Azərbaycan aşıqları içərisində ən görkəmli yeri Göyçə mahalının xalq aşıqı Ələsgər tutur. Bir əsrdən artıq yaşamış bu böyük aşıq, elə bir bədii səviyyəyə yüksəlmişdir ki, bu gün biz onu Vaqif, Vidadi kimi şairlərimizlə yanaşı tədqiq edib öyrənsək, ona ədəbiyyat tariximizdə olduqca fəxri bir yer versək, məktəblərimizin ədəbiyyat dərsi proqramlarına belə salsaq heç yanılmarıq. Çünki Aşıq Ələsgərin qoşmaları, təcnisləri, dodaqdəyməzləri, həcvləri yüksək mündəricə ilə yanaşı ən zəngin şeir formalarını da qavrayır. Aşıq Ələsgər böyük bir talantdır. Heç də təsadüfi deyildir ki, bu günkü aşıqlarının çoxu onu öz müəllimi hesab edir.

Ələsgər şüurlu olaraq öz yaradıcılığı qarşısında müəyyən vəzifələr qoyur. Dünya filosoflarının estetik görüşlərindən tamamilə xəbərsiz olan bu böyük sənətkarın özünə məxsus müəyyən ədəbi kodeksləri də vardır. Görün o, aşıqdan nə tələb edir:

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürüb nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdir.

Onun fikrincə aşıq hər cəhətdən nümunə olmalıdır. O, aşıqlardan ağıl, kamal tələb edir. Onun nöqteyi-nəzərincə aşıq “mərifət elmində dolu gərəkdir”, aşıq, dediyi sözlərin qədrini bilməlidir. Bu o deməkdir ki, aşıq xalqı öyrədəndə, onun nöqsanlarını göstərəndə birinci növbədə özünü düzəltməli, özünü tərbiyə etməlidir. Müasir dildə söyləyəcək olsaq Ələsgər, aşıqdan yüksək bir şəxsiyyət olmağı tələb edir.

Ələsgərin əsas yaradıcılıq xüsusiyyətləri nədən ibarətdir? O, hər şeydən əvvəl lirikdir. Onun lirikası dərin bir məhəbbətlə çırpınır. O, sevgidən, gözəllərdən, vəfadan bəhs edərkən hər yerdə optimistdir. Ələsgər ən qoca yaşlarında belə həyatı sevmiş, dünyanın iztirablarından bədbin olmamışdır. Yüz ildən çox yaşamış bu qoca, ömrünün axırına kimi “hər könül özünə bir padşahdır” demişdir. Azad sevgi, azad məhəbbət böyük aşığın ən başlıca motivlərindən biri olmuşdur. O, azad sevgini tərənnüm edərkən öz arvadının pis cəhətlərini belə həcv etməkdən çəkinməmişdir:

O vaxt ki, gəlin oldun,
Qabırğası qalın oldun,
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?

Ələsgərin lirikası qüvvətlidir, dərindir, çünki realistikdir. O həyatdan uzaqlaşmağa, bədbinliyə, nihilizmə deyil, həyata, sevgiyə çağırmışdır. Bəzən eyni motivləri, eyni əhval-ruhiyyəni bir-birindən gözəl misralarda ifadə edən aşıq Ələsgər, dediyimiz kimi, lirikanın yüksək nümunələrini vermişdir. Bu lirika həyati sevgidən, real məhəbbətdən bəhs edir. O, hətta bəzən konkret gözəlləri nəzərdə tutaraq, onların haqqında canlı, təsirli və dərin qoşmalar söyləyir. Burada bəzən cəngavərliyə məxsus olan sədaqətdən, sevgidən bəhs olunur:

Öldürsələr qorxum yoxdur qanımdan,
Yolunda keçmişəm şirin canımdan.
Tərk oldum vətəndən, xanimanımdan,
İnsaf deyil, gəzmə məndən aralı.

Aşıq Ələsgərəm, söylənir adım,
Budur ürəyimdə mətləb, muradım:
Sənin ərin ölsün, mənim arvadım,
Gəzək hər ikimiz yaslı, yaralı.

Göründüyü kimi, Ələsgər ilk nəzərdə qəmgin görünən bu misralarında belə oxucusunu, daha doğrusu dinləyicisini güldürür, sevindirir. Burada aşığın kəskin ağlı, səmimiliyi və sənətkarlığı özünü tam mənası ilə göstərir. Ələsgər sevgi haqqında danışarkən təsvir və tərənnüm etdiyi gözəlləri real müqayisələrlə vermişdir:

Tarlan tamaşalı, maral baxışlı,
Qədəm qoyub asta-asta xoş gəldin!
Yolun sadağası can ilə başdır,
Qurban sənin kimi dosta, xoş gəldin!..

Ələsgər lirik əsərlərində bir tərənnümçü olaraq qalmayıb, epik səhnələri də böyük sənətkarlıqla yaradır. Az kəlmə ilə çox fikir söyləmək, canlı və təsirli şairanə səhnələr təsvir etmək istedadı Ələsgərin lirikasını daha da zənginləşdirir:

Gedirdim, güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu qoyub nişana,
Dəlib ürəyini boyayıb qana,
Yıxılıb çevrilir, o yan-bu yana,
Kəsilibdir səbri, qərarı, gördüm.

Təbib olsam yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram.
Ələsgərəm, çaylar kimi çağlaram,
Ananı baladan aralı gördüm.

Hər şeydən əvvəl nəzərimizi cəlb edən böyük müqayisə, maralla ovçu müqayisəsidir. Şairin təsvirini oxuyanlar, dərhal bunların kim olduqlarını anlayırlar. Ələsgərin məharəti, sənətkarlığı, xalqın canlı təsəvvürünə, obrazlı ifadələrinə və müqayisələrinə əsaslanır. Buradakı xəlqiliyin dərin ictimai kökü vardır. Müasir şairlərimizin bəzisi şeirdə xəlqiliyi yanlış anladığı üçün, onların əsərləri sadə dildə yazılmış olsa da kütlə tərəfindən anlaşılmamış qalır. Burada kütlə deyil, şair özü müqəssirdir. Bu gün hamıya məlumdur ki, milli forma deyildiyi zaman müəyyən xalqın dil xüsusiyyətləri təfəkkür xüsusiyyətləri nəzərdən qaçırıla bilməz.

Ələsgərin lirikası xalq şerinin qızıl fonduna daxil olur. Çünki o, bədii üslubu cəhətindən xalqa bağlıdır, onun yaradıcılığı Azərbaycan poeziyasının ənənələri üzərində yüksəlmişdir. Xalq dilinin ən gözəl xüsusiyyətlərini bilən, bu dili bəzən olduqca yüksək bir şeir səviyyəsinə qaldıran aşıq Ələsgərdə müəyyən bir fikir ifadə etməyən süni misralara rast gələ bilməzsiniz. Bu, əlbəttə aşıq Ələsgərin çox bilikli, bacarıqlı, xalqı ilə yaxından bağlı bir ədəbi şəxsiyyət olduğunu aydın göstərir. O, qorxmayır, düşmənləri cəsarətlə qırmaclayır, bəzən kəskin satiraya qədər yüksəlir, din nümayəndələrini, bəyləri döyəcləyir:

Ələsgər elmində olmaz nabələd,
Doğru söylə, sözün çıxmasın qələt,
Şahiddə insaf yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim,

deyə şikayətdən artıq dərin bir qəzəb ifadə edən misralarını söyləyir. Xüsusən mollalar haqqındakı həcvində Ələsgərin qüvvətini daha aydın hiss edə bilərik:

Söyütdür zatınız, billəm, mollalar,
Çəkib boy verərsiz, barınız olmaz;
Dildən dost olarsız, könüldən uzaq,
Doğru, dürüst etibarınız olmaz.

Yoxsulun malını halal bilərsiz,
Şeytani-ləindən mətləb dilərsiz,
Əskik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.

Bütün bu faktlar göstərir ki, aşıq Ələsgərin bədii yaradıcılığı dərin ictimai köklərə əsaslanır.

Sənətkarın sazında təkcə gözəllər təriflənməmiş, bəlkə-bununla yanaşı olaraq, xalqın canına daraşan parazitlər, ikiüzlülər, namussuzlar, bəylər və mollalar döyülmüşdür. Ələsgərin sənəti eyni qüvvətini, eyni səmimiliyini və koloritini bu sahədə də mühafizə edir. O, götürdüyü bütün mövzularda sənətkardır. Onun misraları möhkəm, yürütdüyü fikirlər aydındır.

Ələsgər el qəhrəmanlarından da az bəhs eləməmişdir. Onun bütün yaradıcılığında biz hər zaman xalqın ən namuslu oğlu kimi meydana çıxan bir şair görürük. Onun bəzi əsərlərindəki bədii zəiflik isə, bu şeirləri müəyyən təsadüfi əhval-ruhiyyə təsirində söyləməsindən irəli gəlmişdir. Biz bu əsərlərin çoxunda aşığın həqiqi səsini eşitmirik. Burada sənət azdır. Çünki aşıq, dediyimiz kimi, müəyyən dərəcədə öz yaradıcılıq xəttindən ayrılmışdır.

Bu da, şübhəsiz, onun zəif cəhətlərini görmək üçün bizə imkan verir. Ələsgərin şeir formaları zəngindir, çoxtərəflidir.

Ələsgərdən öyrənmək olarmı? Əlbəttə olar və bu son dərəcə zəruridir. Dövrümüzün şairi, Ələsgər kimi səmimi, xalqa bağlı olan, onun yüksək ənənələrini ifadə edən və yalnız bu xətt üzərində irəliləyən bir sənət, yeni məzmunlu, bir sənət yaradır. Bu günün şairi əsrimizin insanlarını, onların zəngin mənəviyyatını, yüksək sevgisini, yoldaşlıq sədaqətini, qəhrəmanlığını tərənnüm edərkən bu şairin yolu ilə getməli və onu dövrümüzün səviyyəsinə qaldırmalıdır. Əlbəttə, belə olsa şair müstəqil, tam və orijinal ədəbi bir şəxsiyyət kimi meydana çıxacaqdır. Bu günkü şairlərimiz içərisində belələri vardır. Bu günkü şerimiz əsasən bu yolla inkişaf edir və bu, əlbəttə, nöqsan deyil, məziyyətdir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ağır xəbər

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmağına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarım yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qırağına çıxır, bir neçə saata açıq havada oturub, yorulanda evə qayıdırdı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.Mən qapıya yanaşdım.

7 dəq
İlk zərbə

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danışmıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum: həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasitə axtarıb tapmaq! Tədqiqat institutumuzun görkəmli alimləri mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə dönə-dönə deyirdi: “Əgər təcrübən müvəffəqiyyətlə nəticələnsə, bunun gözəl praktik əhəmiyyəti olacaq”.Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir verməliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözürdüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdhət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəbər-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüşdü. Amma biz dərdimizi ürəyimizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözləyirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulurduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən küncdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırdıq.

27 dəq
İmtahan günləri başlanır...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telləri qırmağa heç bir qərarın gücü çatmazdı...Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köçdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

1 saat 25 dəq
Ayrılıq

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

22 dəq

Başqa şairlərin şeirləri