Səhifə 3 / 4 · 50%

– Mən bu suala cavab tapmamış, qeyri-ixtiyari onlara tərəf addımladım: “Gərək o çantanı açıb baxaydınız. Mən indi tamam arxayınam ki, onun içərisində qiymətli bir şey yoxdur. O ifritə əvvəlcə elə ağlayırdı ki, mənim ona yazığım gəldi. Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. Ancaq indi lap yəqinimdir ki, çantada beş-on manat puldan qeyri heç nə yoxdur. Qəsdən düzəlmiş fitnədir”.

Bayaqkı gödək və yoğun kişinin səsini eşitdim:

– Bacı, ay bacı, bağlamanızı götürün, düşər-düşməzi olar.

Mən əlimi tovladım: “Cəhənnəmə ki, nə olacaq, olsun!”.

Ceyran xanıma yanaşıb salam verdim.

– Məni tanımazsınız, – dedim, – ancaq mən sizi tanıyıram.

O, məmnuniyyətlə əlini irəli uzatdı. Brilyant üzüyü əlimi xəfifcə daladı. Hər ikisi mənim hərəkətimdən məmnun olub gülümsədi. Elman Ceyran xanımdan o qədər də böyük deyilmiş. Saç-saqqalında bir dənə də ağ tük yox idi.

Mən söhbətə nədən başlayacağımı bilmədim. Bayaq fikirləşdiyim sözlərin heç biri yadıma düşmədi. Yaxşı ki, Elman köməyə gəlib, məni çətinlikdən qurtardı:

– Sizi niyə?

Bu sualın mənasını soruşmaq lazım deyildi: “Sizi nə səbəbə sürgün eləyirlər?” demək istədiyi mənə aydın idi. Mən çiyinlərimi çəkdim. Ancaq bir söz deməliydim. Dedim də:

– Ərimə görə.

Ceyran xanım da söhbətə qarışdı:

– Ərinizə nə olub ki?

– Sürgündədir.

Elmanın da, Ceyran xanımın da dodaqlarındakı qüssəli təbəssüm əriyib yox oldu. Mən Ceyran xanıma müraciət elədim.

– Bəs sizi niyə?

O da mənim kimi çiyinlərini çəkdi:

– Hələlik bir söz deməyiblər. Məni gətirən adamdan xəbər aldım. “Sonra bilərsiniz”, dedi... Yəqin ki, ona deyiblər. – Ceyran xanımın azacıq qabarıq dodaqları açıq bir istehzadan əyildi. – Bilmirəm harda, hansı aktrisanı əxlaqsızlığa sürükləmişəm. O qədər ağılsız arvad deyilmiş, hərçənd ki, onun qurduğu kələk heç bir əxlaqsız aktrisanın ağlına gəlməz.

– Bəs nəyi ağıllıdır? – mən soruşdum.

– Ağıllı olmasaydı, gəmi körpüdən aralanmamış hay-küy qoparardı. O yaxşı bilir ki, burda şahid və ya sübut istəməyə imkanım olmayacaq... Dənizin ortasında kim mənim harayıma çatacaq?.. – Ceyran yanıqlı-yanıqlı köksünü ötürdü və gözlərinin yaşardığını mənə göstərməmək üçün, üzünü o tərəfə çevirdi. – Mən əxlaqsız olsaydım, heç vaxt başıma bu müsibəti gətirməzdilər...

Elman boy-buxununa uyğun gəlməyən incə bir nəvazişlə müğənni qadının açıq qolunu sığalladı:

– Ceyran xanım, – dedi. – Sən bu gün çox əsəbiləşdin. Görmürsən axırda necə çirkin böhtana əl atdılar? Özünə yazığın gəlsin, fikir vermə. Cəhənnəm. Olan olub...

Mən bayaq düşündüyüm sözləri xatırlayıb Ceyran xanıma təsəlli verməyə başladım:

– Bu fitnəni qəsdən düzəltdikləri hamımıza aydın oldu. Siz deyirsiniz, ağıllı qadındır, amma məncə yox, səfehdən də səfehdir... Özünü rüsvay elədi. Hamı ona lənət yağdırırdı. Nahaq yerə qanınızı qaraltmayın... Onu da deyim ki, əgər camaatdan qorxmasaydılar, oğru adı ilə sizə cəza verərdilər...

– Elə bilirsiniz verməyəcəklər? – deyə Ceyran xanım gözlərini silə-silə üzünü yenə mənə sarı çevirdi. – Ancaq mənim heç nədən qorxum yoxdur... Baxma belə nərmə-nazik olmağıma, cinim tutanda ağına-bozuna baxmıram... – O, necə daxili bir mətinliklə danışırdısa da, məndə onun yalnız dildə deyil, əməldə də cəsur bir qadın olduğuna inam yaranırdı. – Ax, neyləyim, qoymadılar onun vayını verim.

Elman artıq heç bir söz deməsə də, onun bığaltı gülümsəməyindən görürdüm ki, Ceyran xanımın öz heysiyyətini qoruyarkən bu cür əlliayaqlı tərpənməyi tamam ürəyindəndir.

Hava qaranlıqlaşırdı. Göyərtədəki sərnişinlər paltodan, plaşdan, yun odeyaldan yerə sərib, yatmaq üçün özlərinə yer düzəldirdilər. Deyəsən yorulan tək mən deyildim. Elman bunları görəndə, söhbəti dəyişmək üçün əlinə bəhanə düşmüş kimi dedi:

– Bağışlayın, bacı, adınızı bilmək olarmı?

– Olar, niyə olmaz? – dedim. – Adım Səmirədir. Səmirə Aydın.

– Bağlamanızı gətirin, burda birtəhər yer düzəldim. Görürəm, yorğunsunuz. İstəsələr də, bu qədər adama kayutalarda yer çatmaz.

Mən təşəkkür elədim:

– Nə üçün zəhmət çəkirsiniz? Hamı necə, mən də elə. Birtəhər büzüşüb yataram.

– Yox, yox, görürəm təksiniz. Azərbaycanlı qızı, uzun yol. Başa düşürəm. Çətindir... Hə, Ceyran?

– Əlbəttə, əlbəttə, – deyə müğənni qadın onunla razılaşdı. – Səhərəcən ayaq üstə, yuxusuz qala bilməzsiniz... Düzəlt, Elman... Yaxşı ki, palto götürmüsünüz. Nə qədər hap-gop eləsək də, hər halda qadınıq...

Onlarla bu cür tez dostlaşdığıma elə sevinirdim ki, Elman öz bağlamasını açdı. Möhkəm ehtiyat görmüşdü. Üstü qayışlı bağlanmış yekə brezent çantasından yun odeyal, başlıqlı yapıncı və hava ilə doldurulan yastıq çıxardıb, səliqə ilə döşəməyə sərdi:

– Mən heç... – dedi, – mən kəndçi babayam. Belə şeylərə öyrəşmişəm. Ömrümün çoxu çöldə, yamacda keçib... Yuxusuz da qalsam dözəcəyəm... – O, məni gözləmədən bağlamamı gətirməyə getdi.

– Ceyran xanım, yoldaşınızdır, hə? – deyə soruşdum.

– Bəli, ərimdir... Mənimlə gedir. Əvvəlcə onu gəmiyə buraxmaq istəmirdilər. Təsadüfən rəislərdən köhnə bir tanışına rast gəldi. Xeyli minnət-sünnətdən sonra razılıq aldı.

Elman bağlamamı gətirdi:

– Bu yastıq əvəzinə... Hava tamam soyusa, paltonuzu üstünüzə salarsınız...

– Çox sağ olun, – dedim. – Mən istəsəm də yata bilməyəcəyəm

Yenə söhbətə girişdik. İndi də onlar mənə sual verirdilər:

– Kimlərdənsiniz? Harda işləyirsiniz? Yoldaşınız nəçidir?

Mən hamısını danışdım. Qızlarımdan söz düşəndə, Ceyran xanım qəmli-qəmli köksünü ötürüb dedi:

– Mənimkilər çox balacadırlar. Anamın ümidinə qoyub gəlmişəm. Axı, bilmirik hara gedəcəyik, necə yaşayacayıq... Aktrisa olmağıma baxmayın, mən uşaqlarımı o biri analardan az sevmirəm...

– Bu nə sözdür, Ceyran xanım, – dedim-aktrisaların ürəyi daha nazik deyilmi?

– Görmədiniz o ifritə nə deyirdi?.. Ancaq mən yaxşı bir məsəl bilirəm: “Çaqqal var gödən dağıdır, qurdun adı bədnamdır”. Elə pozğun tiplər var ki, artistlər onların yanında toya-bayrama getməlidir...

Mən yorulmuşdum. Oturub dincimi almaq istəyirdim. Amma buna baxmayacaq, Ceyran xanımla Elmandan əvvəl uzanmağa utanırdım.

Qaranlıq üfüqdən on beş günlük ay doğdu, dənizin sakit suları üzərinə işıq zolaqları töküldü. Hər tərəfə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi...

Mən çox bərk yorulmuşdum. Ceyran xanımın uzandığını görüncə, mən də Elmandan üzr istəyib, odeyalın üstündə oturdum. Bir az sonra isə büzüşüb uzandım. Elman üzünü aya sarı çevirib, papirosunu sümürürdü. Gözümə necə yuxu getdiyini xatırlamıram. Oyanıb ətrafa boylananda, irəlidə sarımtıl, çılpaq təpələri gördüm. Bura artıq sahil idi. Biz, Krasnovodska çatırdıq...

Gəmimiz limana yaxınlaşdıqca, sərnişinlərin bəzisi dəmir məhəccərə söykənib sahilə baxır, bəzisi gərnəşir, bəzisi axşamdan yerə sərdikləri paltar-palazı yığıb bağlayır, kimisi köhnə adəti üzrə səhər gimnastikası ilə məşğul olur, kimisi yüngülvari qəlyanaltı eləyirdi. Məndən əvvəl oyanmış Elman Ceyran xanımın böyründə bardaş qurub, nə isə çox fikirli halda papirosunu tüstülədirdi. Çox keçməmiş, Ceyran xanım da oyanıb, ətrafına göz gəzdirdi, harda olduğunu xatırlayan kimi qaşqabağını salladı, dərhal çantasını açıb əl boyda güzgü çıxartdı, yan tərəflərdən azacıq pırtlaşmış saçlarına sığal verdi və birdən məni görüb, qəşəng sifətinə çox yaraşan səmimi bir təbəssümlə gülümsündü:

– Harda, hansı şəraitdə olsaq, gərək bizim səliqəmiz pozulmaya, hə, Səmirə xanım?

Mən də istər-istəməz gülümsündüm və onun sözlərini təsdiqlədim:

– Əlbəttə, elədir. Amma bu şərtlə ki, ürəyində bu qədər niskilin olmaya...

– Yox, – dedi, – heç nəyi vecimə alan deyiləm. İnsan dünyaya bir dəfə gəlir. Bəlkə elə bu günü də görmək lazımmış.

– Başa düşürəm, – deyə mən onun ürəkdən gələn bu sözlərindən xoşlandığımı gizlətmədim. – Sizin həyata fəlsəfi baxmağınız heç də pis deyil.

– Fəlsəfi ya qeyri-fəlsəfi, mənim prinsipim belədir. Ürəyim nə təhər istəsə elə də eləyəcəyəm. Heç bilirik sabah başımıza nə gələcək? Dünən Elmana deyirdim. Əgər bundan sonra məni güllələməyə aparsalar da öz prinsipimi pozmayacağam, dodağımda pomada, əynimdə ən çox sevdiyim libas, ayağımda da təzə modalı tufli. Mahnı oxumaq da öz qaydasında.

– Məni bağışlayın, Ceyran xanım, – dedim. – Dünən körpüdə bu prinsipinizi pozdunuz, şikəstə oxuyub hamını kədərləndirdiniz. Mən belə hiss elədim ki, o mahnınızla hər şeydən əvvəl öz dərdinizi açıb söyləyirdiniz.

– Qətiyyən yox! Mən körpüdən camaata demək istəyirdim ki, bundan sonra daha da eşqlə oxuyacağam. Qoy məni elimdən, obamdan ayıranlar yanıb yaxılsın!.. – O, kimisə hədələyirmiş kimi uzaqlara baxdı. – Səsimi əlimdən almayacaqlar ki?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kərəm əfsanəsi

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıyırdılar.Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.

19599 dəq
Şeytanın barmağı

Təmsil*Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cındırından cin hürkürdü. Özü də arıq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən külfəti acından batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydığını say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyruqlarını tərpədir, kəndlinin hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağa çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərblə ağzıüstə yıxıldı və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

19594 dəq
Rəqiblər

I**– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

196423 dəq
Yeraltı çaylar dənizə axır

Birinci hissə**Səmirə Aydın bizim köhnə dostumuzdu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıncı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamısından əvvəl o gəlmişdi. İlk sevgilisi Müdhətlə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağzının sağ tərəfi həmişə yuxarıya dartılmış kimi göründüyündən, nazik dodaqları elə bil gülümsəyirdi. Bu ifadə onun sifətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq süzəndə dirsəyə qədər açıq qolları ilan kimi qıvrılır, bütün bədəninin sümükləri elə bil əriyib yox olurdu. Onun rəqsi tək məni və Gülnisa xanımı yox, çoxlarını heyran qoyurdu. Toy məclisimizə gəlmiş qızlar arasında özünün zahiri gözəlliyi ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəziləri Hüseyn Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

4 dəq

Başqa şairlərin şeirləri