Səhifə 1 / 10

1

Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.

Vaqonun pəncərəsinə söykənmiş Cəmil, yanında duran Tahirə sarı dönərək, əli ilə qabağı göstərirdi:

– Bax, mən bu ulduzları deyirdim... Görürsənmi?

Tahir Bakını ilk dəfə görürdü. O, bəlkə də sərnişinlərin hamısından əvvəl pəncərəyə yanaşıb, ta uzaqlardan şəhərə baxırdı. Onun qəribə bir sevinclə çırpınan ürəyi, elə bil, sinəsini yarıb çıxmaq istəyirdi. İndiyəcən, uca dağ başında laçın yuvası kimi yerləşən doğma kəndlərindən, evləri cərgə ilə düzülmüş, balaca, yaraşıqlı və göyçək qəsəbələrindən başqa heç bir yeri görməmiş Tahir, işıqlar içində üzən bu nəhəng şəhərə baxdıqca heyrətdən gözləri böyüyürdü. Ancaq o, hələ də Bakının evlərini, binalarını aydın görmədiyindən, səbri tükənmiş halda Cəmildən soruşdu:

– Bəs Qaraşəhər hanı? Bayıl hansıdır?

Cəmil bir əlilə qara, qıvrım saçlarını yanakı daraya-daraya, o biri əlilə uzaqları göstərdi:

– Bax, o yanda Qaraşəhər, bu yanda da Bayıl... Amma heyf ki, buradan aydın görünmür.

Tahir, maraqlandığı yerləri elə-belə, xala xətrin qalmasın deyə göstərən Cəmildən inciyən kimi olub, qeyri-ixtiyari onun qoluna toxunanda, Cəmilin əlindəki yaşıl rəngli, uzun kauçuk daraq yerə düşərək nəyə isə dəyib iki parça oldu. Tahir öz hərəkətinin nəzakətsizliyini hiss edib qızardı:

– Ay bağışla, – deyərək, tez aşağı əyilib darağın parçalarını götürdü.

Cəmil isə ona acıqlanmaq əvəzinə qayğısız bir təbəssümlə gülümsəyərək, darağın yalnız bir parçasını aldı:

– Canın sağ olsun, – dedi, – elə yaxşı oldu ki, iki bölündü. Biri sənin, biri də mənim...

Enişə gələndə sürətini azaldan qatar, deyəsən, yavaş-yavaş gücdən düşüb, çalxalandı və aramla irəliləməyə başladı. İndi bəzi evlər də, dəmiryolundan bir qədər aralı şığıyıb keçən elektrik qatarı da aydın görünürdü.

Cəmil pəncərədən çəkildi, stansiyaya çatdıqlarını Tahirə də söylədi. Vaqondakı adamlar əl-ayağa düşüb şeylərini yığışdırır, bəzi sərnişinlər isə artıq qapıya doğru yönəlirdilər. Tahir, xalı kimi rəngbərəng iplərdən toxunmuş balaca, dolu heybəsini çiyninə aldı. Cəmil isə qırmızı, taxta çamadanını götürdü.

– Biz hazır! Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. Amma heyf daraqdan. Günah məndə oldu, Cəmil...

– Əşi, bəri gəl, bir daraq nədir ki, ondan ötrü bu qədər heyfsilənirsən?

Onlar qapıda sıxlaşmış adamların dalınca addım-addım yeriyərək düşməyə hazırlaşanda, qatar birdən yenə çalxalanıb dayandı və indi Tahirin gözləri qarşısında, bayaq uzaqdan gördüyü nəhəng şəhərin kiçik bir parçası aydın bir mənzərə kimi canlandı: morojna arabasını sürüyüb aparan ağ önlüklü, sarısaç, cavan bir qadın, yekə palma dibçəkləri, dəmiryolçuların cərgə ilə divardan asılmış iri, canlı şəkilləri və yeməkxanadan gələn şad musiqi səsləri – Tahirin ilk dəfə gördüyü və eşitdiyi səslər idi.

Tahirlə Cəmil yerə düşəndə, eşikdə xəfif və sərin bir meh əsirdi. Perronda gəzinən oğlanların, qızların qəhqəhəsi, ucadan yoldaşını səsləyən kəndlilərin və yükdaşıyan çağıran sərnişinlərin bağırtısı eşidilirdi. Bu zaman Tahir aydın hiss edirdi ki, Bakının özü də belə səsli-küylü, izdihamlı bir şəhərdir və ehtiyatsızlıq edib Cəmildən ayrı düşsə, adamlar içərisində itib aza bilər. Bu qorxu hələ Tahirin canından çıxmamış, şəhər üzərində göz qamaşdıran, qüvvətli bir işıq parıldadı. Tahir, səmada rəng verib-rəng alan bu fişənglərə gözünü zillərkən, harada isə toplar guruldayıb onu səksəndirdi. Hər tərəfi lərzəyə gətirən bu yaylım atəşi elə bil, Tahiri bərk silkələdi. O, geniş açılmış gözlərini səmadan çəkməyib yerində dondu, döyükmüş halda udqundu, ulduz kimi axıb haradasa sönən axırıncı fişəngə baxdı və göy üzü zil bir qaranlığa batanda tələsik:

– Haradasan, Cəmil? – dedi.

Yenidən atılan fişənglər yenə qaranlığı parçaladı. Tahir Cəmilin qolundan yapışdı:

– Bu nədir belə?

Cəmil özü də heyrət və təəccüb içində baxırdı. Şəhər üzərində süzən belə saysız-hesabsız işıqları vağzal tərəfdən o da birinci dəfə görürdü.

Dalında yekə bir kisə aparan yükdaşıyan Tahirin böyrünə toxunub, ağır addımlarla gedə-gedə öz sevincini gizlədə bilməyib deyirdi:

– Bu gün də yapon gorbagor olub...

Bir-birini təbrik edib ucadan gülüşən insanların sifəti, geyimi və hərəkəti yalnız Tahirə deyil, Bakını yaxşı tanıyan Cəmilə də yeni və qəşəng görünürdü. Sanki hamı bir-birini daha çox sevməyə, öz ürək sözünü daha səmimi deməyə hazırdı.

Stansiyanın işıqları altında fərəhlə parıldayan üzlər, qüvvətli yaylım atəşinin xəbər verdiyi böyük səadətlər hamıya pay düşdüyünü, elə bil, bir daha təsdiqləyirdi.

O qüvvətli və zəhmli sevinc atəşi bir də gurladı. Tahir yenə başını yuxarı qaldıraraq, gözlərini fişənglərə zillədi. Yalnız kino şəkillərində və qəzetlərin birinci səhifəsində gördüyü salam atəşi büsatını o yalnız indi həqiqi mənada təsəvvürünə gətirirdi. Səmada uçuşan fişənglərin əfsanəvi rənginə baxanda, Cəmilin bütün yol uzunu Bakıya dair söylədiyi nağıllarla əsil həqiqət arasında böyük bir fərq görüb gülümsünürdü. Bu dəqiqə ürəyində köpüklü süd kimi qaynayıb daşan isti və coşqun sevincini o da gizlədə bilmədi:

– Gözəl Bakı! – dedi. – Anam məni şad gündə doğubmuş, Cəmil...

Ancaq Tahirin son kəlmələri yenidən atılan salam atəşinin uğultusuna qarışdı. İndi, deyəsən, gizlin və əsrarəngiz bir əl onun ayaqlarından möhkəm-möhkəm tutub tərpənməyə qoymurdu. Günəşdə yanıb mis rənginə çalan sir-sifəti və sevincdən daha da böyümüş iri, qara gözləri, şəhərin dibsiz mavi göylərində dairəvi zolaqlar cızan fişənglərin qırmızı, yaşıl, ağ və çəhrayı işıqlarını əks edə-edə alışıb yanırdı.

O, “Gözəl Bakı!” sözlərini təkrar edərək, yerindəcə fırlanır, səmadan gözlərini bir an belə çəkə bilmirdi.

Bir neçə an əvvəl bütün varlığını anlaşılmaz bir həyəcanla dolduran top gurultularını indi artıq qəribə bir ürək döyüntüsü və intizar içində gözləyirdi. Salam atəşləri isə o qədər də çox ara vermir, bir də, bir də uğuldayaraq yeri-göyü titrədirdi.

İndi bütün şəhər Tahirə şirin bir röya kimi görünürdü.

Cəmil onun qolundan tutub arxasınca çəkdi:

– Bəri gəl! Vağzaldan çıxıb bir az gedəndən sonra şəhər lap ovcumuzun içində olacaq.

Bu mənzərənin seyrindən doymayan yalnız Tahir deyildi. Qatardan düşmüş adamlar da xurcunlarını, kisələrini, bağlama və çamadanlarını yerə qoyub göyə baxırdılar.

Cəmilin sözlərindən, nə isə, daha qeyri-adi bir şey görəcəyini yəqin edən Tahir, onun dalınca yeriyib, sürüşkən pilləkənlə tələsik aşağı endi.

Bu zaman Tahirin qarşısında doğrudan da başqa bir mənzərə açıldı. Vağzaldan çıxarkən, o, ilk dəfə geniş və asfaltlı meydanın sağ tərəfində, dalları bağ hasarına söykənmiş müxtəlif biçimli və rəngbərəng minik maşınlarını gördü. Yarımdairə halında düzülmüş bu maşınları hündür vağzal binasından düşən güclü fənər işıqları par-par parıldadırdı. Tahir qeyri-ixtiyari ayaq saxlayıb, heyrət içində, bir xeyli onlara baxdı: “Yəqin hər adama biri düşür” – deyə fikrindən keçirdi. Bu anda qabaq tərəfdən bir-birinin ardınca dabanbasaraq gələn iki maşın Tahirin gözlərinə işıq saldı və dövrə vurub o biri maşınlara yan aldı. Tahir son pillədən yeddi-səkkiz addım belə aralanmamışdı ki, yenə həmin yolla gələn bir “QAZ” tez-tez siqnal verərək, düz onun çənəsinin dibində dayandı. Maşının təkərlərindən gurultuya bənzər bir səs çıxdı.

Üstüörtülü “QAZ”ın taxta qapısını açıb, zənci kimi, qara sifətini və qıvırcıq saçını göstərən şofer, yoğun səsilə qışqırdı:

– Eyy, qulağına pambıq tıxamısan?

Tahir bu sözləri eşitsə də, özünə götürmədi və döyükmüş halda yan-yövrəsinə boylandı.

– Əşi, çəkil də! – deyə şofer daha da ucadan qışqırdı, kəndçi ki kəndçi!

Bu anda kənardan Tahirə sarı yönələn Cəmil, dostunun qolundan tutub özünə tərəf çəkdi.

– Sənə deyir eyy!..

Tahirin alnını tər basdı:

– Bu işıq zəhrimar gözümü lap qamaşdırıb, – deyə əlini alnına çəkdi.

– Pah atonnan, bütün dünyanın maşınlarını yığıb bura gətiriblər ki...

Cəmil kəsik-kəsik gülərək, yanakı tərzdə dostunun üzünə baxdı:

– Davadan qabaq, – dedi, bundan on qat çox imiş. Hələ bunlar nədir ki?

Onlar səkiyə çıxdılar və tramvay dayanan yerə tərəf yeriməyə başladılar. Küçədə iynə salmağa yer yox idi. Maşınlar şütüyür, adamlar sağa-sola axışırdılar. Tahirlə Cəmil onlara toxuna-toxuna gəlib tramvayın duracağına çatdılar.

Cəmil, vağzaldan əlli-altmış addım aralı görünən bağın dövrəsinə kəmər kimi dolanmış yollar gələn və relslərdən keçən adamları basmamaq üçün, aramsız cingildəyən tramvayı göstərib dedi:

– Buna da minə bilərik, amma bu yandan gedəndə yolumuz xeyli uzanır. Bir də, şəhərin ən yaxşı küçələrini görmək olmur. Bu saat o biri tramvay gələcək. Gözləyək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 dəq
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 saat 25 dəq
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 dəq
Çölün düzündə

Nağıllarda deyildiyi kimi, az getdik. Üz getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adi səyahət olsaydı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəm vardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərnişinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darıxanlar və ürəyi gedənlər də olurdu. Vaqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşmurdu. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçidən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çörək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xırdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşişi götürmürdü.

35 dəq

Başqa şairlərin şeirləri