Cavanşirin sarayı, Cavanşir, Elçin, Zibeydə oturublar. Kütlə də səhnədədir.

Fərid daxil olur.

Fərid

Böyük hökmdar, Bizans hökmdarının elçisi hüzurunuza izn istəyir... Dostluq, ittifaq arzusundadır.

Cavanşir

Ağvana dost kimi gələnlərə gözüm üstə yer var. Düşmən kimi gələnlər isə əzilmiş başdan savayı heç bir şey qazana bilməyəcəklər. Qoy bu xəbəri Sasani sərkərdəsi Bəhram da eşitsin.

Bizans elçisi daxil olur.

Bizans elçisi

Bizans hökmdarının hədiyyəsidir. Hökmdarımız dedi ki, babamın vəsiyyətinə əməl edib əsrimizin ən böyük sərkərdəsi Cavanşirə göndərirəm. (Qılıncı Cavanşirə verir)

Cavanşir

And içirəm, dostlar, gün doğan ölkələrdə asayiş yaratmaq üçün bu qılıncı sədaqətlə oynadacağam.

Qartal

Böyük sərkərdə, Suriyadan, Misirdən, Gürcüstandan da elçilər gəlmişdir.

Cavanşir

Ah, Qartal... Afərin, mənim aslan cəngavərim. Sasanilərə qarşı necə inadla vuruşduğunu mənə söylədilər. Onlara da bir vaxt növbə yetişər. İndi isə əziz qonaqlara sarayın ən gözəl otaqlarını ayırın. Yeni tikilmiş binaları, yeni salınmış meyvə bağlarını, Girdman çayının üzərindəki yeni körpüləri onlara göstərin.

Qartal

Baş üstə... (Gedir)

Cavanşir

Elçin Suriyaya təhsil almağa gedəndə Ağvanın bədxahları bizə dodaq büzürdülər. Lakin yox, mən öz oğluma və bütün vətən övladlarına da Ərəstunu, Əflatunu, Homeri öz dilində oxudacağam. Dünyanın ən gözəl əsərləri Ağvan dilinə çevrilib tez bir zamanda kitab sarayını bəzəyəcəkdir.

Söhrab

Bundan gözəl fikir ola bilərmi?

Cavanşir

İndi isə yollarımız məni düşündürür

Söhrab

Tacirlər üçün bu qədər əziyyət çəkməyin nə mənası var? Böyük hökmdar...

Cavanşir

Yox, Söhrab, yox... Ticarət yolu ölkənin qan damarıdır. Mən istərdim ki, bu yollarla gedib-gələn ticarət karvanları indikindən yüz qat çox olsun. Unutma ki, Girdman ipəyini daşıyan hər bir karvan Misirdən, Bizansdan bizə daha qiymətli şeylər gətirir. Onlar uzaq ölkələrdən bura yeni fikir, yeni düşüncə, yeni elmlər gətirir.

Söhrab

Doğrudur, böyük hökmdar, çox çəkməz ki, sizin gözəl tədbirləriniz sayəsində Ağvan diyarı həqiqi bir cənnətə dönər... Lakin bütün bunlar bizdən min ətək qızıl tələb edir. Xəzinəmiz isə hələlik yoxsuldur.

Cavanşir

Hanı mənim xəzinədarım? Mən qoca Saranı görmək istəyirəm...

Söhrab

O xain zindana salınmışdır...

Cavanşir

Nə üçün? Onun günahı nədir?

Söhrab

Xəzinənin pullarını havaya sovurduğu üçün... Dövlətimizin gücünü azaltmaq istəyən hər bir xainlə belə rəftar edirəm.

Cavanşir

Gedin onu mənim hüzuruma gətirin... Of, sinəmdən ağrı qopdu.

Zibeydə

Gedək, Cavanşir, sən hələ yorğunsan... Gedək dincəl.

Cavanşir

Hələ dayan, Zibeydə. Mən qocanın nə günah işlətdiyini öyrənməliyəm...

Xidmətçi

Sasani sərkərdəsi Bəhram hüzurunuza gəlmək istəyir...

Cavanşir

Kim Bəhram? O vəfasız?

Elçin

O öz səhvini anlayıb peşman olmuşdur, ata...

Cavanşir

Oğlum, Elçin, səhv başqa, xəyanət başqa... Yox, mən onunla üz-üzə gəlmək istəmirəm...

Zibeydə

Cavanşir, əzizim, Bəhrama nifrət bəsləməyə doğrudan da haqqın var. Çünki o, Ağvanın düşmənidir. Lakin sən onunla danışmalısan, sən onu dinləməlisən. Unutma ki, Bəhram böyük bir ölkənin elçisidir.

Cavanşir

Yaxşı, mən bu barədə düşünərəm... (Saranı gətirirlər) Xoş gördük, Saran...

Saran

Cavanşir sərkərdəyə salam... Sevinc yaşları məni boğur, ömrümün son günlərində səni görməyə çox şadam... Boş xəzinədə oturmaqdansa, zindan küncündə çürümək yaxşıdır.

Cavanşir

Mən nəyin yaman, yaxşı olduğunu soruşmuram. Günahın nədir?

Saran

Vəzirimiz Söhrab qala hasarları tikdirmək bəhanəsi ilə məndən qızıl istədi. Mən də verdim, indi isə xəzinəmiz boşdur.

Söhrab

Sən nə danışırsan, qoca? Qala nədir, hasar nədir?

Saran

Böyük hökmdar, göylərin müqəddəs günəşinə and içirəm ki, mənim dediklərimdə zərrə qədər yalan yoxdur.

Söhrab

Sərsəm qoca. Sən öz cinayətini hökmdarımızdan gizlədə bilməzsən... Yaxşısı budur ki, özün etiraf et.

Saran

Mənə indi üç addım qara torpaqdan başqa heç nə lazım deyil.

Söhrab

Sərsəm qoca...

Cavanşir

Söhrab... Saran – xain? 50 ilin sadiq dostu – cani? Gedək, Saran, gedək... Bu dolaşıq düyünü mən özüm açaram...

Cavanşir, Saran və bütün kütlə gedir. Söhrab tək qalır.

Söhrab

Mənəm günahkar, o qocanı tez susdursaydım, indi onun göz yaşları Cavanşirin qəlbini ipək kimi yumşalmazdı. Mən Cavanşirin nəzərində yenə də özümü doğrulda bilərəm. Hələlik əlimdə fürsət vardır...

Qənimət gəlir.

Qənimət

Cavanşir gəldimi?

Söhrab

Hər ikimiz məhv olduq... Artıq heç bir şey bizi ölümdən xilas edə bilməz...

Qənimət

Yenə nə fəlakət üz verdi?

Söhrab

Hanı qızıllar?

Qənimət

Gətirmişəm...

Söhrab

Suss, yavaş, neçə dinar?

Qənimət

Hələlik yüz min dinar...

Söhrab

Hardadır, bəs qalanı?

Qənimət

Sənin evində, qalanını da bir neçə gündən sonra...

Söhrab

Xəncərin itidirmi?

Qənimət

Bu sual nə üçündür?

Söhrab

Cavanşir otaqda təkdir... O dedi ki, yuxu cəngavərin dostudur. Lakin məncə yuxu cəngavərin ən böyük düşmənidir...

Qənimət

Heç bir şey anlamıram...

Söhrab

Bundan gözəl fürsət ələ düşməz...

Qənimət

Mən ona əl qaldıra bilmərəm...

Söhrab

O ölməsə, sən öləcəksən... Əziz bir dostum olduğun üçün xəbərdarlıq edirəm...

Qənimət

Mən onun nəinki dirisinə, heç ölüsünə də yaxın düşə bilmərəm...

Söhrab

Onda özün bil, o bir az əvvəl dedi ki, Qəniməti gətirin, edam edin...

Qənimət

Doğrudanmı?

Söhrab

Bax, o, yatağında uzanmışdır. Arxadan möhkəm bir zərbə kifayətdir... Bu fürsəti əldən buraxma... Bu ölüm yeganə xilas yoludur. Qorxma... qorxma! Mənə inana bilərsən... (Qənimət xəncərini çəkib içəri girir) Aha, indi mən xilas oldum. Cavanşirin nəzərində yalnız bu yolla yüksələcəyəm. Qənimət isə öz əli ilə özünə ölüm qərarı yazdı...

Xəncər əlində qışqıraraq Qənimət geri dönür.

Qənimət

Aman, Cavanşir oyaqmış...

Söhrab

Dayan... Dayan, at yerə xəncəri... (Söhrab qılıncla Qənimətin xəncərini vurub salır)

Cavanşir və saray adamları daxil olurlar.

Cavanşir

Bu nə deməkdir, Söhrab?

Söhrab

Ehtiyatsız dolanırsınız, böyük hökmdar... Ehtiyatsız. Bir dəqiqə belə geciksəydim bu namərd bizi həmişəlik gözü yaşlı qoyacaqdı. Mən indi anladım ki, Sasanilərə hədiyyə aparan bu alçaq imiş...

Cavanşir

Nə alıb satırsan, ipək, yoxsa vicdan...

Qənimət

Mən... mən... Məni aldatdılar... yüz min dinar qızılım özgələrə qismət oldu, Söhrab, bütün xəyanətlərə bais sənsən...

Söhrab

Bu xəncər kimindir? Sual verirəm, bu xəncər kimindir?

Cavanşir

Aparın, bu satqının boynunu öz xəncərilə vurun...

Qənimət

O, xaindir, böyük hökmdar, onun vicdanı ilan zəhərindən də mənfurdur...

Söhrab

Sənin cinayətlərini ulu Tanrı özü də açsaydı, səndən yalnız bu sözləri eşidərdi.

Cavanşir

Aparın...

Qənimət

O, xaindir, o, xaindir... (Qəniməti aparırlar)

Cavanşir

Onu buraya kim buraxmışdır?

Növbətçi

Hökmdarı istəyirəm dedi, mən də vəzirin yanına göndərdim...

Cavanşir

Söhrab, indi sən cavab ver, nə üçün o səni xain adlandırırdı?

Söhrab

Siz buna nə üçün təəccüb edirsiniz, böyük hökmdar? Sizə bəslədiyim sonsuz məhəbbəti düşmənlər xəyanət adlandırırsa, bu məni yalnız sevindirə bilər...

Cavanşir

Bu sui-qəsddə sənin də əlin vardır...

Söhrab

Siz nə danışırsınız, böyük hökmdar...

Cavanşir

Mənim ürəyimi aldatmaq, sən düşünən qədər asan deyildir.

Söhrab

Hökmdarın nifrəti mənim üçün ən böyük cəzadır. (Xəncərlə özünü vurub yıxılır)

Cavanşir

Ölməmişdir. Tez həkim çağırın... Mənim sarayımda əqrəb gizlənmişdir.

Aybəniz (gəlir)

Ah, Söhrab, əziz qardaşım, səni kim bu hala saldı, kim?

Saran

Heç kimdə günah yoxdur, qızım... O özü-özünü vurdu...

Aybəniz

Can qardaş, sən mənim üçün həm ata, həm anasan... Sənsiz mənim bir günüm olmasın...

Cavanşir

Bəlkə mən yanılıram...

Həkimlər gəlirlər.

Zibeydə

Mən əminəm ki, Söhrab sənə xain baxa bilməz. Onun atası Ağvan sarayına düz qırx il sədaqətlə vəzirlik etdi...

Cavanşir

Xəzinəni dağıdan Söhrab deyildimi?

Zibeydə

Xəzinənin qızıllarına xəyanət etsə də, sənə əl qaldırmağa cəsarət etməz...

Cavanşir

Mənim fikrimi sapdırma, Zibeydə... Söhrab mənim gözlərimə düz baxa bilmirdi...

Zibeydə

Ürəyini yoxla... İnsanın zahirinə baxıb aldananlar çox olur...

Söhrab

Mən ölürəm, hamınız bilin ki, mənim ürəyimdə böyük hökmdara qarşı məhəbbətdən başqa heç bir şey yoxdur. Böyük hökmdar, ölkəmizin çətin vəziyyətini nəzərə alaraq qızılları Sarandan alıb ehtiyatla saxladım. Qızıllar mənim evimdədir. Məni bağışla, böyük ata, bunların hamısı hökmdara qarşı bəslədiyim böyük məhəbbətdir...

Cavanşir

O mütləq sağalacaqdır...

Hamı təlaş içində

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri