Kor at
Kənd toyu qurtarırdı.
Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
Birdən, ipək paltarla bəzənmiş, dikdaban tufli geymiş, Gəncə kəlağayısı örtmüş qamətli gəlini atası evindən çıxardıb arabaya sarı gətirməyə başladılar. Zurnaçıların qabağında məharətlə süzən yengə, toy sahiblərinə uzun və xoşbəxt bir həyat arzulayırdı.
Bəy özü isə, kənarda dirəyə söykənib oğrun-oğrun nişanlısına baxırdı. O, sevgilisinin üzünü görə bilmirdi: gəlinin üzü indi də örtülü idi. Onun tir-tir əsən göy haşiyəli uzun ağ kolağayısı başından dizinə kimi uzanmışdı.
Həyətdə iynə salınsa, yerə düşməzdi. Toy adamları gülür, oynayırdılar. Amma çox təəssüf ki, bu yerlərin sevimli şairi Vaqif, vətəninin gözəl toylarına çoxdan vida edib, bülbül kimi ötmür, sənəmlərə meydan oxumurdu, sağ qalan yalnız aşıq idi. O, zurnanın kiridiyini görəndə, telli sazını döşünə basdı, bütün kənddə eşidilən zil və gözəl səsi ilə ötməyə başladı:
Görüm ay, bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
ay borc olsun.
O ötürdü, telli sazını məharətlə çalırdı və özü də sevinə-sevinə oynayırdı.
Sonra, quyruqları səliqə ilə düyülmüş cıdır atlarını həyətə çəkib gətirdilər. Onların çoxu məğrur başlarını dik tutaraq, yerlərində oynayır, bəzən də şahə qalxırdılar.
Kənd toyu qurtarırdı...
Yeddi gün, yeddi gecə yorulmadan çalmış zurnaçılar, qonşu damın üstünə qalxdılar. Koroğlunun cəngi havası dağlara, dərələrə səs saldı. Çərkəzi yəhər altında qızmış atlar, cənginin ahənginə uyaraq, daha da coşurdular.
Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər. Hamının gözü ona zilləndi. Kor at bütün şənlikdə ad çıxarmışdı. Zahirən çox da gözəl olmayan bu atın balaca başı, uzun-nazik boğazı, uca boyu, dümdüz beli, dartılmış qarnı vardı. Üstündəki yəhər də köhnə idi. Bəziləri ona baxıb: “eh, – deyirdilər, – onda tərifə dəyən heç nə yoxdur, üz-gözündən kifirlik tökülür”. Amma kor at bütün cıdırlarda həmişə birincilik qazanırdı. Son illərdə onu ötən bir at olmamışdı. Çoxları bu fikirdə idi ki, yəqin Qıratın nəslindəndir.
Bəy ata yaxınlaşdı, əli ilə onun yalınını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqırını düzəltdi. Atın yanına bir şillə vurdu. At sahibindən aralanıb, cənginin get-gedə ucalan səsindən daha da cuşa gələrək, kənarda, adamlardan xeyli aralı, dairə vura-vura oynamağa başladı. O gah əllərini göyə qaldırır, gah başını sinəsinə endirir, gah da dal ayaqları üstündə fırlanaraq oynayırdı. Bu oyun bir neçə dəqiqə sürdü. Amma heç kəs gözünü atdan çəkmirdi. Hamı onun xasiyyətləri ilə maraqlanırdı.
At getdiyi yolla da qayıdıb sahibinə yanaşdı. Bəy onun kəkilini sığalladı, səkil ayaqlarının tozunu təmizlədi. İndi onu istədiyi yerə, istədiyi qədər səyirdə bilərdi. Kor at belə kor at idi.
Bəy adlandırdığımız oğlan nə bu gün bəy idi, nə də sabah bəy olası idi. Keçmiş əyyamda bizim kəndlərin bu cür bir günlük bəyləri çox olardı. Toylarından bir gün sonra onlar bu rütbədən istər-istəməz istefa verir, ya cütün dəstəyindən yapışıb yer şumlayırdılar, ya da onun-bunun qapısında nökərçilik edirdilər.
Bizim bəyin əsil adı Kərəm idi. Amma o nə xan Əslinin Kərəminə oxşayırdı, nə də Qaçaq Kərəmi xatırladırdı. O, ən adi kənd cavanlarından biri idi. Atası, bəylərdən birinin qapısında mehtərlik edərdi. O, öləndə oğlu üçün yalnız arıq, bir gözü də kor bir dayçanı yadigar qoymuşdu. Heç kəsin ağlına gəlməzdi ki, bu arıq və kifir dayça böyüyüb gözəl bir at olacaq. Atası öləndən sonra Kərəm çobanlığa getdi, kor dayçanı ilxıdan ayırmadı. Onun dünyada ən çox sevdiyi şey bu ürgə idi. Atası demişdi ki, “Yaxşı saxla, əsil igid malıdır!”.
Kərəm bir neçə ildən sonra onu tutub öyrətdi, özünə ram elədi. Çobanlıqdan aldığı qoyunun bir neçəsini satıb çərkəzi yəhərə verdi.
Kor böyüdükcə, Kərəmin də qüruru artırdı.
Ay keçdi, il dolandı, Kərəm bir qız sevdi, qazandığı qoyunların hamısını pula döndərib yeddi gün, yeddi gecə toy çaldırdı.
İndi qurtaran toy onun toyu idi...
Kərəm yenicə geydiyi ağ çuxasının ətəyini qatlayıb gümüş kəmərinə keçirdi. Şikari papağını sol qulağına tərəf əydi. Təzə paltarı ona çox yaraşırdı. Dünən sağdışının bağışladığı qamçı, uzunboğaz çəkməsinin üstündən aşağı sallanırdı.
O, atının qantarğasından tutub ürəyində ona belə deyirdi: “Bilirsənmi nə var, əzizim? Bu gün mənim toyumdur. Xələti özüm alsam, yaxşı düşməz. Amma sən gərək məni utandırmayasan. Süleyman bəy təzə at alıb. O, dəridən-qabıqdan çıxıb birinciliyi qazanmaq istəyəcək. Onu ötməsən, bir də üzünə baxmaram!”.
Kərəm gülümsəyib, kor atın üzünə baxdı. Onun yalını bir də sığalladı. Toy adamlarının gözü yenə Kərəmdə idi. Bəziləri onun qız evinə gəlməsindən narazı idilər (bəy, qız evinə gəlməməli idi!), bəziləri də bu çirkin ata baxa-baxa, təəccüblə çiyinlərini çəkir, yəqin ki, belə düşünürdülər: “Kifirdir, amma nə olsun ki, kişinin bəxti vurub”.
Birdən cavanlar atlandılar. Onlar indi Koroğludan da məğrur görünürdülər. Onların sümük vəznəli çuxaları, gümüş qaşlı xəncərləri, gündə yanmış sifətlərində sevinclə parıldayan ala gözləri, xüsusi bir əda ilə geyilmiş şikari papaqları nəyə dəyməzdi.
Kərəm də adəti üzrə, cəld atın belinə sıçradı. At şahin kimi irəli şığıdı.
Qazma damların üstünə çıxmış kəndlilər, gözlərini Kərəmdən ayırmayıb öz aralarında deyirdilər:
– Kor ata ömründə qamçı dəyməyib.
– Bax, bax, Kərəm heç ayağını tərpətmir. Yaxşı minicidir.
– Kor ata mahmız vursa, xətrinə dəyər.
– Amma qızışanda, Allah göstərməsin, yaman qızışır ha...
– Bu gün korun köpünü alacaqlar. Süleyman bəyin kəhəri yaman atdır. Əvəzində dörd at verib. Kürdoğlu nəslindəndir... Yəqin Kərəm özü də baş qoşmaz. Bir də öz toyudur, xələti özü almayacaq ki.
– Onu de... Yoxsa, kor da yaman kordur! Ömründə dizini yerə qoymayıb.
Gəlinin qohumları zurnaçıları arabalara mindirdilər. Yenə dağları, dərələri titrədən cəngi səsindən deyilən sözləri eşitmək olmurdu.
Üç araba dalbadal yola düşdü.
Cıdır başlandı, amma nə başlandı! Elə bil eyni zamanda yüz ox birdən atıldı.
Kərəm atını Süleyman bəylə yanaşı səyirtdi. Atlılar bir anda kənddən çıxıb geniş düzə səpələndilər.
Evlərin üstündə duran tamaşaçıların ürəyi şiddətlə döyünürdü. Onlar dərin bir həyəcanla düzə sarı baxır, lap qabaqda ildırım sürətilə uçan kor atdan gözlərini çəkmirdilər. Kərəm yəhərin qaşına sinmişdi.
Əlləri, ayaqları hərəkətsiz idi. Səs-səmir də çıxmırdı. Buna ehtiyac da yox idi. Kor öz işini bilirdi. O, qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı.
Birdən evlərin üstündəki tamaşaçılar bağırışdı.
– Süleyman bəy keçdi!
– Hə, hə, keçdi!..
Düz deyirdilər. Süleyman bəy Kərəmi keçdi. Amma hələ mənzilə çox vardı. Bir də Kərəm atının xasiyyətini hamıdan yaxşı bilirdi. O, birdən korun dalına tərs bir şapalaq vurdu. Kor at çənəsini aşağıya sarı əyərək, qulaqlarını şəklədi və yenə irəliyə şığıdı...
Atlılar gözdən itdilər. Kimin üstün gəldiyi bəlli olmadı.
Oğlan evi tərəfdən damların üstünə çıxmış kəndlilər arasında da qızğın mübahisə gedirdi:
– Kor at qalar.
– Yox, inanmıram.
– Deyirəm qalar.
– Mən deyirəm qalmaz.
– Bax, bax, qabaqdakı Süleyman bəydir, görürsən?
Əşi, bundan sonra korun ağzı nədir...
– Aha, gördün... Kor onu göz açmağa qoymaz. At deyil, od parçasıdır!..
Bu anda tamaşaçılardan müdhiş bir çığırtı qopdu. Üz-gözünü cırmaqlayıb qanadan kim, saçını yolan kim, “Ah vay” edib inləyən kim... Yalnız bir an əvvəl gülən üzlərdə, sevinclə parıldayan gözlərdə birdən qəzəb, kin, intiqam alovları parıldadı.
Elə bil hamı qeyri-adi və olduqca qorxulu bir röya görürdü.
Kərəm, yəhərlə bərabər yana sarı yıxılmışdı, onun ayaqları üzəngidən asılı qalmışdı, başı yolun daşlarına dəyərək qızıl qana boyanmışdı.
Müqəssir kim idi?.. Hamının kini, qəzəb və intiqamla parıldayan gözü, – ona, – dörd at verib bir at almış Süleyman bəyə, qəsdən Kərəmi itələyib onun müvazinətini pozan paxıl adama zillənmişdi.
Kərəmin qapısında durmuş adamlardan qopan ah-nalə səsi göylərə ucaldı.
Kor at daxmaya çatıb dayandı. Onun qantarğasından tutub saxladılar. Kərəmin ayaqlarını üzəngidən çıxarıb yerə uzatdılar.
Ananın fəryadı hamını titrətdi.
Kor at sahibinə yanaşıb qəmgin və titrək bir səslə ucadan kişnədi.
Bir günlük bəyin toyu belə qurtardı. Kərəmə bir kor atı da çox gördülər.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-kor-at
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Beşinci fəsil1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Yeddinci fəsil1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?