və şeytanət yerində sülh və sazişlik işlənəcəkdir? Bu suallara təskinlik bəxş edici cavablar vermək olurmu?
Tutalım ki, düzlük və sədaqət yoxdur. Bəlkə Adəm atanın övladı arasında haqqşünaslıq, şükrani-nemət, şərm və həya, himmət və qeyrət, etibar və etiqad vardır? Əfsus ki, şair bunların da yoxluğunu təsdiq edib, bizi məyus və əfsürdədil eyləyir. Budur, oxuyun:
Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrətü şərmü həya, namusü ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.
Doğrudan da etiqad və etibar, qeyrət və namus, ittihad və ittifaq qeyri millətlər arasında var isə də, heyfa ki, biz müsəlmanlar içində yoxdur. Əgər onlardan bir əsər olsa idi, belə zillət və fəlakətə düçar olmazdıq və bu anə qədər biz də ağ günə çıxardıq….
Şerin qəzəliyyat növündən Vaqifin beş-altı qəzəlləri vardır. Onlardan məşhuru və xoşməzmunu Molla Vəli Vidadiyə yazdığı qəzəllərdir:
Kim ki, sövdayi-səri-zülfi-pərişanə düşər,
Gah zindanə, gəhi cahi-zənəxdanə düşər.
Afəti-dəhr dəyər ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsanə düşər.
Mərd igidlər özünə məhbəsi meydan bilər,
Sanma ki, nakəsü namərd bu meydanə düşər.
Eybdən saf çıxar, pakü mübərra görünər,
Hər təla kim, küreyi-atəşi-suzanə düşər.
Piçü tabə düşənin işi, bəli, üzdə olur,
Zülf bu vəchlə ol gülruxi-cananə düşər.
Hər yaman yer ki, ola yaxşıların mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşər.
Şami-qəm şadlıq əyyamına xoş zivərdir,
Necə kim, xali-siyəh arizi-cananə düşər.
Ey Vidadi, qəmi-hicranə giriftar olmaq
Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur,
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Bu qəzəldə Molla Pənahın təcrübə və hikmət yolu ilə söylədiyi kəlam və bəzi təşbihat və istiareyi-təmsiliyyə şayani-diqqətdir. Əlhəqq, dünyada afət və bəlaya giriftar olan əksər övqat kamal və mərifət əhli olub, cühəla və dənitəblər eyşü səfada, dövlət və nemət içində ömür sürürlər və nə məqsəd və mətləbdən ötrü xəlq olunmaqlarından və özlərinə borc olan təkliflərdən mütləq bixəbərdirlər. Məhbəs və zindani-bəla mərd igidlər üçün vüsətli meydan mənzələsində olduğu halda namərdlərin hünəri deyil ki, bu meydana qədəm qoysunlar. Dar gün, cismani əziyyətlər və ruhani küdurətlər alitəblərin etiqad və sədaqətini dəxi də möhkəmləndirib, polad kimi onları safa çıxarır; necə ki, atəş kürrəsində qızıl və gümüş safa çıxır. Ləlin yeri daş və xəzinənin yeri viranə künclər olduğu kimi, möhnətsəralar dəxi yaxşıların mənzili olur və hicran qəmində şair həm özünü və həm dusti-həqiqisi Vidadini Yusifi-Kənana təşbih edib bununla təsəlliyab olur:
Vidadidən gələn kağız məni fərxundəhal etdi,
Bu halı gördü qəm, filhal məndən intiqal etdi.
Uçub könlüm quşu pərvaz qılsa övci-əlayə,
Əcəb yox kim, bu məktubu özünə pərrü bal etdi.
Ziyayi-şəms tək yetdi, məni bədr eylədi hala
Əgərçi qəddimi dövrani-filmazi hilal etdi.
Səvadi namənin, ey dil, məgər zülmati-heyvandır--
Ki, ruhum Xızr tək ondan bəsi kəsbi-kəmal etdi?!
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazsın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi.
Bu qəzəldən məlum olur ki, Vaqif bunu ömrünün müsinn çağında yazıbdır ki, candan əziz olan qədrşünas dostunun müfariqətində xeyli cəfalar çəkibdir. Şair Vidadidən vüsul olan naməni könlünün quşuna pərü bal edib onu övci-əlaya qalxızır. Əgərçi keçmiş zəmanənin inqilab və iğtişaşı şairin qəddini əyib hilal qılmışdır və lakin haman dusti-binəzirin naməsi ziyayi-şəms tək onun qəddini rast və qəlbini münəvvər eləyir və səvadi-namə ruhuna səfa və həyati-əbədi bəxş edir.
Afərin belə dostluğa və mərhəba bu sədaqətə!
Bu qəzəl Şeyx Sədinin dostluq barəsində yazdığı qəzələ bənzəyir. Təfavüt ancaq burasındadır ki, Şeyx Sədi həqiqi dostluğun şürut və vəzifəsi nə olduğunu bildirib, ümum nasə xitabən yazmışdır. Amma Vaqif isə öz dostundan gələn kağızdan məsrur olub onun qədr və mənzələsini bəyan edir. Sədi əleyhirrəhmə dostluq barəsində buyurubdur və həqiqətdə çəməni-mənayə dürr saçıbdır:
Yar an bovəd ke səbr konəd bər cəfeye-yar,
Tərke-rezaye-xiş konəd bər rezaye-yar.
Gər bər vocude-aşeqe-sadeq nəhənd tiğ,
Binəd xətaye-xiş nəbinəd xətaye-yar.
Yar əz bəraye-xiş gereftən təriq nist,
Ma nəfse-xiştən bekoşim əz bəraye-yar.
Mən rəh nemibərəm məgər anca ke kuye-dust,
Mən sər neminəhəm məgər anca ke paye-yar. [5]
[5] Tərcüməsi:
Yar odur ki, yarın çəfasına dözsün,
Yarın təmənnası xatirinə öz təmənnasından əl çəksin,
Əgər həqiqi aşiqin bədəninə qılınç çalsalar, belə
O, öz xətasını görər, yarın xətasını görməz.
Yar ançaq zevq almaq üçün deyil,
Biz öz nəfsimizi yardan etru öldürdük.
Mən dostun astanasından başqa bir yol tanımıram,
Mən yar ayağını qoydutu yerdən başqa yerə başımı qoymaram.
Dusti-həqiqi və yari-cani həqiqətdə o dostdur ki, öz xeyir və rizasını və səlahi-ümurunu dost rizası və səlahı yolunda tərk edib, ondan mal və canını müzayiqə etməyə, dostun adı çəkilən yerdə başdan keçə. Heyfa ki, bu vəsvəseyi-şeytan və dəğdəğeyi-insan ilə dolmuş əsrimizdə bu qism dostların vücudu ənqa quşu kimi nayabdır. Bu əsri-şumda həqiqi bir dost tapılmaz ki, onun sədaqət və dəyanətinə etibar oluna və dar gündə dəstgirliyinə ümid bağlana….
Necə ki, fövqdə zikr olundu, Molla Pənah Vaqifin ədəbiyyatımızın banisi, müəssisi adlanmağa haqqı vardır. Tamami Qafqazda ondan müqəddəm bir müqtədir ədib, xoşkəlam və mövzuntəb şair zühur etməyibdir ki, ibtidayi-süxən onun adı ilə başlansın. Əgərçi Azərbaycanın İrana mütəəlliq hissələrində Aciz, Divani, Qövsi, Arif kimi bəzi şairlər vücuda gəlibdir və illa onların asari-qələmiyyələri və xüsusən, tərcümeyi-halları millətimiz arasında intişar bulmayıbdır. Ancaq bəzi mütəfərriq şer və qəzəlləri xanəndələr və qəzəlxanlar vasitəsilə gəlib bizə yetişibdir.
Molla Pənah Vaqif isə cümləmizə məlumdur. Onun adını eşitməyən və şənində söylənən "hər oxuyan Molla Pənah olmaz" məsələni bilməyən Qafqaz oğlu yoxdur, Vaqifi belə şöhrətləndirən, əlbəttə, onun rəvan təbi, mövzun kəlamı və gözəl qafiyələri olubdur ki, indi də o qafiyələr ümum nasın dillərində caridir. Vaqifin kəlamlarını oxuduqda bilaixtiyar onlara meylü rəğbət bağlayırıq. Şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində gətiribdir. Onun əşarında istemal olunan türk və ya türkləşmiş fars və ərəb sözləri elə məharətlə nəzmə çəkilibdir ki, oxuyanları valeh və heyran edir. Məsələn, bu sadəlikdə hansı bir türk şairi qafiyələr tərtib edibdir:
Bağlamışam din-imanı zülfünə,
Mənim kimi heyran hanı zülfünə?
Tapşırıb gedirəm canı zülfünə,
Yaxşı saxla, səndə əmanətimdir.
Və yaniki bu şerlər:
Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadənn, nə şanədəndir.
Bu sadə və rəvan şerlər ki, mənən dəxi ziyadə məqbul və müstəhsəndir, şairin artıq dərəcədə ana dilinə dara olmasına və milli şairliyinə dəlalət edir. Əlbəttə, Molla Pənaha bu eybləri irad tutmaq olmaz ki, o milli şair olduğu halda millətinin hürriyətinə dair, tərəqqi və təalisinə məxsus bir əsər qoymayıbdır. Molla Pənah dəxi sair şairlər kimi öz zamanının oğlu olub, onun təqazasınca şer yazarmış. Ondan çox sonra gələn şairlərin kəlamlarında da "millət", "hürriyyət", "din" və "vətən" sözləri hərgiz istemal olunmayıbdır.
Bununla belə Vaqifin yuxarıda zikr olunan müxəmməs və qəzəliyyatında təcrübə üzü ilə deyilmiş pürməna sözlər və dərin fikirlər vardır ki, həmə vəqt həyat üzrə baqi qalacaqdır. Bundan maəda Vaqifin milli ədəbiyyatımıza hüsni-xidməti bu olubdur ki, Türkiyə və İran-zəmin şüərasına müqəllidlik etməyibdir, bəlkə onun üçün əsan və təbii bir yol açıbdır ki, ondan sonra gələn şairlər ona peyrəvilik edib, bir çox gözəl əsərlər meydana gətiriblər. Bu cəhətə Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustadı adlanmağa haqqı vardır.
Kitabxana.az · https://kitabxana.az/works/kocerli-azerbaycan-edebiyyati-f-kocerli-i-cild-molla-penah-vaqif
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağaməsih Şirvani Mustafa xanın zəmani-hökumətinin ibtidasında Şirvanda olurmuş, özü də kamil bir vücud imiş; təbi-şeriyyəsi də var imiş. Ağaməsihin nəslindən indi də Şamaxıda vardırlar. Belə ki, möhtərəm ədibimiz Sultan Məcid Qənizadənin mərhum şair dördüncü babası hesab olunur.Ağaməsih Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin müasiri olduğuna görə, əşar və tərzi-kəlamı onlarınkına artıq dərəcədə bənzəyir. Məşhur qövlə görə, Ağaməsih hicrətin on üçüncü əsrinin ibtidasında İranda vəfat etmişdir. Mirzə Yusif Qarabağinin məcmuəsində Ağaməsih Şirvaninin kəlamından bir müxəmməs və bir müəşşər təb olunmuşdur və bunlardan əlavə Zaqafqaz müftisi Hüseyn əfəndi Qaibov həzrətlərinin "Məcmuə"sində Ağaməsihin bəzi kəlamı yazılıbdır. Onlardan nümunə üçün bir neçəsi burada zikr olunur.
Asəf ŞirvaniAsəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.Qəzəli-Asəf Şirvani:
Ağaismayıl ZəbihAğaismayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.
Cəfərqulu xan "Nəva" təxəllüsMərhum Cəfərqulu xan İbrahim xanın böyük fərzəndi Məhəmmədhəsən ağanın oğludur. Məhəmmədhəsən ağa isə ziyadə nəcib, fərasətli və ləyaqətli bir şəxs imiş. İbrahim xan onun xatirini əziz tutarmış və özünə onu vəliəhd təyin edibmiş. Vəli İbrahim xan hənuz sağ ikən oğlu Məhəmmədhəsən ağa dari-üqbayə rehlət buyurdu və İbrahim xan general Tesvidayevin vasitəsilə Rus imperatoruna yazıb, kiçik oğlu Mehdiqulu xanı ondan sonra varis təsdiq etmək fərmanını xahişmənd olmuşdu və tarixi-islamiyyənin 1221-ci sənəsində--ki, tarixi-məsihiyyənin 1806-cı sənəsinə mütabiqdir,--Mehdiqulu xan imperator fərmanı ilə külli-Qarabağ xanlığına İbrahim xandan sonra hakim təyin olundu.Məlum olsun ki, Cəfərqulu xan babası İbrahim xanın hali-həyatından aşikarən varislik iddiası etmirdisə də, amma qəlbində bu arzu və başında Qarabağa hakim olmaq fikri var idi. Zəmani ki, imperatorun fövqdə zikr olunan fərmanı yetişdi, Cəfərqulu xan məyus və mükəddər oldu və o vaxtdan sonra onunla əmisi Mehdiqulu xanın arasında həmişəlik bir küdurət və ədavət vüqua gəldi və Cəfərqulu xan çox hiylə və dəsisələr və pürfəsad tədbirlər işlətdisə də, nəticəbəxş olmadı və bəlkə özü müttəhim olub "gözdustağı" halında Petroqrada aparıldı və orada bir müddət qalandan sonra generallıq çini alıb Qarabağa müraciət elədi.
Başqa şairlərin şeirləri
Ey dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.