Dördüncü şəkil
Gəncə yaxınlığında bir ovlaq. Yaşıl bir təpə. Uzaqda çadırlar ağarışır. Təpənin başında şah dayanıb uzaqlara baxır. Arxadan gələn vəzir ona yanaşır. Şah onun gəldiyini hiss edərək, ona tərəf dönür.
Şah
Vəzir, Nizamini çağırmağa gedən qasid hələ qayıtmamışdırmı?
Vəzir
Xeyr, şahım, ondan yenə də bir xəbər yoxdur. Görünür, Nizami həddindən artıq məğrurdur.
Şah
Düz deyirsən, vəzir, mən onu əsərlərindən tanımışam. Nizami Qaf dağı kimi məğrur və əyilməzdir.
Vəzir
O, nə qədər məğrur olsa da, hökmüdarın qarşısında əyilməlidir, şahım!
Şah (kimi isə görərək)
Bu gələn atlı kimdir? Bizim qasid deyilmi? O, yenə təkdir?
Qasid (gəlir, şaha təzim edir)
Fərmanınızı ona yetirdim, şahım!
Şah
Nizami gəlmədimi? Bu nə cəsarətdir?
Qasid
Xeyr, Nizami hüzurunuza gələcəkdir.
Vəzir
Mən sizə ərz elədim, şahım, o, hökmdarın fərmanından boyun qaçıra bilməz. Nizami şairdir, amma siz hökmüdarsınız!
Qasid
O əvvəlcə gəlmək istəməyirdi... Bərdənin fəlakətindən xəbər tutanda...
Şah (onun sözünü kəsərək)
Gedə bilərsən.
Qasid təzim eləyib gedir.
Vəzir
Şahım, Bərdədən alınan xəbər doğrudan da acıdır. Nizami düz deyirmiş, vəhşi xəzərlər şəhərə dolub daşı-daş üstündə qoymamışlar. O böyük sarayların nə izi qalmışdır, nə də tozu.
Şah
Doğrudanmı? Bu heç yaxşı olmadı, vəzir, mən buna ürəkdən təəssüf edirəm. O yerlərə ova çıxarkən, insan dünyanın hər bir dərdini unudurdu. Təəssüf, çox təəssüf!
Qasid
Aha, Munis də gəlir.
Vəzir
Yəqin Gəncə şairləri ilə deyişməkdən qayıdır. Şirvan sarayının belə şairləri var ikən, sizin də könlünüz hər zaman güləcəkdir, şahım. Siz öləndən sonra da sizi əbədi yaşadacaqdır.
Şah
Amma Nizami ayrı aləmdir, vəzir, onun şeirlərində ilahi bir qüdrət vardır.
Munis (Gəncə valisi ilə gəlib şaha təzim edir)
Şikarınız uğurlu olsun, şahım!
Şah
Sağ ol, Munis. Söylə görüm, Gəncə şairləri ilə deyişdinmi?
Munis
Bütün deyişmələrdə böyük hökmdarın adını göylərə ucaltdım, şahım!
Şah
Nizami ilə qarşılaşdınmı?
Munis
Müqəssir özü oldu. Qarşıma çıxmağa cəsarət etmirdi. Dedim: “Şair, adın dillər əzbəridir. Hünərini göstər!” Dedi: “Mən böyük Munislə qabaqlaşmağa utanıram”.
Şah
Doğrudanmı? Munis, doğrusu qulaqlarıma inana bilmirəm, Nizami həqiqətən belə cəsarətsizdirmi? Yox, ifrata varırsan, Munis.
Munis
Şahı aldatmaq ən böyük cinayətdir. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Gəncə valisi özü söyləsin.
Vali
Munis doğru buyurur. Mənim Nizamidən şikayətim vardır, şahım. O, Məhsəti Gəncəvidən dərs almışdır. Özü də xırda qoşmalardan başqa heç nə yaza bilmir.
Şah
Xırda qoşmalar?
Vali
Bəli, bəli, onun adı var, özü yoxdur. O başqalarının tərifi ilə yaşayır.
Şah
Yox, Nizaminin hər bir misrası almaz kimi itidir. Ürəklər daşdan da olsa, onları kəsib özünə yol açacaqdır.
Vali
Hökmdar özü bilən yaxşıdır. Gələr, görərsiniz. Dinsiz üsyankarları belə sevirsinizsə, Nizamini də sevəcəksiniz.
Şah
Sən yanılırsan, Vali, mən Nizaminin qəzəllərini ürəkdən sevmişəm. Onlar doğrudan da, nadir incilərdir. Şirvan sarayı bu nadir inciləri yaradan ustaya malik ola bilsə, böyük İsgəndər özü mənə qibtə edəcəkdir.
Munis
Gəncə valisi haqlıdır, şahım. Mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz. Nizaminin işlədiyi cinayəti mən sizdən gizlətmək istəmirəm.
Şah
Cinayət? Kimi öldürmüşdür? Vali, bu nə sözdür?
Vali
Adam öldürsəydi, mənə bu qədər təsir etməzdi. O, Məhsəti xanımla birləşib, böyük hökmdarı xalq içərisində rüsvay edir. Belində xəncər gəzdirən əxiləri başına toplayıb, xalqı üsyana çağırır. Mən Məhsətinin həcvlərini öz qulağımla eşitdim.
Şah
Bəsdir. Bu sözlərin biri doğru olsa, and içirəm gözə görünməz böyük Tanrıya, mən Nizamini də, Məhsətini də daşqalaq etdirəcəyəm. Amma siz uşaq kimi sadəsiz. (Cibindən bəyazı çıxardır) Bu qəzəllər qoşma deyildir, gövhərdir. Xalq onu belə şeirləri üçün sevir.
Munis
Bəlkə də biz yanılırıq, ola bilər. Sizi bu rəyə gətirən Xaqanidir. O, mənim düşmənimdir. Məni gözdən salmaq üçün Nizamini tərifləyir. Mən həmişə sizdən gizlədirdim. Amma daha dözə bilmirəm. Hər şeyi açıb deyəcəyəm: Nizaminin “Sirlər xəzinəsi”ni xatırlayırsınızmı? O, ölkəni xarabaya döndərməkdən zövq alan zalım Ənuşirəvanın simasında sizi təsvir etmişdir.
Şah
Aha, bu çox qəribədir. Demək, mən bayquşların nəğməsindən həzz alıram, eləmi?
Munis
Mən həqiqət aşiqiyəm, şahım!
Vəzir
Şahım, Bərdədən qasid gəlmişdir. O bizdən kömək istəyir.
Şah
Gözəl Bərdə xarabaya dönəndən sonra bu kömək nəyə lazımdır?
Vəzir
Əsir düşmüş bərdəliləri vəhşi xəzərlərin pəncəsindən xilas etmək lazım deyilmi? Şahım unutmayın ki, bir zamanlar Şirvanı düşmənlər hədələyəndə, Bərdə cəngavərləri bizə kömək əlini uzatmışdı.
Şah
Vəzir, sən bu tarixi nə üçün xatırlayıb mənim nəşəmi korlayırsan? Mən o zaman heç kimə yalvarmadım.
Vəzir
Qardaş qardaşa yaman gündə gərək olar, şahım!
Şah
Onu çağırtdır gəlsin!
Vəzir baş endirib gedir.
Munis
Siz bərdəlilərə borclu deyilsiz, şahım.
Şah
Doğrudur, mən heç kimə borclu deyiləm. (Vəzir Əbdəklə bərabər qayıdır. Əbdəkə) Səni buraya kim yolladı?
Əbdək
Bərdəlilər yolladı, böyük hökmdar!
Şah
Kömək istəyən adam əvvəlcədən xəbər verərdi.
Əbdək
Biz dedik, özümüz onlara üstün gələrik. Düşmənlərimiz xeyli qüvvətli imiş.
Şah
Yaxşı, şəhər yanıb külə dönəndən sonra, mənim köməyimdən nə çıxar?
Əbdək
Biz xəzərlə vuruşub əsirlərimizi xilas edə bilərik.
Şah
Eləsə, çalışaram sizin ricanıza əməl olunsun.
Əbdək
Mən rica etməyə yox, tələb etməyə gəlmişəm.
Şah
Necə?
Əbdək
Siz nahaq acıqlanırsınız, şahım. Xatırınızdadırmı, bərdəlilər Şirvan qalasını müdafiə edərkən, yüzlərcə qurbanlar vermişdilər. Bərdə cəngavərləri ilə bərabər Şirvan qalasını düşmənlərdən mən də bax, bu sinəmlə müdafiə etmişəm. Borclu-borcluya belə cavab verməyə haqlı deyildir.
Şah
Eşidirsinizmi? Mən heç kimə borclu deyiləm! Gəldiyin yol ilə geri qayıt! Səni göndərənlərə söylə ki, Şirvan hökmdarı qorxaqları müdafiə etməyəcəkdir.
Əbdək
Mən onların adından sizə cavab verə bilərəm. Qoy, bütün dünya şahid olsun ki, daş ürəkli, quş beyinli hökmdarlar ana vətənin qəlbinə yara vurmaqdan həzz alırlar.
Şah
Görünür, sən də ölümdən həzz alırsan. Vəzir, bunun beyni xarab olmuşdur. Başı bədənindən ayrılarsa, ağlı başına gələr. Aparın, gün batanda dar ağacından asılacaqdır, sonra da baş kəsiləcəkdir.
Vəzir
Şahım, qasidi öldürmək adətdən kənar işdir.
Şah
Sus, get mənim fərmanıma əməl et!
Əbdək
Bu ölüm məni qorxutmayır, ey şah! Lakin bu qan yerdə qalmayacaqdır. Şahlar bizim qanımızda boğulacaqdır.
Vəzir
Xarabaya dönmüş bir mahalın qasidini öldürmək? Yox, yox, insan ürəyi buna tab gətirməz, şahım!
Şah
Nə qədər fəryad qoparsan da, fərmanım qətidir! Kimi gözləyirsən, vəzir?
Vəzir (baş endirir)
Hökmdarın əmri Allah fərmanıdır, şahım.
Əbdək
Dayanın, siz də şahid olun: mən düşmənə sinəsini qalxan tutub on yara almış bir cəngavərəm. Hökmüdarınız isə, əli qanlı, həris bir cəlladdır. Qoy onun bu zülmündən sonsuz göylər də fəryada gəlsin! (Əbdəkin qollarını bağlayırlar)
Şah
Aparın!
Aparırlar.
Munis
Bax, Nizaminin bütün dostları belədir, şahım! Onun qəzəllərini oxuyan hər kəs mələk kimi məsum da olsa, nəhayət belə bir asi olur.
Vəzir
Şair adı ilə fəxr edən insan, gərək başqalarının fəlakətində özü üçün səadət axtarmasın. Məncə, dünyada bundan böyük cinayət yoxdur.
Qasid (gəlir)
Şahım, Nizami qulluğunuzda hazırdır. Gəlsinmi?
Şah
Gəlsin! (Qasid Nizamini gətirir. O, şaha təzim eləyir)
Nizami
Əfv edin, ey şah! Gecikməyim səbəbsiz deyil.
Şah
Son qəzəlinizi oxudum, şair. Bütün sözləriniz ürəyimdəndir.
Bu doğrudur, ədalətə arxalanır hər bir zəfər,
Hər zülmüdən, haqsızlıqdan yer üzündə doğar zərər.
Öz eybinə örtük olur insanların səxavəti,
Hünərləri pərdələyir qara fikir, paxıl kəslər.
Vəzir
Doğrudan da, gözəl rübaidir, şahım. Şairin məsləhəti bizə çox xeyir verəcəkdir.
Şah
Şairin bizdən xahişi nədir?
Nizami
Yalnız bircə arzum vardır, ey şah!
Şah (Vəzirə)
Bu gün böyük bir işrət məclisi qurulsun, saqilər gərdişə çıxsın!
Vali
Gəncənin ən gözəl bağçalarından birində böyük süfrə açılmışdır, şahım!
Şah
Gəncə yaxınlığındakı yeddi para kənd şairə bağışlansın! (Vəzirə) Gedək, qoy şairin lətif qəzəlləri bizim ruhumuzu oxşasın.
Nizami
Ey şah, mənim deyəcəyim sözlər, oxuyacağım qəzəllər sizi yalnız kədərləndirə bilər.
Şah
Bu görünən bağlar, bağçalar da sənə azlıqmı edir? Sən nə üçün belə kədərlisən?
Nizami
Bahar fəslində şaxta vurmuş bir bağçanın bülbülü şən nəğmələr oxuya bilərmi?
Munis
O, hər zaman sizin iradənizə qarşı olmuşdur.
Şah
Sən dayan, Munis!
Munis
Mən həqiqət aşiqiyəm, şahım. Mənim vicdanım ləkə götürməz.
Nizami
Həqiqət aşiqi? Yox, nəfəsindən yalan qoxusu gələn insanın sözü ayın gül camalına nəqş olunsa da, yenə iyrəncdir.
Şah
Şairin belə kədərlənməsi yəqin səbəbsiz deyildir?
Nizami
Ey hökmdar, gözəl Bərdəni yandırıb külə döndərdilər. Azərbaycanın dilbər guşələrindən biri də məhv olub getdi. Böyük bir ölkənin xəstə qəlbinə yenə sağalmaz bir yara vuruldu. Analar övladlarından, bacılar qardaşlarından ayrı düşdü. Odur, baxın, Bərdənin yaralı igidləri sizdən kömək istəyir. Qardaş qardaşdan kömək istəyir. Of, mənim elə bir qüvvətim olaydı ki, qılıncların xarabaya döndərdiyi vətəni qələm gücünə gülşənə çevirəydim. Hanı elə bir hökmdar ki, bu xarabaları görərkən, ürəyindən qopan ah səsi bütün dünyanı titrətsin?!
Munis
İndi gördünüzmü, şahım? O, yenə də sizə böhtan atır!
Şah
Şair, mən səni üsyan etməyə çağırmadım. Nəşəni korlayan şairə mənim ehtiyacım yoxdur. Sarayımda belələri onsuz da azlıq etmir. Xaqaninin şeirlərini yəqin ki, oxumuşsan. Onun göz yaşları artıq məni təngə gətirmişdir. O da üsyan etməkdən zövq alır.
Nizami
Şairi Xaqani kimi qolu zəncirli bir qula çevirmək olar. Onu zindanlara da atmaq olar. Lakin, azad xəyallarını zəncirləməyə hökmdarların belə gücü çatmaz.
Şah
Şair, mən səni öz sarayıma dəvət edirəm.
Nizami
Ey şah, unutmayın ki, yurdumuzun böyük şairi Əbülülanı zindanda çürüdən saray oldu. Şairlər peyğəmbəri Xaqaninin də yolu orayadır.
Şah
Onların hər ikisi üsyankardır... Yox, şair, sənin də dalğın çöhrəni bürümüş kədər buludları görünür, heç zaman dağılmayacaqdır. Sənin səsindən şikayət yağır.
Nizami
Müqəssir mən deyiləm. Nə etmək ki, hökmdarlar bayquşu bülbüldən çox sevirlər!
Şah
Aha, demək Munis haqlı imiş. Sən məni zalım Ənuşirəvana bənzədirsən, eləmi?
Nizami
Mən yalnız həqiqəti yazmışam, hökmdar!
Şah
Həqiqət, həqiqət!.. Şairlərdən başqa bu yükü daşıyan yoxdurmu?
Nizami
Həqiqət doğrudanmı yükdür? Lakin bu yükü yalnız ürəyi olan insanlar daşıyır.
Şah
Vəzir, söylə ki, Nizami gəldiyi yol ilə geri qayıtsın.
Vəzir
Şairin əlindən zəhər içmək də xoşdur, şahım. Nizami belə rəftara layiq deyildir.
Şah
Onun özünü də, əsərlərini də oda atmaq belə azdır!
Nizami
Ey hökmdar, mən sənin zülmündən şikayət edən məzlumların ah-naləsiyəm! Mən parçalanmış bir ölkənin şikəst ürəyindən qopub gələn bir fəryadam! Mən “Sirlər xəzinəsi”ndə olanların yüzdə birini demişəm. Mən bir güzgüyəm ki, sənin həqiqi simanı göstərmişəm. Əgər sifətin eybəcərdirsə, onun ləkəsini təmizlə! Bəs nə üçün güzgünü sındırırsan?
Şah
Vəzir, fərmanıma əməl olunsun!
Vəzir
Hökmdarın əmri Allah fərmanıdır, şahım.
Nizami məğrur addımlarla gedir, hamı onun ardınca baxır.
Munis
İndi gördünmü, şahım, mən həqiqət aşiqiyəm, mənim vicdanım ləkə götürməz!
Şah (Valiyə)
Sən haqlısan!
Vali
Şahım, o, Məhsətinin fikirlərini təkrar edir. Nizami onun şagirdidir, o, bütün cavanları zəhərləyib yoldan çıxardır.
Bu anda geridən qalmaqal qalxır: “Qaçdı, qoymayın, tutun!” səsləri eşidilir.
Vəzir
Bu nə səs-küydür? Nə olmuşdur?
Mühafizlərdən biri (gəlir, şaha təzim edir)
Şahım, Bərdədən gələn Əbdək gözətçinin xəncərini qoparıb bizdən iki nəfəri öldürdü. Özü quş kimi ata sıçrayıb qaçdı.
Şah
Bu saat onun dalınca bir dəstə atlı göndərin! Yerin dibində də olsa tapılsın!
Mühafiz yüyürüb gedir.
Vali, biz ondan qisas almalıyıq!..
Vali
Doğrusu, mən xalqın qəzəbindən qorxuram, şahım! Məhsətini sevməyən çox azdır. Bütün Gəncə onun başına and içir. Ona yaxın durmaq olarmı? Beli xəncərli igidlər məni tikə-tikə doğrarlar.
Şah
Gəncədə özündən başqa tərəfdarın yoxdurmu, Vali?
Vali (tərəddüd içində)
Hökmdarın əmri Allah fərmanıdır, şahım!
Şah
İndi mənim fərmanımı dinlə, Vali! Məhsəti burada, bax, mənim ayağımın altında daşqalaq edilsin! Bu Nizaminin sinəsinə dağ çəkər. O, mənim təklifimdən boyun qaçırdı. Mən özüm ondan intiqam alaram. Durma, get! Mən bu üsyankarlar yuvasına od vuracağam. Qoy Gəncədə şair səsi yox, bayquş naləsi ucalsın!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-nizami-dorduncu-sekil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kənd toyu qurtarırdı.Oğlan evindən gəlmiş dəliqanlılar geri qayıtmağa hazırlaşırdılar. Gəlinlər, qızlar, nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüşdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırdı. Onların hamısı bəzənmişdi. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.
KonsertI**Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.
Çarpayıİsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.– Ana, ay ana!..
Maral əfsanəsiƏhməd Cəmilə ithaf*Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xırdaca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd