Səhifə 1 / 13

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...

Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

Rima demək olar ki, hər gün bu zirzəmiyə gəlirdi; o, mənim üçün iş axtarırdı. Mən özüm isə heç kəsin üstünə getməyi lazım bilirdim. “Xalq düşməninin arvadına kim iş verər? – deyə fikirləşirdim.

Lakin iş verən tapıldı...

Məktəb yoldaşım Zəfər cəbhədən şikəst qayıtmışdı. Kimdənsə işsiz olduğumu öyrənən kimi, məni yanına çağırtdırdı. Rəis göndərildiyi idarəyə arxiv müdiri təyin elədi. Mən əvvəlcə “Çox sağ ol” deyib onun təklifindən boyun qaçırdım, qorxurdum ki, bundan ona ziyan dəyər. Sözümə baxmadı. “Cəhənnəmə ki!” – dedi. Üç-dörd gün işə gəlmədim. Zəfər buna ayrı məna verdi:

– Bilirəm, arxiv müdirliyi sənə layiq vəzifə deyil, yer açılan kimi başqa bir işə keçirəcəyəm. Bir az səbir elə.

– Mən süpürgəçilik də eləyə bilərəm, – dedim, – ancaq istəmirəm sənə ziyan dəysin. Sən məndən bir yaş böyük olsan da, təcrübən məndən azdır. Bərkə-boşa düşməmisən. Adamlar yaman korlanıblar...

O, özü evimizə gəldi, israr elədi:

– Bunlar hamısı müvəqqəti şeylərdir. Müharibə dövrünün törətdiyi sərtlik gec-tez aradan qalxacaq. Sən mütləq bir yerdə çalışmalısan. Uşaqları acından öldürə bilməzsən ki?.. Mənim üçün nahaq bu qədər həyəcan keçirirsən...

Mən o günün sabahısı işə getdim. Arxiv, doğrudan da mənə layiq yer deyildi. Gündə bir-iki dənə köhnə sənədi arayıb-tapmaq və ya kağızları qayda ilə bir-birinin üstünə yığıb cildə vermək üçün böyük məharət tələb olunmurdu. Əlbəttə, mənə belə gəlirdi, çünki mən birdənbirə elmi işdən ayrılıb, yatanda yuxuma da girməyən təzə bir ixtisasla məşğul olacağımı ağlıma gətirməzdim. Lakin mən istəsəm də, istəməsəm də başımı aşağı salıb, bu can sıxan yarımqaranlıq otaqda saatlarımı saya-saya çörək pulu qazanmalıydım.

Bir gün Zəfər özü arxivə gəldi. Mənə ağzı bağlı bir zərf verdi: “Evdə açarsan” deyib getdi. Düşündüm ki, məni arxivdə saxlamaq mümkün olmadığını söyləməyə üzü gəlmir, bunu mənə məktub vasitəsilə bildirir. Doğrusu, konverti açmaqdan qorxurdum. Qorxurdum ki, ağlıma gələn başıma gəlsin...

Mən evə gələndə qayınanamla uşaqlar köməkləşib, zirzəmiyə dolmuş suyu vedrə ilə daşıyıb bayıra tökürdülər. Mən də onlara qoşuldum, gecə yarıya kimi əlləşdik. Su bir tərəfdən boşaldısa, o biri tərəfdən yenə sızılıb gəlir, döşəməni basırdı. Əskidən, cındadan nə vardısa, hamısını isladıb, nəhayət döşəməni qurutduq. Yorğan-döşəyimizi saldıq. Yorğun düşmüş qızlarım yerlərinə girən kimi gözlərini yumdular. Mən onları yatmış bilib, Zəfərin konvertini açdım. Qaranlıq bucağa çəkildim. Zərfdən bir parça kağız və iki min manat pul çıxdı. Zəfər, görünür məni utandırmamaq üçün, mənə deyiləsi sözlərini kağıza yazmışdı. “Əziz bacım! Qüruruna toxunmasın. Çətin günlərdə bir-birimizə əl tutmaq borcumuzdur”

Sən demə, böyük qızım yorğanın altından oğrun-oğrun baxırmış.

– Atam göndərib? – deyə o, məndən xəbər alanda mən səksəndim, kağızı da, pulları da gizlətmək istədim. Lakin artıq gec idi. Gözlərim doldu. Qızım yerindən sıçrayıb, məni qucaqladı:

– Atam nə yazır? – deyə israrla soruşdu və gözlərimin içinə baxdı.

Qayınanam da eyni sualı verdi. Mən uşaqlarıma heç vaxt yalan demirdim. Mışıltı ilə yatan Rəhiləni oyatmamaq üçün, əhvalatı açıb pıçıltı ilə onlara söylədim. Hər üçümüz susduq. Ağır ehtiyac içində olduğumuza baxmayaraq, heç birimiz sevinmirdik. Qayınanamla Kəmalənin nələr düşündüyünü bilmirəm, ancaq mən öz-özümə deyirdim ki, bu gündən sonra gözümüzü başqalarının əlinə dikəcəyik, ölmək bundan min pay yaxşıdır.

Kəmaləyə üz tutdum:

– Yat, qızım. – Səhər tezdən qalxacaqsan.

– Bəs sən? – deyə qızım qüssəli gözlərini mənə dikdi və hönkürüb ağlamamaq üçün məndən nə isə ürəkaçan bir söz eşitmək istədi. Ona nə deyə bilərdim? Mən də paltarımı soyundum. İstər-istəməz, açıq sinəmə və qollarıma baxdım: bir dəri, bir sümük qalmışdı. Qızımla yanaşı yerimə girdim, böyrümdə, stol üstündə yanan yaşıl abajurlu lampanı söndürdüm. İçəriyə zülmət kimi bir qaranlıq çökdü. Nə qədər yuxuya getmək istədimsə də, mümkün olmadı. Ürəyim daş kimi ağırlaşmışdı. Zəfərin pulunu geri qaytarmaq fikrində idim. Yaxşı tanıdığım məktəb yoldaşımın sədaqətinə də, səmimiyyətinə də zərrə qədər şübhəm yox idi. Amma o da böyük bir ailə sahibi idi. Səhərəcən gözüaçıq qaldım, yalnız bu barədə fikirləşdim... Qızlarımı məktəbə yola salıb, vaxtımdan yarım saat da əvvəl idarəyə gəldim. Süpürgəçidən başqa heç kim yox idi. Dəhlizdəki reproduktordan son xəbərləri oxuyan diktorun gümrah və şad səsi eşidilirdi. Cəbhə boyu genişlənən hücum, elə bil mənə aid deyildi. İndiyəcən bu qədər biganə olduğum heç yadıma gəlmirdi. Arxivin qapısını açdım. Burda eşələnmək mənim üçün çox ağırdı. Ancaq mən buna dözməliydim. Başqalarının əlinə göz dikməmək üçün bəlkə o süpürgəçi qadın kimi mən də vedrə götürüb, əski ilə döşəməni yumalı, pəncərənin şüşəsini təmizlənməli idim.

Zəfəri çox gözlədim. O da, tərs kimi, harasa iclasa çağırılmışdı. Günün ikinci yarısında qayıtdı. Mən onun kabinetinə girəndə, şöbə müdirlərini toplayıb, nə barədə isə danışırdı. Sözlərini ucdan-qulaqdan eşidirdim: “ müharibə qurtarır... Vaxtı ilə quyuları daşla doldurmuşduq ki... cəbhə bizdən uzaqlaşır... İndi daha çox neft lazım olacaq...”. – O məni görəndə əli ilə oturmaq üçün yer göstərdi:

– Buyurun, mən bu saat iclası qurtarıram, – dedi.

Doğrudan çox danışmadılar. Şöbə müdirləri idarə rəisinin qısa və aydın sözlərindən razılıq eləyə-eləyə dağılışdılar. Onların hamısı çıxıb gedəndən sonra mən zərfi çantamdan çıxarıb özünə qaytardım:

– Çox sağ ol, Zəfər, – dedim. – Axı mən bilirəm, sənin də ailən ehtiyac içindədir...

Onun rəngi qaraldı. Əvvəlcə hətta bir qədər özünü itirən kimi oldu. Deyəsən məndən bu cür bir hərəkəti gözləmirdi. Zərfin o üzünə-bu üzünə baxıb, yenə mənə tərəf uzatdı:

– Götür, Səmirə, – dedi. – Nə üçün mənim xətrimə dəyirsən? Mən pulu bütün ailəmin qərarı ilə... götür-götür... Əslinə baxsan, bizim Tövsiyə xanım israr elədi. Dedi mən də anayam, yaxşı bilirəm iki uşağı yedirib-geyindirmək nə deyən sözdür. İstəyirsən, telefon elə, soruş. Al, bu da nömrəmiz... – O, kalendarın vərəqlərindən birini qopardıb, ev telefonunun nömrəsini yazdı. – Al, özün Tövsiyədən soruş. Mən ondan gizlin iş görmürəm. – Zəfər uşaq sadəliyi ilə gülümsədi, alt çənəsindəki qızıl dişi göründü. – Arvaddan qorxmayan kafirdir...

Tövsiyə ilə yaxından tanış deyildim, amma tərifini çox eşitmişdim: “Zəfərə layiq qadındır. Gül kimi uşaqları var. Hamısını da gözəl tərbiyə eləyib...”

Mən zərfi götürmədən çıxıb getmək fikri ilə qapıya sarı yönələndə, arxadan Zəfərin incik və azca tutqunlaşmış səsini eşitdim:

– Borc verirəm, Səmirə... Axı, mən Müdhətə inanıram!..

Ayaq saxlamağa məcbur oldum. Dönüb Zəfərə baxdım. O, inamla başını qaldırıb-saldı.

– Bəli, bəli, inanıram!.. – deyə bir az da ucadan təkrar elədi. – Ola bilsin ki, inanmayanların sayı çoxdur, ancaq mən inanıram. Özü də lap möhkəm!..

Bu sözlər mənim nəzərimdə ən böyük mükafatdı. Qəribə idi ki, o, elə bil kiminsə acığına, qəsdən ucadan danışırdı. Sanki hər bir kəlməsini, qapı dalında durub onu pusan və hara isə, kimə isə xəbər aparmağa hazır dayanmış bir bədxaha eşitdirmək istəyirdi.

– Zəfər, – dedim, – mən Müdhətə özümdən də çox inanıram. Bilirəm ki, o, əsil həqiqəti məndən gizlətməz. Məktubunda yazıb ki, müqəssir deyiləm, uşaqlarımın üzünə şax baxa bilərəm, ancaq daha məni gözləməyin...

Bu dəfə Zəfər stolunun dalından çıxıb, əlində zərf, mənə tərəf gəldi. Mənim dediklərimdən necə xoşhal olduğunu hiss eləyirdim. Rəngi birdən-birə açıldı. Baxışları duruldu.

– Deməli hər ikimiz inanırıq, – dedi. – Çünki ikimizin də vicdanımız təmizdir. – O, elə bil məni hipnoz elədi. Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. Zəfər, fikrimdən dönə biləcəyimi görüb, qəribə bir çevikliklə məndən aralandı. – Bilirsənmi, nə üçün Müdhətə inanıram? Mən deyim, sən qulaq as. Onların hissəsi mühasirəyə düşənə qədər biz eyni cəbhədə, eyni diviziyada idik. Mənim köhnə tanışlarımdan, hətta inandığım adamlardan dönüklük eləyib könüllü əsir düşənlər də oldu. Sən demə bu xəbislər üzdə bir, içəridə tamam başqa adamlarmış. Elələri də vardı ki, faşistlərin tərəfinə keçəndən sonra radio ilə çıxış eləyib bizi də xəyanət yoluna çağırırdılar. Əgər onlardan birini “dil” kimi oğurlayıb gətirdə bilsəydim, soldatların gözü qabağında tərəddüdsüz güllələrdim. Lap öz əlimlə... Ancaq Müdhət... Yox, Səmirə, o, necə dara düşür-düşsün, xəyanət eləyə bilməzdi. Mən onun özünün də, batalyonunun da necə vuruşduğunu az görməmişdim. Hitlerçilər radio ilə tez-tez onu da, komissarını da hədələyib deyirdilər ki, əgər diri-diri əlimizə düşsəniz, boğazınızdan yox, ayağınızdan asacayıq, çünki bizim təslim olmaq təklifimizə hər dəfə yaylım atəşi ilə cavab verirsiniz...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 dəq
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 dəq
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 dəq

Başqa şairlərin şeirləri