Səhifə 5 / 5 · 80%

Məcnun, hamıdan əvvəl Nizaminin dühasilə yaradılmış yüksək məhəbbət simvoludur. Müasir ədəbi dilə çevirsək belə, onun qəbilələr arasındakı sülhpərvərliyi pasifizm adlana bilməz. Çünki o:

Düşməni qanına qərq etmək olar

deyir.

Məcnun son dərəcə mürəkkəb, ümumiləşmiş fəlsəfi surətdir. O, sevgidə zorakiliyin düşmənidir. Leylinin özünə bəslədiyi məhəbbətdən ilham aldığı üçün o:

Sülhə çağırdın müharibələri,
O utanmasaydı qalxıb durardı,
Bulut tək özünə qılınc vurardı.
El qınamasaydı bu dəmdə onu
Qırıb qurtarardı öz qoşununu.

Budur, Məcnunun “dəliliyi” də bundan ibarətdir. O, azadəlik sevən və bəzən bu xüsusda ifrata varan bir insandır. O hətta ceyranları və maralları tora salmış ovçuları taqsırlandırıb zalim adlandıran bir insandır.

Qoy bu tora düşmüş zavallı əsir,
Bari bir-iki gün şad yaşasın bir!
Gəl onu sən salma tor havasına,
Getsin öz tayilə öz yuvasına.
Onu sevgilisi tapmasa əgər.
Bu gecə arxanca nə sözlər deyər?
Deyər: “Səni məndən alan ovçular,
Ayrılıq dərdinə olsunlar düçar”.

Məcnunun sərgüzəşti nə qədər zəngindirsə, onun şahidi olduğu bütün hadisələrdə biz eyni böyük qəlbin çırpıntılarını eşidirik, eyni könül iniltilərinə qulaq asırıq. Hər yerdə, hər zaman o eyni Məcnundur. Hətta maralın gözünü sevgilisinin gözünə bənzədən, əsən küləklərdən də Leylinin qoxusunu duymaq istəyən, maralın əsirliyində də Leylinin əsarətini görən Məcnundur. Bu, böyük sevginin Nizami dühasılə ən son mərhələyə qaldırılmış bir ifadəsidir. Bundan sonra sevgini bir az da yuxarı mərhələyə qaldırmaq istəyən yazıçı əlbəttə müvəffəq ola bilməyəcəkdir. Məcnun, zamanın əsarətilə barışmayan, onun rəzalətlərinə köks gərən, özünün məhəbbət idealı uğrunda hər növ əziyyətə qatlaşan və həmişə üzünü gələcəyə tutmuş bir insandır. O, öz məğlubiyyətilə də zəmanəsinə qalib gələn, zəmanəsinin adət və ənənələrini pozan bir insandır. Onun sevgisi hər şeydən əvvəl yüksək bir idealdır. Məcnun, əsir kimi dörd divar arasında iztirab çəkən Leylinin azad olunması üçün mütəmadiyən çırpınan bir ürəyin sahibidir – özünə qəm zənciri vurmuş, ciyərini ələmlər yeyən Məcnun, dahi Nizaminin bütün dünya ədəbiyyatına verdiyi ölməz hədiyyələrdən biridir. Sonra yaranan Məcnun surətləri ya həqiqi cəngavər kimi və yaxud keçmiş üçün bu günlə vuruşan, canlı varlığı duymaq istedadından məhrum olan, idealları qeyri-müəyyən donkixotlar kimi meydana çıxacaqdır. Nə olur-olsun onun azad məhəbbət idealı heç bir zaman ölməyəcəkdir. Bu ideal, bir çox böyük əsərlərin əsasını təşkil edəcəkdir. Gələcəkdə meydana çıxan məcnunlar:

İlahi, ömrümdən kəs indən belə,
Leylinin ömrünə cala əlinlə!

deyəcəkdir. Bu eşq, böyük Füzulinin də qəlbini çırpındıracaq və ona:

Yarəb, bəlayi-eşqilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqidən etmə cida məni!
Ay eylə inayətini əhli-dərdidən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!

dedirdəcəkdir və azad məhəbbət haqqındakı bu gözəl mahnılar dillərdən-dillərə keçərək xalqın gözəl xəyallarına qanad verəcəkdir.

Buradan çıxan nəticə: Nizaminin azad məhəbbət haqqındakı fikirləri böyük ədəbiyyatın ən mühüm motivlərindən biri olaraq bizim əsrimizə qədər yaşamış və bundan sonra, əsl azadlıq əldə edilmiş bir ölkədə daha da qüvvətlə səslənəcəkdir.

Lakin, sovet dövründə, azad məhəbbət ideallarından ilham alan şair, dövrümüzün qəhrəmanlarını ictimai ziddiyyətlər içərisində məhv olan faciəvi şəxsiyyətlər kimi tərənnüm etməyə ehtiyac duymayacaqdır. Çünki, böyük şəxsiyyətlərlə cəmiyyət arasındakı o qorxunc ziddiyyətləri sovet quruluşu çoxdan məhv etmişdir.

VI

Nizami, böyük romantik dastanlarında məhəbbətin mənasını və mənbəyini göstərməklə kifayətlənməyərək, bu məhəbbəti odlu bir ehtiramla təbliğ etmişdir. Nizami bu sevginin ən ölməz müğənnisi olmuşdur. O, hər yerdə, hər zaman eşq aramış və bu eşqin barəsində yüzlərlə hikmətli söz yaratmışdır. Nizami poemalarını cəsarətlə “məhəbbət ensiklopediyası” adlandırmaq mümkündür. O, “Xosrov və Şirin”də demədiklərini “Leyli və Məcnun”da demiş və bu dastanlarda sevgi mövzunun çərçivəsini genişləndirərək, böyük ictimai ideallar səviyyəsinə yüksəlmişdir. Bunu sübut etmək üçün “Xosrov və Şirin”dəki “Eşq barəsində bir neçə söz” fəslini təkrar və diqqətlə oxumaq kifayət edər:

Eşqdən başqa söz könlümə yaddır.
Ömrümün quşuna o bir qanaddır.
Mehrabı eşqdir uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Saf dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey bütün oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı bütün cahanı,
Eşqsiz bir adam bir neydir qırıq,
Yüz canı olsa da, ölüdür artıq.

Nizami heç bir zaman bu böyük məhəbbəti xalq, vətən məhəbbətindən ayrı təsəvvür etməmişdir. Onu yaşadan, onun bütün yaradıcılığına təkan verən də məhz insanla həqiqi səadət arzulamaq meyli olmuşdur.

Yaransaydı, göylər eşqdən azad,
Düşün, olardımı yer üzü abad?

Buna görə də hamıdan çox Nizami, özü haqqında mübaliğəsiz bu sözləri deməyə haqlıdır:

Eşq ilə düzəltdim mən bu dastanı,
Doldurdum səsilə eşqin, dünyanı!


Zəmanəsinin bütün acılıqlarını dadmış, ədalətsizliklərini görmüş və hakimlərin rəzalətlərinə şahid olmuş Nizami, “İskəndərnamə”nin sonunda dünyanın vəfasızlığından şikayət edir və Allaha üz tutaraq belə deyir:

Xudaya, sən özün bu saf göhəri,
Hünər bağçasında etmiş səməri, –
Dünyada bikəsdir, – qoru hər zaman,
Gecəli-gündüzlü dərddən, bəladan...

Biz, xəyalən Nizamiyə müraciətlə deyə bilərik ki:

– Yox, böyük şair, sənin yaratdığın saf göhər artıq bikəs deyildir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 dəq
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 dəq
Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 dəq
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 dəq

Başqa şairlərin şeirləri