İkinci şəkil
Aul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.
General (paruçik Rayevski və o biri zabitlərilə gəlir)
Od vurun, yandırın!.. Bu vəhşini yanğının acı tüstülərində boğub məhv edəcəyəm.. Tabe olmayanlara aman yoxdur...
Rayevski
Əfv edərsiniz, zat aliləri, hamı auldan çəkilib gedir. Bizə müqavimət göstərən yoxdur.
General
İnanmayın! Hər bucaqda bir bandit, hər evdə isə yırtıcı bir heyvan gizlənmişdir... Əmr edirəm... Bütün aula od vurulsun!.. Əlahəzrət imperatorun iradəsi belədir.. Qoy Neronun da ruhu şad olsun! Yandırın!..
Rayevski
Əmriniz yerinə yetiriləcəkdir, general... (Gedir)
General (yanındakı zabitlərdən birinə)
Soltan bəy gəlmədimi?
Zabit
Hələ görünməyir, zati-aliləri...
General
Demək, sözündən döndü?
Zabit
Siz onların sədaqətinə inanmayın, zati-aliləri...
Soltan (görünür)
Salam, general... mən əhdimə vəfa göstərdim... (Generalla görüşür) Buyurun, əmrinizi səbirsizliklə gözləyirəm.
General
Şamil necə oldu?
Soltan
Sui-qəsddən xəbər tutduğu üçün, son günlərdə çox ehtiyatlı dolanır, general... Ancaq sizə gətirdiyim yeni xəbər, Şamilin ölümü qədər vacibdir!..
General
O nədir? Ən şad xəbər belə onun ölümünü əvəz edə bilməz!..
Soltan
Bu gün Şamil sizə arxa tərəfdən hücum edəcəkdir, general... Ehtiyatlı olun... Onunla bərabər gələn atlılar ən say-seçmə müridlərdir...
General
Doğrudanmı?.. Bəs böyük imamınız hiylə sevməyirdi?!..
Soltan
Onun bütün işləri hiylədir, general...
General
Çox gözəl... Onun hiylələri bu gündən sonra artıq baş tutmayacaqdır. Sağ olun, Soltan... Siz doğrudan da, əsilzadəsiniz... Xanları, mülkədarları qılıncdan keçirən bu dağlar qulunun sonuna az qalmışdır... Əlahəzrət imperator bu xidmətinizi layiqli qiymətləndirəcəkdir...
Soltan
İzninizlə mən qayıdıram... O, mənim yolumu səbirsizliklə gözləyəcəkdir... Mənim sədaqətimə inana bilərsiniz, general... Mən gedim, sonra məni görərlər.
General
Siz gedə bilərsiniz, Soltan bəy...
Soltan (əl verir)
Sağlıqla qalın, general... (Gedir)
Bu an Kərimət evlərdən birinin damında görünür, tez gizlənib nişan alır, generalın yanındakı zabitlərdən biri yıxılır. Generalla o biri zabitlər səngər tutmaq üçün qaçışırlar.
Kərimət (sevinclə çağırır)
Öldürdüm, anacan, atamın da, qardaşımın da hayıfını aldım...
Kərimətin anası
Sağ ol, qızım, sağ ol... Aman Allah, aula od vurdular... Qızım, qaç, gəlirlər...
Kərimət
Dayan, hələ ürəyim soyumayıb... Bax, bu da biri. (Atır) Görürsənmi, yıxıldı! (Güllə ata-ata yüyürür, anasilə bərabər gözdən itir)
Tamarin (bir dəstə qolları bağlı dağlını gətirən soldatların arxasınca gəlir)
Dayanın, generalı burada gözləyəcəyik...
Fyodor
Cənab paruçik, biz bunları hara aparırıq?..
Tamarin
Doğrusu, mən özüm də bilmirəm...
Dmitri (yanğını görərək)
Yandırdılar, cənab paruçik... yandırdılar... Bu alov elə bil mənim ürəyimin başından çıxır... Siz deyin: bu yazıqların təqsiri nədir?
Tamarin
Sus, əzizim... çarın sadiq nökərləri çoxdur.
Fyodor
Amma general gəlir... Zat aliləri nə yaman da acıqlıdır!..
General (zabitlərlə qayıdır)
Auldakı bütün əhalini meydançaya toplayın... Paruçik, Avdeyevin və Lixarevin qatili bu dəqiqə tapılmalıdır!..
Rayevski
Baş üstə, general, qatil yerin dibində də olsa tapılacaq... (Bir neçə nəfərlə gedir)
General
Aha, Tamarin, görürsünüzmü, günahsız qələmə verdiyiniz bu vəhşilər, igid Lixarevi öldürdülər.
Tamarin
Həyatın qanunu belədir, general... Can şirindir. Ölməmək üçün öldürürlər...
General
Rus soldatı lirikaya yabançıdır... Bu, çox gözəl xüsusiyyətdir, cənab paruçik.. Bu yerlər ilham pərisi üçün, soldat üçün yaranmışdır, deyilmi?
Tamarin
Bu yanğınların müdhiş alovları da şerə çox bənzəyir... Mənim şeirdən aldığım ləzzəti, siz də yəqin bu yanğından alırsınız. Eləmi?
General (istehzalı)
Doğrudur. Mənim fikrimcə, bu aulda yandırılan hər bir ev uçurulan bir düşmən qalasıdır. Bu, mənim kimi bir soldata ləzzət verməyə bilməz... (Dağlılara sarı dönərək) Cavanlarınız hanı?
Birinci dağlı
Yaranal, mənim oğuldan-qızdan heç nəyim yoxdur...
İkinci dağlı
Mənim də...
Üçüncü dağlı
Mənim də.
General
Demək, hamınız axtalanmısınız, eləmi?
İkinci dağlı
Xeyr, yaranal... nə bura İrandır, nə də Şamil padşah... Oğlanlarımız qılınc vurub, ox süzdürür, düşməndən hayıf alır...
General
O düşmən kimdir?
İkinci dağlı
Kim?.. Qan töküb, qan içənlər...
General
Qoca, biz qan tökməyə gəlmirik, biz bu vəhşi dağların əhalisini ağ günə çıxardırıq...
İkinci dağlı
Düz deyirsən... Bu yanğın da bizi ağ günə çıxardır... İşığı güclüdür, göz qamaşdırır... Ax, Şamil, Allah səni bizə çox görməsin, indi sən hardasan?..
General
Sus, qoca, böyük imamınız Şeyx Şamil sizə vəfasız çıxdı...
İkinci dağlı
Vəfasız o deyil, fani dünyadır, yaranal?
General
İmamların hamısı vəfasız olur...
Rayevski (bir yığın əlsiz-ayaqsız arvad-uşağı və qoca kişiləri qabaqlayıb gətirir)
Budur, general, auldan qalan yalnız bunlardır..
General (hamıya)
Bu vəhşi aulda bir nəfər igid zabitimizi öldürdülər...
Birinci dağlı
O, arvadlara sataşırdı...
General
Sizin aranızda qatil kimdirsə, göstərin...
Pauza
Qamçı gücünə, silah gücünə dedirdəcəyəm... Bizə qılıncla cavab verən bu dağlarda ölmüş bir igidimizə yüz insan qanı əvəz olacaq... Eşidirsinizmi? Mən bu əlsiz-ayaqsız arvad-uşağa toxunmaq istəmirəm, verin qatili!..
Pauza
Paruçik, Tamarin, soldatları cərgəyə düzün!..
Tamarin
General, aul onsuz da bizim əlimizdədir... Mən qırğına ehtiyac görmürəm... İzn versəniz, mən qatili taparam...
General
Razıyam... Qatil tapılarsa, günahsızları əfv edərəm...
Tamarin (əsirlərə)
Dağlılar!.. General günahsızları bağışlar... Bu qədər insanın qırılmağına razı olmayan... Verin qatili!..
Birinci dağlı (irəli çıxaraq)
Mənəm qatil. Zabiti mən öldürmüşəm...
İkinci dağlı (irəli çıxaraq)
Yox, o yalan deyir, mən öldürmüşəm...
Üçüncü dağlı
O da yalan deyir, zabiti öldürən mənəm, yaranal...
Səslər
Biz öldürmüşük...
General
İş belədirsə, hamınız ölümlə cavab verəcəksiniz...
Tamarin
Dağlılar!.. Paruçik Lixaryevi bir nəfərin gülləsi öldürmüşdür. Müqəssiri tapın, verin!..
Səslər
Öldürün bizi, ona da razıyıq!..
Tamarin
Dağlılar! Bu qədər günahsız qana bais olmayın. Bu, Allaha xoş getməz.
General
Cənab Tamarin, sizin şeir diliniz üçün bunların gönü çox qalındır... Belə hallarda silahın dili daha qüvvətli olur. Komandamı dinləyin...
Dağlıları cərgəyə düzürlər. Rayevski soldatları atəşə hazırlayır.
Tamarin
Müqəssiri deyin, bu qədər günahsızın naləsinə bais olmayın, dağlılar...
Dərin bir sükut.
Kərimət (irəli çıxaraq, cəsarətlə köksünü gərir)
Zabiti öldürən mənəm...
Tamarin
Oh... Bu qız nə qədər gözəldir!.. (Rayevskiyə) O, insan deyil, mələkdir, dostum. (Kərimətə) Yox, dağlar pərisi, qan sənin o incə barmaqlarını ləkələndirər... Dağlar pərisinə qatillik yaraşmaz...
Kərimət
Qatil mənəm... (Dağlılara sarı dönərək) Düz demirəmmi?..
Səslər
O yalan deyir. Zabiti öldürən bizik!..
Tamarin (Rayevskiyə)
O həm gözəl, həm də igiddir...
Kərimət
Analar, bacılar, zabiti öldürən mənəm... Mənim ürəyim intiqam eşqilə döyünürdü. Gözümün qabağında atamı, qardaşımı öldürürdülər. Bax, evimizə də od vurdular... Qoy hamı bilsin ki, mən aulumuzun hayıfını aldım...
Birinci dağlı
Qızım, Kərimət, yazıqsan, çəkil. (Qızı kənara itələyib, özü onun yerinə keçir) Öldürən mənəm...
Səslər
Biz öldürmüşük...
Rayevski
Vəhşilər, sözü bir yerə qoyub deməyəcəklər...
Tamarin
Bu xalq ölər, əyilməz...
General (Rayevski ilə Tamarinə)
Hamısını aparın!
Tamarin
Hara, nə üçün zati-aliləri?..
General
Hamısı güllələnsin!..
Kərimət
Ana, ana, onu mən öldürdüm. Dünənki zabiti də öldürən mən idim. (Tamarinə) Ay oğlan, sən yaxşı adamsan. Zabiti mən öldürmüşəm... Bu yazıqların günahı yoxdur...
Tamarin
Çəkil, dağlar pərisi, o gözəl dodaqlara yalan söz yaraşmayır...
General
Aparın!..
Dağlıların hamısını aralığa alıb apardıqları zaman Şamil öz müridlərilə meydançaya hücum edir. Silah səsləri şiddətlənir. Soldatlarla müridlər əlbəyaxa döyüşürlər.
General, zabitlər geri çəkilirlər.
Şamil
Yaranal, qaçma yaranal; kişi olan dava meydanından qaçmaz!..
Tamarin
O qaçdı, mən ki, buradayam. Gəl!.. (Qılıncını sıyırır)
Şamil
Eyy, gözəl oğlan, mənim zərbəmə tab gətirməzsən, təslim ol, anan yazıqdır.
Tamarin
Anam mənim yolumu gözləmir. Mübahisəni qılınclarımız həll edər...
Vuruşurlar.
Şamil
Təslim ol, gözəl oğlan, sevgilin yazıqdır. O, ağlar qalar...
Tamarin
O da mənim yolumu gözləmir, vur!..
Vuruşurlar.
Şamil
Hələ mənim əlimdən can qurtaran olmamışdır. Səninlə vuruşan bilirsənmi kimdir?
Vuruşurlar, Tamarin qılıncını qəsdən yerə çırpır.
Tamarin
Mən vuruşmuram. Öz asudəliyini belə mərd qoruyanlara əlim qalxmayır... (Sinəsini gərərək) Vur, sən haqlısan.
Şamil (hər tərəfdən hücum edən soldatları bir-bir vurub yerə sərərək, Tamarinə)
Yaranallar gəlsin, bu yazıqların günahı nədir?..
Tamarin
Vur, öldür... Mən bu vəhşi dağların qoynunda ölməyə öz ayağımla gəlmişəm, vur!..
Şamil
Dağların qanunu var: igid, basdığını kəsməz, cavan oğlan...
Tamarin sarsılaraq təəccüblə baxır. Uzaqdan top-tüfəng səsləri eşidilir.
Tamarin
Hanı ölüm?.. Mən onu çoxdan axtarırdım.
Şamil əlində sıyırma qılınc addım-addım Tamarinə yaxınlaşır.
Kərimət (yüyürüb ortalığa girir)
Onu öldürmə, böyük ata, o, gözəl oğlandır.
Tamarin (Kərimətin üzünə baxa-baxa)
Oh, dağlar pərisi, yenə də sən?..
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-seyx-samil-ikinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nizaminin evi; gecədir. Pəncərədə yanan çıraq otağa ölgün bir işıq salır. Dibdə şairin kitabları görünür. Xədicə pəncərəyə yaxın oturub qabağında beşiyi yırğalayır.*Afaq**
Doqquzuncu şəkilŞirvan sarayında böyük bir otaq. Orta əsr memarlığı üslubunda tikilmiş bu otağın naxışları arasından sarayın başlandığını və qurtardığını bildirən tarix görünür. Dibdə buxarı yanır. Şah, vəzir və Munis gəlir. Onların dalınca əyanlar və saray adamları daxil olur.*Şah otağa baxa-baxa, taxtı qoyulmuş yerə tərəf addımlayır.*
Şeyx Şamilİştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*
Birinci şəkilDağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**