Səhifə 1 / 4

Xəfif və bürkülü bir dumana bürünmüş Bakı da, sakit-sakit ləpələnən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılıb getdiyimə bir növ inanmırdım. Mən bir daha buraya qayıdıb-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.

Mən gəminin göyərtəsində sıxlaşmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çevrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boya-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmamış olsaydılar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də görürdüm, onu mən həyatımın son dəqiqələrində belə unuda bilməyəcəkdim, çünki mən divarlarımın dibi həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqə də, işdən yorğun-arğın qayıdıb döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı görürdüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsaydınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədib öldürdü...

Gəmi dövrə vurub açıq dənizə istiqamət aldığı zaman şəhər görünməz oldu. Daha mən sol tərəfə keçmədim. Bu qüssəli düşüncələrdən ayrılmaq üçün yalnız irəliyə, üfüqlə dənizin qovuşduğu səmtə baxdım... Göyərtənin baş tərəfində müğənni qadın dayanmışdı. Onun əlində yaylıq vardı. Tez-tez gözünün yaşını silir, içini çəkirdi. Qabardin makintoşunu qolunun üstündən asmış pəhləvan cüssəli bir kişi ona nə isə deyir, təkdənbir də əlini onun çiyninə qoyur, başını tərpədə-tərpədə sözünə qüvvət verirdi. Gəminin altından köpüklənərək çıxan suların şarıltısı kişinin dediklərini eşitməyə mane olurdu.

Bu halda göyərtədən hay-küy qalxdı. Mən də böyrümdəki sərnişinlər kimi dönüb səs gələn tərəfə baxdım. Üzünü görə bilmədiyim bir qadın çılğın səslə ucadan qışqırır, adamları köməyə çağırırdı:

– Ay aman, qoymayın, sumkanı apardılar, var-yoxum getdi!..

Sərnişinlər o dəqiqə bir yerə kütləşdilər. Qadını dövrəyə aldılar. Mən də, yanımdakı adamlar da izdihama yaxınlaşıb onu görmək istədiksə də, divar kimi qabağımızı tutmuş kütləni yarıb keçə bilmədik. Qadın hey qışqırır, aləmi başına götürürdü. Göyərtəni çulğamış uğultudan az qala qulaq tutulurdu.

Bir azca sonra gəminin kapitanı gəlib çıxdı:

– Vətəndaşlar, yol verin, bir yerə kütləşməyin!.. – deyə o, qüvvətli əllərilə özünə yol açıb, irəlilədi və çox keçməmiş, yenə izdihamı yararaq, bizim qabağımıza çıxdı. – Ay camaat, hər kəs öz yerinə qayıtsın, bu saat axtarış olacaq!

O ketdi. Bayaq məni dəniz qırağına gətirən kişiyə salam verib böyrümüzdən keçərkən gördüyüm kişi ilə bərabər qayıtdı. Onu görən kimi izdiham yavaş-yavaş seyrəlməyə başladı.

Şabalıd rəngində balaca çamadanın yanında durub hönkürə-hönkürə ağlayan qadın ortalıqda tək qaldı. Kapitan gətirdiyi kişi ilə bərabər qadına yanaşdı:

– Ağlamayın, bacı, ağlamayın, – dedi. – Siz yəqin bilirsiniz ki, sumkanızı burda oğurlayıblar? Bəlkə sahildə oğurlatmısınız?

Qadın ağlamağına ara verdi:

– Bax, bax elə bu saat oğurladılar. Bir göz qırpımında! – dedi və yaylığı ilə burnunu və göz yaşını sildi.

– Bəs görə bilmədiniz oğrunu? – deyə kapitanın yanındakı kişi soruşdu.

– Yox, görə bilmədim, – dedi. – Sumka əlimdə idi. Fikirləşdim ki, bu camaatın arasında oğru, cibgir nə gəzir. Sumkanı çamadanın üstünə qoydum. Bir də onu gördüm ki, yoxa çəkilib. Oyan-buyana ha baxdımsa, tapmadım ki, tapmadım. – O yenə yaylıqla üzünü örtüb, hönkürməyə başladı: – Öhö, öhö...

Kapitan əlini onun arıq çiyninə qoyub, sakit eləməyə çalışdı:

– Ağlamayın, bacı, əgər gəmi körpüdən aralanandan sonra oğurlayıblarsa, heç bir qorxusu yoxdur. Tapılacaq, mütləq tapılacaq!

Qadın yenə ağlamağına ara verib, çantasından danışdı:

– Pulum, boyunbağım, üzüklərim hamısı onun içində idi. Tərs kimi hamısını çamadandan götürüb, bir yerə yığdım... Qürbətdə mənə kim əl tutacaq?

Kapitan bizdən üç-dörd metr aralı kayutalardan birinin qapısı ağzında dayanmış bəhriyəlini çağırdı:

– Səlimov! Uşaqlara de ki, nə aşağıdan bura, nə də burdan aşağıya heç kimi buraxmasınlar. Özün gəl, bu tərəfi kəs!...

Bəhriyyəli yoldaşlarını səsləyib tez gəldi və ikinci klasa enən pilləkənin ağzında dayandı.

Kapitan sərnişinlərə müraciət elədi:

– Vətəndaşlar, yerinizdən tərpənməyin, bu xanımın sumkası itib, hamının şeyləri axtarılacaq.

Heç kimdən səs çıxmadı. Kapitan yanındakı adamla bərabər sərnişinlərin çamadanlarını, bağlamalarını, ciblərini, üstlərini yoxlamağa başladı. Göyərtədə toplaşmış qadınlar və kişilər cınqırını çəkmədən, təhqirdən məyus olmuş halda sakit bir vahimə içində yoxlamaya tamaşa eləyir, öz növbələrini gözləyirdilər. Çantası oğurlanmış qadın ağlamaqdan qızarmış xırdaca göy gözlərilə kənardan diqqətlə baxır, nə isə çox ümidsiz, gah əllərini tovlayır, gah da köksünü ötürərək nırçıltı ilə başını bulayırdı. İlk dəqiqələrdə yoxlamanın heç bir nəticə vermədiyini görən o biri sərnişinlərin gərgin həyəcanı yavaş-yavaş azalır, onların üz-gözündə sevinc və razılıq ifadələri canlanırdı. İndi artıq sərnişinlər kapitanın təklifini gözləmədən çamadanlarını və bağlamalarını məmnuniyyətlə açıb göstərir, “buyurun, buyurun” deyib, bəzən gülümsəyərək, bəzən də tamam etinasızlıqla, döşəməyə dağılan tuman-köynəklərini, dəftər-kitablarını yığışdırır, əvvəlki səliqə ilə yerinə qoyur, üstlərindən ağır bir yük götürülmüş kimi dərindən və rahat nəfəs alırdılar.

Mən öz bağlamamı açdım. Bədirnisa xalanın yol üçün mənə nə qoyduğunu bilmirdim. Hələ ərindən yadigar qalmış tirmə şalın arasından iki dəst alt paltarı, Müdhətin vaxtı ilə Moskvadan alıb gətirdiyi isti köynəyi, özümün yaşıl yun jaketim, Kəmalənin toxuduğu krujeva ilə haşiyələnmiş əl yaylıqları, Bədirnisa xalanın gəlinlik üzüyü, (doğrusu, bunu görəndə qadın mənim nəzərimdə bütün mənəvi gözəlliyi ilə birə-on yüksəldi), mənim heç vaxt geyinmədiyim yun corablar çıxdı.

Kapitanın yanındakı kimi mənə üz tutdu:

– Yığışdırın, yoxdur, amma üzüyü barmağınıza taxın, itirərsiniz. Paltonuzu göstərin!

Mən göstərdim. Ciblərini çevirdim.

– Yoldaş kapitan, – dedim, – bu saat hər kəs öz hayındadır...

O, mənə zənnlə baxdı, amma bir söz deməyib, o tərəfə addımladı. Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. Qarşıdan gələn sərnişin gəmisi salyut verib keçdi. Kim isə qüssə ilə köksünü ötürüb dedi:

– Hey gidi dünya, bir vaxt bu gəmi ilə Volqa səyahətinə getmişdim... Görünür daha qismət olmayacaq.

Müğənni qadının növbəsi çatdı. Onun böyründə dayanmış pəhləvan cüssəli kişi, nazik vurulmuş göyçək qara bığını tumarladı. Gülügülə dedi:

– Ceyran xanım, birdən sən oğurlamış olarsan, ha!

– Bu istehza nahaqdır, vətəndaş. Heç kəs onu oğru hesab eləmir. Mən çox gözəl bilirəm ki, Ceyran xanımın özgə malına ehtiyacı yoxdur. Biz hamının şeylərini axtarmalıyıq. Xətrinizə dəyməsin. Ceyran xanım...

– Qətiyyən, qətiyyən! – deyə Ceyran xanım çamadanını açdı.

Çox ürəkdən və məlahətli bir təbəssümlə, asan və təbii oxuduğu nəğmələrindən sonsuz bir zövq aldığım Ceyran xanımı ömrümdə ilk dəfə belə yaxından görürdüm. Onun yalnız səsi deyil, özü də gözəldi, açıq və hündür alnı, uzun, seyrək kirpiklərilə çevrələnmiş süzgün qara gözləri, dolğun, iştahalı dodaqları vardı. Uzun və gur hörüklərini arxadan sallamışdı. O, əllərini bir-birinə geydirib, ağ ipəkdən boynu krujevalı tarım koftasının dolğun və qabarıq göstərdiyi döşləri üstündə tutmuşdu. Balaca ayaqları vardı, dizinəcən enən mavi donundan aşağı mərmər kimi ağ çılpaq qıçları görünürdü. Onu, yaxşı tanıyanların hamısı tipik bir Azərbaycan gözəli sayırdı. Ancaq mənə elə gəlirdi ki, Ceyran xanımın düzgün, cazibəli sifətində və boy-buxununda, onu kişilərə daha çox sevdirə biləcək kiçik bir qüsur çatmırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 dəq
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 dəq
Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 dəq
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 dəq

Başqa şairlərin şeirləri