Səhifə 3 / 11 · 18%

Lalə ilə Minayevin ən yaxşı gördüyü yer, sağ tərəfdəki Bayıl qəsəbəsi idi. Budur, küçələrə səpilmiş fənərlər altında parıldayaraq uzanan müvazi yollarla, uzaqdan xırdalaşmış kimi gözə dəyən tramvaylar və maşınlar süzüb gedirdi. Yolların gözdən itdiyi yerdən yarımada kimi dənizə tərəf uzanan Bayıl burunu, onun dövrəsində, böyük gəmilərə istiqamət göstərmək üçün tez-tez yanıb-sönən rəngbərəng mayaklar görünürdü.

Burunun sağ tərəfində yumru ay dənizə əks etmiş, suları kiçik bir dairə halında işıqlandırmışdı. Bu dairənin tən ortasında tək bir buruq görünürdü. Deyəsən o, usta Ramazanın kəşfiyyat buruğu idi. Orada indi iş gedib-getmədiyini bilmək çətin idi. Çünki buruq uzaqdan, təntənəli yığıncaqlarda neft fəhlələrinin hədiyyə gətirdikləri balaca vışka modellərinə bənzəyirdi.

– Qocanın buruğunu görürsənmi? – deyə Lalə əlini o tərəfə uzatdı.

Minayevin də gözləri dairəvi halda işıqlanmış yerə zilləndi.

– Görürəm, – dedi, – ancaq buradan baxanda kəşfiyyat buruğu məni zəngin bir neft yatağından artıq gözəl bir mənzərə kimi cəlb edir... Bax, bax!.. – Minayev nəyə isə təəssüf edirmiş kimi dərindən köksünü ötürdü. – Bakının bu axşam mənzərəsində ayrıca bir məlahət var. Bizə qonaq gələn şairlər, nə üçünsə həmişə yalnız mazutu və qumu görürlər. Halbuki bu cür qəşəng bir gecə heç bir şəhərdə yoxdur. Mən buradan ayrılıb başqa bir yerə getməyi ağlıma belə sığışdıra bilmirəm.

– Yoxsa elə bir fikrin var? – deyə Lalə ona yanakı bir nəzər saldı.

– Yox, canım, söz gəlişi dedim. Mən burada doğulmuşam, burada da öləcəyəm. Bilirsənmi, Lalə xanım, bu yaxınlarda Tbilisiyə gedəndə cəmisi üç gün qaldım. Onun gözəlliyinə şübhə ola bilməz, deyilmi? Ancaq yaman darıxırdım. Öz-özümə deyirdim ki, “bircə həftə də burada qalsam, yəqin bağrım çatlar”.

– Yerli vətənpərvərlik hissi adamı məhdudlaşdıra bilər! – deyə Lalə baş mühəndisin üzünə baxmadan cavab verdi. – Mən də Bakını heç bir şəhərə dəyişmərəm, ancaq o biri şəhərlərimizin gözəlliyinə göz yummaq nə lazım?

Onlar susdular. Hər ikisi sahil boyuna vurğun nəzərlərlə baxırdı. Dənizin ayna sularında ikinci bir şəhər görünürdü.

– Gərək ki, Maksim Qorki buranı Neapola bənzətmişdir, – deyə Minayev sükutu pozdu, – onun zövqünə ki şübhə ola bilməz?

– Bu xüsusda aramızda ixtilaf yoxdur, – deyə Lalə güldü və irəliyə yönəldi, – Qüdrəti mən çoxdandır görmürəm, bu gün neçə faizdir?

– Səksən beşə qalxıb... Mən hələ də bu sirri başa düşə bilmirəm.

– Burada nə sirr var ki?

– Axı onun trestində çalışan cavanların çoxusu təcrübəsizdir. Südəmər uşaqlarla plan doldurmaq böyük hünər istəyir.

– Bunun əvəzində usta Ramazan kimi pələngləri var.

Onlar buruğa daxil olanda söhbəti kəsdilər. Lalə fəhlələri salamladı. Hamı ona ehtiramla cavab verdi.

Burada qızğın iş gedirdi. Briqada tikintini qurtarmaq üzrə idi. Bir azdan sonra qazıma mexanizmlərini yaxşı tanıdığı bu briqadanın, hər zaman, tapşırığı vaxtından tez yerinə yetirəcəyinə əmin idisə də, hər şeyi öz gözü ilə görmədikcə rahat olmurdu.

Xarratlar taxta-şalban işlərini qurtarmış, çilingərlər də mexanizmlərin əgər-əskiyini düzəldib qaydaya salırdılar.

Lalə işin ayrı-ayrı təfərrüatına nəzər yetirib razı halda geriyə qayıtmaq istərkən, buruqdan kənardakı taxta qırıntılarının üstündə oturmuş qazmaçılar arasında kimi isə görüb ayaq saxladı və usta Ramazanın köməyinə yolladığı briqadiri tanıyanda gah ona, gah da Minayevə baxa-baxa soruşdu:

– Stepan Fyodoroviç, siz nə üçün buradasınız?

Trest müdirlərinə həmişə ehtiram göstərən fəhlələr Lalənin səsini eşidəndə söhbətə ara verib ayağa qalxdılar. Onlardan biri yoğun səslə Laləni salamladı:

– Axşamınız xeyir, yoldaş İsmayılzadə! – dedi.

Lalə ona cavab verdikdən sonra buruqdan bəriyə doğru süzülən işıqda aydın gördüyü yoğun əzələli, ucaboy və cüssəli briqadirdən təkrar xəbər aldı:

– Nə üçün getməmisiniz? Bəlkə mənim əmrim sizin üçün məcburi deyil, hə?

Hamı ilə mülayim və mehriban rəftar edən Lalənin əmrindən çıxanlar çox tez də peşman olurdular. Briqadir də bunu gözəl bilirdi.

– Xeyr, yoldaş müdir, məcburidir, – deyə o, heç bir zaman bu fikirdə olmadığını Laləyə hiss etdirmək üçün tez-tələsik cavab verdi.

– Ancaq usta Ramazan bizimlə hesablaşmadı.

– Nə üçün?

– Səhər tezdən getmişdik. O bizi geri qaytardı.

– Nə üçün?

– Dedi ki: “Dəvə nə qədər arıq olsa, dərisi sarvana yükdür”.

Minayev bu zərb-məsəlin mənasını başa düşmədiyi üçün, bir neçə dəfə gözlərini yumub-açdı, nəhayət Lalədən soruşdu:

– Bu nə deməkdir?

Lalə özü də məətəl qalmışdı. Köməkdən boyun qaçıran o əcayib insanın gözlənilməz cavabını fikirləşəndə, özünü saxlaya bilməyib güldü:

– Yaxşı ki, elə deyib... O məsəlin çox kobud bir variantı da var, – dedi.

Briqadirin yanında duran qısaboy, üzünü tük basmış arıq bir fəhlə Lalənin əvəzinə cavab verdi:

– Var, var, – dedi. – “Dəvə nə qədər ölü olsa, dərisi bir eşşəyə yükdür”.

Fəhlələr qəh-qəh çəkib gülüşdülər. Briqadir qoca ustanın cavabını elə bil yalnız indi başa düşüb tutuldu və deməyə söz tapmayıb başını sinəsinə endirdi. Lalə isə Minayevə tərəf çevrildi.

– Yaman başlayıblar, Dmitri Semyonoviç, – dedi. – köməkdən boyun qaçırırlarsa, demək, nəyə isə ümid bağlayırlar. Deyəsən biz arxayınlaşdığımız üçün özümüz də hiss etmədən geriləyirik? – O, qazmaçılara nüfuzedici bir nəzər saldı. – Ayıq olun, yoldaşlar, – dedi. – Biz onların çağırışını zarafat hesab edirdik. Amma belə görünür ki, onlar zarafat etmək fikrində deyillər.

Lalə ilə Minayev maşına tərəf endilər.

– Lalə xanım – deyə Minayev dərin düşüncədən ayrılıb dayandı, – məncə biz mühüm bir nöqtəni yadımızdan çıxarırıq...

Lalə maraq və sual dolu nəzərlərini ona dikdi.

– Hansı nöqtəni?

– Axı indi dəniz qazmaçılarına Qüdrət İsmayılzadə rəhbərlik edir.

– Nə olsun ki?

– Əgər o mən tanıyan Qüdrətdirsə, arvadından geridə qalmağa razı olmayacaq.

– Çox təəssüf ki, Dmitri Semyonoviç, onu tanıdığın halda, məni hələ tanımamısan.

– Necə məgər?

– Mən də ərimdən geri qalmağa razı olmayacağam. Ancaq məsələ bunda deyil, axı biz rəqabətə girişməmişik. Nə üçün onlar bizim köməyimizi qəbul etmirlər?

– Yəqin səbəbi var. Görünür, o birisi briqadaları da qaytarıblar... öz aramızdır, hər halda məsələ işçi qüvvəsinin azlığında deyil.

– yenə də nahaq qaytarıblar. Mənə elə gəlir ki, Qüdrətin bu işdən xəbəri yoxdur.

Onlar maşına minib yanaşı oturdular.

– Mən evə gedirəm. Bu gecə yəqin Qüdrət gələcək, – deyə Lalə, bir ev xanımı kimi deyil, aralarındakı anlaşılmazlıqdan narazı qalmış bir trest müdiri kimi, onunla məsələni evdə ayırd edəcəyini düşünüb, şoferinə əmr verdi:

– Kolya, evə!

Lakin o, Minayevdən ayrılıb, evlərinin qapısından içəri girəndə, qayınanasını və qızını yatmış görüb, trest rəhbəri olduğunu unutdu və ayaqlarının ucunda yemək otağına keçdi, kələğayısını başından açıb bir tərəfə atdı. Yemək stolunun süfrəsini dəyişdirdi, bufetdən qabqaşıq çıxardı, gözgü kimi parıldayan çəngəl-bıçaqların yanına təmiz salfet qoydu və yalnız bundan sonra divar saatına baxdı. On ikiyə bircə dəqiqə qalırdı.

3

Ayağı yenicə yer alıb gəzməyə başlayan körpə bir uşağın anası kimi Ramazan da Tahirin yavaş-yavaş daha mürəkkəb işləri görməsinə qəribə bir ürək döyüntüsü ilə tamaşa edirdi.

Axşam növbəsinin fəhlələri işə gələndə bütün qazıma borularını quyuya sallayıb qurtarmışdılar. İstirahətdən sonra özünü qıvraq hiss edən Vasilyev də Ramazanla yanaşı durub fəhlələrə göz qoyur, onların ən cüzi səhvlərini belə o dəqiqə düzəldirdi.

Dünəndən bəri Tahirin üzündəki uşaqlıq ifadələri yox olub getmişdi. O, usta Ramazanın neft təbəqəsi haqqındakı sözlərini xatırladıqca, işin bütün məsuliyyətini duymağa başlamışdı. Arabir: “çox gözəl, doğrudur, aha, bax, belə!” – deyə onu tərifləyən usta Ramazanın səsini eşitdikcə, Tahir sevinərək ora-bura vurnuxur, yaşca özündən böyük olan, amma bilik və savadının azlığından hələ də ustanın etibarını qazana bilməmiş fəhlələrdən yaxşı işləyir, xüsusən Cəmilin yanında qürrələnir, yaxşı bilmədiyi şeyləri xəlvətcə ustadan soruşub öyrənirdi. Deyirlər ki, rəqibin gözləri iti olur. Cəmil, gec gəlib tez öyrənən yoldaşının hər addımını oğrun bir diqqətlə izlədiyi üçün, usta ilə onun nə barədə xosunlaşdığını biləndə, Tahirin üstünə ayaq aldı:

– Soruşa-soruşa nənəm də bacarar, – dedi, – naşı adamlar elə bilir ki, sən doğrudan da bir şey qanırsan.

Tahir bu sözləri məhz Cəmildən eşidəndə yaman pərt oldu, bilmədiyi şeyləri bir daha ustadan soruşmamaq qərarına gəldi. Ramazanla Vasilyev isə, çətin bir iş olan kimi uşaqların, xüsusilə Tahirin xəbər verəcəyinə ümid edərək, kənarda oturub atom bombasından, yaponların necə tez təslim olmasından və Ruzveltdən sonra Trumenin bütün işləri korlamasından danışır, yalnız arabir rotorun səsini dinləməklə kifayətlənirdilər. Ramazan hər məsələni deyib qurtaranda, yenə neftin üstünə gəlir:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 saat
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 dəq
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 dəq
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 saat 15 dəq

Başqa şairlərin şeirləri