İmtahan günləri başlanır...
Səhifə 2 / 13 · 8%
Mən Zəfəri dilindən daha çox tərif eşitmək üçün onun mühakimələrində guya ziddiyyət olduğunu söylədim:
– Bəlkə o da sənin inandığın adamlar kimi sonralar dönüklük eləyib?
– Yox, Səmirə!.. – deyə Zəfər az qala qışqırdı. – Əgər belə olsaydı, ən geci bir gündən sonra Müdhəti də radio ilə danışdırardılar, mütləq danışdırardılar. Xainlərin çoxusu öz canını bu yolla qurtarırdı.
Daxili bir qürur hissinin təsiri ilə məndə həm Zəfərin, həm də bütün idarə əməkdaşlarının üzünə dik baxmaq arzusu oyanırdı. Uşaqlarımın da, özümün də vəziyyətimi unudub, Zəfərin hədiyyəsini təkrar geri qaytarmaq istəyəndə o, sir-sifətini necə turşutdusa, mən istər-istəməz fikrimdən daşındım.
– Axı, bilirəm, – dedi, – evində hər şeyi satmısan, hətta paltarpalazını da... Heç olmasa, müvəqqəti bir mənzil tutarsan. O gün evinizi gördüm. Hamınız yel azarına tutulacaqsınız. Uşaqları bu yaşından şikəst eləmək istəyirsən?
Mən heç bir söz deməyib çıxdım. Zəfərin necə qorxulu bir addım atdığını görmək üçün o qədər də böyük fərasət lazım deyildi. Mən düşünən kimi də oldu. Bu hadisədən iki həftə belə keçməmiş, Zəfərin yaxın dostlarından, şöbə müdiri İldırım, arxivdən köhnə bir sənədi almaq üçün mənim yanıma gələndə, heç kəsə bildirməmək şərtilə mənə xəbər verdi ki, “Hardansa, Zəfərə telefon eləmişdilər. Sizin barənizdə danışırdılar. Söhbət çox uzun çəkdi. Zəfər yaman əsəbiləşib özündən çıxmışdı. Deyirdi ki, “Siz Səmirə Aydını şübhəli adam sayırsınız, amma mən saymıram. Müdhət Aydın öz hərəkətlərinə özü cavabdehdir, arvadı yox. Əslinə baxsanız, hələ Müdhətin özünün də günahkar olduğuna inanmıram. Cəbhədə də sizin kimi hər şeyə hərbi nizamnamənin mahiyyətinə görə yox, hərflərinə görə yanaşan küt adamlar az deyil. Onların fikrincə əsgər və ya zabit əsir düşdüsə, deməli xaindir. Amma müharibədə min cür təsadüf ola bilər. Əsir düşənlər içərisində səndən də, məndən də sadiq oğlanlar var. Xahiş eləyirəm, qışqırmayın. Kommunist yalnız siz deyilsiniz və bu adı heç kim sizin inhisarınıza verməyib...” Səmirə xanım, doğrusu, bu günəcən mən Zəfəri belə bilmirdim. Ona həm yazığım gəldi, həm də acığım tutdu. Axı, belə ağır bir zəmanədə böyüklərlə bu cür höcətləşmək ancaq ziyan gətirə bilər...
İldırım tez-tez qapıya sarı boylanır, az qala pıçıltı ilə danışırdı. O, arxivdən çıxan kimi, mən ərizə yazıb apardım və Zəfərdən cavab almamış işdən yarımçıq çıxıb evə getdim.
Axşamüstü Zəfər Tövsiyə ilə bizə gəldi. Məktəb yoldaşımın arvadı özündən iki daban hündür idi. Dolğun, qarabuğdayı və gülərüz bir qadındı. Məzəli bir söz deyəndə hamıdan əvvəl özü gülürdü və güldükcə də yoğun bədəni ləngər vururdu. Biz çox tez dostlaşdıq. Mənimlə çox ərklə danışırdı və onun bu səmimiyyəti mənim ürəyimdəndi:
– Zəfərdən tərifinizi çox eşitmişəm, – deyirdi. – İnanın ki, mən sizi ondan da çox bəyəndim.
Zəfərlə onun mehribanlığı ilk dəqiqələrdən məndə qibtə hissi oyatdı. Zəfər danışır, Tövsiyə gülür, Tövsiyə deyir, Zəfər gülürdü. Əgər Zəfəri yaxşı tanımasaydım, ərlə-arvadın bu hərəkəti mənə toxuna bilərdi. Orta məktəbdə oxuduğumuz vaxtdan Zəfəri hamımız zarafatcıl bir oğlan kimi tanıyırdıq. Onun bir o qədər də məzəli olmayan sözlərinə belə şaqqanaq çəkib gülməyə adət eləmişdik. Amma, görünür, ərlə-arvad əvvəlcədən aralarında şərt bağlamışdılar: vəziyyətimizin ağırlığını bizə mütləq unutdurmalıydılar. Yaxşı ki, qayınanam dəhlizdə çay dəmləyir, onları dinləməyə imkan tapmırdı. Yoxsa özünü saxlaya bilməz, Zəfərə acı bir söz deyərdi. Müdhətdən az istəmədiyi və həmişə bu daxmaya gəlib-gedəndə tikəsini bölüşdüyü Zəfərin bu cür aramsız danışıb-gülməyi və uşaqlıq dostu Müdhətin acı taleyindən kədərlənməməyi, qayınanama çox yer eləyə bilərdi. Hər bir dəqiqə Bədirnisa xalanın içəri girəcəyindən qorxurdum. Müdhətin ömürlük sürgünə göndərildiyini biləndən sonra arvad şam kimi əriyirdi. Yemək-içmək nə olduğunu bilmir, yatanda çox vaxt altına döşək də salmırdı. Yavaşcadan, dodağının altında eyni sözləri hey təkrar eləyirdi: “Anan ölsün, ay oğul...”
Mən ondan beləcə quru yerdə yatmağının səbəbini soruşmurdum. Onsuz da aydındı ki, hardasa bu cür quru torpaqda soyuqdan tir-tir əsə-əsə uzanıb yatan ilk beşiyinin taleyini düşünür, özü də onun kimi əziyyət çəkmək istəyirdi. Mən bunu Zəfərlə Tövsiyəyə deyəndə, onlar susub qapıya sarı boylandılar.
Oturmağa boş stulumuz olmadığından, qızlarım ayaq üstündə durub, yeganə pəncərəmizə söykənmişdilər. Bu vaxt onlar, adətən yemək stolunun dalında qabaq-qabağa oturub səssizcə dərslərini hazırladılar. İndi mən yaxşı bilirdim ki, qızlarımın heç biri qonaqların gəlişinə sevinmirdi. Xüsusən ilk beşiyim Kəmalə birinci sinifdən əlaçı oxuduğu üçün, müəllimlərinə zəif cavab verməyi şəninə sığışdırmırdı. Bir dəfə də beləcə, qonaqların təqsiri üzündən dərsini hazırlaya bilməmişdi. Ana dili müəlliminin “Kəmalə, qızım, sənə nə olub, şeri niyə əzbərləməmisən?” sözlərini eşidən kimi əlləri ilə üzünü qapayıb hönkürtü ilə ağlamışdı. Mən bu əhvalatı Kəmalənin özündən yox, həmin məktəbdə dərs deyən müəllim dostumdan eşidib Kəmaləyə deyəndə, qız əvvəlcə boynuna almamışdı, ancaq sonralar durub-oturub gileylənirdi: “Yəqin qonaqlarımızın məktəbdə oxuyan uşağı yoxdur”. İndi hiss eləyirdim ki, o, dəqiqələri sayır və əsəbiləşir.
Hələ şər qarışmadığı halda, biz içəridə bir-birimizi yaxşı görə bilmirdik. Mən qalxıb işığı yandırdım. Tövsiyə elə bil məni sevindirmək üçün şad bir xəbər söyləməyə ehtiyac duydu. Gicgahlarına tökülmüş qara və dalğalı saçlarını ikiəlli geriyə sığallayıb gülümsəyə-gülümsəyə dedi:
– Zəfər haqlı imiş, burda uşaqlar dərs oxuya bilməzlər. Yaxşı eləyib ki, sizə ayrı mənzil axtarıb tapıb!
Bu sözlərdən Kəmalə diksinmiş kimi mənim üzümə baxdı. Gözlərindən “sevinim, sevinməyim?” sualı oxunurdu. Mənim sevinmədiyimi, əksinə bir qədər də tutulduğumu görəndə, eynən mənim qaşlarıma bənzəyən qalın və sıx qaşları çatıldı. O, kövrəldi, ağladığını qonaqlar bilməsin deyə otaqdan çıxdı. O biri qızım Rəhilə isə əlini əlinə vurub üstümə atıldı:
– Ay ana!.. – deyib məni qucaqladı.
Mən onu məyus eləməmək üçün dinmədim. Tövsiyə isə mənim ürəyimdən axan qara qanları görmürdü. Amma Zəfər uzun illərin tanışlığı sayəsində, mənim necə ağır bir hal keçirdiyimi duymaya bilməzdi. O dedi:
– Biz sənə firavan həyat vəd eləmirik. Səmirə... Uşaqların gələcəyi naminə... Bəs dost-dosta nə gündə lazım olacaq? Axı, uşaqların...
Mən onun sözünü kəsdim:
– Çox sağ olun... Ancaq bunun sonrasından qorxuram.
Tövsiyə, görünür, mənim sözlərimin mənasını anlaya bilmirdi. Gözlərini gah zəfərə, gah da mənə dikib çiyinlərini çəkir, bununla da demək istəyirdi ki, burda qorxulu nə ola bilər? Düşündüm ki, yəqin ev və ailə məsələlərinə başı qarışdığı üçün dünyadan xəbərsizdir, bilmir ki, dünən gözləri üstündə saxladıqları, “orda oturma, burda otur” deyə ehtiram göstərdikləri bir adamı gözdən salmaq üçün o qədər də ciddi bir səbəb lazım deyil.
Mən onu başa salman istədim:
– İndi vəziyyət başqadır. Əlbəttə, heç bir kəsi qınamaq olmaz. Sən, mən Müdhəti tanıyırıq, amma tanımayanlar da var axı... Bəlkə zəfər sənin qanını qaraltmamaq üçün heç nə deməyim.?.. Arxiv nədir ki, məni orda işə düzəltdiyinə görə, böyüklərdən hansısa ona dişinin dibindən gələni deyib... Axı, mən də gərək onu zərbə altında qoymayam... Bizim üçün ev düzəltdiyindən xəbər tutsalar, o saat çək-çevirə salacaqlar.
Ancaq Zəfər o qədər də ümidsiz deyildi.
– Nahaq ümumiləşdirirsən, Səmirə, sənin sözündən belə çıxır ki, bu boyda şəhərdə hamı bizim bədxahımızdır. Elə deyil axı, Səmirə xanım, – deyib mənim sözlərimdən məyus olmaq əvəzinə, qayğısız bir təbəssümlə başını buladı, yalnız məsul işçilərin çəkdiyi uzun müştüklü papirosunu damağına qoyub tapança çaxmaqla yandırdı, birinci qullabdan sonra qalxıb dəhlizə çıxdı; otağın havasını korlamaq istəmirdi.
Tövsiyə yəqin ki, ərinin fikrini söyləyərək, intim bir əda ilə yalnız ürək dostlarına məxsus səmimi bir etimadla dedi:
Səmirə bacı, nahaq ərizə vermisiniz. Zəfərin heç nədən qorxusu yoxdur. Dünən lap yuxarıdan biri telefon eləyibmiş, lap respublikanın sahibi Mollayevin adından danışırmış. Zəfəri də istəməyənlər var. O saat əllərinə bəhanə düşüb. Ancaq Zəfərin dostları da var. Zəfər nədən qorxacaq ki? Cəbhədən yeni qayıdıb... Güllədən bədəni deşik-deşik olub. Özün ki, yaxşı bilirsən, allaha şükür, indi dövran bunlarındır...
Arabir uşaqlar qapını açıb-örtdükcə, qaranlıq dəhlizdə Zəfərin papirosu işıldayıb sönürdü: Tövsiyə mənə dediklərini ondan gizlətmək istəmirdi:
– Təzə evə köçərsiniz, – deyirdi, – Zəfər adresi yazıb verdi, özüm də gedib baxdım. Əlbəttə, sizə layiq mənzil deyil, yaxşı mətbəxi, vanna otağı yoxdur, ancaq heç olmasa genişdir, bura nisbətən işıqlıdır. Burda qalsanız, çox əziyyət çəkəcəksiniz. Görürəm ki, uşaqların dərs hazırlamağı üçün şərait yoxdur.
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-imtahan-gunleri-baslanir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.
Yazıçı və tarixBirinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.
Zəngin xəzinələrBu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.
Səadət və məhəbbət müğənnisiI**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,
Meşədə böyümüş nəhəng bir ağacMeşədə böyümüş nəhəng bir ağac,Palıdlar içində yaşadı müdam.
Səadətnamə, 75علم و قدرت هر آنکه کرد انکاربه ارادت نیاورد اقرار