Səhifə 3 / 13 · 15%

Tövsiyə ayağa qalxdı:

– Yavaş-yavaş gedək, biz olmayanda uşaqlar yatmırlar, əllərinə bəhanə düşür, qulluqçunun sözünə baxmırlar. – O, qapıya sarı yönəldi. Zəfər papirosunun köyünü harasa tullayıb içəri girmək istəyirdi ki, arvadı ilə üz-üzə gəldi.

Tövsiyə dedi:

– A kişi, qızların dərsinə mane olmayaq...

Mən onların nahaq tələsdiklərini söyləməyə imkan tapmadım. Bu halda qayınanam göründü:

– Hara, ay oğul? Çay-çörək düzəltmişəm, – dedi və ərklə Zəfərin qolundan tutub, dalınca içəriyə gətirdi. – Deyirsən yəni o qədər kasıb olduq ki, bir stəkan çayımız da olmadı? Baxma, Bədirnisanın evində hələ heç kim acından ölməyib...

Zəfər müti bir uşaq kimi, ona müqavimət göstərmədən, yemək stoluna qədər gəldi və bayaq oturduğu stula əyləşdi:

– Bax, Tövsiyə, – dedi, – anamın sözündən çıxa billəm, amma Bədirnisə xalanın hər əmri mənim üçün qanundur. Otur, otur, əgər onun çayını içməsək, haqlı olaraq deyəcək ki, “ac günlərin nə tez yadından çıxdı?”.

Qızım Rəhilə gah mənə, gah da Zəfərlə Tövsiyəyə baxır, onların tutduğu mənzildən imtina elədiyimə təəssüfləndiyini gizlətmir və məndən ayrı bir söz gözləyirdi. Gözləyirdi ki, “Yaxşı” deyib razılığımı bildirim.

Qayınanam çay-çörək gətirəndən sonra mənzil söhbəti təzədən başlandı. Zəfər dedi:

– Salaməleykümü kəsərəm, ha... Zarafatsız. Günü sabah köçəcəksiniz... Yox, yox, etiraz qəbul olunmur...

Rəhilənin gözlərində sevinc yaşları parıldayırdı. Deyəsən artıq mənim razılıq verməkdən başqa çarəm qalmadığını hiss eləmişdi.

Zəfər çaydan bir qurtum içib, qayqanaqdan bir çəngəl götürdü. İştahası olmaya-olmaya yediyini, yalnız Bədirnisa xalanın könlünü sındırmamaq üçün ağız tərpətdiyini duyurdum. Bu halda Kəmalə də içəri girdi. Üz-gözünü yumuşdu. Amma harasa qısılıb ağladığından yanaqları, dodaqları şişmişdi. Rəhilə onu dümsükləyib qulağına nə isə pıçıldayanda, o, narazı halda bacısını yavaşcadan kənara itələdi.

Zəfər isə sözünə ara vermədən deyirdi:

– Hər ağızdan bir avaz gəlir. Əgər onların hamısına qulaq assan, gərək onda hər gün yox, hər saat fikrini dəyişəsən... Bu da ki, özün bilirsən, mənim qanun kitabıma düz gəlməz. Ən uzağı o olacaq ki, tutub işdən çıxaracaqlar.

– Elə sən uşaqlıqdan köntöyün biri idin, – deyə Bədirnisa xala aradan bir söz atdı və köksünü ötürdü... – Anası ölmüş də sənin kimi bildiyini heç kəsə verən deyil...

– Hə, işdən çıxartdılar, üstündən də kök bir töhmət verdilər, sonra? – deyə Zəfər daha da ucadan soruşdu. Mən ona bir söz demədim, yalnız bunu düşündüm ki, “sonra çox şey ola bilər. Mollayevə çatdırarlar, o da ki, siyasi sayıqlığını itirdiyinə görə, xalq düşməninin ailəsini müdafiə elədiyinə görə səni partiyadan çıxartdılar”.

– Sonra? – Zəfər inadla gözlərimin içinə baxdı, bir qurtum da çay içdi. Kirpiklərini qırpmadan təkrar elədi: – Hə, niyə dinmirsən? Sonra?

Nəhayət mən dözmədim:

– Axı, sən uşaq deyilsən, Zəfər. Bu saat adamların enməyi qalxmağından çox-çox asandır!

Bu dəfə Zəfər hiddətini də gizlətmədi:

– Deyək ki, məni hər yerdən çıxartdılar. Lap Müdhət kimi sürgünə yolladılar. Sonra? Sözün açığı mən səni yaxşı başa düşə bilmirəm, Səmirə, axı bu fikir sənin başına hardan gəlib? Kim ki, sənə rəğbət bəsləyir, demək mütləq cəzalanmalıdır?

– Bizim institutda partkom vardı, Əkbərov, – deyə mən cavab verdim, – o da mənə rəğbət bəsləyirdi, Zəfər.

– Nə olsun ki, işdən qovdular?

– Yox, qovmadılar, ancaq möhkəmcə qulaqburması veriblər. Üç-dörd gün bundan qabaq Rima yanıma gəlmişdi, mənim rəfiqəm. O dedi ki, Mollayev özü telefonu götürüb zəng vurub, Əkbərova möhkəm təpinib. Açığı, qorxuram, Zəfər, qorxuram. Çatdıralar.

– Nahaq yerə mübaliğə eləyirsən, Səmirə. Mollayevin dərdi mən deyiləm ki!

Daha heç birimiz dinmədik. Zəfər stəkanını götürüb, soyumuş çayını dibə qədər başına çəkdi. Qayğanağı özündən aralayıb, yaylıqla dodağını silib ayağa qalxdı:

– Arvad, dur gedək. Bir az da otursaq, Səmirə, axırda məni vətən xaini kim dar ağacından asdıracaq...

O, özünə xas olmayan çılğın bir səslə qəhqəhə çəkdi. Mən hiss elədim ki, o bizim söhbətimizdən şad olduğu üçün yox, mənim həyəcanımdan əsəbiləşdiyi üçün gülür...

Onlar getdilər. Nə isə çox kədərli, ağır və üzücü bir sükut dar otağımızı buz kimi soyutdu. Canımdan üşütmə keçdi. Mənim ürəyimi üzən əndişə bəlkə qadın təbiətinin zəifliyindən doğan bir haldı? Bəlkə bu, həm özümün, həm də Zəfərin vəziyyətini olduğundan qat-qat ağır təsəvvür eləməyimin nəticəsi idi?

Kəmalə bizim söhbətimizin əvvəlini dinləməsə də, hər şeyi başa düşmüşdü. Gözlərini yuxarı qaldırıb, üzümə baxmaqdan belə çəkinirdi. Kitabını, qələm-kağızını götürüb, küncə çəkildi. Vərəqləri səssizcə aralayıb, başını aşağı dikdi, amma açıq-aydın hiss eləyirdim ki, qulağı məndədir, pisdən-yaxşıdan bir söz eşitmək istəyir. Mən dinməyəndə özünü saxlaya bilməyib soruşdu:

– Ana, razı oldun, olmadın? – Cavab almamış, ürəyindən keçənləri açıb söylədi: – Ana, Zəfər dayı atamın əsil dostudur, elə deyilmi?

Mən başımı tərpədir, onunla razılaşdım. Qız köksünü ötürdü:

– Dünyada mənim bircə arzum var: beləcə bir dostum olaydı!..

Qayınanam Kəmaləni çox istədiyindən, onun ən adi sözlərindən də xoşhal olurdu, amma bu dəfə o qədər sevinmədi. Mənə elə gəldi ki, hətta Zəfər kimi bir dostumuzun kölgəsində firavan dolanmağımızı özümüzün bu qaranlıq və rütubətli zirzəmimizdə sıxıntı ilə yaşamağımızdan üstün tutmurdu. Əlbəttə o, Zəfərin də, Tövsiyənin də bizə bu cür qayğı göstərib canıyananlıq eləməyindən narazı deyildi, bəlkə hətta ürəyinin dərinliklərində onun sədaqətini təqdir eləyirdi, belə çətin günlərdə bizə kömək əli uzatmağını və ən çox da Müdhətin günahsız olduğuna inanmağını bəyənirdi, ancaq mən yaxşı anlayırdım ki, qarının fikrincə, Müdhət, hardasa, evindən, eşiyindən, arvad-uşağından uzaqda min cür əzab-əziyyətə qatlaşdığı üçün, biz də onun yolunu məhz belə ağır vəziyyətə dözə-dözə gözləməliyik.

Qarı mənə və nəvələrinə bu barədə bir söz deməsə də aramsız olaraq düşünürdü, xüsusən gecələr tez-tez ah-uf eləməyindən bunu bilmək çətin deyildi. İndi mən neyləməliydim? Başqa mənzilə köçməliydim, yoxsa Zəfərə rədd cavabı verməliydim? Bunu fikirləşirdim ki, Rəhilə dilləndi:

– Görəsən, təzə evimizin həyəti varmı?

Kəmalə bacısının üzünə istehza ilə baxdı, bu sualdan “Həyətdə uşaqlar da varmı? – deyə soruşacağını tək o yox, mən də gözləyirdim. Rəhilə dərsdən çox yaşıdları ilə oynamağı xoşlayırdı.

Kəmalə dedi:

– Biz nə haydayıq, bu nə haydadır...

Bədirnisa xala Rəhilənin yerini saldı, soyuq qayğanaqdan bir parça qopardıb, çörəyin arasında ona verdi. Rəhilə şam yeməyini həris bir iştahla gəvələyə-gəvələyə soruşdu:

– Ana, köçürük, köçmürük?

– Qoymaz ki, dərsimizi oxuyaq! – deyə Kəmalə dəftər-kitabını zərblə dizinə çırparaq, bacısına acıqlandı. Ortalığa yenə sükut çökdü...

O günün sabahısı Zəfərin göndərdiyi böyük yük maşını gəldi. Uşaqları məktəbə yenicə yola salmışdım. Qayınanamla qabaq-qabağa oturub, yavan çörəklə acı çay içirdim. Pendirimiz dünəndən qurtarmışdı. Qənd üzünə də həsrət idik. Ancaq bu, nə məni, nə də qayınanamı kədərləndirirdi. “Elnən gələn qara gün toy-bayramdır” məsəlini təkcə Bədirnisa xala yox, mən də təkrar eləyirdim, özümə də, uşaqlara da təsəlli verirdim. Hər gün, hər saat, bəlkə hər dəqiqə bizi düşündürən yalnız Müdhətin taleyi idi. Bədirnisa xala hamımızdan dözümlü idi. Təkdənbir Müdhət barəsində nə isə deməyə məcbur olsaydım, o dərhal araya söz qatırdı: “Eh, qızım, igidin başı qalda gərək!”. Belə deyirdi və dərdini ürəyində gizlədirdi. Köksünü səssizcə ötürməyə adət eləmişdi. Ancaq, görünür, onu bilmirdi ki, indi mən əvvəlki Səmirə deyildim, üzdən nə qədər biganə görünməyi bacarsam da, onun ən cüzi hərəkətlərini belə gözümdən qaçırmırdım. Müdhətlə birgə keçən qayğısız həyat yalnız uzaq bir xatirə kimi yadıma düşürdü.

Yük maşınının şoferi bir nəfərlə içəri girdi. Ehtiramla salam verdi:

– Bacı, nəyi aparacaqsınızsa, göstərin, daşıyaq, – deyib məndən cavab gözlədi.

Qayınanam tutuldu. Tikəsi boğazında ilişib qalda. Demək mən dünənki təxminimdə yanılmamışdım: bizim köçməyimiz ürəyindən deyildi. O, indi mənim üzümə baxmırdı. İncikliyini büruzə verməkdən də çəkinmirdi. Axı mən də onun razılığı olmadan təzə mənzilə köçmək istəmirdim.

– Xala, – dedim, – elə zənn eləmə ki, mən də, uşaqlar da çox sevinirik. Əgər məsləhət görmürsənsə, yerimizdən tərpənməyək... İndiyə kimi necə, bundan sonra da elə... Qəhərdən səsim qırıldı. (Son günlərdə bu, tez-tez təkrar olunduğu üçün özümdən çox narazı idim!). O dinmədi. Yemək stolunun üstündəki qabı-qaşığı, stəkan-nəlbəkini yığıb mətbəxə apardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 dəq
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 dəq
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 dəq

Başqa şairlərin şeirləri