Bərdə şəhərində geniş bir həyət. Bir tərəfdə uca saraylar, o biri tərəfdə isə, Əbdəkin evi görünür. Hava yeni-yeni işıqlanır. Əyri-üyrü küçə ilə Toğrul və Çingiz gəlir.

Çingiz

Toğrul, bizdən başqa şəhərdə bir başıpapaqlı qalmamışdır. Vəhşi xəzərlərin birini də sağ buraxmayacağıq. Niyə dayandın? Bəri gəl, gecikərik.

Toğrul

Dayan, Çingiz! Heç olmasa bircə dəfə Afaqın üzünə baxım. O, həmişə bu vaxtlar bulağa su gətirməyə gedir.

Çingiz

Bu saat hamı qalanın bürclərinə dolub, şəhəri mühafizə edir. Biz də səngərdə olmalıyıq.

Toğrul

Mən onu sevirəm, Çingiz, Afaqı görmədiyim zaman elə bil yaşamıram.

Çingiz

Bəri gəl, hər şeyin vaxtı var. Ölməyib sağ qalsaq, yenə Afaqı görüb dərdini söylərsən.

Toğrul

Əbdək, bacım Dəstəgülün könlünü ovladı. Amma Afaqı mənə layiq görmədi. Mənim elçimi geri qaytarmaq? Mən Əbdəkdən intiqam alacağam. Mən indi qollarımda aslan qüvvəsi duyuram.

Çingiz

Gedək, Toğrul, üç-dörd gün bundan əvvəl meşədə Əbdək qoca bir aslanı böyrü üstə yıxıb, dərisini boğazından çıxartdı.

Toğrul

Sən özün gördünmü?

Çingiz

Gördüm, gördüm. Əbdək onunla bir xeyli güləşdi. Axırda aslan tab gətirməyib dizlərini yerə qoydu, sonra da Əbdək qılıncla boynunu vurdu.

Toğrul

Məni qorxudub fikrimdən daşındırmaq istəyirsən? Yox, yox, Əbdək ölməsə, mən ölməliyəm.

Əbdək gəlir.

Əbdək

Bütün şəhərin igidləri qanlı vuruşma meydanındadır. Siz kimi gözləyirsiniz?

Toğrul

Aha, sən öz ayağında gəlib çıxdın. Səni öldürəndə bir dəfə də uf desəm, anamın südü mənə haram olsun.

Əbdək

Toğrul, sənin başına havamı gəlmişdir? Elimiz, obamız alov içindədir. Amma sən dostuna qılınc qaldırırsan. Ar olsun sənə, Toğrul, ar olsun!

Toğrul

Sən məni el içində rüsvay etdin. Sən Afaqa göndərdiyim elçini geri qaytardın. Mənim elçimi geri qaytarmaq?

Çingiz

Bəsdir, Toğrul. Bu sözlərin yeri deyil. Sən Əbdəkin yanında bizim cəngavər şənimizə ləkə vurma, gedək!

Toğrul

Sən mənim dostumsan, yoxsa düşmənim? Siz məni Afaqdan ayırmaqmı istəyirsiniz?

Qılıncını çəkir.

Əbdək

Qılıncla sevgi tutmaz, Toğrul! Sən cəngavərsən, get qılıncınla düşmənə zərbə endir!

Toğrul

Mənə ağıl öyrətmə, qorxaq!

Vuruşurlar.

Çingiz (onları aralamağa çalışır)

Toğrul, ayrılın! Əbdək, bəsdir! Vəhşi xəzərlər irəliləyir. (Çağırır) Köməyə gəlin! Köməyə gəlin! (Onlar daha da bərk vuruşduğu zaman, Afaq evdən hövlnak çıxıb, onların arasına girir)

Afaq

Qardaşım, bu nədir? Siz nə edirsiniz?

Əbdək

Mənim sevimli bacım, qorxdun, eləmi?

Afaq

Vətənin cəngavərləri belə mi ad çıxarırlar? Bülbüllər ötən gözəl şəhərimiz bayquş yuvasına dönsə, siz müqəssir olacaqsınız!

Əbdək

Sən get, bacıcan! Mən ona sevməyin qaydasını öyrədəcəyəm.

Toğrul

Aman Allah, onu son dəfə gördüm. Onun çöhrəsi gözlərimi qamaşdırdı. Daha mən düşmənimi görə bilmirəm.

Afaq

Əbdək, əziz qardaşım, sən nə edirsən? Dəstəgülün qardaşına əl qaldırmaq?

Əbdək

Günah məndə olmadı, Afaq. O, məni qorxaq adlandırdı. Eh, görünür, taleyim belə imiş! İndi mənimlə Dəstəgül arasında tikanlı bir ağac bitdi. Məndən Dəstəgülə salam yetirməyi unutma. De ki, Əbdək ölüm dəqiqələrində də onun eşqindən qüvvət alacaq.

Afaq

Deyərəm, qardaşım, deyərəm.

Əbdək

Mən aslanı bu qılıncla öldürmüşdüm. Al, mən həmişə yanında olmayacağam, özünü də, Dəstəgülü də düşməndən qoru!

Afaq

Sağ ol, qardaşım. Heç bir düşmən mənim üçün qorxulu deyildir.

Əbdək

Sağlıqla qal, mənim igid bacım! (Gedir)

Afaq (qılıncı divara söykəyir)

Toğrul, Toğrul, sən məni qılıncla xatırlayırsan. O isə... Ah, ey böyük Tanrı, mən onun sözlərini bir də eşidəcəyəmmi? (Qılıncı götürərək) Yox, bu qanlar, məni də, sevgimi də vaxtsız öldürəcəkdir. Amma nə üçün? İnsan dünyaya böyük bir məhəbbətdən zövq almaq üçün gəlməyirmi? (Bu anda Dəstəgül çiynində səhəng, bulaq başından qayıdır) Of, Dəstəgül, Əbdək, bax, indicə getdi, görüşdünüzmü?

Dəstəgül

Yox, tale bizi görüşdürmədi. Mən onu çeşmə başında, çinarın altında çox gözlədim. Yenicə doğan günəşi onsuz qarşıladım.

Afaq

Əbdək çox kədərli idi. Sənə dönə-dönə salam yollayırdı.

Dəstəgül (səhəngini yerə qoyur)

Mənim də könlüm dərdlidir. Afaq, ölümə gedən Əbdək deyil, mənim eşqimdir. Ölüm Bərdəni qara bulud kimi çulğamışdır. Hara baxırsan, səssizlikdən qulaq tutulur. Şəhər elə bir qəbiristandır. Bu əlindəki qılınc nədir?

Afaq

Əbdək verdi, “lazım olar!” dedi. Eh, Allah bilir kim öləcək, kim qalacaq...

Dəstəgül

Qoy biz mahnı səsi eşidib, ölümü unudaq, Afaq. O gözəl nəğməni oxusana!..

Afaq (qılıncı divara söykəyir)

Bax, gün doğdu. Necə də parıldayır. Bizim də bəxtimiz belə parıldasaydı! (Rudunu götürüb sinəsinə basır) Dəstəgül, görəsən bir də ona rast gələcəyəmmi?

Dəstəgül

Kimə, kimə, Afaq?

Afaq

Heç, o bir xəyal kimi göründü. Bir xəyal kimi də süzülüb getdi. Əbdək onun qəzəllərini oxuyurdu. Nə gözəl şair imiş! Hər sözü bir hicran qədər güclü idi. (Rudunu çalır, həzin və titrək bir səslə oxuyur):

İndi ki, mən həsrət qaldım bu dünyada bir dildara,
Səyyah kimi üz qoymuşam bu diyardan, o diyara.
Könlümün bu qəmlərini, ciyərimin al qanıyla,
Çoxdan bəri hey yazıram qayğı bilməz divarlara.

Cəbhədən müdhiş bağırtılar eşidilir, qılınc səsləri get-gedə yaxınlaşır. Afaq, Dəstəgül həyəcanla o tərəfə boylanırlar.

Dəstəgül

Bax, görürsənmi? Xəzərlər şəhərə doluşdu. Bərdənin qanlı günləri başlandı. Of... Adamın tükləri ürpəşir. Niyə insanlar vəhşi heyvan kimi bir-birini yeyir. Bu qırğınlar nə üçündür, Afaq?!

Afaq

Bir qarış torpaq üçün. Tökülən qanlar, ölən insanlar, göz yaşları – hər şey, hər şey bu qara torpaq üçündür. Aman ya rəbbi, o qoşundurmu, yoxsa ucsuz-bucaqsız bir insan dənizidirmi?

Dəstəgül

Gəl, Afaq, gəl biz də köməyə gedək!

Bu zaman şəhərdən qalxan alov havada əks edir. Qızlar sarsılaraq baxırlar.

Afaq

Od vurdular, yandırdılar. Oh, gözlərin çıxsın, vəfasız dünya!

Dəstəgül

Ora bax, Afaq, oxlar göydən quzğun kimi tökülür.

Afaq

Bizimkilərdən yıxılanlara bax. Can, gör necə vuruşurlar!

Dəstəgül

Gəl, Afaq, gedək onların yarasını bağlayaq! Bəri gəl.

Dəstəgül Afaq ilə bərabər getmək istərkən, birdən dayanırlar. Gözləri böyümüş halda dal-dalı addımlayırlar.

Afaq

Bu nədir, mən yuxumu görürəm? Dəstəgül, o gətirdikləri Əbdək deyilmi?

Dəstəgül

Yox, yox, o deyil! Ola bilməz! (İki nəfər cəngavər qollarının üstündə, bərk yaralanmış Əbdəki gətirib çardağın altında yerə uzadırlar. Dəstəgül dəhşətdən böyümüş gözləri ilə ona baxır)

Afaq (qardaşının üstünə atılaraq)

Of... Əziz qardaşım. Kaş ki, gözlərim kor olaydı, sənin bu qanlı sinəni görməyəydim!

1-ci cəngavər

Namərdlər arxadan vurdu, qızım. Toğrulun qılıncı daldan dəydi.

Dəstəgül

Yox, yox, bu ola bilməz! Toğrul Əbdəkimi vurdu?

1-ci cəngavər

Ağlama qızım, ağlama Afaq! Belə mərd igidlərin bacısına göz yaşı yaraşmayır.

Əbdək

Məğlub olduq, bacıcan! Düşmənlər qabaqdan ox yağdıranda, dostlar daldan qılınc vurdular. Qan su yerinə axdı...

1-ci cəngavər

Qızım, Afaq, sən bunun yaralarını bağla. Biz yenə qayıdarıq! Gedək, bir də bəxtimizi sınayaq!

Dəstəgül

Əmican, bəs Toğrul özü hanı?

1-ci cəngavər

Toğrul? (sükut edərək) O sənin nəyindir?

Dəstəgül

Qardaşımdır; yoxsa onun başına bir iş gəldi?

1-ci cəngavər

Təqsir özündə oldu, qızım. Öz doğma balam da olsaydı, mən onun günahından keçməzdim!

Dəstəgül

Demək ölmüşdür! (Ağlayır)

1-ci cəngavər (Dəstəgülə)

Qardaşın vətənə ləkə vurdu. Mən onun atası olsaydım göz yaşıma heyfim gələrdi. Gedək! (Cəngavərlər gedirlər)

Əbdək

Ağlama, Dəstəgül! Yaxın gəl, yaxın gəl, məni vuran sənin qardaşın Toğruldur. Onun qılıncı düşmənə yox, sevgiyə dəydi! (yerində dirsəklənərək) Ağlamayın, mənim əzizlərim. Mərd igidlərimiz qılınc çaldı, ox süzdürdü. Qalanın qapılarında xəzərlərin qəbri qazıldı. Of, mən ölürəm... Aşiq olanlara ölüm də xoşdur. Dəstəgül! (Yıxılır)

Afaq

Get ananı çağır, Dəstəgül! (Dəstəgül yüyürüb gedir) Əziz qardaşım, mən and içirəm qanını yerdə qoymayacağam! (Birdən sükut edərək) Ancaq mən kimdən hayıf alacağam?

Bu halda həyətə doluşan xəzərlər müxtəlif tərəfə dağılışırlar. Onlardan biri Afaqı görüb dayanır.

Xəzər

Aha, Bərdə gözəli, yanaqların yeni doğmuş ay, gözlərin ahu gözləridir.

Afaq (səksənir)

Sən kimsən? (Qorxub geri çəkilərkən, gözü qılınca sataşır, tez onu götürür) Çəkil!

Xəzər

O incə barmaqlara polad qılınc yaraşmayır. Bərdə gözəli, at yerə o qılıncı, təslim ol! Səni zəngin saraylara qənimət aparacağam, mənim də küskün taleyim güləcək. Təslim ol!

Afaq

Bir addım da irəli gəlsən, öz qanında boğulacaqsan!

Dəstəgülün səsi

Afaq, köməyə gəl! Afaq!..

Xəzər

Bax, onu da aparırlar. Bu gündən sonra bütün Bərdə gözəlləri bizim ixtiyarımızdadır.

Afaq (o tərəfə yüyürmək istəyərkən, Xəzər onun yolunu kəsir)

Çəkil deyirəm sənə! (Qılıncla kəskin bir zərbə endirir) Unutma ki, Bərdə qızlarının beşiyi köhlən at belidir, oyuncaqları da polad qılınc!

Vuruşurlar.

Xəzər

Qorxusundan yanağında göz yaşı parıldayan bu qız qılınc oynatmağı da bacarırmış. Sən qılınc zərbəsinə dözməyəcəksən! Gedək zəngin saraylara!

Afaq

Doğma gülşənini sevən bülbülün ən böyük düşməni qızıl qəfəsdir. Saraya məni yox, mənim vurduğum qılınc yaralarını hədiyyə apar! Al, bu da biri! (Xəzəri vurur. O, dizi üstə qapanır)

Xəzər

Köməyə gəlin! Köməyə gəlin! (Afaq ona yaxınlaşır) Amandır, məni öldürmə, yalvarıram, keç günahımdan.

Afaq

Ye bu torpaqdan doyunca!

Xəzər

Mən bu torpağı necə yeyim?

Afaq

Elə isə öləcəksən!

Xəzər

Yalvarıram, sənə əzrail olmaq yaraşmayır, sən mələksən!

Afaq

Ye bu torpaqdan, deyirəm sənə.

Xəzər

Sizlərdə adət belədirmi?

Afaq

Bəs bu qədər vuruşmaq, günahsız insan qanı tökmək, bu gözəl sarayları yandırıb külə döndərmək nə üçündür? Qoy səni göndərənlər bilsinlər ki, adətimiz belədir! Düşməni məğlub edəndə, biz ona doyunca torpaq yedirdirik. (Vurub öldürür. Yüyürüb Dəstəgül tərəfə getmək istərkən, bir dəstə xəzər onu əhatə edir. Afaq yenə də vuruşur, amma qılınc əlindən yerə düşür)

Bir Xəzər

Aparın, bu mələk saraylara layiq bir hədiyyədir.

Afaq

Əbdək, qardaşım, gəl!

Dəstəgülün səsi: “Yox, məni apara bilməyəcəksiniz, ölərəm, getmərəm!” Afaqı sürüyüb aparırlar. O, dartınırsa da, xəzərlərin qolları arasından çıxa bilmir. Bu zaman Əbdək gözlərini açır. Güclə özünü doğruldaraq yüyürmək istərkən yıxılır. Sürünə-sürünə irəliləyir.

Əbdək

Ulu Tanrım, sən özün şahid ol ki, müqəssir mən deyiləm! (Yenə sürünür) Əlvida, Afaq, əlvida!

Gücdən düşüb üzü üstə yıxılır

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri