Səadət və məhəbbət müğənnisi
Səhifə 1 / 5
I
Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?
Adətən belə zənn edirlər ki, keçmişin böyük klassiklərini yaşadan, onların ifadə etdikləri ümumbəşəri ideallardır. Məlumdur ki, məhz sovet adamları belə idealların ən səlahiyyətdar varisləridir. Lakin Nizaminin ümumbəşəri ideallar ifadə etmiş bir sənətkar olduğunu söyləməklə kifayətlənmək, hələ bir şey demək deyildir.
Nizaminin elmi və fəlsəfi görüşlərinə dair az yazılmamışdır. Ancaq bizi ilk növbədə şair Nizami maraqlandırır. Çünki onun dühası bu sahədə daha bariz bir şəkildə təzahür etmişdir. Demək, onun poetik aləmini haqqilə başa düşsək, ümumən bədii təfəkkürün sirlərini kəşf etməyə bunun çox köməyi dəyə bilər. Əgər Nizami öz əsrinin bütün elmi həqiqətlərini dərindən bilirdisə, bu da onu göstərir ki, hər bir şair, alim və mütəfəkkir qədər həyat həqiqətinin mahiyyətinə nüfuz etməyi bacarmalıdır. Nizami bunu tam mənasilə bacardığı üçün də bütün müasirlərindən fərqlənir.
Onun bədii lövhələrində ifadə olunmuş ən böyük həqiqətlərdən biri budur ki, Nizaminin yaşadığı feodal-patriarxal cəmiyyətindəki insanlar xoşbəxt deyillər. Bu şəraitdə yaranmış qüdrətli dövlət quruluşu, zəngin maddi və mənəvi mədəniyyət, xalqın ən çalışqan və ən zəhmətkeş təbəqələrinə belə səadət gətirmir.
Nizami bütün ömrü boyu xoşbəxt bir cəmiyyət quruluşu arzulamışdır. Onun əsrlərə nüfuz etməyi bacaran nəzərləri daima irəliyə, daima gələcəyə zillənmişdir. Bu səbəbə görədir ki, onun bəzi əsərlərində eşitdiyimiz ümidsizlik və kədər nidaları heç də böyük şairin bədbinliyinə dəlalət etmir. Nizami, bu sözün həqiqi və dərin mənasında, nikbin bir şair olmuşdur. Nizaminin qüdrətli romantikası da buradan qida alır. O, şeir süzgəcindən keçirib yaratdığı insan surətlərini bir sıra yüksək və ideal məziyyətlərlə bəzəmiş insanın qüdrətini tərənnüm edərkən boyasını əsirgəməmişdir. Onun romantikasındakı əsas məzmun, insana və onun mənəvi qüdrətinə inanmaq meylindən ibarətdir. İnsan zəkası və insanın yaradıcı qüvvəsi, Nizami poemalarının ən parlaq səhifələrinə rövnəq vermişdir. Heç də təsadüfi deyildir ki, onun poemalarının müqəddəməsindəki “İlahiyyat” qismi, əksəriyyətlə şairin bədii konsepsiyalarının üzvi hissəsi deyildir. Geniş romantik lövhələrin ilk və son bəzəyi, şairin ilhamını coşduran ən böyük obyekt insan və yenə insandır!
Nizamidən iki əsr sonra yaşayıb yaratmış, “orta əsrlərin son, yeni zəmanənin ilk şairi” Aligeri Dantedə rast gəldiyimiz mistikadan Nizamidə zərrə qədər də nişanə yoxdur. Böyük italyan şairinin tarixi qiymətini azaltmadan deyə bilərik ki, mistika “İlahi komediya”nın ətinə və qanına hopduğundan, ondakı realizm ünsürlərini əhəmiyyətli dərəcədə zəiflətdiyi halda, Nizaminin romantikası Azərbaycan feodalizminin yaralarını daha aydın görməyə və insan surətlərini daha yaxından durmağa kömək edir.
Nizaminin real həyatdan alınmış lövhələrlə yanaşı, büsbütün xəyalında uydurduğu cəmiyyət quruluşunu bizim qəlbimizə yaxınlaşdıran da təkcə şairin bədii ehtirası deyil, eyni zamanda həyata, hadisələrə və insanlara olan nikbin, aydın və inamlı münasibətidir. Nizami ən romantik lövhələri təsvir etdikdə belə, real həyatın ziddiyyətlərinə göz yummur. Buna ən parlaq misal olaraq “İqbalnamə”dəki utopiyanı göstərə bilərik. Nizaminin yaratdığı başqa lövhələrdə olduğu kimi burada da real münasibətlər hökm sürməkdədir. Çox qəribədir ki, Nizaminin təsvir etdiyi şimal həddindəki cəmiyyət, bütün aləmdən təcrid olunmuş bir cəzirə deyildir. Bu cəmiyyətdən uzaqda yəcucların sakin olduğu bir yer də vardır. Oranın sakinləri:
İnsana bənzərlər, divdirlər əslən.
Div tək almazcaynaq və dəmir ürək
Rəng qara, özləri xain qurd tək.
Çox səciyyəvidir ki, bütün “İskəndərnamə”də Nizaminin müsbət boyalarla göstərdiyi İskəndər belə, şimal həddindəki nümunəvi cəmiyyət quruluşunu görərkən öz-özünə belə deyir:
Bütün yığdıqlarım qalsın bir yana,
Burdan öyrəndiyim bəs edər mana.
Bu bir həqiqətdir ki, Nizaminin utopik cəmiyyəti göydən asılmamışdır. Həmin cəmiyyətin üzvləri, yəcucların bir an belə unutmayırlar:
Ara bir bürüyüb basaraq bizi,
Xərabə qoyarlar yerlərimizi.
Qoyun-quzumuzu talayıb onlar,
Yeyərlər nə qədər azuqəmiz var.
deyirlər.
Zəhmətlə sevginin birliyi əsasında falanqalar yaratmağı təklif edən Şarl Furedən düz altı əsr əvvəl, Nizami Gəncəvi “İqbalnamə”sində, xalqın birliyi, bərabərliyi, məhəbbəti və zəhməti əsasında qurulan bir cəmiyyəti idealizmə etmişdirsə də, buradan çıxarılan başlıca nəticə budur ki, böyük şair xalq səadətinin yollarını ömrünün sonuna qədər düşünmüşdür. Onun cəmiyyətində hamı Əkir, hamı biçir, birə yeddi yüz məhsul götürür. Qızıla-gümüşə aldanmırlar. Bu cəmiyyətin üzvləri zorakılığa düşmən olduqları kimi, əldə etdikləri səadəti qorumağa da qadirdilər.
II
Nizaminin mənəvi aləmində ən böyük yeri dərin ictimai məzmun əsasında yüksələn şeir tutursa, onun şeir aləmində ən görkəmli yeri məhəbbət mövzusu tutur.
Bəlkə bu, dahi şairin məhdudluğundan irəli gəlir? Nə üçün məhəbbət mövzusu belə nəhəng bir şairin ilhamını bu qədər coşdurmuşdur?
Çünki onun nəzərincə, məhəbbət olmayan yerdə səadət də yoxdur. O iddia edir ki, “eşq olmasaydı, yer üzü də abad ola bilməzdi”.
Şair, məhəbbət məfhumunu necə başa düşür?
Nizami, məhəbbəti erotik bir hiss kimi tərənnüm etmir. O, məhəbbəti dərin ictimai bir amil kimi təsvir edir.
“İqbalnamə”dən “Arşimedlə çinli qızın hekayəsi”ni yada salmaq istərdim. Bu hekayədə Arşimedin hələ tələbə ikən bir kənizə uyub elmdən və bilikdən üz döndərdiyi təsvir olunur. Buradan aydın görünür ki, Nizami, məhəbbət hissini şəhvət hissindən fərqləndirir.
Bəlkə onun nəzərində məhəbbət platonik bir hissidir?
Yox, Nizami, məhəbbəti canlı insanlara xas olan bir hiss kimi təsvir edir. Onun lövhələrində əbədiləşdirilmiş məhəbbət səhnələri müqəddəs olduğu qədər də realdır.
Qanımda bəslənmiş bir gülümdü o,
Dünyada yeganə sevgilimdi o.
Ondan qur alırdı gözüm ah, nədən
Pis göz uzaq saldı onu gözümdən.
Qəribədir ki, Nizami burada iki böyük dastanının qəhrəmanlarını – Şirin və Leylini də xatırlayaraq sinəsinə dağ çəkildiyinə işarə edir. Belə məlum olur ki, onu yalnız şəxsi səadətdən məhrum olmağı deyil, qəhrəmanlarından ayrılmağı da kədərləndirir. Görünür, böyük poeziyanın sirri də bundadır. Müəllif öz qəhrəmanlarını nə dərəcədə sevirsə, yeni bir qəhrəmandan bəhs etməyə başlayanda xeyli çətinlik çəkir və Allahdan imdad istəməyə məcbur olur. Nizaminin bu sevgisi təkcə Şirin və Leyliyə münasibətində deyil, bəlkə bütün müsbət qəhrəmanlarına münasibətində də aydın təzahür edir. Tarixdən bizə məlum olan makedoniyalı Aleksandrı konkret tarixi şəraitdən qoparıb ideal bir hökmdar kimi göstərən Nizami, onu da hədsiz bir məhəbbətlə sevir. O, bu məhəbbəti zəngin şair fantaziyasında yaranmış bir şəxsiyyətdən artıq, onun simasında təcəssüm etdirdiyi böyük ideallara bəsləmişdir.
Bu ideallar nədən ibarətdir? İskəndərin simasında Nizami nəyi təcəssüm etdirmişdir? “İqbalnamə”nin ilk misraları insan zəkasının tərənnümilə başlayır. Müəllif öz qəhrəmanlarını elmin və fənnin qədrini bilən bir hökmdar kimi təsvir edir.
Alimdir gözümdə ən böyük olan,
Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz,
Hər uca rütbədən, biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət!
Elmlə ucaldı dünyada yunan,
Onun tac-taxtı indi yoxsa da,
Elmlə məşhurdur bütün dünyada.
Nizami, İskəndərin vətənpərvərliyini xüsusilə bəyənir. Böyük şairin nəzərində yalnız öz xalqının səadətini düşünən, vətəninin şöhrətini və şöhrətindən uca tutan bir hökmdar tac-taxt sahibi olmağa haqlıdır.
“Yeddi gözəl” dastanındakı Bəhram Gurun məziyyəti isə xalqın səsini, xeyirxah və ağıllı məsləhətlərini dinləməsindədir.
Nizami burada xalq zəkasının qüdrətini özünə xas olan bir cəsarətlə ifadə etmişdir. Vətən xainlərinin hakim olduğu bir məmləkətdə yalnız fəlakət baş verə bilər. Qoca çoban bu həqiqəti padşaha öyrədərkən, biz şair Nizaminin zəhmətkeş xalqa nə qədər böyük bir məhəbbət bəslədiyini aydın dərk edə bilərik. Eyni fikrin “Fitnə” hekayəsində də həqiqi bir sənətkar məharətilə ifadə olunduğunu görürük.
Nizami, Şərq despotizminin ən amansız düşməni kimi qarşımızda canlanmaqdadır. Əlbəttə öz zamanının oğlu olan bir şairdən xalq hakimiyyəti ideyalarının ifadəsini tələb etmək gülünc olardı. Dahi şair xalqın taleyini məhz adil hökmdara bağlayır. Onun qəhrəmanları adil hökmdarın sayəsində xoşbəxt ola biləcəklərinə inanırlar. Hətta bəziləri:
Müti bir quluyam şahənşahın mən...
deyə itaət də göstərirlər. Lakin məsələ burasındadır ki, Nizami adil hökmdarın sayəsində iş və əmək adamlarının xariqüladə bir qüdrət göstərəcəklərinə inanırdı. Bu nöqteyi-nəzərdən “Yeddi gözəl” dastanındakı məzlumların şikayətini diqqətlə oxumaq kifayətdir. Burada ən maraqlı hekayələrdən biri beşinci məzlumun şikayətidir:
Məşqələm verməkdir ölkəyə ziynət,
Qulağım halqalı, İşim itaət.
Şahın dövlətindən, yaradan Allah
Mənə dövlət vermiş, bir də cəlal, cah...
Məşriq şahı daim yaşasın deyə
Qərq etdim üfüqü tamam şənliyə...
Şəhər, kənd sayəmdə oldu təzə, şad,
Alimlər etdilər mənə etimad.
Əlimlə parladı bütün məmləkət,
Yetişdi sayəmdə hər kəsə nemət,
Yoxsulluq əlimlə qaçdı, yox oldu,
Səyimlə qulların qarnı tox oldu...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-seadet-ve-mehebbet-mugennisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
Yeraltı çaylar dənizə axırBirinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Ağır xəbərMən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.
İlk zərbəMən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,