Səhifə 3 / 6 · 33%

Ceyran xanım gözlərini qırpıb başını tərpətdi: “Yaxşı danışdın” demək istədi. Mən də mətləbi çox uzatmadım:

– Belə cılız olmağıma baxmayın, mən işləyə bilərəm, – dedim və çəkilib öz yerimdə oturdum. Məndən sonra iki nəfər də danışdı. Onlar da mənim kimi elə təzə bir söz demədilər. Sədi Kamalın fikri ilə razılaşdıqlarını bildirdilər. Axırıncı natiq – cəbhəyə könüllü getmək üçün ərizə vermiş cavanlardan biri – rəisin üstünə az qala hücum çəkdi, kəfənini boğazına doladığını gizlətmədən ötkəm-ötkəm dedi:

– Vətəndaş rəis, siz bu qədər günahsız vətəndaşın başına it oyunu açanda elə zənn eləyirsiniz ki, guya Sovet hökumətinin düşmənlərinə qan uddurursunuz, siz bizə inanmırsınız, deyirsiniz ki, cəbhəyə yalnız Vətənə sadiq adamları yollayırlar. Ancaq hələ o məlum deyil ki, Vətənə sizmi çox sadiqsiniz, yoxsa biz? – O, səsini bir qədər yavaşıtdı.

– Hörmətli komissiya üzvləri! Biz buraya yeni gələn zaman rəisimiz Niyazov adlı köhnə bir çekist idi. Ondan hamımız razıydıq, çünki o, nə qədər tələbkar olsa da, bu leytenant kimi bizə pislik eləməkdən ləzzət almırdı. Əgər o indi də burda olsaydı, sizi inandırıram ki, özümüzə yurd-yuva da salmışdıq, yaz şumunu qurtarıb, payız üçün göydən-göyərtidən, güldən, çiçəkdən də əkmişdik.

– Əlbəttə, əlbəttə, Təhlükəsizlik Nazirliyi sizin məsləhətinizlə iş görməliydi... – deyə leytenant qaranlıqdan iynələdi...

O günün sabahısı səhər tezdən yuxudan qalxıb Ceyran xanımla bərabər əl-üzümü yuyurdum. Bu vaxt düşərgəmizdən bir qədər aralı dayanan “M-1” maşınından düşən Elmanı gördüm. Əlində böyük bir bağlama vardı. Adi günlərə nisbətən bizi xeyli şad salamlayıb bizə sarı gələ-gələ dedi:

– Təbrik edirəm!.. Nəhayət canımız qurtardı. – O, şalvar cibindən çıxartdığı qəzeti irəli uzatdı: – Heyf ki, bu gün şəhərdə olmayacağıq, qələbə bayramını görə bilməyəcəyik.

Mən özüm də fərqinə varmadan, əl-üzümü qurulamamış, ona tərəf yönəldim. Qəzeti əlindən qapıb tələm-tələsik gözdən keçirməyə başladım. Birinci səhifədə iri hərflərlə, Hitler Almaniyasının qeydsiz-şərtsiz təslim olmağı münasibəti ilə Ali Baş Komandanın xalqa müraciəti çap edilmişdi. Sevincimdən gözlərim doldu. Qeyri-ixtiyari Ceyran xanımın üstünə atıldım, o üzündən – bu üzündən marçıltı ilə öpməyə başladım, sanki bu şad xəbərdən bircə saat belə keçməmiş bizim hamımızı yenə də böyük yük maşınlarına doldurub, bu dəfə artıq sürgünə yox, evlərimizə yola salacaqdılar.

Ceyran xanım uşaq sadəliyi ilə ərindən soruşdu:

– Bundan sonra bu camaat hökumət üçün qorxulu olmaz, hə? Daha bizi buraxarlar, yox?

– Buraxdılar, buraxmadılar, hər halda...

Elmanın sözü ağzında yarımçıq qaldı. Yan tərəfdən leytenantın hədələyici səsini eşitdik:

– Xeyr, buraxmayacaqlar! – O, üz-gözünü əydi. – Elə sevinirsiniz ki, guya cəbhədə vuruşub qələbə qazanan siz olmusunuz... Vətəndaş Aydın! Yoxsa elə bilirsiniz ki, ərinizin vətən xaini kimi ömürlük sürgün olunmağından xəbərsizəm? Bu qələbənin sizə heç bir dəxli yoxdur!

Elman yalnız ikimizin eşidəcəyimiz bir səslə pıçıldadı:

– Bu niyə belə köntöy danışır? Yoxsa dünənki komissiya quyruğunu bərk basdalayıb?

– Nahaq pıçıldaşırsınız, – deyə leytenant bu dəfə qəzəbini bir az da artırdı. – Hər halda hökumət fəxri çekisti qoyub sizə qahmar çıxmayacaq.

Elman “əstəğfurulla” deyə fısıldadı və güclə hirsini boğub cavab verdi:

– Ay yoldaş rəis, bilmirəm siz niyə qan-qan deyirsiniz, hər halda nə mənimlə, nə də Ceyran xanımla belə danışmağa haqqınız yoxdur.

– Sizinlə hə, amma Ceyran xanıma hər cür söz deməyə haqqım var.

– Onun günahı nədir ki? Ay arvad, yoxsa dünən onun əleyhinə danışmısan?

– Yox, mən heç danışmadım, Səmirə xanım da elə ürəyə toxunan bir söz demədi.

– Guya danışanların ağzına baxıb məni işdən çıxardacaqlar? Ay-hay... Siz ömürlük burdasınız, vəssalam! Bunu sırğa eləyib qulağınızdan asın!

Elman pencəyinin qoltuq cibindən surquc möhürlü bir zərf çıxartdı:

– Görünür, hələ əmri almamısınız, yoxsa əlbət ki, Ceyran xanıma hörmət elərdiniz, budur, mənə cavab yazıblar. Onu bu gündən azad eləyəcəksiniz.

– Mən əmr-zad bilmirəm! – deyə leytenant dalını bizə çevirib öz çadırına sarı uzaqlaşdı və birdən geriyə dönüb qəddar düşməninə yanıq verən adamın kinli ədası ilə dedi:

– Siz dustaqdan da pis vəziyyətdəsiniz... Onların vaxtı, vədəsi məlumdur, müddətləri qurtarandan sonra bir dəqiqə də saxlaya bilməzlər. Amma siz ömürlük burdasınız!

– Səmirə bacı, siz onun sözünə fikir verməyin – deyə Elman əlini qaldırıb-saldı. – Belə tiplər adamda həyat eşqini öldürməkdən başqa heç nəyə yaramırlar. Biz burdan getsək də sizi unutmayacağıq.

Ceyran xanımın əmri yalnız axşama yaxın gəldi. Biz ayrılan zaman, Elman da, Ceyran xanım da məndən az kədərlənməmişdi.

– Mən heç, – dedim, – siz insanlara lazımsınız, Ceyran xanım.

O, mənim boynumu qucaqladı, hönkürtü ilə ağladı.

Onlar kəndə piyada getdilər. Mən dallarınca çox baxdım. Elə bil son ümidim uzaqlarda bir nöqtə kimi kiçilərək, əriyib yox oldu...

Leytenantın son sözü isə hələ də qulağımda səslənirdi: “Siz ömürlük burdasınız!”. Bu fikirdə olan yalnız o deyildi. Günlər, həftələr və aylar ötüb-keçdikcə, bizim iztirablarımıza yaxın zamanda son veriləcəyinə mənim də o qədər ümidim yox idi. Amma görünür, bir çoxu kimi mən də yanılmışdım. Bu səhvimi başa düşmək üçün uzun illərin əzab və işgəncələr dolu yolunu keçib-gəlməyim lazımmış. Əgər bu illər ərzində başıma gələn müsibətləri sadalamağa başlasam, indiyicən həbs düşərgələrinə dair yazılmış hekayətlərin çoxusu sizə idillik lövhələr təsiri buraxa bilər. Mən bunları yazmaq fikrindən qəsdən vaz keçirəm. Tutaq ki, qəbirdən xortlamış ölüləri xatırlayıb, bədbəxt insanların sonsuz iztirablarını təsvir eləyib sizi daha çox dəhşətə gətirdim, nə olsun? Bəzən mənə elə gəlirdi ki, biz hamımız ölmüşük, indiyəcən görmədiyimiz və bilmədiyimiz, ancaq hansı məşum bir təsadüf nəticəsində isə görməyə və hətta yaşamağa məhkum olunduğumuz müdhiş bir aləmə düşmüşük, heç bir qüvvə də bizi burdan çəkib çıxarmağa qadir deyil. Mən axirət dünyasına hələ uşaqlıqdan inanmadığım halda, şüurum keyləşib dumanlandığı zaman öz-özümə deyirdim: “Belə görünür ki, qoca babamın və qarı nənəmin həmişə qorxduğu cəhənnəm elə bura imiş!” – Sanki mən son dərəcə ağır bir günah işlədiyim üçün milyon-milyon illər müddətində hər növ ağlasığmaz məşəqqətlərə dözməyə məcburdum. Lakin mən hansı günahı işləmişdim? Bu barədə fikirləşməyə başlayana, dəli kimi qışqırmaq, kimə və nəyə isə üsyan etmək, müqəssirin kim və nəçi olduğunu yəqin eləyə bilmədiyim üçün isə özümü boğub – öldürmək istəyirdim. İntihar fikri, bəlkə də heç mənim ağlıma gəlməyə idi, bunu mənə xatırladan bizim çadırda yaşayan bir qadın oldu. O, bizimlə bərabər mətbəxdə kartof soyurdu. Şişman qadının cibindən kibrit oğurlayıb, düşərgədən qırx-əlli addım uzaqda, həm də qaş qaralandan xeyli sonra özünü yandırmışdı. Adamlar ona yetişənəcən, iş-işdən keçmişdi. Onu ölümdən xilas eləmək mümkün olmamışdı. İlk günlərdə bu hadisədən sarsılıb qorxsam da, bir neçə gündən sonra özüm də onun kimi həyatıma qəsd eləmək fikrinə düşdüm. Ancaq uzun zaman tərəddüd göstərdim. Deyəsən bu qara fikri özümdən uzaqlaşdırmaq üçün yalnız iradəm köməyimə gəldi. Şüurum mənə dedi: “Yox, Səmirə, belə ölmək – cəsarət deyil, zəiflik əlamətidir. Sənin və yoldaşlarının düşdüyü bu cəhənnəm əbədi deyil!”.

Kim bilir, bəlkə də məni bu günəcən yaşadan yalnız bu şüurum və iradəmdir?

Ən nəhayət şüurum haqlı çıxdı. Əgər buna inanmaq üçün dəlil istəyirsinizsə, mən on il sonra baş vermiş bir məhkəmə iclasını sizin yadınıza salmalıyam.

Xatirələrimin bu yerində Kamran iri bir sual işarəsi qoyub, etirazını bildirmişdi: “Səmirə! Elə düşünmə ki, mən xudpəsəndəm və mütləq özümün də rolumu necə olur-olsun sənin yazılarında görmək üçün bu qeydi yazıram. Bəs mənim gəlişim? Səni düşərgədən aparmağım? Yoxsa unutmusan? Bir də, axı, bu qədər hadisənin üstündən adlayıb keçmək nə dərəcədə doğrudur?

Axşam Kamran işdən qayıdanda mən ona belə cavab verdim:

– Heç bir şeyi unutmamışam. Amma mənə elə gəlir ki, o günləri sən məndən yaxşı xatırlayırsan, buyur, özün yaz, xoşuma gəlsə, istifadə eləyərəm, amma bircə şərtim var: çox uzun olmasın.

İki gün keçməmiş, dəftərimin arasından bu səhifələri tapdım, oxudum, bəyəndim, üzünü köçürüb, xatirələrimə əlavə elədim:

(“Mən sizin Bakı ünvanınızı bilmirdim. Tanışlar köhnə mənzilinizi nişan verdilər. Getdim. Qonşulardan soruşdum, “Onlar çoxdan köçüb” dedilər, amma harda yaşadığınızı söyləyən olmadı. Kor-peşman evimə qayıdanda, küçədə Səidə xanıma rast gəldim. O, yenə də bərli-bəzəkli idi, elə bil müharibə illərinin məhrumiyyətlərinin zərrəcən duymamışdı və bunu hamıya göstərmək üçün, vaxtı ilə sənin xəstəxanada gördüyün yeni modalı paltarını geymiş, gün işığında bərq vuran sırğalarını taxmış, hələ bir dodaqlarına azacıq göyümtül rəngə çalan bir pamada da vurmuşdu. Mən ona əl verib görüşəndə, nə isə çox xəfif və xoşiyli bir ətirlə ətirləndiyini hiss elədim. Əgər mən onu əvvəldən yaxşı tanımasaydım, hamı üçün iztirablı keçən günlərdən ləzzət aldığını düşünər və nifrətlə ondan üz döndərib uzaqlaşardım... O mənim kefimi-əhvalımı soruşdu, xəstəxanadan çıxandan bəri (o gündən iki həftəyə yaxın bir müddət keçmişdi) özümü necə hiss elədiyimlə maraqlandı. Məni də, yoldaşlarımı da diqqətli müalicə elədiyi üçün ona səmimi təşəkkürümü bildirdim:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri