Birinci şəkil
Gəncə, Nizaminin eyvanı qarşısında bağça. Hər tərəf sakitdir. Mütəmadiyən ötən bülbülün nəğməsindən başqa bir səs eşidilmir. Sürətli addımlarla gələn Qivami sağa-sola baxınır. O, kədərlidir.
Qivami
Nizami özgə vaxt bu ağacın kölgəsinə döşənib səhərdən-axşama kimi yazardı... (Çağırır) Nizami!
Xədicə
Nə var, oğlum? Niyə töyşüyürsən?
Qivami
Heç soruşma, ana... Bədbəxtlik üz vermişdir... Nizami hardadır?
Xədicə
Sən həmişə yazıq ananın ürəyini qana döndərirsən, oğlum... Nə bədbaxtlıq?
Qivami
Eh, ana, təqsir özümdədir. Ad çıxartmaq istədim, ara yerdə olan-qalan adımı da rüsvay elədim... Hanı Nizami?..
Xədicə
Yəqin bağçanın o başında bülbüllərlə söhbət eləyir.
Qivami
Mənim ürəyim qan ağlayır, qardaşım isə, bağçada gəzinib şeyda bülbülün nəğməsinə qulaq asır. Mən niyə içirəm, niyə? Mən əvvəldən bunu bilirdim ki, şərab məni quru yerdə qoyacaq... (Daha da ucadan çağırır) Nizami!
Xədicə
Oğlum, dərdini mənə de, qoy İlyas işindən avara olmasın.
Qivami
Yox, yox, bu dərdə sən dözməzsən, ana... Sən get, mən özüm onu axtarıb taparam...
Xədicə
Oxu atıb yayı niyə gizlədirsən?.. Dərdin nədir?
Qivami
Deyirəm, sən get... Bu dərdə nəinki sən, bütün dünya da tab gətirməz...
Xədicə (köksünü ötürərək)
Yaxşı, odur bax, qardaşın gəlir, dərdini ona de... (Gedir)
Nizami
Aha, nə yaman coşmusan!.. Deyəsən, təzə yazdığın qəzəli oxumaq istəyirsən...
Qivami
Qəzəl nədir, qəsidə nədir, ölmüşəm – üstümdə Quran oxuyan yoxdur...
Nizami
Qardaşım, sən həyatdan doymuş adamlara bənzəyirsən...
Qivami
Yanılırsan... Əzizim... bu geniş dünya bir süfrədir, mən də bu süfrədən gözü doymamış bir müsafir...
Nizami
Bax mən, yeni əsərimi yazıb qurtarmışam... Bizim sevincimizdən ümidsizlər, gözüyaşlılar, dərdi-səri olan bütün insanlar ilham alıb sevinəcəklər. Səninlə qabaq-qabağa oturub doyunca şərab içəcəyəm... Durma, dostumuz Yusifin ovladığı ceyranı apar, təndirdə qızartsınlar.
Qivami
Təndir?.. Təndir nədir! Ocağımı da söndürdülər.
Nizami
Nə olmuşdur ki?..
Qivami
O məni xoruza yüklədi. Bir məni yox, bütün Gəncə şairlərini...
Nizami
Kim?
Qivami
Munis... Saray şairidir... Çox uğursuz adamdır.
Nizami
Onun nə məqsədlə gəldiyini bilirəm. Bu xüsusda Xaqani mənə yazmışdı...
Qivami
Deyişdik, hamımızı məğlub etdi. Mən hələ onun qədər sürətlə deyişən şairə rast gəlməmişdim. Səninlə üz-üzə gəlməyə çox can atırdı. Sən də məğlub olsan...
Nizami
Onunla qabaqlaşarıq... Görək taleyimiz bizə nə göstərir... Məhsəti xanıma da xəbər yolla.
Qivami
Yusif xəbər apardı.
Nizami
Qoy gəlsin. Gəncənin ən böyük şeir ustadı Məhsəti xanım sənətin qüdrətini Munisə göstərər.
Qivami
Mən yenə də hazırlaşacağam. Ana, ana!
Xədicə (eyvanda görünərək)
Nə var, oğlum?
Qivami
Mənim kuzəmi harda gizlətmisən?
Xədicə
Oğlum, bəsdir, bu içki zəhrimardan doymadınmı?
Qivami
Oh, ana, ürəyim xarab olar... Ona hər nə deyirsən de, zəhrimar demə. Mənə bu dünyanı sevdirən şərabdır. (Gedir)
Xədicə
Niyə belə fikirlisən, oğlum?
Nizami (eyvana, anasının yanına gəlir)
Sən bilərsən, anacan, dünyada ən yüksək, ən ülvi şey nədir?
Xədicə
Sözündən heç nə başa düşmədim, oğlum.
Nizami
Bilmək istəyirəm, dünyada ən böyük nemət nədir?
Xədicə
Dünyanın iki böyük neməti var: biri cavanlıq, biri də məhəbbət!
Nizami
Sağ ol, ana. Lap ürəyimdən xəbər verdin.
Mehrabı eşqdir uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?!
Xədicə
Anan sözlərinə qurban, oğul!
Nizami
Deyəsən mən, “Xosrov və Şirin” dastanını tez başlamışam. “Biri cavanlıq, biri də məhəbbət...” Mən Bərdəyə getməliyəm, anacan! Şirinin sevdiyi yaşıl çəmənləri, gəzdiyi əlvan yaylaqları seyr edəcəyəm. Mən sevib sonra yazacağam. (Gedir)
Qivami (əlində şərab kuzəsi, o biri qapıdan çıxır)
Gəl ey vəfasız, bir an səndən ayrılanda, gözlərimdə dünya qaralır.
Xərabat üstündə bir ay ucaldı,
Fələyin damında bir çadır saldı;
Qəflətən çadırdan ucaldı bir səs:
“Bu dünya bir saman çöpünə dəyməz!”.
Eh, Məhsəti xanım, sən də doyunca şərab içsəydin, bu sözləri deməzdin. Dünyanın qədrini bilərdin. (Qədəhini doldurub içir) Bax belə, mənim kimi... İndi hamı əmin olsun ki, bütün dünya şairləri toplaşıb gəlsə də, mənim qabağımda dura bilməz, çünki, şair barıtdır, şərab isə qığılcım; bunlar bir-birinə toxunanda alov qalxır, onları da yandırar, məni də... Bəs Nizami hara getdi? Aha, bilirəm, mən şərab içib keflənəndə onun qələmi keflənir... (Kimi isə görərək) Aha, Munis gəlir... Bir dayan, Nizami səni ürəyindən qopan şeir alovunda yandıracaqdır!.. Buyurun, buyurun!
Bir neçə adam Munislə bərabər gəlir. Hamı bağçada salınmış xalı üstündə oturur.
Munis
Qivami, hara gedirəmsə, sənə rast gəlirəm, mən səninlə deyişdim ki...
Qivami
Doğrudur... Ancaq indi mən o gördüyün Qivami deyiləm... Aha, Məhsəti xanım da gəldi... Bugünkü şeir məclisinə o, zinət verəcəkdir. Bir baxın, gəldiyi yerə günəş kimi şəfəq salır...
Məhsəti Gəncəvi gəlir. Qivami ehtiramla ona baş əyib, əlini sıxır, tamaşaçılar gəlib bağçanı doldurur.
Yusif
Bu gün dostum Nizaminin bağçasında hamını ceyran kababı ilə şəraba qonaq edəcəyəm..
Qivami
Əziz dostum, sənin təndirin yaxşıdır, ovladığın ceyranı apar, bütöv qızartsınlar...
Yusif
Hər şey hazırdır, deyişmənin sonunu gözləyirəm.
Məhsəti
Bəs, Nizami hanı, nə üçün görünmür?
Qivami
Bu saat gələr... Çox fikrə getdiniz, Məhsəti xanım... Nə üçün kədərləndiniz?
Məhsəti
Heç... Mən də öz gəncliyimi xatırladım. Gənclik və məhəbbət dünyanın ən böyük nemətidir.
Munis
Mənimlə deyişmək istəyən şair kimdir? Mən dəfələrlə çağırdım, meydana çıxan olmadı.
Yusif
Kimdir?.. Siz hələ onu görməmişsiniz... (Bu anda eyvanda görünən Nizamini göstərərək) Odur, bax! Bilməyirsinizsə, bilin. Nizami Gəncəvi!
Nizami gəlib Məhsəti xanımla və Munislə görüşür.
Munis (Nizamiyə)
Çox məğrurusan, şair...
Nizami
Mən səbir edirəm... Səbir isə məğrurluq deyildir.
Məhsəti (öz-özünə)
Mənim nəzərimdə Nizamini dağlar qədər əzəmətli göstərən də onun zəkasıdır. Onun gözlərinə baxdıqca ürəyim bu geniş kainata belə sığmayır.
Munis
Başlayaq.
Yusif
Münsiflər təyin olunsun!
Səslər
Olunsun, olunsun!..
Munis
Münsif Məhsəti xanım olsun... (Nizamiyə) Razısınızmı?
Nizami
Bəli!.. (Məhsəti xanıma) Özünüz necə?
Məhsəti
Mən münsifliyi qəbul edirəm... Şərtim budur: əvvəlcə Munis başlasın!
Hər kəs öz gücüylə girsin meydana
Söyləsin fikrini mərd-mərdanə,
Əzəldən nə imiş qoca kainat,
Nədən yaranmışdır anamız həyat?
Munis
Xilqət səhifəsi açılmamışdan,
Bircə qüvvət varmış: o da yaradan!..
Nizami
Bizim dünyamızda ağıllı bir kəs,
Görünməyən şeyə inana bilməz!
Munis
Bu dərya təbimlə bəhsə girmə sən;
Xəzinə ruhumu gəl dindirmə sən!
Saqiyə get söylə buraxsın qəmi;
Doldursun şərabla qoy piyaləmi!
Nizami
Gəl at bir tərəfə boş xəyalları,
Aç, hünərin varsa, bu sualları;
Sən ovçu deyilsən, get dolan bir az,
Bu körpə aslandan sənə ov olmaz!
Məhsəti
Dayanın, hər ikiniz şairsiniz, amma sualdan uzaqlaşdınız. Əsl qüvvət söylənəcək fikirdədir. Kim doğru fikir söylərsə, o, qalib gələcəkdir.
Munis
Əzəldən yox imiş qoca kainat:
Bir heçdən yaranmış anamız həyat.
Nizami
O böyük yaradan nədirsə, gerçək,
Hər nə yaratmışsa, alçaq ya yüksək, –
İnsan zəkasını ilk yaratmış O,
Onu öz nurilə aydınlatmış O...
Məhsəti
Bu suala cavab heç biriniz doğru cavab vermədiniz... Munis kainatın yaranışını düzgün təsəvvür etmir. Lakin Nizami çox qiymətli bir fikir söylədi. O, insan zəkasının qüvvətini tərif edərkən, əlbəttə, yanılmadı.
Yusif
Hə, buna Nizami deyərlər, onun yanlışı da bir naxışdır!
Məhsəti
Şairlik etdikcə mən ucalmışam,
Firuzə göyləri seyrə dalmışam.
Bir də sualım var: söyləyin mana,
İlk əzəl yar olan nədir insana?
Yusif
Sağ ol Məhsəti xanım, ruhun var, ruhun...
Qivami
Onun ilhamı Gəncənin gur çeşmələri kimi coşğundur. O mən deyiləm ki, get-gedə təbi qurusun?
Məhsəti
Başlayın!
Munis
İlk əzəl yar olan nədir insana?
Məhsəti
Bəli, cavab gözləyirəm.
Munis
Mənə sualınız tanışdır, tanış,
İnsan xəyanətlə ekiz yaranmış.
İnsandır ilk dəfə fitnə düzəldən;
Küdurət insana yardır əzəldən.
O, kinlə gələrək böyük varlığa,
Sirdaş kəsilmişdir hiyləkarlığa.
İnsanın varlığı kindir, hiylədir. (Məhsətiyə) Bu gözəl cavaba sözünüz nədir?
Nizami
Yox, səhv edirsiniz, böyükdür ürək,
Bəzi sinələrə bir yükdür ürək.
Müqəddəs yaranmış dünyada insan,
Hər zaman insanla fəxr etmiş cahan.
Məndə hiss-hörmət vardır insana;
Əvvəldən məhəbbət yardır insana.
Sevgi bu dünyada ilk xilqət olmuş,
İnsanın ilk sözü məhəbbət olmuş!
Məhsəti
İnsan qəlbində yalnız kin və fitnə axtaran şair tez məğlub olar, Munis! Nizami isə, öz məhəbbətilə qalib gələcəkdir. Mən bu deyişmədə ona üstünlük verərəm!
Qərarımdan razısınızmı?..
Yusif
Böyük şairənin qərarı Allahın hökmü qədər müqəddəsdir.
Munis
Yenə davam edək!.. Sualınızı gözləyirəm.
Məhsəti
Böyük şairin dühasını iki misradan da görmək olar, Nizamiyə haqq verin!.. Sizə bir məsləhətim vardır: xəbər alsalar, yalnız həqiqəti söyləyin!
Munis
Mən yalan danışmağı sevmirəm, mən həqiqət aşiqiyəm. Mənim vicdanım ləkə götürməz.
Qivami (Nizamiyə)
Qardaşım, qüvvət ver o xoş səsinə,
Açar sal təbinin xəzinəsinə,
O bağlı qapıya kim tapsa açar,
Gizlin xəzinədə – dür, gövhər tapar!
Yusif
De gəlsin, başına dönüm... ceyran əti ona da, sənə də halaldır.
Məhsəti (Munisə)
Şair! Bu qədər məyus olmayın!
Munis
Xeyr. Mən sevinirəm. Nizami, doğrudan da böyük şairdir. Mən onun istedadına pərəstiş etməyə hazıram. (Ayağa qalxaraq) Məni əfv edin. Yolum uzaqdır. İzninizlə mən gedim.
Qivami
Yox, bu heç yaxşı olmadı. Qonağa ehtiram göstərmək borcumuzdur. Əyləşin, ceyran ətinə qonaq olun...
Munis
Çox razıyam. Məni Şirvan sarayında işrət məclisləri gözləyir... (Gedir)
Qivami
Munis bizdən çox narazı getdi. Kələyi baş tutmadı, daş qayaya rast gəldi. (Gülür)
Məhsəti
Bu gəlişin mənası mənə aydın olmadı. Sizcə o, Şirvan sarayından buraya nə məqsədlə gələ bilər?
Nizami
Bu, şahın tədbiri idi. Şirvan hökmdarı Gəncənin sənət sarayını uçurub, bizi özünə tabe etmək istəyirdi. Gəncə şairlərini məğlub etdirib, bizi susdurmaq istəyirdi.
Məhsəti
Gəncənin sənət sarayını heç bir zəlzələ uçura bilməz, şair! Sənin şerin isə, dağ çeşməsi qədər saf və coşğundur. Onun büllur suyu heç bir ləkə götürməz.
Qivami
Baxın, ürəyim nə böyük sevinclə döyünür.
Məhsəti oxusun, dilə gəlsin saz!..
Bülbüllər bağçada sakit oturmaz!
(Məhsətinin özünə)
Qızışsın ürəyim sənin nəğmənlə,
Bəlkə bu lal könlüm bir gəlsin dilə...
Məhsəti
Mən indi qürub edən bir günəşə bənzəyirəm. Nizami isə, yeni doğan bahar günəşidir. Nizami oxusun!
Nizami
Gəncənin zinəti, şerimizin anası Məhsəti xanım oxusun, dostlar. Sizi inandırıram ki, Məhsəti xanımın şeirlərini dinlədikcə, insanın könlü bu böyük kainata belə sığmayır. O oxusun!
Yusif
Oxusun!.. Oxusun!..
Məhsəti
Ey dost! Məhəbbətin ömrə duzaqdır,
Arzum istəyimdir, bu sözüm haqdır!
Aldı qərarımı gül üzün sənin,
Səbr dedikləri məndən uzaqdır.
Toxunma könlünə biçarə gülün,
İncitmə qəlbini avarə gülün;
Sabahın eşqilə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-nizami-birinci-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1**Sərnişin qatarı sürətlə Bakıya yaxınlaşanda, göz işlədikcə uzanan şəhərin işıqları salxım-salxım yanır, göy üzündə sayrışan ulduzlar isə, elə bil, mavi səmanın dərinliklərindən şəhərə qibtə və həsrətlə göz qırpırdı.
İkinci fəsil1**Tahir Cəmillə bərabər axşam növbəsində işə getmək üçün motorlu qayıqlar dayanan balaca körpüyə gələndə, Xəzərin bəriyə doğru şütüyən ağ köpüklü dalğaları sahildəki boz qayalıqlara çırpılaraq şarıldayırdı. Qürub edən günəşin qızıl şüaları dənizə əks etmişdi. Dalğalar bir-birini qovaraq gəldikcə alov kimi qızarırdı. Sanki dənizdə böyük bir yanğın vardı. Srağa gün Bakının ulduzlarını, doyunca seyr etmiş Tahir, indi sahildə durub dənizə baxarkən alova bənzəyən bu dalğaları görüb, yenə Cəmilin nağıllarını xatırladı və iki gündən bəri seyr elədiyi mənzərələrin heç birini başqa yerlərdə tapmaq mümkün olmadığını düşünürdü. Burada çoxdan yaşayanlar və eyni lövhəni hər gün seyr edənlər, Xəzərin bu ülviyyətinə, ondakı boyaların bu zənginliyinə Tahir kimi valeh olmurdular. Deyəsən, onların gözü çoxdan doymuşdu və Tahirə elə gəlirdi ki, Cəmil də, o biri fəhlələr də dənizə baxmaq istəmirlər. Onların bu laqeydlikləri, təbiəti etibarilə bir qədər xəyalpərvər olan Tahirə qəribə görünürdü. O, həris gözlərini dalğalarda gəzdirməyə başladı. Lap uzaqdan aşırıla-aşırıla gələn böyük bir dalğanı sahilə qədər gözdən qoymayıb, onun hər an rəngdən-rəngə girdiyini, bəzən qan kimi qırmızı, bəzən də üfüqdə yanan bulud parçası kimi çəhrayı olduğunu görəndə, heyrətdən ağzı açıla qaldı, elə bil buraya nə üçün gəldiyini və haraya getdiyini də unutdu.
Üçüncü fəsil1**İsmayılzadə buruğu tərk edib gedəndən bir azca sonra artıq dan yeri ağarırdı. Dəniz üzərində pambıq tayaları kimi bir-birinin üstünə qalaqlanmış ağ buludlar ağır-ağır hərəkət edib cənuba doğru sürünürdü. Gecədən əsməyə başlamış yay küləyi, yavaş-yavaş qüvvətlənir, dənizin dalğaları ləngər vururdu. Üfüqdən baş qaldıran günəş indi bozumtul, qırmızı rəngə çalırdı.
Dördüncü fəsil1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı: