Yeraltı çaylar dənizə axır
Birinci hissə
Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:
Bir göyərçin əsir etdi qartalı
Gözəllik naminə, sevgi naminə!..
Bu sözün deyilişindən çox vaxt istehza sezilirdi. Mən bunu açıq-aydın hiss eləyirdim, bəzən hətta pıçıltı ilə deyilən ayrı-ayrı sözlər də mənim qulağıma çatırdı: “Gözünü dağlayım, bu cücənin nəyinə vurulmusan?” Belə bir sual yalnız Müdhətin ünvanına deyilə bilərdi. Səmirə onun yanında boy-buxundan çox kasıb görünürdü. Ancaq mən öz-özümə deyirdim ki: “Könül sevən doğrudan da gözəl olurmuş...”
Toy günümüzdən indi düz otuz il keçir. Artıq biz qocalığa qədəm qoyuruq, ancaq o qayğısız, o şən günlərimizi unutmuruq. Unuda bilmirik. Bizim hər birimiz həyat adlanan burulğanın dərinliklərinə batıb-çıxdıqca, ağır zərbələrə və sarsıntılara məruz qalaraq ara-sıra ümidsizliyə qapıldıqca, gənclik illərimizin əziz xatirələrindən qüvvət alıb, bir-birimizə təsəlli veririk: “Qəm yemə, bu da keçər” deyirik.
İndi biz Səmirəgillə ev qonşusuyuq. Hər gün olmasa da, həftədə bir-iki dəfə ya o bizə gəlir, ya da biz onlara gedirik, istirahət saatlarımızı bir yerdə keçiririk.
Mən Səmirənin həm müharibə illərində, həm də sonralar necə məhrumiyyətlərə qatlaşdığını yaxşı bilirdim. Hətta neçə yol demişdim ki, azacıq imkan tapan kimi özüm sənin sərgüzəştini yazacağam. Səmirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı, sözü də bu olurdu ki, sənin kitablarını oxumuşam, qadın ürəyinin sirlərini yaxşı duya bilmirsən, inanmıram yazdığından bir şey çıxsın. Mən də yarızarafat-yarıciddi cavab verirdim ki, günah məndə deyil, rəfiqən Gülnisa hədsiz dərəcədə qısqanc olduğundan, mən qadın tayfası ilə oturub-durmaqdan çəkinirəm, deyəsən elə bu səbəbdən də qadın mənəviyyatı mənim nəzərimdə vərəqləri kəsilmiş sirlər kitabına bənzəyir...
O bizə gələndə, adətən, məni yazı stolunun arxasında görsəydi, işləməyimə mane olmamaq üçün, səssizcə addımlarla yan otağa adlayar, divanın üstündə Gülnisa ilə yanaşı oturar, nə barədə isə xısın-xısın danışıb gülər, səssizcə də çıxıb gedərdi. Ancaq günlərin birində, nahar tənəffüsü vaxtı gəlib qapını tıqqıldadaraq, yazı otağıma girməyə izin istədi:
– Ay qağa, – dedi, – məni bağışla. Bilirəm, ədəbiyyat tarixinə ziyan vuracağam, günahımdan keç.
Mən güldüm.
– Əgər hamı mənim tarixi rolumu belə başa düşsəydi, daha nə dərdim vardı? – deyə mən də onun sözlərinə zarafatla cavab verdim.
– Baxma, gec-tez başa düşəcəklər! Xüsusilə məndən yazandan sonra... – O, qolundan sallanan qara, iri çantadan müşəmbə cildli qalın bir dəftər çıxartdı. – Al bunu, vaxtın olanda oxu... Əlbəttə, belə cızmaqaraları sən iki gündə yazarsan, ancaq mən bunun üstündə düz iki il tər tökmüşəm... Oxusan, hər halda xam material kimi sənin üçün faydasız olmaz...
O, dərin qırışıqlarla örtülmüş alnını ovuşdurdu, gümüşü saçlarını əli ilə geriyə sığalladı, nə isə qəmgin və tutğun bir ifadə ilə mənə zillənmiş yorğun gözlərini yerə dikib, qapıdan çıxdı. Bu son illər müddətində nə qədər qocaldığını yalnız indicə duymuş kimi, mən bir xeyli hərəkətsiz dayanıb, xəyalımda onun ilk gənclik dövründəki portretini canlandırmaq istədim; deyəsən onun simasında dəyişilməyən yalnız qaşlarının tən ortasındakı qara xalı, bir də yuxarıya tərəf dartıldığı üçün həmişə gülümsər kimi görünən üst dodağı idi. Mən Səmirənin verdiyi dəftəri maraqla oxudum. Öz xatirələrini yazmışdı. Gördüm ki, bunları düzəltməyə başlasam və yaxud öz zövqümə uyğunlaşdırsam, istər-istəməz hekayətin baş qəhrəmanına, yəni burada təsvir olunmuş həqiqətə xələl gətirəcəyəm. Mən xatirələrə əl vurmadan eyni ilə çapa verməyi lazım gördüm. Yalnız dəftərin birinci səhifəsində “Səmirə Aydın. Yeraltı sular dənizə axır... (İnşaat mühəndisinin xatirələri)” sözlərini yazdım və hər fəslə bir ad verdim.
O günün sabahısı mən özüm onu çağırdım, fikrimi ona söylədim. Səmirə mənim xırda əlavələrimdən razı qalıb dedi:
– Ay qağa, məni tənqid eləsələr, köməyini əsirgəmə ha...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-yeralti-caylar-denize-axir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəhramın sarayı. Cavanşir çox məyus gəzişir, Söhrab daxil olur.*Söhrab**
Sabir – novatorDeyilənə görə XIX əsrdə Azərbaycan ədəbiyyatı meydanına yüzdən artıq “şair” gəlmişdir. Bunların da çoxusu tamamilə unudulmuşdur. Bunda xalqı taqsırlandırmaq olarmı? Yox. Müqəssir yalnız şairlərin özüdür. Xalqımız gözəl şairlərini sevməyi bacarır. Buna bir neçə misal da göstərə bilərik. Budur, dindarların, molla və axundların tələbi ilə böyük bir insan, dərin bir filosof, gözəl bir şair işgəncə ilə öldürüldü. Onu ölümlə xatirələrdən silmək istədilər, lakin xalq, avamlıq dünyasının qatı qaranlığı içində parlayan bu məşəli sönməyə qoymadı, bəlkə, tərsinə, onu günəş kimi daha da yüksəklərə qaldırdı, onun nurunu içdi, *lakin yenə də yuxulu gözlərini aça bilmədi, yalnız aşıqların qəmli səsi* ilə uzun əsrlər boyu dərdli-dərdli inlədi:Nəsimini dabanından soydular!..
Böyük aşıqAzərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlərDeni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.