İkinci şəkil
Səhifə 1 / 2
Qədim Bərdə yaxınlığında bir ovlaq. Göz işlədikcə uzanan dərədə şəhər görünür. Gözəl saraylar yaşıllıq içindədir. Qivami ağacın kölgəsindəki çeşmə başında oturub pəsdən zümzümə edərək, şərab içir. Arabir əsən xəfif külək, onun qıvrım saçlarını oxşayır.
Qivamidən iki-üç addım kənarda Yusif uzanıb yatmışdır. Günorta vaxtıdır.
Hər tərəfdən quşların nəğməsi eşidilir.
Qivami
Bu dünya qızıl bir kuzəyə bənzər,
Şərabi gah şirin, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
Yox, düz demirsən! Mənim kuzəmdəki şərab zəhər deyil, şərbətdir! (Ötən bülbülün səsini dinləyərək ayağa qalxır) Mən səni içəndə, bülbüllərin nəğməsindən həzz alıram; yaşıl çəmənləri daha odlu bir məhəbbətlə sevirəm... Qardaşım Nizaminin hər misrasından qüvvət alıram. (Birdən gözü Yusifə sataşır) Sən yat əzizim, bərk yat! (Qədəhini dolduraraq) Bu da sənin əvəzinə! Ömər Xəyyam, Məhsəti xanım! Siz şərabı tərifləyin, mən də içim... Sizin sağlığınıza!.. (İçir, yenə zümzümə edir)
Əzizim, sarayından,
Xan gəlir sarayından,
Gündə bir kərpic düşür,
Ömrümün sarayından...
Sən də yalan deyirsən! Hər gün ömrümün sarayından bir kərpic düşsəydi, mənim ürəyim bu dərdə tab gətirməzdi; ölərdim, bu geniş dünyanın gözəl şərabları tökülüb qalardı... (Qədəhini yenə doldurub içmək istərkən, kimi isə görür)
Əbdək bir nəfər cəngavərlə gəlir.
Əbdək
Nuş olsun!..
Qivami
Sağ ol, qardaş!.. (Səndirləyə-səndirləyə Əbdəkə yaxınlaşır. Diqqətlə onun üzünə baxır) Səni ömrümdə ilk dəfə görürəm. Amma bir baxışından kim olduğunu bildim: gözəl oğlansan! (Qədəhi ona uzadaraq) Al, nuş olsun!
Əbdək
Sağ ol!.. (Alıb içir)
Qivami (cəngavərə)
Al, sən də iç, qardaş, belə işdə geri qalmaq yaxşı deyil.
Cəngavər
Sağ ol! (İçir)
Qivami
Mənim bu dünyada iki böyük dostum var. Onlardan biri şərabdır, biri də şeir.
Əbdək
O gələn kimdir?
Qivami
Şairdir. Onun şerində Allah gücü vardır. Sən kimsən?
Əbdək
Mən kuzəçiyəm, memarlıq da edirəm.
Qivami
Doğrudanmı? Yəqin bu kuzəni də sən bişirmisən. (Yenə Əbdəkin qədəhini dolduraraq) Bir də nuş olsun!
Əbdək
Qoy bunu da yoldaşınız içsin.
Qivami
O, ayda-ildə bir kərə içər. Onun gözəl Bərdəyə məftun nəzərləri onsuz da sərxoşdur... O, günün-günorta çağı göylərdə bəxt ulduzunu axtarır.
Nizami (gəlir)
Nuş olsun!
Qivami
Qardaşım, göydə axtardığın ulduzu tapdınmı?
Nizami
Yox, əzizim, mən o ulduzu yerdə tapacağam. O yalnız gecələr deyil, gündüzlər də parlayacaq.
Əbdək (dolu qədəhi Nizamiyə uzadaraq)
Alın, dostunuz dedi, mən də tanıdım: siz Nizamisiniz!
Nizami (qədəhi alaraq)
Yer ulduzlarının sağlığına! (İçir) Ox... İndi mən dünyanın böyüklüyünə inanıram. Mən bu yerləri gəzdikcə, hər budaqdan bir bülbülün səsini eşidirəm, çiçəklərin dilini öyrənirəm.
Qivami
Nə, nə? Çiçəklərin dili?
Nizami
Çiçəklər bəzən insandan da mənalı danışmağı bacarırlar. İti görən göz, yaxşı eşidən qulaq, bənövşənin sözlərini reyhandan, qızıl gülün sevincini yasəməndən dərhal seçə bilər... (Gözü Yusifə sataşır, gəlib onu yuxudan oyadır) Yusif, mehriban dostum, qalx, o dünyada çox yatacaqsan, indidən hayıfını al...
Yusif (narazı)
Belə getsə, o dünyada da heç rahat olmaram... Turacdan, qırqovuldan vura bilmədin, yenə boş qayıtdın?
Nizami
Dostlar, hamınızı inandıra bilərəm ki, Bərdənin bu ilahi gözəlliyi məni heyran etmişdir.
Əbdək
Lakin bu gözəllik bizə qismət olacaqmı?
Nizami
Bərdəni seyr edən insanın gözləri heç bir zaman həyatdan doymayacaqdır. Ana yurdunun bu qərib, bu ucsuz-bucaqsız laləzarını tərif etmək, bilirsinizmi şair üçün nə böyük səadətdir.
Əbdək
Dünyada səadət varmıdır, şair?
Nizami
İnsan olan yerdə səadət də vardır, gözəllik də!
Əbdək
Lakin bu gözəllik əbədi deyildir.
Nizami
Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!.. Bu gözəlliyi məhəbbət yaşadacaqdır.
Qivami
Qardaşım, mən gözlərindən oxuyuram, sənin ürəyin doludur. De, de gəlsin!
Nizami (Əlini Qivaminin çiyninə qoyaraq)
Bərdə nə gözəldir, oh, nə göyçəkdir!
Yazı da, qışı da güldür, çiçəkdir!
Yayında dağlara lalələr səpər;
Qışını baharın nəsimi öpər...
Oxuyur kəkliyi, ötür turacı,
Qırqovul yuvası hər sərv ağacı...
Səssizlik içində dincəlir gülşən,
Torpağı azaddır qayğı, kədərdən...
Quşlar yığılırkən bu gözəl yurda,
Quş südü istəsən, taparsan burda...
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar?!
Əbdək
Ah... Bu sözlər qəlbimin kədərini daha da artırdı.
Nizami
Qəhrəman insanların ən böyük düşməni məyusluqdur. Səni kədərləndirən nədir, qardaşım?
Əbdək
Bu görünən sarayları quran da, onlara baxdıqca ən çox sevinən də mənəm. Amma ürəyimdəki dərdi hamınız bilin: gözəl Bərdəni fəlakət gözləyir! Qanımla yaratdığım bu sənət abidələrini vəhşi xəzərlər uçurub xarabaya döndərməyə gəlirlər. Budur, dünəndən bəri at belində Bərdənin istehkamlarını gəzərək yoxlayırıq... Ümidimizi yalnız öz qolumuzun gücünə bağlayırıq... Dedilər ki, Şirvan hökmüdarı Bərdəyə ova çıxmışdır. Biz onunla görüşüb kömək istəyəcəyik. Dərbənd əmiri bizə kömək verməkdən boyun qaçırtdı. Bərdənin dostu yoxdur.
Nizami
Vardır, əzizim... Vətənimiz kimsəsiz deyildir!
Əbdək
O kimdir, şair?
Nizami
Əlini qılınc, sinəsini qalxan edənlər... Qorxmayın, buraya ölüm gətirənlərin son yeri qəbiristandır. Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir.
Cəngavər
Sağ ol, Nizami! Sən uzaqda, Gəncədə yaşasan da, cəngavərlərimizin ürəyinə yaxınsan. Biz dava meydanına gedəndə, sənin sözlərindən qüvvət alacağıq.
Əbdək
Əmin olun, dostlar, bizim yarağımız həmişə əlimizdədir. Ölərik, amma basılmarıq!
Nizami
Eşidirsinizmi? “Ölərik, amma basılmarıq!” Siz də eşidin, igid dostlarım. Nizami yalnız Azərbaycan igidlərinin eşqilə yaşayır.
Əbdək
Sağ olun! (Gedirlər)
Cəngavərlərdən biri oxuyur:
Dərya səndən kim keçdi,
Kim qərq oldu, kim keçdi?
Yadıma kimlər düşdü,
Xəyalımdan kim keçdi.
Əzizim katan yaxşı,
Geyməyə kətan yaxşı:
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı!
Nizami
Onun yerişi aslan pəncəli bir igidin yerişinə bənzəyir. (Sükut edərək ətrafa baxır) O ceyranları görürsünüz?
Yusif
Hanı, hanı mən görmürəm?
Nizami (nişan alıb atır)
Aha, sən görənə kimi mən vurdum!
Yusif
Afərin, Nizami, Əhsən! İndi bildim ki, şairdən də ovçu olarmış...
Hər üçü yüyürüb gedir. Bir zaman Şirvan şahı öz adamları ilə ov paltarında gəlir.
Şah
Vəzir, ovçuları görürsənmi? Bizim dünəndən axtarıb tapmadığımız ceyranlar indi onlara rast gəlmişdir.
Vəzir
Şahım, o ovçulara deyərik, vurulmuş ceyranı sizə bağışlarlar...
Şah
Bunun heç bir qiyməti olmaz, vəzir... Mən öz taleyimi sınadım, qarşıma heç nə çıxmadı.
Vəzir
Xeyr, şahım, bu, tale deyildir. Biz bu yerlərə yaxşı bələd olmadığımız üçün...
Şah (onun sözünü kəsərək)
Aha, qayıdırlar. Bu xoşbəxt ovçularla bir neçə kəlmə danışmaq heç də pis olmaz.
Yusif Qivami ilə bərabər qayıdır.
Yusif
Tapa bilməyəcək... Yaralı ceyranı tapmaqdan çətin iş yoxdur... Amma hayıf, qiyamət ceyran idi! (Şahı və adamlarını görərək) Bunlar kimdir, görəsən?
Qivami
Biz? Heç kim: dünya evinin əziz qonağı...
Qivami
Hardansınız, qardaşlar?..
Vəzir
Biz Şirvan sarayındanıq... Bəs siz kimsiniz?..
Şah
Gülməli kişidir...
Qivami
Xeyr, mən gülməli deyiləm. Yalnız ürəyiaçıq, könlü şad bir adamam.
Nizami (vurulmuş ceyranı gətirir, yerə atır)
Alın! Hər şeydə taleyim belə gülsə, xoşbəxtlikdə heç kim mənimlə rəqabətə girişməz...
Yusif (xəncərini qınından çıxardaraq)
Nizami, ala, başını kəs!
Nizami (gülümsünərək)
Şair baş kəsməz. Bu işdə sənin məharətin daha çoxdur!
Şah
Nizami?.. Sən şair Nizamisən, eləmi?
Nizami
Bəli... Ancaq mən hələ özümü şair adlandırmağa cəsarət etmirəm.
Şah
Yox, belə təvazökar olma! Bu ad sənə layiqdir. Xaqani səni təriflədi. Mən sənə ürəkdən vuruldum.
Nizami
Xaqanini mən hələ görməmişəm. Mən onu yalnız məktublarından tanıyıram... Böyük şair nədənsə son məktublarını mürəkkəblə yox, göz yaşları ilə yazır... Onun sözlərindən Azərbaycanın dərin kədərini oxunmaqdadır.
Şah
Şair, arzum budur: bütün dərdini unut, sarayıma gəl! Məcnun eşqinə dair dürr kimi bir söz de! Bacarsan, bakirə Leyli kimi iki-üç kəlmə bakirə söz yarat!
Nizami
Əfv edərsiniz, ey şah, Bərdəyə hazırlanan hücumdan xəbərdarsınızmı?
Şah
Hücum edən kimdir?
Nizami
Vəhşi xəzərlər.
Şah
Yox, bu mənim üçün təzə xəbərdir. Bir də, Bərdə Şirvan hökmüdarının ixtiyarında deyildir.
Nizami (dərindən köksünü ötürərək)
Elədir, Odlar yurdu on yerə parçalanmışdır. Hər dərənin bir hökmüdarı var! Nə üçün, ey şah? Məgər bir insanın qəlbi belə xırda hissələrə bölünərkən, yaşaya bilərmi?
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-nizami-ikinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cavanşirin sarayı*Söhrab**
Səkkizinci şəkilCavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.*Fərid daxil olur.*
Doqquzuncu şəkilCavanşirin saray otaqlarından birinin həyəti. Elçin səhnəyə daxil olur və gedir. Zibeydə xatun və Aybəniz daxil olurlar.*Zibeydə**
Onuncu şəkilCavanşirin sarayı*Söhrab**
Başqa şairlərin şeirləri
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
SaraArpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Könlüm sevər irmiş yenə bir sərvi-rəvanıKönlüm sevər irmiş yenə bir sərvi-rəvanıKim, can verədür mən təki hər kim görər ani.
بسوز اندرین تیه، ای دل نهانیمخواه از درخت جهان سایبانی