Şirvan sarayında böyük bir otaq. Orta əsr memarlığı üslubunda tikilmiş bu otağın naxışları arasından sarayın başlandığını və qurtardığını bildirən tarix görünür. Dibdə buxarı yanır. Şah, vəzir və Munis gəlir. Onların dalınca əyanlar və saray adamları daxil olur.

Şah otağa baxa-baxa, taxtı qoyulmuş yerə tərəf addımlayır.

Şah

Gözəl saraydır. Bu gündən sonra bütün dünyanın hökmdarları mənə qibtə edəcəkdir.

Vəzir

Doğrudur, şahım. Bu naxışları çəkən əllər o ustanın adını tarixin səhifəsinə nəqş eylədi. Memarlıq sənəti də bir növ şeirdir. Baxın, bu naxışların hər biri Ömər Xəyyamın rübailəri qədər mənalıdır.

Şah

Doğrudur, vəzir, sən haqlısan.

Vəzir

Çox istedadlı insandır, şahım. Amma nədənsə, sənətkarlığını tərifləyəndə, həmişə gözlərini yerə dikir. Özü də sarayda qalmaq istəmir.

Şah

Memarı çağırın gəlsin! (Onu çağırmağa bir nəfər gedir)

Munis

Bu gözəl sarayda şeir yazmaq böyük səadətdir, şahım. Qoy hökmdarın sevinci asimana ucalsın!

Şah

Kef məclisi qurulsun. Saqilər gərdişə çıxsın. Qoy bu möhtəşəm saraydan qalxan musiqi səsindən bütün dünya rəqsə gəlsin. Hanı rəqqasələr? (Kef məclisi başlanır. Rəqqasələr gəlib oynayırlar) Hanı Xaqani? Neçə gündən bəri saray məclislərinə də gəlməyir. O haradadır?

Munis (istehza ilə)

Onun əziz dostu Gəncədən buraya təşrif gətirmişdir, şahım.

Şah

Dostu? Kimdir onun dostu?

Munis

Kim olacaq? Nizami! Xatırınızdadırmı şahım, neçə dəfə onu saraya dəvət etdiniz. O, tənəzzül edib gəlmədi. Onun hamıdan xəbərsiz bu gəlişi çox şübhəlidir.

Şah

Necə? Şübhəli?

Munis

Mən həqiqəti sizdən gizlətmək istəmirəm, şahım. Mənim vicdanım ləkə götürməz. Mən həqiqət aşiqiyəm.

Şah

Fikrini açıq söylə, Munis!

Munis

O, Xaqani ilə bərabər sizin taxtü-tacinizə sui-qəsd hazırlayır, şahım.

Şah

Munis, sən dəlimi olmusan? Şair nədir, sui-qəsd nədir?

Munis

Mən həqiqət aşiqiyəm, şahım, mənim vicdanım ləkə götürməz... Gəncədəki əxiləri xatırlayırsınızmı? Onlar yenə də yaşayırlar. Xaqaninin onlarla gizlin əlaqəsi vardır. Gəncədən Şirvana, Şirvandan da Gəncəyə gizlin məktublar gəlib-gedir.

1-ci əyan

Elədir ki, var, şahım. Munis doğru buyurur. Hətta, şahım, “Xosrov və Şirin” dastanını gətirib sizə təqdim etmək fikrindədir.

Şah (təəccüblə)

Necə? Doğrudanmı? Bəlkə o mənimlə barışmaq istəyir?

Munis

Yox, şahım, bunlar hamısı cinayətin üstünü pərdələmək üçündür. Hələ əsərlərinin birində üzünü Xaqaniyə tutub bilirsinizmi nə deyir?

Şah

Heç bir şeyi məndən gizlətmə, Munis.

Munis

Deyir ki, nə üçün rəzillərin önündə alçalırsan? Nə üçün namərdlərə baş əyirsən?!

Şah

O rəzil, o namərd kimdir?

Munis

Şahım, o bu sözlərlə kimə ləkə vurmaq istər? Əlbəttə, sizə!

Şah

Demək belə!

Munis

Yenə deyir ki:

Tikan tək çiynində tut yarağını,
Qoruya biləsən gül budağını.

O, sizin üstünüzə xəncər qaldırmağa çağırır, şahım. Onun buraya gəlməkdə məqsədi öz yaxın adamlarını toplayıb sizi qətlə yetirməkdir.

Şah

Aha, cəsarətə bax, mən onları öz qanlarında boğdurub qurdquşa yemi etdirəcəyəm! Vəzir, sən nə üçün bu işdən xəbərsizsən? Şah nəslinə xəncər qaldırmaq?! Mən elə bir tufan qopardım ki, Zöhhak özü qəbirdən baş qaldırıb mənə afərin desin!

Saray adamı (gəlir)

Memar hüzurunuza izn istəyir, şahım.

Şah

Vəzir, ona istədiyi bəxşeyişi ver. Qoy bütün dünya bilsin ki, mən hər zaman böyük insanların dostu olmuşam.

Vəzir

Hökmdarın əmri Allah fərmanıdır, şahım. O, heç bir şey istəmir. Onun yalnız bir arzusu vardır.

Şah (gülür. Saray adamına)

Memarı buraxın gəlsin!

Əbdək daxil olur, hökmdara təzim edir.

Nə cür mükafat istəsən sənə halaldır.

Əbdək

Mənim heç nəyə ehtiyacım yoxdur, şahım. Mən harada olsam, bir parça çörək taparam.

Şah

Yox, yox, belə təvazökar olma. Sənin haqqın doğrudan da, böyükdür.

Əbdək

Sizdən yalnız bir ricam vardır, şahım.

Şah

Söylə, çəkinmə!

Əbdək

İzn verin, Bərdəyə qayıdım, yandırılmış sarayları yenidən bərpa edim. Şəhər dağılarkən sinəmdə açılmış yara bu gün də sağalmamışdır.

Şah

Bərdəlilərdən ki, sağ qalan yoxdur, sən o sarayları kimin üçün tikəcəksən?..

Əbdək

Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi, məni bir an belə rahat buraxmayır, şahım.

Şah

Sənin bu arzun gülməli də olsa, getməyinə izin verirəm. Sən doğrudan da, simu-zərə layiq bir memarsan!

Əbdək

Sağ olun, çox razıyam, böyük hökmüdar! Xalq üçün əlləşən insanların nəzərində cavahiratın da, qızılın da heç bir qiyməti yoxdur.

Şah

Sən bu sarayı xalq üçün yox, mənim üçün yaratdın.

Əbdək

Lakin bu sarayın ömrü insan ömründən uzundur!

Şah

Sən bununla nə demək istəyirsən?!

Əbdək

Yalnız onu deyirəm ki, insan ömrü insanın yaratdığından az olur!

Munis

Şahım, bu memarın dediyi sözlər Nizaminin şeri kimi tikanlıdır.

Şah

“İnsan ömrü insanın yaratdığından az olur!” Aha, indi söylə görüm, bu saraya bənzər ikinci bir sarayı tikə bilərsənmi?

Əbdək

Doğrusu, şahım, bu sarayı tikərkən, öz məharətimi layiqilə göstərə bilmədim.

Şah

Göstərə bilmədin?

Əbdək

Böyük hökmdar, məni buraya sevimli bacımın məhəbbəti gətirdi. Sənə dedilər ki, əsir düşmüş bacım Şirvan sarayına göndərilən kənizlərin arasındadır. Lakin mən onu sarayda tapmadım. Onun qəmli dastanı məni hər an düşündürür. Onu tapa bilsəydim, sevincdən aldığım qüvvətlə bundan yüz qat möhtəşəm bir saray tikə bilərdim.

Şah (acıqlı-acıqlı ayağa qalxır)

Yüz qat möhtəşəm?!.. Bu baxışlar, bu kinli gözlər mənə haradansa tanışdır. Dünya işığı sənə haramdır!

Əbdək

Dünyaya işıq gətirən insanın hamıdan çox yaşamağa haqqı var, şahım!

Şah

Bu sözləri sənə dedirdən vardır. Sən də sui-qəsdçilərin miskin fikirləri ilə yaşayırsan. Mənə mükafat yox, ölüm cəzası veriləcəkdir. Bundan sonra Şirvan sarayına bənzəyən ikinci bir saraya həsrət qalacaqsan!

Əbdək

İxtiyar sənindir. İndi mən möhkəm divarlar arasındayam, görürsünüzmü, silahım da yoxdur. Öz yaratdığım sarayı da uçurmağa qüvvətim çatmaz!

Şah

Aha, odur, o canidir! And olsun yeri-göyü yaradan ulu Tanrıya, səni min əziyyətlə öldürəcəyəm... Bu nankor, dünya işığına həsrət qoyulsun!

Munis

Şahım, o bizim hamımızı öldürmək xəyalilə saraya soxulmuş bir canidir.

Şah

Zindana atılsın, qurdlara, quşlara yem edilsin!

Əbdəki mühafizlər hər tərəfdən əhatə edirlər, qollarını bağlayırlar.

Əbdək

Mən ölümdən qorxmayıram. Gec-tez hamı bu qara torpağın əbədi qonağıdır. Mən ölsəm də yaşayacağam, siz yaşasanız da ölüsünüz! (Mühafizlər Əbdəki aparırlar)

Şah

Bu sui-qəsddir! Qoy, canilər bilsin ki, mənim taxtü-tacımı qana boyamaq istəyənlərin hamısı öz qanında boğulacaqdır! Hanı rəqqasələr, şərab gətirilsin!

Rəqqasələr oynayır, şərab paylanır, məclis qızışır, birdən saray xidmətkarı gəlib şaha təzim eyləyir.

Xidmətkar

Nizami gəlmişdir!

Rəqsə ara verilir, küzələri yığışdırırlar.

Şah

Aha, cani öz ayağiylə gəlib çıxdı. Bu daha gözəl. Çağırın onu!

Xidmətkar

Buyurun! (Nizami gəlir)

Vəzir

Şahım, Nizaminin “Xosrov və Şirin” dastanı doğrudan da böyük hədiyyədir!

Şah

Yadındadırmı şair, saraya gəlmək istəmirdin!

Nizami

Yadımdadır, mən indi də saraya gəlmək fikrində deyiləm.

Şah

“Xosrov və Şirin”i nə üçün yazdın?

Nizami

Sevdiyim üçün!

Şah

Çox gözəl... Mən bu dastanı nə ilə mükafatlandıra bilərəm?

Nizami

Mən ürəyimdə məhəbbət adlanan qiymətsiz bir gövhər əzizləyirəm. Mənim nəzərimdə cavahiratın daşdan fərqi yoxdur.

Şah

Eləsə, bu uzun yolu gəlməkdə məqsədin nədir?

Nizami

Hökmdar, Məhsəti Gəncəvi sizin fərmanınızla öz doğma şəhərindən sürgün edildi. Bu hadisə tarix üçün böyük bir ləkədir. Dünya şerini zinətləndirən bu qadın zindanlara yox, böyük bir ehtirama layiq şairdir.

Şah

Mənim nəzərimdə o artıq ölmüşdür.

Nizami

Xeyr, hökmdar! O yalnız bundan sonra yaşayacaqdır!

Şah

Demək, səni Gəncədən buraya gətirən də budur. Eləmi?

Nizami

Mən indi bu möhtəşəm sarayı yaradan Əbdəki görmək istəyirəm.

Şah

Aydın oldu. Memarlıq edən o rəzil mənə qarşı hazırlanan sui-qəsdin iştirakçısıdır. O, sabah gün çıxmamış dar ağacından asılacaqdır. Vəzir, o cani edam ediləndə, şəhərdə tonqallar qalansın. Qoy bütün aləm tamaşaya gəlsin.

Vəzir

Yox, yox, artıq səbrim tükəndi. Sən bu qoca vəziri ayaqlar altında çox tapdaladın... Eşit, Nizami, məğrur başın sarayların önündə əyilməsin! Saray adlanan bu qızıl həbsxanada mən də artıq qul olmaq istəmirəm! (Gedir)

Şah

Aha, demək belə... Durmayın, qolları bağlı birbaş hüzuruma!..

Munis

Mən bunu sizə göstərib kefinizi pozmaq istəmirdim. Şeir adına dinsizlik və əxlaqsızlıq dərsi verən bu kitab dünya üzü görməyə haqlı deyildir. Buyurun, özünüz oxuyun.

Nizami

Danış, danış, vətən mülkü xarabaya dönəndə, ötmək növbəsi bayquşlarındır.

Munis

Gördünüzmü, şahım, mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Bu da “Xosrov və Şirin” dastanı...

Şah

Deyirlər bu əsər dünyanı lərzəyə gətirmişdir!.. (Dastanı gözdən keçirərək) Azərbaycan dilində yazılmışdır. Çox qəribədir. Şair, unutma ki, biz yüksək nəsildənik. Ah, mən bu dildə şeir oxumağa tənəzzül etmərəm!.. (Kitabı yerə atır)

Nizami

Mən dastanımı bu sarayı yaradan Əbdəkin ana dilində yazmışdım.

Şah

Onu yalnız bu dar ağacında görərsən.

Nizami

Şahlar böyük sənətkarlar vətəni Azərbaycana ölüm gətirirsə, qoy bundan tarix utansın.

Şah

Şair, sözlərinə diqqət yetir! Sənin şöhrətin məni qorxutmayır. Sənin dostun Gəncə əxiləri də məni öldürmək xəyalilə yaşayırlar. Mən düşmənlərimdən intiqam alacağam, intiqam...

Nizami

Mən də qələmimlə hökmdarların tökdüyü insan qanını qanla yuyan igidlərə köməyimi əsirgəməyəcəyəm!

Şah

Aha, bu doğrudan da dəhşətdir. Lakin bütün sui-qəsdçilər bilsin ki, Azərbaycan da yoxdur, onun dili də!

Nizami

Tarixi vərəqlə! Çoxları əlifba dərsini qədim Midiyalılardan almışdır.

Şah

Bu, Nizaminin tarixidir...

Nizami

Onu tərsinə yazanlara həqiqəti göstərmək mənim üçün böyük bir şərəfdir. Bir zaman gələr ki, Məhsətini, Əbdəki yetirən xalqın qəzəbi alov kimi göylərə ucalar və bu müdhiş alov hökmdarların əlilə yaranmış qaranlıq zindanları yandırıb külə döndərər.

Şah

Bəsdir, buyurub gedə bilərsən!

Bu halda vəziri gətirirlər.

Dayan! Sui-qəsdçilər, canilər!

Vəzir

Ey hökmdar, ey əli qanlı zülmkar, mən də Nizamini yaradan böyük xalqın oğluyam. Gəl, Nizami, bizi yetirən ananın, ana torpağın visalına gedək!

Şah

Nankor, vəzir! Sənə bu müəzzəm sarayın göz qamaşdıran şələsi yox, soyuq zindanların qatı qaranlığı yaraşır.

Vəzir

Firdovsi Tus şəhəri üzərində parıldayan bir ay idisə, Nizami Gəncədən doğan bir günəşdir!

Şah

Aparın, Firdovsi Tus şəhəri üzərində parıldayan bir aydısa, Nizami Gəncədən doğan bir günəşdir? Əmr edirəm, dastan yandırılsın.

Munis

Yandırın!

Vəziri aparırlar. O, məğrur addımlarla gedir. Munis “Xosrov və Şirin”i buxarıya atıb yandırır.

Şah (alovdan dəhşətə gələrək)

Söndürün, söndürün! Mən bu alovdan qorxuram!

Nizami (məğrur dayanmış halda)

Yandırın!.. Yandırın!.. Bu gündən sonra yalnız insanlar deyil, dağlar, dərələr də səs-səsə verib deyəcəkdir: Gəncə haradadır, Nizami kimdir!..

Pərdə

Bakı, 1940–41-ci illər

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri