Rəqiblər
Səhifə 1 / 4
I
– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?
– Bəli, soyumaz! Niyə də soyusun? And olsun, əlimə fürsət düşsəydi, onu lap çarmıxa çəkərdim!..
Yox, inan mən bu sözlərin ürəkdən gəldiyinə inanan bilmirdim. Amma qəribə idi ki, usta Pirvəli nə əsəbiləşirdi, nə də hissə qapılırdı. Əksinə, həmişəki kimi, yenə də səbirli və soyuqqanlı idi. Eşitmişdim, görməmişdim: acığını üzə vurmayan insanların qəzəbi doğrudan da dəhşətli olurmuş. Usta Pirvəlini tanımayan bir adam bu dəqiqə onun sakit, lakin rəhmsiz baxışlarını görsəydi, düşünə bilərdi ki, bu qoca öz rəqibini çarmıxa çəksə uf da deməz. Elə əslinə baxsan, az qalmışdı mən də onun barəsində fikrimi dəyişim, sanki o, mənim nəzərimdə artıq indiyəcən yaxşı tanıdığım, xətrini istədiyim, hər dəfə görəndə ehtiramla salamladığım məşhur usta Pirvəli deyildi. Sadəliyinə, mehribanlığına və alicənablığına çoxdan bəri heyran olduğum bu insan birdən-birə nə üçün belə dəyişmişdi? Hansı təsadüfi və ya mühüm bir səbəb onu Heybət kimi köhnə bir dostundan üz döndərməyə məcbur eləmişdi? Bu barədə ona sual verməyə hazırlaşırdım ki, o gözləmədiyim halda, geriyə döndü, zorba pəncələrini ağır-ağır döşəməyə basaraq, qapıya doğru addımladı.
– Usta!.. – deyə mən əlimi qeyri-ixtiyari yuxarı qaldırıb, dayanmağını xahiş elədim.
O, çiyni üzərindən mənə baxıb, ayaq saxladı:
– Buyur!
– Buyurmaq yox, ərz eləmək istəyirəm, – dedim. Zahirən çox sakit görünsəniz də nədənsə qəzəblənmisiniz. Bayaqdan bəri danışdığınız sözlər də sizə heç yaraşmır. Nə olub ki?
Yuxusuzluqdan kiçilmiş və qızarmış göz qapaqları büzüşdü. Qalın dodaqlarında kinayəli bir təbəssüm titrədi, mis rənginə çalan, dolğun və ətli yanaqları dartıldı, bütün sifətinə boğuq bir qızartı çökdü, alnının sərt qırışla örtülmüş dərisi xal-xal oldu.
– Hımm... Guya bilmirsən? Lap yaxşı bilirsən, məndən də yaxşı... Ancaq mən qarnım üçün deyiləm, qədrim üçünəm. İndiyənətən belə fikir eləyirdim, Heybət də mənimkidir, ona nə versələr, mənim də payım var. Amma indi baxıb görürəm, yox, məni gözdən salırlar. Bu cəhənnəm, mənim gördüyüm iş də gözdən düşür. Bu ədalətsizlik gərək Heybətin özünü qəzəbləndirəydi. Bir halda ki, o dinmir, deməli vicdanı təmiz deyil!..
– Bildim, usta, bildim nə deyirsən.
O, görünür, elə bu sözə bəndmiş. Bir an içində səbri də, təmkini də yox olub getdi. O, səsinə güc verdi:
– Bəs sən rəisimiz deyilsən? Niyə ağzına su alıb oturmusan?
– Usta, – dedim, – ordeni də, fəxri adı da mən vermirəm. Siyahıları mən düzəltmirəm... Özün bilirsən ki...
O, sözümü ağzımda qoydu. Yenə də ağır, amma zəhmli addımlarla stoluma yanaşdı, sağ əlini sırıqlı pencəyinin cibindən çıxartdı, mənə doğru meylləndi. Düşündüm ki, məni yalançı adlandırıb, vəl tayına bənzəyən zorba və qabarlı əlini çiynimə endirəcək, sümüklərim xurd-xəşil olacaq. Mən o dəqiqə müvazinətimi itirdim və özümü bu təhlükədən qurtarmaq üçün təsirli bir ifadə tapdığımı güman eləyib, kəkələdim:
– Aaa, usta, ömrünüzdə heç adam öldürmüsünüz?
Elə bunu demiş oldum. Qocanın dodaqları səyridi. Nəfəsi daralmış kimi kəsik-kəsik soruşdu:
– Nə?.. Nə?.. Nə dedin?
Mən cavab üçün söz tapmadım. Canımı üşütmə aldı. Udqunmaqdan başqa çarəm qalmadı. O, mənə lap yaxın gəldi. Saysız-hesabsız qığılcım saçan qonur bəbəklərindən gözümü ayırmağa məcbur oldum. Bu dəfə də səsini yavaşıtdı, lakin israrla tələb etdi:
– Bir də de görüm!
Aramızdakı gərginliyə dözmək üçün dəmir əsəb lazım idi. Bir neçə dəqiqə də susub ona cavab verməsəydim, usta Heybətim qisasını məndən alacağına heç bir şübhə ola bilməzdi. Onun hər səsində bir xırıltı da eşitdim:
– Bir də de!
Mən sualımı təkrar elədim:
– Soruşurdum ki, ömrünüzdə heç adam vurmusunuz?
O, gözlərimin içinə rəhmsiz bir hədə ilə baxdı. İki-üç dəfə başını buladı:
– Yox, – dedi. – Sən onu soruşmadın. Niyə belə tez yadından çıxdı?
Artıq hər bir sözümə irad tutduğunu görəndə, zorla gülümsədim.
– Usta, – dedim, – axı belə dostluq olmaz. Hər kəlməmdən yapışıb bu cür tərs danışmaq nə üçündür? Birdən-birə xasiyyətiniz elə dəyişdi ki...
Bu sözlərim də xətrinə dəydi. O, aramışdakı dostluq tellərini qırmağa təəssüflənmədən, səsinə daha yabançı bir ifadə verdi:
– Boş danışırsan! Kişinin xasiyyəti dəyişməz. Mən hər gün bir cildə girən, əldə qayırma kişilərdən deyiləm. Sən soruşdun ki, adam öldürmüşəm, ya yox? Doğrudur, sən universitet oxumusan, mən kəmsavadam, ancaq vurmaqnan öldürməyin təfavütünü bilirəm. Söz məsəli, məni heç kim vurmayıb, amma diri gözlü öldürmək istəyənlər olub... Mən adam vurmağına vurmuşam, ancaq bir Allah bəndəsini öldürmək xəyalına düşməmişəm. Bax. Bunu görürsən? – Usta sağ əlini irəli uzadıb gözümün qənşərində oynatdı. – Vuranda bərk vurmuşam. Mənim düdəməyi-hindiyəmi yeyən çul kimi yerə sərilib, amma ölməyib... Ölməyini istəməmişəm. Mən sənin üçün nəyəm məgər? qulduram, yoxsa cəllad?
– Usta, – deyə mən ona cavab verəndə, nə qədər istədimsə, səsimin titrəyişini gizlədə bilmədim, belə görünürdü ki, canımdakı üşütmə hələ tamam yox olub getməmişdi. – Axı, mən nə quldur sözünü dilimə gətirdim, nə cəllad...
– Hələ bir gətirmək də istəyirdin?
Gözlərim onun əlinə zilləndi. Çiynimə dəyəcək zərbədən vaxtında yayınmaq üçün bir az da geriyə çəkilmək məsləhətdir. Deyəsən, o qorxduğumu yalnız indicə hiss eləyib, əlini şalvar cibinə saldı və qəhvəyi rəngli tütün qutusunu çıxardıb, uzun bir papiros bükdü, dodağı ilə kağızı yalayıb, zor-güc yapışdırdı, döş cibindən çıxartdığı patron çaxmaqla papirosunu alışdırdı, qəzet kağızının hisli tüstüsünü havaya buraxdı və yalnız bundan sonra ürəyini boşaltdı.
– Özgə vaxtı haqdan, ədalətdən dəm vurursunuz. Camaat qabağında danışanda, ağzınıza çullu dovşan sığışmır, bəs nə tövr olur ki, birinin haqqını verəndə, o birisi yadınıza düşmür?.. Bax, mən deyənə yaxşı mültəfit ol. Ömrümdə şöhrət və mükafat üçün işləməmişəm. Hələ bir yerdə bu barədə danışdığımı da görən olmayıb. Ancaq mənim yüzdən çox şagirdim var. Hərəsi bir peşə sahibidir. Orda-burda pıçıldaşırlar ki, yaxşı işlədik, olduq Pirvəli. Ona nə qiymət qoyublar? İndi gəl, əyri oturaq, düz danışaq. Heybət məndən artıq neyləyib? O, əlli buruq qazıbsa, mən altmışını qazmışam. O, qırx il fəhlə olub, mən qırx iki il olmuşam. Dənizdə beş quyusu var, mənimki səkkizə çatır. Bəlkə uşağı çoxdur? Yox, burda da ondan geri deyiləm, intəhası mənimkilərin üçü qız, biri oğlandır. Heybətinkilərin biri qız üçü oğlandır. Nə olar ki? İndiki qızların hərəsi bir iyidə bərabərdir!.. Bəlkə o partiyanı, dövləti məndən çox istəyir. Bunu da deyəmməz!
Mən onun könlünü almaq üçün ürəkdən təsdiq elədim:
– Əlbəttə, usta, əlbəttə! Siz saçınızı xalq yolunda ağartmısınız. Siz bunu deməsəniz də, mən bilirəm!
– Sən bilirsən, görünür bilmiyənlər də var!
– Yox, usta, bu nə sözdür? Siz nə danışırsınız?
Bu təsəllim onu daha da haldan çıxartdı. Hirsli-hirsli papirosunu sümürüb, kötüyünü bükmələdi və mənim külqabıma atdı:
– Nə danışıram? Düz demirəm, vur başımı yar!.. Yoxsa mənə danışmağı da qadağan eliyəcəksən? Bəlkə, mən yığıncaqlarda az boşboğazlıq elədiyimə görə günahkaram! Bayram oldu, Heybət tribunada, qurultay oldu, Heybət prezidiumda! Qəzetdə Heybət, jurnalda Heybət, radioda Heybət, kinoda Heybət! Az qalıb ki, televizoru da Heybətin evinə köçürdələr. O gün qarım soruşur ki, “Ay Pirvəli, niyə sənin baxtın gətirməyib? Niyə sənin haqqını alıb, Heybətə veriblər?” Mən də özümdən çıxıb, ona dişimin dibindən gələni dedim... Sonra da peşman oldum. Uzun götür-qoydan sonra gördüm ki, yazıq arvadın heç günahı yoxmuş... Şəxsiyyət, şəxsiyyət deyib durursunuz. Elə o zamandan mənim başım qapazlı olub. Niyə ki, durub filankəsi tərifləməmişəm, deməmişəm ki, sən olmasan, biz batarıq... Görürsən ki, onsuz batmadıq!..
Mən onun sözlərinə qüvvət vermək istədim:
– Axı, ay usta, – dedim, – ancaq o, fikrimi düz başa düşməyib, az qala qışqırdı:
– Sözümü kəsmə! Ömrümdə bir yol da mən boşboğazlıq eləsəm, dünya dağılar?
– Usta, ay usta...
– Görünür, ustalıq azmış, gərək dil ustası olmağı bacarasanmış! – deyə o, yaşına o qədər də uyğun gəlməyən bir çevikliklə döndü və mənimlə vidalaşmadan çıxıb getdi.
II
O günün sabahısı usta Pirvəlinin dəniz buruğuna getməliydim. Ancaq dünənki söhbətimizdən sonra tərəddüd eləyirdim, düşünürdüm ki, indi o, hər sözümdən inciyir və əsəbiləşir. Aradan üç-dörd gün keçsə yaxşıdır, qoy bir az hirsi soyusun, mənim günahkar olmadığımı başa düşsün, görsün ki, mənə o cür ağır cavablar qaytarmaqla o qədər də haqlı deyil. Usta Pirvəli kimi adamlar adətən, hər növ saxta qürur hissindən uzaq olurlar, dünən tutduqları ədalətsiz işin bu gün dərin peşmançılığını çəkirlər, nahaq incitdikləri adamlardan bəzən hətta üzr belə istəyirlər. Mən buna inandığım üçün, bir qədər səbr eləməyi qərara almışdım, ancaq gündüz növbəsinin qazmaçısı Qürbət Kərim mənə zəng eləyib dedi ki, hələ dünən səhər gətiriləsi gematiti gözləməkdən gözümüzün kökü saralıb, avara-sərgərdan qalmışıq... Mən telefonda danışa-danışa ayrı bir səs də eşidirdim, başa düşürdüm ki, Pirvəli özü onun böyründə dayanıb, diktə eləyir, Qürbət Kərim isə onun sözlərini artırıb-əksiltmədən, tutuquşu kimi təkrar eləyir:
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-reqibler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştirak edənlərNizami Gəncəvi*
Birinci şəkilGəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.*Qivami**
İkinci şəkilQədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.*Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.*
Üçüncü şəkilBərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.*Çingiz**
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
تا شهنشاهِ جهان گردید مهمانِ وزیرمتّفق دید آسمان بختِ جوان با رایِ پیر
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz