Çar ordusunun düşərgahı. Hər iki tərəfi sıldırım qayalıq olan dərənin qurtaracağında meşə görünür. Hava buludludur...Uzaqlardan göy gurultuları eşidilir. General hündür bir yerdə durub, qarşıdakı düşmən cəbhəsini gözdən keçirməkdədir. Birinci planda soldatlar oturub söhbət edirlər. Orda-burda ocaq tüstülənir.

İvan

Eh... Yağışın altında durmaqdan islanmış toyuğa döndük.

Fyodor

Bəs necə bilirsən, iyirmi ildə almadığın yeri bir gündə alacaqsan?.. Bura cəbhədir, bığ yerin tərləyəndə gəlib, saçın-saqqalın ağaranda getmədin nə ləzzəti?.. (Oxuyur)

Yayın gecələrində parıldar çoxlu ulduz:
Neçin sizdə onların vardır ikisi yalnız?
Siz ey cənub gözləri, qara cənub gözləri.
Tale görüşdürmədin bir xoş gündə bizləri.

İvan

Fedya, oxuma, general eşidir. (Sükut edərək) Neyləyim, Şamil düşmədi əlimə, yoxsa çoxdan divanını tutmuşdum. Qorxusundan heç özünü də göstərmir ki...

Fyodor

Qorxusundan?.. Qorxu sözünü dağlılar daha kitabından silib. (Ətrafına göz gəzdirərək) Vanya, görəsən poruçik Tamarin necə oldu?

İvan

Tamarin?.. (Az qala pıçıltı ilə) Şamilə qoşuldu. Deyirlər əvvəldən fikri bu imiş... Eh, bir azdan hücum başlanacaq... Yazıq Hacı Muradın evi yıxıldı.

Fyodor

Nə oldu, asıldı?

İvan

Yox... Rayevski onu həbsdən gətirməyə getdi. Biz hücuma keçəndə Hacı Muradı qabağa salacaqlar, biz də onun dalınca gedəcəyik...

Fyodor

Qəribədir... Bu kimin ağlına gəldi?

İvan

Nə bilim?.. (Sükut) Bircə arzum var: bu gecə ya biz ölüb qurtaraydıq, ya da Şamil əsir alınaydı...

General (dikdirdən aşağı enir, dövrəsinə toplaşan zabitlərə dönərək)

Cənablar, sizin fikrinizcə bu gün yağış yağacaq, yoxsa dolu?

Birinci zabit

Heç biri, zat aliləri...

General

Sən nə üçün belə düşünürsən?

Birinci zabit

Çünki Sizin iradəniz belədir, zat aliləri.

General

Çox təəssüf ki, Allah mənimlə hesablaşmır. Onun da iradəsi Şamilinki kimi öz əlindədir...

Pauza

İvan

Fedya, a Fedya, bu gün bərk dolu yağacaq... Qorxuram o qədər yağsın ki, bədənimdə bir sağ yer qoymasın... (Lap yaxında şimşək çaxır, göy gurultuları eşidilir)

Fyodor

Bu gurultuların axırı pis olacaq...

Pauza

General

Cənablar, Hacı Muradı gətirirlər... Onu belə görəndə mən zəncirlənmiş Prometeyi xatırlayıram.

Birinci zabit

Doğru buyurursunuz, zati-aliləri... Hacı Murad tutulandan bəri Şamilin müqaviməti xeyli zəifləmişdir.

General

Məncə əksinə... Şamil daha da quduzlaşmışdır.

Pauza

Fyodor

Sən doğru deyirsənmiş, Vanya, onu gətirirlər...

İvan

Düşmən də olsa, igiddir, vallah... Bir bax, nə qədər də məğrurdur!..

Fyodor

Dağlılar düz deyirlər: qürur, igid insanın ziynətidir...

Rayevski (qolları bağlı, ayaqları qandallı Hacı Muradı generalın hüzuruna gətirir)

Təzim edib raport verirəm, zat aliləri, məhbusların hamısı yerindədir... Birinci polkdan üç soldat xəstələnmişdir... Yaralılardan on beş nəfəri ölmüşdür.

General

Tamarini gətirdilərmi?

Rayevski

Xeyr, zat aliləri... O gəlmək istəmir.

General

Necə onun əvəzinə on nəfər dağlı veririk, o isə gəlmək istəmir?.. Paruçik, şahid olun, Sizin dostunuz mənim mərhəmətimi anlamadı...

Rayevski

Onlar Tamarinin əvəzində Hacı Muradı istəyirlər, zati-aliləri.

General

Bu çox ucuz olmazmı? (Hacı Murada) Xatirinizdədirmi, o gün padşaha sədaqətlə qulluq edəcəyinizə söz verirdiniz?..

Hacı Murad

Mənim yadımdadır... Sən də söz verdin: mənə əziz qonaq kimi ehtiram göstərəcəkdin... Sən qonaqlara həmişə beləmi hörmət edirsən?

General

Buraya nə üçün gətirildiyinizi bilirsinizmi?

Hacı Murad

Mənim razılığımı soruşan olmadı, yaranal.

General

Sizə güllə atsalar, gizlənməyə icazə verərik...

Hacı Murad

Mən bilmirəm, sənin fikrin nədir?..

General

Əlahəzrət imperatorun iradəsilə, mən dağlıların heç birinə inanmıram. Sizi də onun üçün həbsə almışam. Əgər doğrudan da sədaqətinizi sübut etmək istəyirsinizsə, qabağımıza düşün, böyük imamın qalasına birlikdə hücum edək.

Hacı Murad

Mən həmişə qılınc olmuşam, yaranal, qalxan olmamışam...

General

Eybi yoxdur, bir dəfə də qalxan olarsınız. Zərbə endirmək, zərbəyə dözməkdən asandır... İndi aydındırmı?..

Hacı Murad

O baxar adamına... Biz hər ikisini bacarırıq.

General

Sabahdan o yana bu görünən qalanın izi-tozu qalmayacaqdır.

Hacı Murad

Qalanı da, səngəri də uçurda bilərsən... Amma sinələrdən yaranmış istehkama gücün çatmaz, yaranal... O, dəmirdən də, daşdan da möhkəmdir.

General

Siz buna əminsinizmi?..

Hacı Murad

Bəli... Özümə əmin olduğum kimi...

General

Yazıq dağlı... Sənin başın zədələnmişdir.

Hacı Murad

Təqsir özündədir. Mənimlə çox söhbət edirsən...

General (Rayevskiyə)

Paruçik, komandanları mənim yanıma çağırın!..

Rayevski (təzim edərək)

Baş üstə!.. (gedir)

General

Qandallar ağırlıq etmir ki?..

Hacı Murad

Mənə yox... Amma sənin vicdanına ağırlıq edib-etmədiyini deyə bilmərəm...

General

Mənə də yox... Bu qandallar olmasaydı, böyük Rusiya imperiyasında quldurların əlindən tərpənə bilməzdik.

Hacı Murad

Bir ölkə üçün yüz milyon quldur çoxdur, yaranal...

General (acıqlı)

Bu nə deməkdir?..

Hacı Murad

Bu o deməkdir ki, rusetdə qandalaqsız adam yoxdur...

Rayevski (gəlir)

Zat aliləri, komandarlar sizi gözləyir...

General

Çox gözəl... (İstehzalı) Qonağa ehtiram göstərin. (Gedir)

Rayevski (soldatlara)

Vasili, Fyodor, İvan, bunun qarovulunda durun...

Hər üçü (təzim edərək)

Baş üstə!..

Rayevski (Hacı Murada)

Otura bilərsən... (Gedir)

Fyodor

Vanya. Hacı Muraddan qorxma, əli-ayağı qandallıdır.

İvan

Heç zarafatın yeridir?..

Fyodor

Bir diqqət elə... Görürsənmi nə yaman kədərlidir?..

İvan

Adam ölümünü qabaqcadan biləndə yaman pis olur, Fedya... mənim də buna yazığım gəlir... (Sükut edərək) Sabah Marusyaya kağız yazacağam. Yazacağam ki, mən elə-belə soldat deyiləm, Hacı Muradın qarovulunda durmuş soldatam...

Fyodor (gülür)

Marusya... görəsən Dmitri onu yenə də yuxuda görürmü?

İvan

Eh... Sən də zarafat eləməyə vaxt tapdın?..

Fyodor

Yaxşı... Gülüb danışmasaq, fikirdən adamın bağrı çatlamaz?.. Vanya, dünən gecə Marusya yuxuma girmişdi... deyirdi ki, Vanyadan bir şey çıxmadı, sənsə mənim dərdimə əlac elə...

İvan

Bəsdir, bəsdir, zarafatın yeri deyil...

Hacı Murad (öz-özünə)

Allahdan heç nə istəmirəm, bircə oğlum sağ qalsaydı... ax, Şamil, Şamil, məni sən kələyə saldın...

İvan

Adamın hayfı gəlir... Əslinə baxsan, günah özündədir.. Buralarda nə iti azmışdı?.. (Yan tərəfdə kim isə qəmgin səslə oxuyur)

Yanağın solğun bir yarpağa bənzər...
Rəngi sapsarıdır: bir zaman vardı,
O düşmən üstünə cumsaydı əgər,
Düşmənin də rəngi belə qaçardı...

İvan

Eyy, sakit ol, general eşidir.

Nəğmə birdən xırp kəsilir.

Hacı Murad (öz-özünə)

Yox, Şamil ona dəyməz... Özü də ata deyilmi?.. (Fyodora) Ay urus, Şamil onu öldürərmi?..

Fyodor (təəccüblə)

Kimi?..

Hacı Murad

Mən heç... Bəlkə bu qollarım heç açılmadı. Mən ölümdən qorxmuram. İlahi, sən Şamilə kömək ol... Yorğunam. Fikrim özümdə deyil. O bizim dağların yeganə pənahıdır.

Birdən trivoqa siqnalı guruldayır.

İvan

Aha, başlandı.

General (gəlir)

Soldatlar, əlahəzrət imperatorun əmri alınmışdır... O yazır ki, Dağıstan quldurunun indiyə qədər əsir alınmaması böyük Rusiya imperiyasının nüfuzunu azaltmışdır. Mən, ixtiyarımdakı qüvvələrə bu gün son hücum əmrini verirəm... Və əminəm ki, bir neçə saatdan sonra bu görünən qalanı xarabaya döndərəcəyik.

Rayevski

Zati-aliləri, Şamil elçi yollamışdır. Qəbul edəkmi?

General

Gəlsin...

Atay (bir nəfər ilə gəlir)

Şamilin təklifi belədir: mənasız qırğına yol verməmək üçün qoşununuzu geri çəkin... yoxsa hamınız qılıncdan keçiriləcəksiniz...

General

Mənim də cavabım budur: bu gün Şamilin qalasından bir əsər belə qalmayacaqdır. Sən get, bizim gücümüzlə zarafat edən Şamilə söylə ki, arvad-uşaqların naləsindən qorxub, qalanı könüllü olaraq tərk etsin!..

Atay

Bu sözləri Siz onun cənazəsinə deyə bilərsiniz, yaranal... Dağlıların vuran əli, qoca Şamil siyirmə qılıncına söykənib səni gözləyir. (Yoldaşına) Gedək!.. (Gedirlər)

General

Piyadalar Hacı Muradın arxasınca... irəli?..

Rayevski cərgə ilə düzülən soldatların qabağına Hacı Muradı gətirir, baraban çalınır, soldatlar onun ahənginə uyaraq irəliləyirlər.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri