Beşinci fəsil
Səhifə 1 / 11
1
Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.
Mehmanın əhvalatından sonra Qüdrətlə Lalə gənclərin axşam məşğələlərinə, xüsusən təhlükəsizlik texnikasını öyrənmələrinə ayrıca diqqət yetirməyə başlamışdılar. Bütün briqadaların tərkibini gözdən keçirib, FZO və sənət məktəbləri bitirməmiş cavanların siyahısını tutdurmuşdular. Onların bilmədikləri və ya az bildikləri məsələləri aydınlaşdırdıqdan sonra, dərs proqramındakı qüsurları düzəltdirib, istehsalatda baş verən ayrı-ayrı hadisələrdən də cavanları xəbərdar etməyi müəllimlərə tapşırmışdılar.
Qüdrət, mümkün etdikcə özü dərslərə gəlir, cib dəftərçəsini çıxarıb orada hər adın qabağında yazdığı işarələrə görə gəncləri bir-bir yerindən qaldırıb imtahana çəkir, cavab verə bilməyənləri yenə dəftərçəsinə qeyd edir və “bircə gün vaxt verirəm, bilməsən gözümə görünmə” deyib gedirdi. Bir gün tənəffüs vaxtı Tahir, bu yaxınlarda şikəstliyinə görə hərbi xidmətdən azad olunmuş və şagirdlərin ən sevimli müəllimi sayılan ortaboylu, qaraşın, enli kürəkli, seyrək saçını yandan ayıran Cüməzadədən soruşdu:
– Müəllim, son vaxtlar yaman başlayıblar, bu necə işdir?
Cüməzadə topçu olduğundan, cəbhə istilahlarını tez-tez işlədirdi.
– Yalnız topxana hazırlığı vaxtı əsgərə düz nişan almağı öyrətsək çox gec olar. Əvvəlcədən öyrətmək lazımdır. Topçular riyaziyyatı mükəmməl bilməsələr, döyüş vaxtı haqq-hesabı itirərlər. Belə deyilmi? – Cüməzadə öz sualına özü cavab verib başını tərpətdi. – Hazırlıq əvvəldən, çox-çox əvvəldən başlanmalıdır, əzizim. Neft də belədir. Bu saat dartay və jalonka əsri deyil, trubin qazıma əsridir. Təbiətlə mübarizə faşizmlə mübarizədən az bilik tələb etmir.
– Mən onu soruşmuram, müəllim. Deyirəm, yəni son vaxtlar dərslərimizə nə çox fikir verirlər?
Cüməzadə Mehmanın əhvalatını Tahirə söyləyəndə, onun gözləri qorxu və təəccüb içində parıldadı:
– Ehtiyatlı olmaq lazımdır! – dedi. – İndi cəsarət azdır, gərək neftin dilini də biləsən.
– Bunun üçün də öyrənmək birinci şərtdir! – deyə Cüməzadə fikirli-fikirli Tahirin gözlərinin içinə baxdı. Bu söhbətdən sonra Tahir dərslərinə daha da maraqla qulaq asır və kitabxanadan aldığı texniki kitabları bir-bir və diqqətlə oxuyub qaytarırdı. Mühüm saydığı nöqtələri cib dəftərçəsinə yazıb, başa düşmədiyi ayrı-ayrı çətin istilahları müəllimlərindən soruşdu. Mədənlərdə, briqadalarda iki trestin yarış şərtləri oxunub qızğın müzakirə olunandan sonra, usta Ramazanın kəşfiyyat buruğunda iş sürəti artmışdı. Deyilənə görə başqa briqadalarda da belə sürətlə işləyirdilər. Qəzetlər də İsmayılzadənin trestini tərifləməyə başlamışdı. Amma usta Ramazan Tahirlə Cəmili bir dəqiqə belə gözdən qoymurdu. Mehmanın əhvalatı onu daha da ayıq salmışdı. Hər gün şagirdlərini öyrədir, müstəqil düşünməyə və müstəqil işləməyə alışdırırdı. Ustanın bu sahədə ən yaxın köməkçisi Vasilyev idi. O da, Ramazan kimi Tahiri ilk günlərdən bəyənmişdi. Hər ikisi şagirdlərə xüsusi qayğı göstərirdi. Bu hal səbəbsiz deyildi. Onlar sahibkarların zülmünü unutmadıqları kimi, köhnə buruq ustalarının cavan fəhlələrlə pis rəftarlarını da yadlarından çıxarmamışdılar. O zamanlar buruqda sahibkarların ən sadiq vəkili sayılan bu ustalar, mədənə yeni gələn fəhləyə, xüsusən istedadlı cavanlara qısqanır, onların irəli getmələrindən qorxub, neft işinin mühüm sirlərini hər cür vasitə ilə onlardan gizlətməyə çalışırdılar. Ramazan özü də belə bir ustanın yanında on beş il ayaq döymüş, yalnız inqilabdan iki il sonra buruq ustası ola bilmişdi. Sovet dövründə o heç bir şagirdinə rəqib kimi baxmırdı. Elə bil köhnə ustalardan hayıf almaq üçün ildə yeddi-səkkiz gənc tərbiyə edib boya-başa çatdırırdı.
Usta Ramazan hələ də Tahirin kəndə qaçacağını güman edirdi. Ona elə gəlirdi ki, Tahir “mən də səngərdən qaçmayacağam” deyərkən ustanın sayıqlığını zəiflətmək istəmişdi. Ramazan:
– Sergey Timofeyeviç, – deyə Vasilyevə tapşırmışdı, – onu bircə dəqiqə də gözdən qoymayın. Cavandır, başa düşmür. Bu saat onun elə vaxtıdır ki, xeyrini şər bilir, şərini də xeyir.
Ramazanın səmimiyyətinə daima ürəkdən inanan Vasilyev də, Tahiri öz doğma balası kimi sevir və onun tərbiyəsinə xüsusi bir qayğı ilə yanaşırdı. Ancaq Ramazan da, o da Tahirə zahirən nəvaziş göstərmir, iş zamanı ondan diqqətli və sayıq olmağı tələb edirdi: “Sərvət intizam gücünə qazanılır” devizi ustanın da, Vasilyevin də nəzərində çox müqəddəs idi. Tahir isə yavaş-yavaş belə sərt rəftarın zərurətini duymağa başlayırdı. Kəşfiyyat buruğu iki min metr məsafə qət etmişdi. Qayda üzrə, korşalan baltanı hər altmış-yetmiş metrdən bir dəyişmək üçün quyuya sallanmış qazıma borularını çıxarmaq lazım gəlirdi. İndi usta bu vəzifəni Cəmillə Tahirə tapşırmış, Vasilyevlə bərabər kənarda, yeni qazıma boruları yığımının üstündə oturub söhbət edirdi. yenə də Tahirdən danışırdılar. Ramazan onun barəsində çoxdan bəri ürəyində gizli saxladığı şübhəni öz müavininə söylərkən, Vasilyev də onun fikrinə şərik oldu:
– Doğrudur, Ramazan İskəndəroviç, – dedi, – təzə uşaqlar arasında hörməti çoxdur. O qaçsa, o birilərinə təsir edəcək. Tahiri bir dəqiqə də gözdən qoymaq olmaz. Bundan başqa, o, bizim axtardığımız uşaqlardandır. Axı Tahir çox istedadlı gəncdir Sizi inandırıram ki, onun fitri istedadı az-az adamlarda olar.
– Bunun üçün bircə yol var, – deyə Ramazan fikirli-fikirli sözünə davam etdi, – gərək vəzifəsini böyüdüb məsuliyyətini artıraq.
Vasilyev sevinmiş kimi əlilə havanı yardı:
– Çox gözəl fikirdir! – dedi.
Usta Ramazan buruğa tərəf baxdı. Qazıma borusu, qabığı tökülmüş boz ilan kimi parıldaya-parıldaya yuxarıya doğru uzandı və birdən yanakı yerə enməyə başlayıb gözdən itdi. Borunun sürətinə zənnlə baxıb şagirdlərinin işinə gözəyarı qiymət qoyan usta: “Yaxşıdır, yaxşıdır” deyə dodağının altında Tahirlə Cəmili tərifləyir və razı halda gülümsəyirdi.
Birdən usta:
– Heç onların yataq otağını görmüsənmi? Yeməklərini yoxlamısanmı? – deyə Vasilyevdən soruşdu. – Nə qədər istəyirəm, vaxt tapa bilmirəm. Ana uşağıdırlar, gərək elə dolansınlar ki, heç nədən korluq çəkməsinlər.
Vasilyev ayağa qalxdı:
– Boruların hamısını çıxardılar. Gedib onları başa salmaq pis olmaz! – dedi.
Ramazan da ağır-ağır yerindən qalxdı. Onlar yavaşca addımlarla quyuya tərəf getdilər.
Əlləri palçığa bulanmış Tahirin gicgahlarından üzüaşağı tər damcıları axırdı. Onun iş paltarı ləkə-ləkə olmuşdu.
– Usta, – deyə o, əvvəlcə Ramazana, sonra da Vasilyevə baxdı, – olmaz ki, boruları quyudan çıxaranda bir az sürətini artıraq! Məsələn, birə iki?
– Əlbət ki, olmaz! – deyə Cəmil onun avamlığına istehzalı bir təbəssümlə güldü.
– Niyə gülürsən, balam? Yarışa girməmişik? Aleksey Staxanovun metodu nədir bəs? Beş dəqiqəyə görüləsi işi bir dəqiqəyə görmür?
Ramazan adəti üzrə həmişə şagirdləri arasında gedən mübahisədə birinə haqq verib, o birini haqsız saymaz, onların ixtilafını qızışdırmaq istəməzdi. İndi də məsələni sülh yolu ilə həll etməyə çalışdı:
– Burada mümkün olmayan bir şey yoxdur, – dedi və Tahir bu sözləri eşidəndə qürurla yoldaşının üzünə baxıb, qalib nəzərlə onu süzməyə başladı.
– Ancaq bir iş var: borunu daha becid çəksək, həm quyunun divarları, həm də qüllə uça bilər, – deyə usta, Tahiri başa saldı. Cəmil də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi:
– Elə mən də bunu deyirəm də.
– Deməli, hərəniz bir şeydə haqlısınız. Oğul istərəm ki, təzə bir ixtira eləsin, bu işi öz yoluna qoysun! – deyə usta hər iki cəbhəni razı saldığına əmin olaraq gülümsündü və sonra Vasilyevə tərəf döndü:
– Sergey Timofeyeviç, dünəndən bəri heç yatmamısınız. Gedək evə, istirahət eləyin, – dedi.
Vasilyev, buruğun köyşəndən hörülmüş damı altındakı nazik dirəkdən asılı duran brezent pencəyini və parusin şapkasını götürdü, qırışıq alnına tökülmüş sarı, seyrək saçlarını əlilə geriyə darayıb, şapkasını geyindi və pencəyini qoltuğuna vurub buruqdan çıxdı.
Usta Ramazan şagirdlərinə müraciətlə dedi:
– Bundan sonra görək daha da diqqətli olasınız, uşaqlar. – Tahirin təəccüblə baxdığını görüb izah elədi: – Bir azdan neftli təbəqəyə çatırıq. Gərək hamımız gözdə-qulaqda olaq. Bir balaca oyan-buyan olsa, çəkdiyimiz zəhmət havayı gedər... Hə, başlayın görüm!
Tahir Cəmillə köməkləşərək, yerə uzadılmış borunu qaldırıcı maşına bağladı. Boru yuxarı qalxıb mənzilə çatmamışdı ki, birdən Tahir mədəni budkadan bəriyə doğru gələn Lətifəni görüb hər şeyi unutdu və qıza baxa-baxa qaldırıcı maşının hərəkətini izləməyi belə yadından çıxardı.
– Əgər belə getsə heç nə! – deyə usta təbəssümünü gizlətmək üçün üzünü başqa səmtə çevirdi.
Tahir bu sözlərin özünə aid olduğunu bilib, tez-tələsik Lətifədən gözlərini çəkdi və yuxarı qalxan borunun aşağı ucunu açarla tutub o biri boruya keçirdikdən sonra Cəmilə dedi:
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Yeddinci fəsil1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?
Səkkizinci fəsil1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.
Başqa şairlərin şeirləri
Sənsən ilk baharım mənim,Sevimli gülzarım mənim.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,