Səhifə 1 / 2

Şamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...

Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.

Şamil

Sənə ölüm cəzası belə azdır.

Soltan

Mənim günahım nədir, imam?..

Şamil

Günahın?.. İki yüz müridi sən qırğına verdin, sən!.. Bu xəyanətdir, yoxsa qorxaqlıq?..

Soltan

Heç biri, imam... Mən dediyiniz yerdən hücuma keçdim... Ancaq oradakı qoşun geri çəkilmişdi...

Şamil (daha da acıqlı)

Sən hələ mənə yalan da satmaq istəyirsən?.. Ax, namərd!.. (Xəncəri çəkib Soltanın üstünə cumarkən, Əminət çığıraraq aralarına girir)

Əminət

Şamil, sən nə edirsən?.. Kimi öldürürsən?

Şamil

Onun günahı çoxdur, Əminət... O, bu gün iki yüz nəfər günahsızın qanına bais olmuşdur. Onlara vaxtında kömək etmədiyi üçün, soldatların mühasirəsindən çıxa bilməyib, hamısı qılıncdan keçirilmişdir...

Əminət

Sənin gözlərini qan örtmüşdür, nədir?.. Sən istəsən də, istəməsən də, ölüm-itim olacaq... Soltan bilə-bilə günah işlərmi?.. Bu dava meydanıdır.

Şamil

Hər tərəfdən üstümüzə qoşun yeriyir, xalqın balaları sərçə kimi qırılır. Amma bu, vuruşmanın qızğın vaxtında meşəyə çəkilib istirahət edir. Ax, nə edim?.. Öldürərdim...

Əminət

Sakit ol, Şamil. Dost var, düşmən var... Sizə hər tərəfdən min göz baxır.

Pauza

Gəl bu dəfə Soltanı mənə bağışla.

Şamil

Bunların ürəyi daşdandır. Əminət... El dərdi, vətən dərdi bunların ürəyinə yaddır!

Əminət

İş görənin qüsuru da olar.

Şamil

Əminət... Sənin qardaşın naiblikdə qalmayacaqdır. Mən bir mahalın taleyini ona tapşıra bilmirəm.

Soltan

Doğrudur, imam... Siz haqlısınız... Bu nişanı gəzdirməyə mənim haqqım yoxdur. (Döşündəki müridlik nişanını açıb Şamilə verir)

Əminət

Onu bağışla...

Pauza

Şamil

Yox, Əminət, o mənim etibarımı ayaqlar altında tapdaladı.

Əminət

O mənim qardaşımdırsa, sənin yolunda qılınc çalıb gec-tez nişanını geri alar... Naibliyinə qayıdar...

Şamil

Ax, Soltan, Soltan. (Nişanı yerə çırparaq gedir)

Soltan

İndi gördünmü, bacı?.. Mən heç... məni yandıran sənin dərdindir.

Əminət

Mənim dərdim?.. Şamil məni gözlərinin üstündə saxlayır. Mənim nə dərdim var ki?

Soltan

Bax, görürsənmi, sənin heç nədən xəbərin yoxmuş. (Şübhəli nəzərlərlə ətrafa göz gəzdirir) Şamil Hacı Muradla niyə birdən dostlaşdı?.. Onlar ki, köhnənin düşməni idilər...

Əminət

Çünki şamilə o cür igid adamlar lazımdır.

Soltan

Oh... yazıq bacım... Sən bütün insanları da özün kimi sadə ürəkli bilirsən. İndi mənə qulaq as...

Pauza

Hacı Murad öz bacısını Şamilə verir. Bu işdən xəbərin varmı?

Əminət

Yox, yox... Bu ola bilməz...

Soltan

Mən də inanmırdım. Amma Şamilin öz ağzından eşidən olmuşdur. Hacı Muraddan da xəbər aldım. Deyir ki, doğrudur. İndi məni də sənin ucundan ləkələyib hörmətdən salır. Bacıcan, sən insanların dediyinə yox, elədiyinə fikir ver... O, sənin kimi arvadın üstünə dul bir qarı gətirir... Məni də yandıran budur, mənim əziz bacım. Hacı Murad şeytandır... O, Şamilin ürəyinə soxulub ifritə bacısının sayəsində hörmət qazanmaq istəyir, mən Şamili sağ qoymaram... (xəncərini göstərərək) Bunu görürsənmi?..

Əminət (dəhşətlə kənara sıçrayır)

Necə?.. Onu öldürmək?.. Yox, yox.. Mən buna dözmərəm...

Soltan

Dayan, çığırma!.. Mən sənin ayaq altında tapdanan namusunu qorumaq istəyirdim. Razı deyilsən, eləmi?

Əminət

Sən nə danışırsan, qardaşım? Şamil kimi insana əlmi qaldırırsan?

Soltan

Yaxşı. Bu gündən sonra Soltan adlı qardaşını arayıb-axtarma... sabahda-birigündə onun ölüm xəbərini eşidərsən... Mən həmişə namusla yaşamışam... İndi isə yaşamağa haqqım yoxdur. (Getmək istərkən Əminət onun qabağını kəsir)

Əminət

Getmə, qardaşım... Bəlkə sən deyənlər doğrudur?

Soltan

Başımdakı papağı arvad ləçəyinə döndərmək istəmirəm. Salamat qal.

Əminət

Yox, mən səni buraxmaram... O ərimdir, amma sən bircə qardaşım.

Soltan

Gedirəm, binamus bacının qardaşı olmaqdansa, namus üçün ölmək yaxşıdır.

Əminət

Sən hara gedirsən?

Soltan

Haraya?.. Düşmən üçün itilənən bu xəncərlə öz köksümü parçalamağa gedirəm.

Əminət

Aman Allah, bu nə danışır?.. Sənin gözlərini qan örtmüşdür. Ölmək nədir?

Soltan

Ölmək, namussuz yaşamaq deyildir...

Əminət

Sıss... gələn var.

Pauza

Gedək. Sənin ağlın başında deyil... Bəri gəl... (Gedirlər)

Qazı Məhəmməd (gəlir)

Ata, ata!.. Mən buradayam, gəlmişəm. (Qapını açaraq baxır) Aman Allah, o nə yaman qəmgindir?..

Şamil (gəlir)

Oğlum, xoş gördük səni. (Alnından öpür) Mən səhərdən yolunu gözləyirdim.

Qazı Məhəmməd

Beş yüz əlli təzə mürid hər dəqiqə amiranə müntəzirdir, ata... Həm ləzgi xəttini, həm də Xəzər dənizi tərəfi yoxladıq. Oralara güclü qoşun gəlmişdir. Soldatlar möhkəm səngər düzəldib hücuma hazırlaşırlar.

Şamil

Bilirəm, oğlum. De görüm, onların sayı nə qədər olar?

Qazı Məhəmməd

Onu demək çətindir, ata... Hər halda yaranalın əvvəlki qoşunundan çoxdur.

Şamil

Aha... Çox gözəl... Sən bu gün dayın Soltanın yerinə gedəcəksən... Mən onu müridlikdən çıxartdım. Öz canından qorxan kişilərə düşmənəm, oğul... Get onun yerinə... çörək, yalnız mərd insanlara halaldır... Di get, vətən bizdən imdad istəyir.

Qazı Məhəmməd

Baş üstə, ata...

Şamil

Unutma ki, ölüm xəbərin məni ağladar, amma basıldığını eşitsəm, ölərəm.

Qazı Məhəmməd

Bilirəm, ata... Oğlun Qazı Məhəmməd ölər, amma basılmaz...

Şamil

Elə isə get, Allah sənə yar olsun...

Hacı Murad (gəlir)

Salam əleykim. Şad xəbər gətirmişəm... Meşə tərəfdən hücum edən qoşunları pərakəndə salıb geri qaytardım... Aullar yenə bizim əlimizdədir... Dünən dağlıları qəsdən qırğına vermiş xain Səidin dalınca atamı yolladım. Harada olsa tapıb gətirəcəkdir.

Şamil

Sağ ol, Hacı Murad, sağ ol... Sən həmişə ürəkaçan şad xəbərlərin elçisi olmuşsan... (alnından öpür) Əyləş!.. Bəs yaranal?

Hacı Murad

Şərtimizi ona söylədim. Razılıq vermədi. Kağızları gətirmişəm... Bu da onların planı. (Şamilə verir) Biz onlardan cəld tərpənsək, generalın zağlı tapançası dünənkindən də pis günə düşər.

Şamil (pəncərəyə yanaşaraq)

Dəstə başçılarını yanıma çağırın. (Planı nəzərdən keçirir) Vəziyyət çətindir, Hacı Murad... Bizim kəşfiyyatçıların gətirdiyi xəbərə görə ləzgi xəttindən də, Xəzər tərəfdən də qoşun göndərilmişdir.

Soltan (gəlir, Hacı Muradla görüşür)

Şamil

Sən də qulaq as, Soltan... Onlar bizi üzük qaşı kimi hər tərəfdən ortalığa almaq istəyirlər...

Dəstə başçıları gəlib, dövrə vurub otururlar.

Hacı Murad

İndi sənin fikrin nədir, Şamil?

Şamil

Yadınızda saxlayın. Çar qoşunu indiyə qədər bizdən iyirmi dəfə çox idi, amma indi əlli dəfə çoxdur... Onlarla qabaq-qabağa gəlmək, bizə hər cəhətdən zərərdir. Onları əzmək üçün birinci növbədə ardı-arası kəsilməyən basqınlara əl atmaq lazımdır. Biz həmişə gözlənilməyən yerdən düşmənin arxasına keçməyi bacarmalıyıq. Biz, hələ gözləmədikləri yerdə görünməliyik. Aydındırmı?

Birinci Mürid

Düzdür, imam... Mən dünən yüz nəfərlə üç yüz adamın öhdəsindən gəldim... Çünki siz deyən kimi elədim. Daldan hücum çəkdim. Zabitlər dağ yerinə bələd deyillər.

Şamil

Bax, yaxşı qulaq asın. Bu düz dedi: Zabitlər dağ yerinə bələd deyillər. Onlar topu sürüyüb yuxarıya çıxardana qədər siz onların üstünü alacaqsınız... Özü də arxadan... Gedin, hazırlaşın... Buradakı bütün dəstələri mən özüm aparacağam.

Dəstə başçıları dağılışırlar. Hacı Murad, Soltan və Şamil qalırlar.

Hacı Murad

İzn ver, mən bu gün ləzgi xəttindən hücuma keçim, Şamil...

Soltan

Necə?!.. Ləzgi xəttində qoşun yoxdur... oralar boşdur. İmam, mən Hacı Muradın fikrini başa düşmürəm...

Hacı Murad

Mən də vuruşmağın qaydasını Soltandan öyrənmirəm... Biz də azdan-çoxdan qanırıq...

Soltan

Sən özünü nə üçün tərifləyirsən?

Hacı Murad

On altı yara almış adamın hər şeyə haqqı var.

Soltan

Lovğalanma, Hacı Murad... Şamilin bədənində iyirmi yara yeri var... Onların hamısı sinəsindəndir. Amma sənin yaraların arxadandır... Bir də, yaralanmaq böyük hünər deyil...

Şamil

Mübahisəniz qurtardımı?

Hacı Murad

Şamil, mən səndən cavab gözləyirəm. Bizim atamız sənsən, bu təhqirə cavab ver.

Şamil

Hacı Murad, uşaq deyilsən ki?

Hacı Murad

Bu sayıqlamaları Soltandan iki dəfədir eşidirəm... Bilmirəm arada nə varsa, o məni görəndə gözlərimin içinə baxa bilmir... Heç eybi yoxdur... Mən indi gedib istədiyim kimi vuruşaram... (Gedir)

Soltan

Gördünüzmü, imam? O bizim qüvvətimizi dağıtmaq üçün hər dəqiqə bəhanə axtarır... Mənim sədaqətimə inanın, imam.

Şamil

Bəsdir!.. Fitnə törətmə!.. (Hacı Muradın arxasınca gedir)

Əminət (gəlir)

Bu nə çığırtıdır?

Soltan (ağlamsınaraq)

Məni boğurlar, bacı. Hər tərəfdən üstümə düşüb, tükümü didirlər... Əminət, de görüm, sən mənim ölümümü istəyirsənmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

194210 dəq
Yazıçı və tarix

Birinci məqaləBizdə tarixi mövzulara böyük bir meyl oyanmışdır. Bu son dərəcə qanuni bir hadisədir. İndiyə qədər yaranmış əsərlər sayca çox az olsa da, bizim əsas yazıçı kadrlarımızın bədii yaradıcılıq şüurunu son zamanlarda tarix çox məşğul etməkdədir. Dövlət xadimlərinin, şairlərin, böyük xalq hərəkatı rəhbərlərinin həyat və mübarizəsi indi artıq bədii yaradıcılığımız üçün zəngin bir mənbə olmuşdur. Bu hadisənin özü xalqımızın şüurunda həqiqi bir intibah dövrünün başlandığına dəlalət edir. Xalqımız öz keçmişinin həqiqi bir məhəbbətlə əks olunmasını tələb edir. Xalqının mənəvi ehtiyacını az-çox duya bilən bir sənətkar isə, bu tələbə qətiyyən göz yuma bilməz. Yazıçı, hər şeydən əvvəl öz xalqının oğludur.

14 dəq
Zəngin xəzinələr

Bu vaxta qədər nəşr edilmiş ayrı-ayrı bayatı kitabçaları nəzərə alınmazsa, M.H.Təhmasibin tərtib etdiyi “Bayatılar” məcmuəsi¹ ədəbiyyatımızın zəngin janrlarından birini tədqiq edib öyrənmək işində ilk ciddi addım sayılmalıdır. Bayatıların toplanışı və nəşri çoxdan başlanmış olsa da, bu sahədə görülən iş hələ də böyük bir səmərə verməmişdir. Halbuki, xalq şerinin bu sahəsini tədqiq edib öyrənmək, nisbətən daha maraqlı bir işdir. Elmi qüvvələrimizin səyini müəyyən bir yola salmaqla az bir zaman içərisində biz bu işi müvəffəqiyyətlə başa çatdıra bilərik. Xüsusən, bayatının xalqımız tərəfindən sevildiyi nəzərdə tutularsa, müxtəlif variantları müqayisə etmək, tutuşdurmaq və daha gözəl bir tekst əldə etmək üçün hər bir imkan vardır. Dürüst elmi nəticələr çıxarmaq istəyən hər növ folklorçu üçün bu birinci növbədə lazımdır.Lakin biz bu qısa qeydlərimizdə yalnız bir cəhəti göstərməklə kifayətlənəcəyik: bu əsərlərə münasibətimizi aydınlaşdıracayıq.

13 dəq
Səadət və məhəbbət müğənnisi

I**Nizaminin əsərlərində səkkiz əsrə yaxın uzun bir dövrün ağır imtahanlarından çıxan və köhnəlməyən cəhətlər hansıdır?

194732 dəq

Başqa şairlərin şeirləri