Səhifə 1 / 9

1

Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

– Cəmil, kənddən məni sən həvəsləndirib gətirmisən. Belədir, ya yox?

Cəmil birdən Qüdrət İsmayılzadə ilə Tahirin söhbətini xatırladı:

– Mən niyə? – dedi, – özün uşaq deyildin ki? Bir də son İsmayılzadənin yanında nə dedin? Onda mənim sözümü kəsib demədinmi neft mədənində işləməyə, qəhrəman olmağa həvəsim var? Əgər kişisən, boynuna al. Dedin, demədin?

Tahirin boğazı quruyan kimi oldu. Doğrudan da o, Cəmilin üstünə bozararaq, könüllü gəldiyini iftixarla trest müdirinə dediyini xatırladı və ürəyində haqsız olaraq Cəmilə hücum elədiyini etiraf etməyə məcbur oldu.

– Danmıram, demişəm, – deyə tutqun bir səslə cavab verdi. – Ancaq sən kəndə gələndən sonra Bakını o qədər təriflədin ki, həvəsim birə on artdı. Fikirləşdim ki, məktəb yoldaşımsan, xətrimi istəyirsən, elə mənim də sənə hörmətim vardı. Amma indi...

– Axı indi nə olub ki? Bakı məndən də çox sənin xoşuna gəlmirmi?

– Gəlir. Sözüm onda deyil. Mən səndən danışıram sənin...

– Mən həmin Cəmiləm. Sənin xoşbəxtliyini istəmirəmsə, dünyada məndən alçaq adam yoxdur.

Bu sözləri o köyrək bir nida ilə deyərkən, Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. Amma Cəmil özünün zərrə qədər də günahkar olmadığını açıq-aydın gördüyü üçün, yanıqlı-yanıqlı əlavə etdi:

– Axı mənə deyən gərək, sənə nə düşüb ki, naşükür adama yaxşılıq eləyirsən?

Tahir “naşükür” sözünə dözmədi:

– Boynuma minnət qoyma, – dedi, – trest də, mədən də sənin də malın deyil.

– Axı məndən nə istəyirsən, əzizim? Yaxşı, mənim günahım nədir? – Cəmil yerində qurcalanır, Tahirin nə üçün belə qalmaqal saldığını bir növ başa düşə bilmirdi.

– Günahların hamısı səndədir, hamısı!

Cəmil onun hücuma hazırlaşdığını duyub, əvvəlcədən möhkəm başladı:

– Xoşun gəlmir, qayıt. Səni zorla tutub saxlayan kimdir?

Tahir də asanlıqla cəbhəni əlindən verməyib, onun üzünə cəsarətli və tərs bir nəzər saldı:

– Heç kimin ixtiyarı yoxdur məni zorla tutub saxlasın! Mən harda olsam, başımı dolandıra bilərəm. Ancaq mən ustaya söz vermişəm, səngərdən qaçan deyiləm. Mən bu barədə danışmıram.

Cəmil bozardı:

– Bəs nə barədə danışırsan?

– De görüm, yoldaşa vəfasızlıq eləmək insana yaraşarmı?

Cəmil onun nə üçün belə müqəddimə ilə söhbətə başladığını duyub, qəsdən məsələyə siyasi rəng verdi:

– Yox, yaraşmaz! Əgər biri yoldaşının işi dara düşəndə onu meydanda tək qoyub qaçırsa, beləsini o dəqiqə sıradan çıxarmaq lazımdır. Tutaq ki, cəbhədir, düşmən hücum edir. Belə vaxtda kim yoldaşını qoyub qaçsa, yerindəcə güllələnməlidir! Çünki...

Tahir onun sözünü kəsdi:

– Mənim fikrimi azdırma, mən cəbhəni demirəm. Oranın öz qayda-qanunu var. Məsələn, tutaq ki, mən yoldaşımdan qabaq çəməndə bir lalə görmüşəm, xoşuma gəlib. Mən onu üzəndə dostum badalaq vurub məni üzü üstə yıxır ki, laləni özü dərsin. Bu, yoldaşa vəfasızlıqdır, yox?

Cəmil gözlərinin ifadəsilə sirrini biruzə verəcəyindən qorxmuş kimi, başını aşağı salıb yerə baxdı:

– Əgər laləni o səndən qabaq görüb bəyənibsə? Ancaq mən bilirəm ki, sənin davan lalə üstündə deyil.

– Doğrudur. Mən misal üçün belə dedim. Kənddən məni həvəsləndirib gətirəndə mən səni yaxın dost bildim, fikirləşdim ki, mənim yaxşılığımı istəyirsən. Ancaq indi görürəm ki, hamıdan qabaq sən mənim ayağımdan çəkirsən.

– Mən? – deyə Cəmil elə təəccüblə xəbər aldı ki, az qaldı Tahir büsbütün yanıldığını boynuna alsın. Ancaq ürəyinə girmiş şübhə yenə onu rahat qoymadı, “gərək düzünü dedirdəm, məni də hələm-hələm aldatmaq olmaz” – deyə düşünüb yenə soruşdu:

– Mənim sənə nə pisliyim keçib ki, ayağımdan çəkirsən?

– Sənin başın xarab olub, nədir? Nə ayaqdan çəkmək?

– Bax, Cəmil, demə ki, mən heç nə qanmıram. Kor-kor, gör-gör, sən üzümə gülüb ayağımın altını eşirsən.

Cəmil daha dözə bilməyib, başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə Tahirin gözlərinin içinə baxdı.

– Harada, nə vaxt?

Tahir ürəyindəkini artıq gizlədə bilmədi:

– De görüm, Lətifə ilə niyə mənim aramı vurursan?

– Əgər o bir kərə sənin üzünə gülübsə, bu hələ sevmək deyil!

Tahir müdafiədən hücuma keçdi:

– Sən deyirdin onun nişanlısı var. Bu yalançılıq nədir bəs? Mən cikini-bikini öyrənmişəm. Nişanlısı-zadı yoxdur. Özü də bu il onilliyi qurtarır. O, savadlı, mən savadlı, onun nəyi məndən artıqdır?

Cəmil Lətifəyə qarşı meylini məharətlə gizlətsə də, bundan Tahirin çoxdan bəri xəbər tutduğunu yəqin edib pərtləşdi. Soyuqqanlı olmağa çalışıb, bu məsələni zehnində götür-qoy elədikdən sonra: “Axı heç bir qızı zorla almaq olmaz, hər şey onun könlündən asılı deyilmi?” – deyə düşündü. Lətifənin hər halda özünə daha çox meyli olduğuna şübhə etmədiyindən, Tahirlə dostluğunu nahaq yerə pozmaq istəməyib, onu sülhə çağırmaq üçün yol aramağa çalışdı. Ancaq Tahirin danışığındakı sərt nidalardan hiss edirdi ki, bu yolu tapmaq o qədər də asan olmayacaqdır.

Cəmil:

– Bura bax, Tahir, – dedi, – sənin fikrin köhnə zamanlara getməsin. Bu saat hər şey qızdan asılıdır.

– Əlbəttə, qızdan asılıdır. Amma sən başlayıb məni onun gözündən salsan, qızın könlü olmaz da...

– Axı mən səndən ona nə demişəm ki?

– Bilmirəm nə demisən, ancaq onu bilirəm ki, qız mənə əvvəlki kimi baxmır.

Cəmil birdən özünü elə göstərdi ki, guya onu həyəcanlandıran Lətifə məsələsi deyil, Tahirin bundan qat-qat mühüm işləri unutmasıdır və guya Cəmil, yaxın bir dost kimi, onun belə yanlış bir yola düşməyinin ziyanını daha yaxşı dərk edir. O, yenə Tahirlə dost olduğunu və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilməyəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi:

– Mən sənin üçün deyirəm, Tahir. Mən sənə yaxşılıq eləmək istəyirəm. Tutaq ki, o səni sevir, nə olsun, sabah toy eləməyəcəksən ki?

Tahir özünə məxsus incə bir sövq-təbii ilə, Cəmilin səsindəki qeyri-səmimi nidanı duyub, ona qəsdən daha da sərt cavab verdi:

– Onu mən özüm bilərəm!

– Mən də bilsəm olmazmı? – Yox!

– Axı biz hələ cavanıq, Tahir. Tez deyilmi?

Cəmilin onu belə sadəlövh, dərrakəsiz saymağı və indiyəcən layiqincə tanımamağı Tahirə çox ağır və təhqiramiz göründü:

– Mən o qədər də axmaq deyiləm! – dedi və birdən gözlənilməz halda səsini yavaşıtdı: – Mən evlənmək məsələsini oyun-oyuncaq hesab eləmirəm. Onu yaxşıca tanımamış, özü də bir sənət sahibi olmamış evlənmək mənasızdır. Ancaq sən mənim ürəyimi yaralamısan.

Cəmil bu sözlərə qarşı təəccübünü bildirmək üçün qəsdən çiyinlərini çəkib qaşlarını düyünlədi:

– Mən sənə neyləmişəm, balam?

Tahir ovuclarını açıb havanı yardı:

– Bundan artıq neyləyəcəksən? Hamının qabağında biabır oldum. O nə sözdür: “Ondan sənə yar olmaz?” Mən nəyəm bəyəm?

Cəmil yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acığından Tahirin əlləri titrəməyə başladı.

– Bax, hələ indi də məni ələ salırsan! – Tahir ona dalını çevirdi. – Eybi yoxdur, olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Axtaran tapar...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

40 dəq
Ağır günlərin sonu

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.

22 dəq
Birinci fəsil

1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

1 saat 10 dəq
İkinci fəsil

1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.

1 saat 5 dəq

Başqa şairlərin şeirləri