Səhifə 1 / 6

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzəyən günlərin sayını-hesabını itirmişdim. Məzmunsuz və faydasız keçən günlər deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adi sözümüzə və hərəkətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının bildiyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağa düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdənsə həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:

– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiyə pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

Düşərgənin “qayda-qanunları” çoxunda yaşamaq və ağır intizara dözmək həvəsini öldürmüşdü. Görünür, elə leytenantın məqsədi bu idi. Yoxsa nə üçün ən adi həbs düşərgələrində dram dərnəyinin çalışmağına imkan verildiyi halda, bizdə Sədi Kamalın ətrafına toplaşmış həvəskarları həvəsdən salıb dağıtmışdı? May bayramına iki-üç gün qalmış, bu barədə öz narazılığımızı bildirə-bildirə, həmişəki kimi yerdə oturub nahar eləyirdik. Yəni şişman qadının bişirdiyi dadsız-duzsuz şorbanı içirdik. Birdən motosikl səsi eşitdik, gələni poçtalyon bilib yenicə sevinməyə başlamışdıq ki, o dəqiqə də qaşqabağımızı salladıq: gələn leytenant idi. Görünür, hər dəfə uzaq məsafəyə gedib-gələndə yük maşınında ona əziyyət olmasın deyə motosiklet vermişdilər. Yoldaşlarımızdan kim isə hətta arada bir onun ünvanına söz də atdı:

– Yaxşı işlədiyinə görə mükafat alıb.

Motosikl tırıldaya-tırıldaya bizə yan aldı. Leytenant salamsız-kəlamsız (o, hələ bir dəfə də olsun bizə salam verməmişdi) Ceyran xanıma üz tutub nə isə demək istəyəndə Rəcəb kişinin səsini eşitdim:

– Salam, vətəndaş rəis!

O, yalnız bircə an tutuldu, arıq və dartılmış yanaqlarına xəfif bir qızartı çökdü. Dodağının altında:

– Salam, salam, – deyə mızıldanaraq, təkrar Ceyran xanıma müraciət elədi: – Vətəndaş Eldarova, doğrusu sizin...

Rəcəb kişi onun sözünü kəsdi:

– Buyurun, siz də nahar eləyin, uzaq yoldan gəlmisiniz.

Bu dəfə leytenant qisas almaq üçün əlinə bəhanə düşdüyünə sevinmiş kimi, motosikldən enib, Rəcəb kişinin üstünə şeşələndi:

– Canım, bu nə ədəbsizlikdir? Görmürsünüz bu xanımla danışıram?.. – Aralığa ölüm sükutu çökən kimi yenə Ceyran xanıma üz tutdu: – Mən çox təəssüf eləyirəm ki, sizin bu qədər məşhur bir müğənni olduğunuzu bilməmişəm, yoxsa dünyasında özfəaliyyət dərnəyini ləğv eləməzdim... Nə üçün əvvəldən bunu mənə deməmisiniz? Yoxsa heç vaxt ərinizi sizdən ayırmazdım, ikiniz üçün xüsusi çadır gətirdərdim... Siz tək düşərgəyə yox, Rudəki kolxozuna da mədəni xidmət eləyə bilərsiniz.

– Bu gün hardan doğub ki? – deyə Ceyran xanım başını qaldırmadan, nifrət dolu bir istehza ilə soruşdu.

– Bu sizi sevindirmir?

Hamının gözü Ceyran xanımda idi. Mən onun cavabını leytenantdan yüz qat səbirsiz gözləyirdim. Mənə elə gəlirdi ki, əgər o, razılığını bildirsəydi, hamımız özümüzü təhqir olunmuş və alçalmış sayardıq.

Müğənni qadından səs çıxmadı. Onun bizim təhdidimizlə və yaxud mənəvi təzyiqimizlə deyil, öz ağlı ilə, leytenanta nifrət elədiyinə görə müsbət cavab verməyəcəyi şəxsən mənə o dəqiqə aydın olmuşdu.

Leytenant israrla soruşdu:

– Siz sevinmirsiniz?

Ceyran xanım duru baxışlarını müsahibinin üzünə dikib, qəti və sərt dedi:

– Yox, sevinmirəm!

– Nə üçün?

– Ona görə ki, sizə inanmıram!

– Mən yalnız mən deyiləm, Ceyran xanım. Axı, mən burda Sovet hökumətinin nümayəndəsiyəm!

Ceyran xanım bu dəfə qəzəblə qaşlarını çatdı:

– Xeyr, – deyə az qala qışqırdı. – Buna heç inana bilmirəm!

– Axı, nə üçün?

Əvvəlcə elə düşündüm ki, müğənni qadın ifrat dərəcədə kobud cavab verdiyini dərk eləyib, bir daha dinməyəcək. Ancaq mən yanılırdım. O, ayağa qalxdı:

– İnanmıram! – deyə daha da ucadan səsləndi. – Siz də eşidin, camaat da eşitsin. Ona görə inanmıram ki, Sovet hökuməti insanları heç vaxt sizin qədər alçaltmayıb, öz vətəndaşlarını yox, düşmənlərini belə sizin qədər təhqir eləməyib!

Leytenant gözləri ilə kimi isə axtarmağa başladı:

– Vətəndaş Sədi Kamal, – dedi, – bu gündən dram dərnəyi də, xor da işə başlaya bilər.

Sədi Kamaldan səs çıxmadı. Leytenant motosikletini çəkə-çəkə öz çadırına tərəf getdi. Ceyran xanım mənimlə gözləşdi:

– Kartof soyaram, ancaq onun qabağında oxumaram! – dedi.

O günün sabahısı Ceyran xanım özü üçün fərəhli, amma mənim üçün son dərəcə qüssəli bir xəbər gətirdi:

– Deyəsən məni burdan buraxacaqlar!

– Doğrudan? Bakıya?

– Yox, elə Tacikistana. Buranın böyüklərindən hansı allah bəndəsi isə mənim burda olmağımdan xəbər tutub, deyib ki, buraxın öz sənətində işləsin... Çox ola bilir ki, tacik artistlərindən kim isə məsələyə qarışıb. Onların içərisində çox yaxın dostlarım var... Bizim sənətimiz belədir, Səmirə xanım, hara ayaq basırıqsa, özümüzə bolluca dost qazanırıq.

– Əlbəttə, hamınız belə deyilsiniz, amma nadir istedadların hər yerdə pərəstişkarı var. Bəs nə vaxt gedirsiniz?.. – Mən bu sözləri deyərkən, iradəmdən asılı olmayaraq səsimin qırıldığını hiss elədim. Axı, onun getməyi mənim ürəyimdən deyildi. Ən ağır dəqiqələrimdə həm Ceyran xanım, həm də Elman mənə hayan olub, dərdimi-kədərimi az-çox unutdurmağa kömək eləyirdi. Elman indiki Rudəki kolxozunda otaq tutub qalırdı. Tez-tez arvadına yemək-içmək gətirdikcə, mənə də pay verirdilər. Ancaq məni kədərləndirən yalnız bu maddi yardımdan məhrum olmaq qorxusu deyildi. Ceyran xanım bizdən ayrılıb gedəndən sonra, mən ən yaxın dostumdan, bəlkə də sirdaşımdan uzaq düşəcəkdim.

Ceyran xanım mənim kədərləndiyimi hiss eləyib, nə vaxt və hara gedəcəyini mənə demədi, araya başqa söz salmaq istədi:

– Leytenantın kürkünə yaman birə düşüb.

– Niyə ki?

– Qorxusundan. O bizi də özü kimi gönü qalın sayır... Guya biz onun dünəndən bəri niyə belə əl-ayağa düşdüyünü, canfəşanlıq elədiyini anlamırıq.

Mən özüm də bunun səbəbini başa düşmürdüm. Ceyran xanım ondan izahat gözlədiyimi duyub, mənim bu qədər sadədil olduğuma bir növ inanmaq istəmədiyi halda dedi:

– Qorxur ki, mən burdan gedəndən sonra respublikanın böyükləri ilə görüşə bilərəm, günahsız adamlarla necə qansız rəftar elədiyini onlara danışa bilərəm... görmədin necə yaltaqlanırdı? İstəyir lap qabağımda diz çöksün, mənə də Ceyran deyərlər, gərək açam sandığı, tökəm pambığı.

– Yəni bunun camaata faydası olar?

– Nə üçün olmasın? Bilmirəm siz necə, amma mən bütün bu həngamələrdən sonra da adamlar barədə yenə bədgüman deyiləm. Bizim bu leytenant kimiləri cəmiyyətin sağlam bədənində peyda olmuş sızanaqdan başqa bir şey deyillər. Belə qəddar adamlar çox qorxaq olurlar. Əgər bircə nəfər buna yuxarıdan göz ağartması versə, tülküyə dönər... Niyə belə təəccüblə baxırsınız, yoxsa mən haqsızam?

– Əksinə, Ceyran xanım, siz tamamilə haqlısınız, – dedim, – sözləriniz tamam mənim ürəyimdəndir. Xüsusən sızanaq barədə. Mən sizə təəccüblə yox, heyrətlə baxıram. Mən də bu fikirdəyəm, ancaq təəssüf ki, öz düşündüyümü sizin kimi aydın, sərrast ifadə eləməyə alışmamışam... Əgər böyüklərlə də bu cür danışsanız, leytenantı heç bir gün də burada saxlamazlar.

Ceyran xanım, yaxınımızdan keçən adamlar bizim söhbətimizi eşitməsinlər deyə səsini yavaşıtdı.

– Elmanın dediyinə görə burdan bir dəstə adamın imzası ilə mərkəzə şikayət gedibmiş, Stalinabaddan xüsusi bir komissiya gözlənilir... Görmürsən, indiyəcən düşərgədə tikinti işləri başlanmayıb? Bunun təqsiri kimdədir? Bax, bizim bu cənab leytenantda. Dünən Rudəki kolxozunun sədrinə yalvarırmış ki, arabadan, maşından versin, tikinti materialları daşıyaq. Bu söhbət zamanı Elman da kolxoz sədrinin kabinetində imiş... Guya ayın əvvəlindən gərək bizim düşərgəmiz üçün daş evlər tikilməyə başlasın. Yuxarıdan əmr var.

Bu xəbər məni o qədər də sevindirmədi. Çox gecikmişdik. İndi tikintini başlasaydıq, soyuqlar düşənəcən ən yaxşı halda binanın divarlarını hörüb qurtara bilərdik. Deyirdilər ki, buralarda qış vaxtı şiddətli şaxta olur, xüsusən cənub küləyi əsəndə insanın ağzında tüpürcəyi donur. Belə soyuqda yarıac, yarıtox insanlara ağır fiziki iş gördürmək o qədər də asan olmayacaqdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri