İkinci pərdə
Səhifə 1 / 4
Üçüncü şəkil
Yarımqaranlıq küçə. Əmin Bəxtiyarov təkdənbir arxasına baxa-baxa gedir, Əsmər onun ardınca gəlir.
Fərhad (səhnə qabağında)
Elə zənn eləməyin ki, mən o vaxt burdaydım. Yox. Mən də sizinlə bərabər indi 54-cü ilə qayıtmışam. Yanğından bir neçə gün əvvəl onlar fabrikdən xeyli aralı, hücrə və qaranlıq bir küçədə görüşdülər.
Əsmər
Əmin, dayan!
Fərhad
Əsmər, ucadan çağır. Qoy başqaları da eşitsin. Bəxtiyarov utandığından yox, qorxusundan dayanacaq.
Əsmər
Dayan deyirəm, Əmin!..
Fərhad
Bax, belə. Görürsünüzmü, mən haqlıyammış. O dayandı.
Əmin (Əsməri yalnız indicə tanıyırmış kimi)
Hə, sənsən? Qaranlıq küçədə tək neyləyirsən? Sən ki, konsertdən fəhlələrlə bir çıxdın. Səni niyə evinizə ötürmədilər?
Əsmər
Mən özüm onlardan ayrıldım. Burda dayanıb səni gözləmək istədim.
Əmin
Məni nə üçün gözləyirsən?
Əsmər
Sözüm var. Üz-gözünü nahaq əyirsən. Mən səndən qorxmuram. Yaxşı qulaq as, Əmin. Sən alçaqsan!..
Əmin
Yavaş... Fəhlə ki, fəhlə. Ədəb yox, mədəniyyət yox!
Əsmər
Sənin kimi “mədəni” olmaqdansa, çöldə heyvan kimi ot otlamaq yaxşıdır.
Əmin
Vay, sənin dilin nə yaman açılıb?.. Böyük alman filosofu İmmanuil Kantın transendental fəlsəfəsinə görə, heyvanla insanın fərqi...
Əsmər
Kant da başına dəysin, onu fəlsəfəsi də!
Əmin
Avamlığa bax... Yaxşı, gələrsən evə, orda danışarıq.
Əsmər
Mən bir də sənin evinə getməyəcəyəm.
Əmin
Səbəb?
Əsmər
Hələ soruşursan da?.. İkinci dəfə təhqir olunmaq istəmirəm.
Əmin
Təhqir? Ən qəddar düşmənim belə sənin bu sözünə inanmaz.
Əsmər
İnanmaz, çünki səni tanımaq çətindir. Sən sifətdən göyçəksən, ürəkdən çirkin.
Əmin
Dedim ki, gəl evə, orda danışaq.
Əsmər
Dünən gəlmişdim. Kaş ayaqlarım sınaydı... Qapını döydüm, açmadın.
Əmin
Evdə yoxdum.
Əsmər
Yalan deyirsən.
Əmin
Mən – yalançı? Belə ağır yükün altına heç vaxt girməmişəm.
Əsmər
Bu yükü üstündən götürsələr, bir adın qalar, bir də familin!
Əmin
Vay, bu sözləri hardan öyrənmisən?
Əsmər
Sənin alman filosofundan. Onun hər barədə sözü var. Amma səni yaddan çıxardıb...
Əmin
Uzatma. Dedim ki, evdə yoxdum.
Əsmər
Qapın içəridən bağlı idi. Dedim, bəlkə yorulub yatmısan. Küçədə bir saatdan çox gözlədim. Soyuqda, qaranlıqda...
Əmin
Bax, bu doğrudur. Sonra?
Əsmər
Elə bildim yuxudayam, məni qara basır. Gözlərimə inanmaq istəmədim. Gördüm sənin evindən çıxan qadın...
Əmin (sanki dəhşətə gələrək)
Qadın?
Əsmər
Bəli, bəli, qadın!..
Əmin
Sən dəli olmusan?
Əsmər
Əgər bunu başqası desəydi, inanmazdım. Mən özüm o qadınla üz-üzə gəldim. Ömrümdə birinci dəfə kobud söz də işlətdim.
Əmin
Doğrudan da, səni qara basıb, Əsmər.
Əsmər
Mən o qadına dedim...
Əmin
Yuxuda?
Əsmər (çılğın)
Yox!..
Əmin
Sus!.. Aləmi bura yığmaq istəyirsən?
Əsmər
İndi mən öz doğma anamın da üzünə baxa bilmirəm. (Ağlayır)
Fərhad (səhnə qabağında)
Ağlayırsan, Əsmər?
Əsmər (özünü ələ alaraq)
Yox, ağlamayacağam! Səndən ötrü göz yaşı?.. Dəyməz... Əxlaqsız!
Əmin
Qışqırma deyirəm. Özün cəhənnəm, məni rüsvay eləyirsən...
Əsmər
Nə dedin? Özün cəhənnəm? Kaş insanda elə hünər olaydı ki, başqasının üzünə baxan kimi necə adam olduğunu biləydi. Özü də dərhal. Əgər mən bunu bacarsaydım, sənin yalan dillərinə aldanmazdım.
Fərhad
Elə bu? Sən deməyə söz tapmırsansa, əlin var. Heç olmasa Əminə tərs bir şillə çək. Vəd eləyirəm ki, bunun üçün sənə cəza verilməyəcək. (Əsmər Əminə şillə vurur) Bax belə!
Əsmər
Alçaq!.. Mən səni bax, bundan ötrü görmək istəyirdim! (Sürətlə gedir)
Fərhad
Sizə elə gəlməsin ki, onu mən öyrətdim. Yox, Əsmər mənim səsimi eşidə bilməzdi... O, ürəyinin qəzəbini yalnız bu cür soyuda bilərdi... Bu hadisədən bir neçə gün keçdi. Əsmər daha fabrikə qayıtmaq fikrində deyildi. Əmin Bəxtiyarova rast gəlmək istəmirdi. Amma fabrikin baş mühəndisi Cəlal Qaşqayı görməyə ehtiyac duyurdu. Əsmər dərdini yalnız ona açıb deyə bilərdi. Qaşqaya ürəkdən inanırdı...
Dördüncü şəkil
İpək fabrikində bir-birilə yanaşı iki otaq. Solda müdirin, sağda isə baş mühəndisin kabineti. Cəlal Qaşqay stolun dalında oturub, nə isə yazır. O, içəri girən Əsmərin ayaq səslərini eşidib başını qaldırır. Üzü yanmış, iri qara gözləri mərd və aydın bir ifadə ilə baxan, otuz beş-otuz altı yaşlarında, iri taxtalı bir kişidir.
Cəlal
Əsmər, sən xəstə deyildin?
Əsmər
İndi də xəstəyəm, Cəlal qardaş.
Cəlal (ayağa qalxıb ona tərəf gedir, əl verir, gətirib stolunun qabağındakı kürsüdə oturdur)
Həkim gəlmişdimi?
Əsmər
Mənim xəstəliyimə həkimin köməyi dəyməz. Mən bədbəxt olmuşam.
Cəlal
Bu nə sözdür, qız? Bədbəxt o adamdır ki, özündən başqa heç kimə xeyri dəymir. Sən hər gün toxuduğun ipəklə yüzlərcə insana fərəh gətirirsən. Bir azdan ali məktəbə gedəcəksən. Oxuyub mühəndis olacaqsan... Nə üçün özünü bədbəxt sayırsan?
Əsmər
Bunu sənə deyirəm, Cəlal qardaş, sirrimi təkcə sənə açıram. Bəxtiyarov məni aldatdı... Mən rüsvay oldum... (Ağlayır)
Cəlal (donub qalır. Əsmərin sözlərini düz eşitdiyinə inanmır)
Rüsvay? Mühəndis Bəxtiyarov?
Əsmər (hıçqırığını güclə boğaraq)
Mən bəlkə də sənin yanına gəlməzdim, şikayət də eləməzdim... Ancaq istəmirəm ki, o sizi də aldatsın. Kərim dayı da, sən də onu yaxşı tanımamısınız... Ehtiyatlı olun. Mən onu xeyirxah, nəcib adam bilirdim. Amma onun sözü bir, əməli başqadır. (Ayağa qalxır) Nahaq ağlayıram. Mən doğrudan acizəmmiş...
Cəlal
Bax, bunu düz deyirsən... Əyləş, əyləş. Gözləri qızarıb; belə getsən, hamı görəcək, hamı maraqlanacaq.
Əsmər
Ərizə yazıb katibəyə vermişəm. Xahiş edirəm məni... Mən Bəxtiyarovla üz-üzə gəlmək istəmirəm. (Bu vaxt Əmin müdirin kabinetinə girir. Əsmər aradakı qapıdan onu görür)
Cəlal
Fabrik onun deyil, sən heç yana getməyəcəksən!
Əsmər
Yox, daha mən fabrikdə qala bilmərəm. Sağ ol, Cəlal qardaş. Mən səndən razı gedirəm. (Gedir. Cəlal onun ardınca baxıb sükut edir. Əmin diqqətlə dinləyir)
Fərhad (səhnə qabağında)
Qaşqay, Əmin Bəxtiyarovun hərəkətlərindən onsuz da şübhələnməyə başlamışdı. Lakin onun bu dərəcədə pozulduğunu ağlına belə gətirmirdi. Güman eləmirdi ki, məsum qızların ismətini tapdalamağa cəsarəti çatar.
Əmin (Cəlalın yanına keçir)
Sənə nə olub, Cəlal, niyə belə tutqunsan?
Cəlal (onun sözlərini dərk etməyərək, ağır bir nəzərlə baxa-baxa)
Sən namuslu adamsanmı, Əmin?
Əmin
Söhbətinizi eşidirdim. Hər şey üçün əsəblərini korlama.
Cəlal
Doğma qardaşım da olsan, belə rəzil hərəkətin üçün səni bağışlamaram.
Əmin
O dedi, sən də inandın?
Cəlal
Əsmər kimi ismətli bir qız heç kimə böhtan ata bilməz, xüsusən özünə!
Əmin
Mən sənin yanına daha mühüm bir iş üçün gəlmişəm.
Cəlal
Bu saat mənim nəzərimdə Əsmərin taleyindən mühüm iş yoxdur.
Əmin (kinayəli)
Doğrudanmı?
Cəlal
Kənddən-kəsəkdən min əziyyətlə topladığımız qızları işdən qaçırdan bu cür ədəbsiz rəftar deyilmi?
Əmin
Bilirsən nə var? Sən nə qədər klassik demaqoq olsan da, mənim gözümə kül üfürə bilməzsən!.. Mənə bata bilməyəcəksən. Kərim dayı mənim xətrimi dünyalar qədər istəyir. Rəfiqə xanım gecitezi mənə “hə” deyəcək, sənin planların alt-üst olacaq.
Cəlal
Bu söhbətləri burax!
Əmin
Kərim dayı dünyasında sənə qız verməz.
Cəlal
Bu fitnəni uydurmaqda məqsədin nədir? Mən Rəfiqə üçün elçi göndərmək fikrində olmamışam.
Əmin
Bəs nə üçün ayağımın altını qazıyırsan?
Cəlal
Ayrı sözün yoxdursa, gedə bilərsən.
Əmin
Var. Araya söz qatdın, deməyə imkan vermədin... Fəhlələr protest eləyəcəklər.
Cəlal
Nə üçün?
Əmin
Əmr verib şablonları dəyişdirmisən.
Cəlal
Bəli. Peşman da deyiləm. İndi biz eksport üçün işləyəcəyik.
Əmin
Qədim bir məsəl var. Mən onu bir az müasirləşdirmişəm: “Allah birini cəzalandırmaq istəyəndə, əvvəlcə onu ağıldan məhrum eləyir”. Sənə bu əmri kim verib?
Cəlal
Heç kim. Mən hər barədə yuxarıdan əmr gözləmirəm. Arzum budur ki, mallarımız hansı ölkəyə göndərilsə, şöhrəti dillərə düşsün!
Əmin
Aha, belə söylə... Demək, Moskvadan buraya gələndə qarşına məqsəd qoymusan. Cəbhədə aldığın ordenlər azlıq edir. Görünür, iki cəbhənin qəhrəmanı olmaq fikrindəsən.
Cəlal
Bəs insan nə üçün yaşayır? Elə bircə yeyib-yatmaq üçün?
Əmin
Fəhlələrə özün cavab ver. Kərim dayını da, məni də bu həngaməyə qarışdırma.
Cəlal
Əgər məsuliyyətdən qorxursansa, ərizə yaz gətir, əvəzinə adam tapılar. Ərizə yazmasan, mən özüm əmr verəcəyəm!
Əmin
Əmini işdən çıxardan hələ anasından olmayıb!.. (Müdirin kabinetinə keçir)
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-alov-ikinci-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.
QayıtmadıI**Surxay kənddə menşevik ordusunun sınıq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayıdan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmişdi.
QuzuŞəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Kor atKənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
Başqa şairlərin şeirləri
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.