Səhifə 6 / 6 · 83%

– Canım-ciyərim, niyə yemirsən? – deyə Bədirnisa xalanın səsini eşitdim və onlara tərəf döndüm: yeməyən Kəmalə idi.

– Bəs sən niyə yemirsən? – deyə o da nənəsinin sualına sualla cavab verdi.

– Sən mənə baxma, dinim, imanım. Naxoşlayandan bəri ağzım zəhər dadıyır... Sən mənə baxma, ye, axı doktor dedi ki, naxoşluğun ən yaxşı dərmanı yeməkdir...

– Yox, nənə, mən bilirəm sən nə üçün yemirsən? – deyə Rəhilə söhbətə qarışdı.

– Nə üçün? – Kəmalə bacısının üzünə hirsli-hirsli baxdı. – Sən bizdən çox bilirsən?

– Çox ya az, bilirəm də... Nənəmin yadına atam düşüb. Gördün ki, bilirəm!..

Otağa ağır və qəmli bir sükut qondu. Kəmalə boşqabını özündən bir qədər aralı qoyub, yorğanını başına çəkdi. Doğrusu ilk tikəm boğazımda ilişib qaldı. Rəhilədən başqa heç birimiz kababa əl vurmurduq. Faiq də tutulub, başını bulaya-bulaya ayağa qalxdı və anasını danladı:

– Ay arvad, – dedi. – Yenə qanımızı qaraltma da... Görmürsən hamının iştahını küsdürdün?

– Gözümün işığı, – deyə qarı Kəmalənin çiyninə əlini qoyub yalvarmağa başladı: – Vallah yadıma düşməyib... İştahım yoxdur, daha sən niyə yemirsən?... Yeginən, qadan mənə gəlsin!

Kəmalə yorğanın altında hönkürüb ağladı...

Mən o günün sabahısı ərizə yazıb, yeni təyin elədikləri vəzifədən boyun qaçırdım və gəmiyə bilet alıb, sənin dalınca getdim...”).

(Mən burdaca mötərizə açıb, Kamranın yazdığı bu səhifələrə bir neçə irad tutmağa məcburam. O, Tacikistana gedib məni tapana qədər necə əziyyətlərə qatlaşdığını, məni sürgün düşərgəsindən qurtarmaq üçün kimlərə ağız açdığını, yollar idarəsində işə düzələnəcən bir neçə ay dəmir yolu vağzalında sərnişinlərin baqajlarını daşımaqla qəpik-quruş qazandığını yaxşı xatırladığı halda, bunların üstündən sükutla keçir. Əlbəttə, bizim macəramızı başdan-başa, təfsilatı ilə yazsaydı, onda gərək ən intim mətləblərə də toxunaydı. Bunları yazmamağının səbəbini mən yaxşı başa düşürəm. Görünür o, məni özünə borclu göstərməkdən çəkinir, bir növ təvazökarlıq eləyir. Ancaq mən ona çox borcluyam. Mənim uşaqlarım da ona borcludurlar. Bəlkə elə bunu anladıqlarına görə də Kamranı bir ata qədər sevirlər. Hər ay onlara pul göndərdiyini və bunun üçün ən adi ehtiyaclarını ödəməkdən çəkindiyini mən yalnız sonralar, Bakıya qayıdanda bildim. Mən uşaqlarımın vəziyətinə dair ona nə bir söz demiş, nə də bir işarə vurmuşdum. Qızlarımdan söhbət düşəndə, mənim necə kədərləndiyimi duymasın deyə hər dəfə bir bəhanə ilə eşiyə çıxıb, harasa, gizlin bir bucağa çəkilir, səssizcə ağlayırdım, üz-gözümü yuyub, açıq havada gəzinəndən sonra evə qayıdırdım. (Ev deyəndə böyük düşməsin. Biz, üçmərtəbəli köhnə bir binanın zirzəmisində, on dörd metrlik bir otağı kirayələyib, onu da pərdə ilə iki yerə bölüb yaşayırdıq. Mən dib tərəfdə, Kamran isə qapı tərəfdə olurdu). O məni düşərgədən qurtarmasaydı, o birisi yoldaşlarımın çoxu kimi mənim də sağ qalacağıma ümid yox idi. Mənim bu cılız bədənim o uğursuz həyatın ağırlığına nə qədər dözə bilərdi ki?

Düşərgədən şəhərə köçəndən sonra mən bir ildən çox işsiz qalmışdım. Ali məktəbdə laborantlığa düzələnə kimi, başqa dərdlərimi unudub, Kamrana izafi yük olduğumu düşünə-düşünə tamam bədbinləşmişdim. Əlbəttə, Kamran bunu duyurdu, həmişə də eyni sözü təkrar eləyir, mənə təsəlli verirdi:

– Borclu borclunun sağlığını istər, Səmirə xanım. Sizi mütləq işə düzəldəcəyəm. Maaş alandan sonra da borclarımı qaytaracaqsınız...

O, bu bir il müddətində, məni sevdiyini və mənimlə həyat qurmaq istədiyini hətta kiçik bir eyhamla da mənə bildirməmişdi. Ancaq mən onun ürəyindən nələr keçdiyini anlamayacaq qədər key deyildim. Mən bunu bilirdim, hiss eləyirdim. Mən özümün də bir durlu etinasız qarşıladığım, amma inadla ürəyimə soxulan bir hissin bəzən bütün varlığıma hakim kəsildiyini duymağa başlayırdım. Amma onu da bilirdim ki, Kamran ona möhtac olduğum üçün onun məhəbbətinə “hə” deməyə məni məcbur eləmək istəmir. İstəmir ki, mən onu yaxşılığına əvəz olaraq sevim. Mənim bu təxminim sonralar düz çıxdı. Ali məktəbdən ilk maaşımı alan günü Kamran məni təbrik eləyib dedi:

– İnstitutunuzun direktorunu gördüm, bir azdan sizi assistentliyə keçirəcək!

O, indiyəcən görmədiyim qeyri-adi bir nəvaziş ifadəsi ilə yanan gözlərini mənim üzümə dikib susdu və elə bil daxili bir təkandan qüvvət alıb, ilk dəfə mənə ürəyini açdı:

– Səmirə xanım, mən on il də gözləyə bilərdim, ancaq indi siz məndən asılı deyilsiniz, etiraf etməliyəm ki, sizdən ayrı mənə həyat yoxdur! – O, sanki mənim baxışlarımın təsirindən cəsarətini itirdi, sözünə ara verdi, yalnız sonradan-sonraya özünü güclə ələ alıb dedi: – Mənim taleyim sizin bircə “hə” və ya “yox” sözünüzdən asılıdır!..

Mən dinmədim, düşündüm: “Sən bir insan kimi mənim nəzərimdə Müdhətdən də ucasan, amma onun məhəbbətini mənim ürəyimdən qoparıb atmaq mümkün olan iş deyil!..”

– Bilirəm, – dedi, – sizin kimi qadınları komplimentlə aldatmaq istəyən adamın vəziyyəti çox gülünc ola bilər. Ona görə də mən belə yüngül vasitələrə əl atmayacağam. Mən köhnə fikirli adamam. Səmirə, mən qadın vəfasının ucalığı qarşısında səcdə eləyirəm. Mənə key və maymaq deyən dostlarım da olub, ancaq mən heç bir insana, xüsusən qadına hər hansı şəkildə təzyiq göstərməmişəm, ancaq mənim təsəvvürümü dəyişmək istəyən adamları da sevməmişəm...

O, ağır-ağır dönüb otaqdan çıxdı, hara getdiyini də demədi. Zirzəmidə yaşadığımız bu bir il müddətində heç vaxt özgə yerdə gecələməmişdi. Mən səhərə qədər onu gözlədim. Yorğun halda işə getdim. Yollar idarəsinə zəng eləyib, onu soruşdum, dedilər ki, iki həftədən sonra qayıdacaq. “Yəqin mənim soyuq münasibətimdən inciyib” deyə düşündüm. Əlbəttə, mən ona pis, yaxşı bir söz deməliydim, amma bu sözü demək üçün hələ mən hazır deyildim, yəni bu barədə həqiqi mənada yalnız indi düşünməliydim. Kamrana rədd cavabı versəydim də, onun məndən üz döndərib Bakıya qayıdacağını təsəvvürümə gətirmirdim, çünki o, mənim ardımca yalnız insanlıq naminə, heç bir günahım olmadığına ürəkdən inandığı üçün, məni belə ağır vəziyyətdə yalqız və köməksiz qoymamaq üçün gəlmişdi. Əlbəttə, onun qəlbində mənə nə isə qüvvətli bir hiss oyandığını çoxdan, hələ biz xəstəxanada ikən bilirdim. Bu bir ildə o, nə qədər böyük mənəvi dəyanət göstərmiş, könlümə toxunan bir hərəkətə, hətta bir jestə yol verməmək üçün nə qədər ağır məhrumiyyətə dözmüşdü! O, çox vaxt qaşqabaqlı olsa da, mən hər sözü ondan kəlbətinlə qoparsam da, yalnız qadınlara xas bir sövq-təbii ilə duyurdum ki, o mənə biganə deyil, amma nə üçünsə öz arzu və meylini ürəyinin ən dərin bir guşəsində inadla gizlətməyə çalışır. Nəhayət o “Sizdən ayrı mənə həyat yoxdur” sözlərini deyərkən, səsinin titrəyəşindən və qırılmağından da hiss olunurdu ki, o, mənim cavabımı, köhnə təbirlə desəm “Həyat-məmat” məsələsi sayır. Bəlkə mən ifrata varıram? Bəlkə mən, sadəcə olaraq, öz-özümə vurulub, ləyaqətimi xudpəsəndcəsinə artırmaq üçün bu sözləri yazıram? Hər halda Kamran mənim xatirə dəftərimi oxuyur, əgər bir etirazı olsa, yəqin ki, onu da məndən gizlətməyəcək.

O, iki həftəlik səfərdən qayıtdı və aramızdakı son söhbəti unutmuş kimi gülə-gülə içəri girib salam verdi.

– Hardaydınız? – deyə soruşdu.

Buz kimi soyuq əli ilə əlimi sıxdı. Hardasa, dincini alıb gümrahlaşmış bir adam kimi ucadan və məmnun bir səslə dedi:

– Bu gün elə bil üstümdən dağ götürülüb, Səmirə xanım. Nəhayət sizi bu qəbirdən də xilas elədim. Təzə binada hər dəm-dəsgahı ilə, vannası, mətbəxi ilə yaxşı bir otaq aldım. Buyurun, köçün... Hər halda mən sizdən dözümlüyəm, burda hələlik yaşaya bilərəm...

“Tərəddüd” sözünün əsil mənasını elə bil yalnız indi anlamağa başladım. Mən onun təklifinə nə cavab verməliydim? Mənə birdən nə üçünsə elə gəldi ki, “ortaq” kəlməsinin arxasında başqa bir sual gizlənir: “yaxşı, indi mənə cavabınız nədir?”.

– Yox, Kamran, – dedim, – mənim lagerdə çəkdiyim əziyyətlərdən sonra bu zirzəmi mənə şah sarayından da gözəl görünür...

– Yox, Səmirə xanım, – dedi, – zirzəminin bu qədər tərifləməyin. Buranı sizin nəfəsiniz isitdi, ona görə mən də buraya alışmışam, ancaq hər halda... mən istəyirəm ki, yeni mənzili də sizin nəfəsiniz isitsin!..

Mən artıq tərəddüdsüz cavab verdim:

– Elə isə qoy hər ikimizin nəfəsimiz isitsin!..

O, mənim fikrimi başa düşdü. Burada da vərdişini pozmadan ağır-ağır mənə yanaşdı və qollarını boynuma doladı... Sonra heç birimiz dinmədik...

O günün səhəri mən otağı iki yerə ayıran pərdəni götürdüm...).

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri