Səhifə 5 / 6 · 67%

Getdik. Mən doktorun əlindən tutub ondan irəlidə pillələri enə-enə, zirzəminin qapısına qədər apardım. Bu halda içəridən kiminsə öskürək səsini eşitdim. Doktor diqqət kəsilib bu səsi dinlədi. Qapını döydü və cavab gözləmədən içəri girdi. Eşikdə hava tutulduğundan, içəri bayaqkından da qaranlıq idi. Mən heç kimə müraciət etmədən:

– Doktor gətirmişəm, – dedim və Esmeralda xanıma sarı döndüm, – buyurun...

– Nə yaman qaranlıqdır, işığı niyə yandırmamısınız? – deyə həkim, yəqin ki, xəstələrin heç birini görə bilmədiyi üçün gözlərini döyə-döyə soruşdu.

Ah çəkirmiş kimi dərindən köksünü ötürən Bədirnisa xala dilləndi:

– Bayaq Kəmalə yandırmışdı. Birdən söndü... Görünür lampamız yanıb...

Gözləri qaranlığa alışan həkim stul çəkib qoltuğundakı şeyləri onun üstünə qoydu. Hamıdan əvvəl Bədirnisa xalaya üz tutdu:

– Ay arvad, qızdırman var?

– Var da sözdür?.. Yoxsa dalı üstə uzanmaqdan ləzzət alıram, nədir?

– Ölçmüsən?

– Xeyr.

– Bəs hardan bilirsən ki, qızdırman var?

– Ondan bilirəm ki, ağzımda dilim də od tutub yanır.

Esmeralda xanım hərarətölçəni silkib, qarıya uzatdı:

– Ölç görüm, – sonra Kəmalədən soruşdu: – Sənin necə, qızdırman var?

– Boğazım tutulub... Çətin nəfəs alıram. Yəqin anginayam.

– Bu cür qaranlıqda müayinə eləmək çətin olacaq... – Həkim dizi üstə qapandı. – Üzünü pəncərəyə sarı çevir, qız... Aaa deginən... Çay qaşığı yoxdur? – O, cəld ayağa qalxdı, balaca yemək stolunun üstündəki stəkan-nəlbəki arasından çay qaşığını götürdü, amma onun yuyulmamış olduğunu görüncə, qızın boğazına salmaq fikrindən daşınıb, yenə stolun üstünə qoydu. – Bir də aaa de görüm... aha, məlum oldu. Düz deyirsən, anginasan, özü də ikitərəfli, qlandanın hərəsi bir qoz boyda. Bu qədər də morojna yeyərlər?

– Nə morojna, ay arvad? Sən lap bəxtəvərlikdən danışırsan, – deyə Bədirnisa xala dodağının altında deyindi.

Həkim onun üzünə baxa-baxa udqunub, birdən gözlərini geniş açdı:

– Ay xala, sən Səmirə Aydının qayınanası deyilsən? Məni tanımadın?

– Tanıdım, bala, tanıdım, niyə tanımıram? Kor deyiləm ki? Görürəm, Asmasan. Maşallah, göz dəyməsin, şir-şikil açmısan, – deyə qarı sonradan-sonraya, nə isə çox könülsüz cavab verdi. – Uşaq vaxtı bizə tez-tez gələrdin, amma çoxdandır bizi arayıb – axtarmırsan...

Həkim qadın qəmli bir tərzdə gülümsündü və gileylənməyə başladı:

– Görünür, sən də məni arayıb – axtarmaq istəməmisən... Yoxsa naxoşlayanda, xəbər yollayıb məni çağırtdırardın.

Bu dəfə Bədirnisa xala ucadan ah çəkdi:

– Neyləyim, ay qızım, – dedi, – bizə salam verənləri də çək-çevirə salırlar. Ona görə də elə fikir eləyirəm ki, tanış-tunuşdan mümkün qədər gen gəzmək yaxşıdır. Onun-bunun bədbəxtliyinə niyə səbəb olasan ki?

Həkim hərarətölçəni alıb baxdı:

– Hə, yəqin özünü bərk soyuğa vermisən, xala... Qoy bir ürəyini, ciyərini də yoxlayım...

Müayinə vaxtı qızlar məndən gözlərini çəkmirdilər. Deyəsən məni yalnız indi tanımışdılar. Kəmalə arada bir bacısına sarı əyilərək: “Kamran əmidir, anamgilin xəstəxanasında görmüşəm”, – deyə onun qulağına pıçıldadı.

Həkim Bədirnisa xaladan sonra qızları da yoxladı, dərman yazdı:

– Sabahdan tibb bacısını yollaram, nə lazımsa analizə verər, – dedi, – penisillin iynəsi vurulsa yaxşıdır. Doğrudur, çətin tapılır, amma qəribə dərmandır, dostdan-tanışdan istərik... Ay xala, o ki, qaldı sizə salam verənlərin məsələsinə, o barədə məndən arxayın ol... Sənətimi əlimdən almayacaqlar ki? Lap həbsxananın özündə də həkim lazımdır.

Ancaq mən Esmeralda xanımın danışıq tərzindən yalnız sənətinə yox, nə isə daha nüfuzlu bir qüvvəyə də (kim bilir, bəlkə ərinin adına-sanına da) güvəndiyini duyurdum.

Mən onu küçəyə qədər ötürüb, reseptləri aptekə verdim. Axşam qaş qaralandan sonra dərmanları alıb gətirdim. İki gün dalbadal bazara getdim, əlimə düşən yemək şeylərindən: yumurtadan, toyuqdan, meyvədən alıb gətirdim. Onlar üçün gündə üç-dörd dəfə təzə çay dəmlədim. Gecə yarıdan ötənəcən zirzəmidən çıxmadım. Səhər tezdən sizə gedəndə, uşaqların da, qarının da vəziyyəti xeyli yaxşılaşmışdı. Hətta qapı arxasından onların nə barədə isə ucadan deyib-güldüklərini də eşitdim və bununla da elə bil bu cüzi yaxşılığımın əvəzində mənə çox qiymətli bir mükafat verdilər...

Qaynın Faiq gəlmişdi. Onların sevincinin də əsil səbəbi bu imiş. Mən Faiqi uzaqdan – uzağa, xəstəxanada qızlarınla bərabər sənə baş çəkməyə gəldiyi vaxtdan tanıyırdım. O məni görərkən əvvəlcə tutulan kimi oldu. Baxışlarından “sən hara, bura hara?” sualı oxunurdu. Kəmalə əmisinin mənə təəccüblə baxdığını hamıdan əvvəl sezib, təşəkkürünü bildirmək üçün fürsət tapdığına sevinmiş kimi dedi:

– Kamran əmi vaxtında özünü yetirdi, doktor çağırdı, dərman aldı, yemək gətirdi. Qonşular hamısı işdə, uşaqları da məktəbdə. O olmasaydı, bu angina məni boğub öldürmüşdü...

Faiq hələ də mənə nə isə dostanə bir nəzərlə baxmırdı. Mənim bu evə gəlib çıxmağımın səbəbi haqqında yenə də həyəcanla düşündüyünü məndən gizlətmək istəsə də, mən bunu aydın hiss eləyirdim.

– Zəhmət çəkmisiniz, yoldaş... – dedi və adımı unutduğu üçün yanağına xəfif bir qızartı çökdü.

– Kamran əmi, – deyə Rəhilə tez onun yadına saldı. Qaynın:

– Bəli, bəli yoldaş Kamran, çox sağ olun, – dedisə də, mənə yenə o qədər də rəğbətlə baxmadı, amma görünür özü də hərəkətinin qəbahətini tez başa düşüb, oturduğu stulu mənə təklif elədi: – Buyurun, əyləşin...

Doğrusu, xəstələrin vəziyyətini belə görəndən sonra mənim burda dayanmağıma ehtiyac qalmamışdı. Bir də Faiqin qısqanc (mənim bura gəlməyimə qısqandıqını yəqin eləmişdim) baxışlarına nə qədər dözə bilərdim ki? Mən getməyə tələsdim:

– Qızım, anandan məktub almısınız, yox!.. – deyə Kəmalədən soruşdum.

– Bəli, almışıq, – dedi.

– Adresini öyrənmək olarmı?

– Olar, niyə olmur? – Kəmalə əlini uzadıb, yastığının altından qalın bir kitab götürdü və onun arasından çıxartdığı zərfi mənə verdi: – Poçta qutusunun nömrəsi var. Onları Tacikistana yollayıblar...

Mən əlimdəki təzə qəzetin qırağına adresi yazdım. Getmək istəyəndə, Faiq qabağımı kəsdi:

– Yox, bu olmadı, yoldaş Kamran. Bu qədər yaxşılıqdan sonra dost olmamağımız düz deyil.

– Belə yaxşılıbı hər kəs bacarar, – dedim.

– Doğrudur, hər kəs bacarar, amma hər kəs bacardığını əsirgəməsə. Buyurun, əyləşin, ceyran ətimiz var. Oturun, kababa qonaq olun!..

Deməli, bir az bundan əvvəl içəri girəndə qapı ağzında kömürlə dolu gördüyüm manqalı bunun üçün hazırlamışdı.

– Sizi buraxan deyiləm, əyləşin, – deyə Faiq israrla stulda oturmağımı xahiş elədi.

Qızlar da ona səs verdilər:

– Əyləşin, əyləşin, Kamran əmi!

Yalnız Bədirnisa xala dinmirdi. Deyəsən naxoşluq onu bərk karıxdırmışdı, arıq və cılız bədənini yandıran hərarətin çoxluğundan hələ də özünə gələ bilmirdi. Ancaq buna baxmayaraq, o da təşəkkür dolu gözlərini məndən çəkmir, nə isə demək istəyir, amma görünür, nəvələrinin və oğlunun xahişindən boyun qaçırmayacağıma əmin olduğu üçün əlavə bir söz deməyə ehtiyac duymurdu...

Faiqin də, qızların da məni ürəkdən qonaq eləmək istədiklərinə inandığımdan, artıq onların ricasını yerə salmaqda çətinlik çəkirdim. Lakin mən Faiqin qısqanc baxışlarını unuda bilmirdim. Mənə elə gəlirdi ki, o, öz-özünə hələ də bayaqkı sualları verir və mənə eyni yabancı nəzərlə baxır. Birdən qeyri-ixtiyari gözlərimi qaldırıb ona baxdım, sanki onun səmimiyyətini yoxlamağa mənəvi bir ehtiyac duydum. Yox, bu dəfə onun üzündə tamam başqa bir ifadə vardı, o da qızlar kimi yalvarışlı bir intizarla mənə baxırdı, sanki o, “getmə, yoldaş Kamran. Yaxşılığının əvəzində biz də gərək sənə hörmət eliyək” deməyə hazırlaşırdı.

– Çox sağ olun, – deyib Faiqin qolundan yapışdım. – Bir halda ki, ceyran kababı bişirmək istəyirsən, gəl köməkləşək!..

Faiq məndən aralandı və Bədirnisa xaladan şişlərin yerini soruşdu. Qarı o dəqiqə cavab verə bilmədi:

– Vallah, ay oğul, neçə vaxtdır lazım olmayıb, bilmirəm hara qoymuşam, gərək orda olsun...

Faiq xeyli axtarandan sonra, nəhayət şişləri tapıb gətirdi, nəm əsgi ilə pasını silib təmizlədi. Otağın bucağından üstü cuna ilə örtülü alümin tabağı götürdü. Biz otaqdan çıxdıq.

Doğrusu, əvvəlcə o qədər də iştaham yox idi, ancaq Faiq manqalı yandıranda, tikələri şişə çəkəndə, közlərin üstündə tez-tez onları o üz-bu üzə çevirəndə, köhnə ovçu yoldaşlarından ceyran ətini bişirməyin üsulunu necə öyrəndiyini söylədikcə, istər-istəməz ağzım sulanmağa başladı.

Biz xəstələrin payını ayrı-ayrı boşqablara çəkib verdik, özümüz də qabaq-qabağa oturub yeməyə hazırlaşdıq. Mən yanakı oturduğum üçün qızların və Bədirnisa xalanın üzünü görmürdüm. Birdən:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri