Ağır günlərin sonu
Səhifə 1 / 4
Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorumuz Səmədovu işdən çıxarıb, yerinə baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni gülərüzlə qarşılayıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırtdırır, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:
– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazım olsa gəl, mənə söylə.
İki gündən bəri Mollayevin və əlaltılarının məhkəməsi başlandığını Rima mənə xəbər verdi. Biz işdən çıxıb evə gedəndə:
– Semə, – dedi, – sənin üçün də buraxılış vərəqəsi düzəldərəm... Qəribə adamsan, hamıdan çox sən bu məhkəmə ilə maraqlanmalısan... Sizin taleyinizlə oynayan bu adamlar necə də miskin imişlər... Sən mütləq get, gör indi nə hala düşüblər.
– Yaxşı, gedərəm, – dedim, – buraxılış vərəqəsini sabah gətirəcəksən? Gözləyim, hə?
– Gözlə, gözlə, – deyə o məndən ayrıldı...
O günün səhərisi məni Cəmşid əminin səsi yuxudan oyatdı. Bizim yaşadığımız yeddimərtəbəli təzə binanın zirzəmilərinə dolan suları motorla çəkib küçəyə axıdan bu sadə fəhlə əlli beş – əlli altı yaşlarında, qarayanız, ortaboy, yoğun baldırları qamut kimi əyri, həmişə də nədənsə narazı, qaşqabaqlı görünən bir kişi idi. O, bu səhər də, adəti üzrə alatorandan qalxmışdı. Hey deyinirdi. Kimi isə bərk söyüb yamanlayırdı. Mən ayna qabağındakı saata baxdım. Altının yarısı idi. Hələ bir az da yata bilərdim. Özünüz bilirsiniz, iyul ayında Bakıda hava səhərə yaxın sərinləşir. Bəzən bütün gecəni yata bilmirsən, çılçılpaq olsan da, bürküdən nəfəsin daralır, elə bil bədənin od tutub yanır. Neçə yol soyuq duşda çimsən də, yuxun göyə çəkilir. Azacıq sərin düşəndə, yuxu baldan şirin olur, hər dəqiqəni qənimət bilirsən. Xüsusən işdən yorğun qayıdanda, hələ üstəlik evdə xörək bişirib, paltar yuyanda. Mən dünən gecə kiçik qızım Rəhilə üçün sarafan tikməklə məşğul oldum. Kamran nə qədər “əl, yat, Səmirə, axı sən lap əldən düşmüsən”dedisə də, mən onun sözünə baxmadım. Doğrusu uşaqlar üçün xörək bişirəndə, paltar tikəndə və ya onların dərsinə baxanda, yorğunluğumu tamam unuduram. Ancaq indi də yuxusuzluqdan gözlərim acışırdı. Buna baxmayaraq, mən Cəmşid əmidən incimədim. Cəld yerimdən qalxıb xalatımı geyindim. Çay qoydum. Dünəndən qalmış pal-paltarı vannaya doldurub islatdım. Kamranla mənim maaşım bizi ancaq dolandırırdı. Qulluqçu saxlaya bilmirdik...
Cəmşid əmi məni pəncərə qabağında görən kimi üzünü başqa səmtə çevirdi. Yəqin, məni yuxudan kal oyatdığına görə narazılıq eləyəcəyimi düşündü, amma sözünə ara vermədi, əksinə daha da vəcdə gəlib, səsini ucaltdı. Mən qab-qacağı səsləndirmədən diqqət kəsildim. Onun kimi və niyə söydüyünü bilmək istədim. Eyni sözlər, eyni ifadələr... Amma, o həmişəkinə nisbətən indi daha yanıqlı danışırdı:
– Heç bilmək olmur ki, bu zəhrimar su hardan axıb gəlir... Əgər bostan, qarpız əksəydim, bir damcısı üçün həsrət çəkərdim. Dünən axşam boşaltmışdım. Yenə də dolub. Lap bir boy qalxıb... Gir, içində üz... Belə getsə, evi uçurub dağıdacaq... Zarafat deyil, bu qədər incinarın, fəhlənin zəhməti hədərə gedir. Hələ onu demirəm ki, min ətək pul tökülüb... Ay canım, insafdır ki, gözəl-göyçək imarət zay olub getsin?
O, böyük və dördkünc həyətimizin ortasında köhnə, ora-burası süzülmüş əzik boruları bir-birinə geydirdi. Sonra motoru işə saldı. (Cəmşid əmi zirzəmiyə dolan yeraltı suları çəkib küçəyə axıtmaq üçün hər gün beləcə əlləşirdi). Bir dəqiqə belə keçməmiş boruların deşiklərindən su fəvvarə kimi göyə qalxdı. O qədər ucaldı ki, damcıları mənim üzümə çiləndi, – üst-başımı islatdı.
– Ay Cəmşid əmi, axı, mən günahkar deyiləm, acığını niyə məndən çıxırsan? – deyib güldüm. O, çox hirsli olsa da, başını yuxarı qaldırıb, körpə uşaq təbəssümü ilə gülümsəyərək (mən gözlərimə inanmadım. Allah sənə şükür, ömründə bir yol qaşqabağı açıldı!” deyə, xəyalımdan keçirib sevindim!) üzümə baxdı. Bu sözləri nə üçün dediyimi tezcə başa düşüb, cəld əyildi, borunun altını üstünə çevirdi. Mənim üzərimə çilənən fəvvarənin suyu həyətin asfaltına yayıldı.
Cəmşid əmi bizim evi tikmiş mühəndislərdən narazı idi. Bu barədə bir neçə dəfə, həyətimizdə yaşayan məsul işçilərə dediyi acı sözləri mən öz qulağımla eşitmişdim. “Binanın özülünü qoyanda suların axımını nəzərə almayıblar. Himi sementlə bərkitməyiblər”. İndi o heç kəsin adını tutmur, yəqin ki, daldan atılan daşın topuğa dəydiyini yaxşı dərk eləyirdi.
– Hə, qızım, – deyə təkrar mənə üz tutdu, – evi tikəndə sementi oğurlayıblar, indi onların əvəzinə mən əzab çəkirəm...
Mən onun fikrinə şərik olmadım:
– Günah sementdə deyil, Cəmşid əmi, daha doğrusu, himi sementlə bərkitməyənlərdə deyil. Yeraltı çaylar güclüdür, onların təzyiqi qarşısında sement də dözməyib, partlaya bilər...
Cəmşid əmi birdən yumşaldı. Məchul günahkarların ünvanına daha bir söz demək istəmədi, amma mən hiss eləyirdim ki, onun qəzəbini soyutmaq çətin işdir. Mənimlə mübahisəyə girişmək istəmədiyi üçün söhbətin mövzusunu dəyişdi:
– Sən bilən yaxşıdır, qızım, – deyib gözlərini yerə dikdi. – Mən sənintək incinar deyiləm... – Azacıq sükutdan sonra yenə üzünü mənə tutdu. – Yaxşı, mən nə vaxta kimi cəhənnəm əzabı çəkəcəyəm?.. Az qalıb ki, camaat aya uçsun, bəs bu suya bir əlac tapmaq olmaz? Axı, burda camaat yaşayır. Özü də nə təhər camaat? Deyək mən heç. Mən bu gündə, sabahda ömrümü sizə bağışlayacağam, axı, beş-üç mənim kimisini çıxsan hamısı cavanlardır. Biri doktor, biri incinar, biri zavod direktoru, bir neçəsi nazir. Çoxusu da dənizin təkindən nöyüt çıxardan usta... Elə fikir eləmə ki, Cəmşid əminin savadı yoxdur, dünyadan bixəbərdir, bu imarətdə yaşayanların qədrini-qiymətini bilmir... Yox, qızım, bilir, özü də lap yaxşı bilir. Mən onlara baxanda öz-özümə deyirəm ki, lemsə nədir, lap yapon da gəlsə bizə gözün üstündə qaşın var deyəmməz, çünki niyə, bizim adamlarımız nə qədər desən kəlləli adamlardır... Bəs demirsiniz beş-on ildən sonra çim yağ içində halva yeyəcəksiniz?
Mən onun könlünü almaq istədim:
– Qorxma, Cəmşid əmi, sən hamımızdan çox yaşayacaqsan. Çim yağ içində halva yeməyə hamıdan çox sənin haqqın var...
(Doğrusu, bu sözləri deyəndə, rəhmətlik atamı xatırladım. O da həmişə özündən çox başqalarının qayğısına qalardı. “Biz heç, qızım, – deyərdi, – biz neyləmişiksə, siz cavanlar üçün eləmişik, bundan sonra nə qədər yaşasaq qazancdır”).
Deyəsən mənim sözlərim xoşuna gəldi. Tez irəli atılıb, fəvvarənin birini yatırtdı. Bu dəfə su həyətin quru tərəfində üç-dörd metrlik yeri basandan sonra, küçəyə doğru istiqamət aldı. Mən daha onun sözlərini eşitmədim. Pıqqıldayıb daşan çayniki götürmək üçün mətbəxə yüyürdüm. Yataq otağından Kamranın səsini eşitdim.
– Bu kişi camaatı yatmağa qoymaz ki...
Mən dinmədim. Kamran bərk yorulmuşdu. Dünən Bakının yüz əlli kilometrliyində yeni kəşfiyyat buruqlarına çəkilən asfalt yolu təhvil almaq üçün getmişdi. Qayıdanda maşının təkəri partladığından, həmişəki kimi axşam saat doqquzda yox, gecə saat ikidə gəlmişdi.
Mən səssizcə addımlarla yemək otağına keçdim. Çörək doğradım. Buz dolabından yağ, pendir çıxartdım. Ancaq Kamran daha yatmırdı. Qalxıb səhər gimnastikası ilə məşğul olurdu. Bir neçə dəqiqədən sonra papiros yandırmaq üçün çəkdiyi kibritin səsi qulağıma gəlib çatdı: “Tərgidə bilmir” deyə fikirləşdim. O, papirosu məndən gizlin çəkirdi. (Tacikistanda ikən öyrənmişdi.) Neçə dəfə “sən infarktdan yatmısan, burax bu zəhrimarı!” demişdimsə də, sözümə baxmamışdı, “neyləyim, iradəm çatmır” deyib, papirosun kötüyünü külqabına basıb söndürmüş, “yaxşı, bu axırıncısıdır, bir də mənim damağımda papiros görməzsən” deyə verdiyi vədə xilaf çıxmışdı. İndi bu barədə təkrar söz açıb, onu əsəbiləşdirmək istəmədim. O, papirosu ovcunda gizlədib, mətbəxə keçdi, kötüyü harasa atıb mənim yanıma qayıtdı. Mən onun tütün iyi verən nəfəsini duydum:
– Papiros çəkməyəndə, elə bil bağda-bağçada torpaqla əlləşmisən, – dedim, – mən bu qoxunu yaman xoşlayıram...
– Hə, hə, dünən bütün günü bir dənə də çəkməmişdim... Bu axırıncı olsun... mən – təslim!.. – deyib əllərini yuxarı qaldırdı. – Öhə, öhə.. Cəmşid əminin söylənməyə haqqı var. Axır zamanlarda su hədsiz artır... Gündə üç-dörd dəfə boşaltmağa məcbur olur. Boruların da hamısı yırtıq-yırtıq... Fağır əziyyət çəkir... Öhə, öhə, gəlsənə bir layihə düzəldəsən, mən də bizim rəislə danışam, fəhlə qüvvəsi, mexanizm istəsəm...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-agir-gunlerin-sonu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*
Birinci şəkilDağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*