Ağır günlərin sonu
Səhifə 4 / 4 · 75%
– Yox, xala, – dedim. – Mənim nə haqqım var ki, onları qoymayım? Əsil anaları sənsən!.. İnan ki, hər ikisində sənə də, Müdhətə də yalnız məhəbbət oyatmışam...
Mən ana və oğulla halallaşıb çıxdım. Ürəyim daş kimi ağırlaşmışdı. Ayaqlarımı güclə tərpədirdim. Evə yetişənə kimi azı iyirmi-otuz yol dayanıb dincimi aldım: “Yəqin son dəqiqələrimi yaşayıram” – deyə düşündüm. Ancaq nə üçünsə buna təəssüf eləmirdim...
Evə gəldim, uşaqları gördüm, yenə hər şey yadımdan çıxdı.
– Ay qızlar, – dedim, – gedin, atanızla, nənənizlə görüşün!..
Kamran təəccüblə mənə baxdı. Ayağa qalxıb o biri otağa keçdi:
– Yorğunam, Səmirə, – dedi. – Qoy yatım, qalxanda nahar eləyərəm...
Ancaq nə qalxdı, nə də nahar elədi. Mən də yorulub yatdım. Gecə yarıdan xeyli keçmiş Kamran məni oyatdı:
– Ona açarı sən vermişdin? – deyə soruşdu.
– Kimə?
– Müdhətə!..
– Mən Müdhətdən həmişəlik ayrılıb gəlmişəm, – dedim. – Əlbəttə, bu çox çətin, çox ağır bir görüş idi. Biz artıq başqa-başqa adamlarıq...
– O, bu saat burdaydı, uzun-uzadı şikayətləndi, birdən də yox oldu, – deyə Kamran yerindən qalxdı və o biri otağın qapısından baxıb, yenə mənə yanaşdı. – Hara getdiyini görə bilmədim...
– Necə yəni burdaydı, Kamran? Sən nə danışırsan?
– Gəlmişdi, dedi ki, sən mənim məhəbbətimi oğurlamısan!
– Müdhət dedi?
– Bəli, Müdhət... Mənə əl qaldırdı, sonra nə fikir elədisə, əlini aşağı saldı, məni vurmaq fikrindən daşındı...
– Sən bunları yəqin yuxuda görmüsən, – dedim.
– Yox, o bu saat burdaydı. Necə gəldiyini də, necə getdiyini də bilmədim... – Kamran birdən qollarını açaraq, mənə sarıldı, açıq çiyinlərimdən öpməyə və ağlamağa başladı.
– Kamran, əzizim, – dedim, – sən ağlayırsan? Səni mən belə aciz bilmirdim.
– Mənə əzizim deyirsən? – O, birdən ağlamağına ara verdi. – Doğru deyirsən, mən acizəm... Məni bağışla, üzr istəyirəm. Görünür məni qara basıbmış...
– Axı, sən məndən niyə üzr istəyirsən?
– Ona görə ki, açar barədə soruşub, səni təhqir elədim... Bağışlayırsanmı?
– Bağışlayıram, Kamran... Biz xoşbəxt olacağıq, deyilmi?
– Əlbəttə, əlbəttə!.. Biz çalışacağıq. Daha heç kəs bizi işimizdən, sevimli sənətimizdən ayıra bilməyəcək... Yox, bizi heç kəs ayıra bilməz!..
Kamranın bədənindən xoş bir ətir qoxusu gəlirdi, elə bil bağda-bağçada torpaqla əlləşmişdi...
Yarım ay keçdi. Şəhər Sovetindən gəlmiş Sədi Kamal bizim tikintimizi təhvil alırdı. O nə qədər arıqlayıb qocalmış olsa da, heç ruhdan düşməmişdi.
– Belə de!.. Bu kəməri sənin layihənlə çəkiblər? – deyə məni bir ata məhəbbəti ilə bağrına basdı.
– Bəs Rəcəb əmi hardadır? Mollayi Kəbir sağ-salamatdır? – deyə soruşdum.
– Rəcəb ömrünü sənə bağışladı. Biz onu Rudəki kolxozunun qəbristanında dəfn elədik... Mollayi Kəbir qayıtmadı... Kolxozda briqadir oldu... İşləyir...
– Bəs şişman arvad?
– O burdadır... Belələri çox bic olur, hələm-hələm ölməz... – deyə Sədi Kamal qəmli bir təbəssümlə güldü...
Bir neçə dəqiqədən sonra Cəmşid əmi dəniz sahilindən gəldi:
– Çay elə axır ki, kefin istəyən kimi. Sağ ol, qızım... Daha mən sabahdan pensiya üçün ərizə verə billəm, – dedi.
Bakı, 1961-1964
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-agir-gunlerin-sonu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İştirak edənlərŞamil – Dağıstanın xalq qəhrəmanı*
Birinci şəkilDağıstan cəbhəsindəki çar ordusu qərargahında generalın mənzili. Mariya dərin bir ilhamla olduqca həzin bir sonet çalır. Hər tərəf sakitdir. Birdən top səsi eşidilir. Mariya səksənir və bir anlığa hərəkətsiz dayanıb ətrafı dinləyir. Yenə piano çalmağında davam edir. Onun arxasından yavaşca addımlarla general gəlir. Top səsi bir də təkrar olunur.*Mariya**
İkinci şəkilAul... Uzaqdan top-tüfəng səsləri eşidilir... Aulda çığırtı-bağırtı vardır. Birdən qiyafəsini dəyişmiş Soltan görünür. Aula doluşan soldatları görüb gizlənir.*General** (*paruçik Rayevski və o biri zabitlərilə gəlir*)
Üçüncü şəkilŞamilin mənzilində böyük bir otaq. Divardan müxtəlif çeşidlərdə qılınclar, xəncərlər, tapançalar asılmışdır. Pəncərə güllü-çiçəkli həyətə açılır. Yan tərəflərdə birər qapı var...*Pərdə açıldığı zaman Şamil Soltanın üstünə bağırır.*