Səhifə 5 / 11 · 36%

Ürəyində Bədirli ilə bu adamları müqayisə edən Qüdrət, onların məziyyətlərindən təsəlli tapmış kimi, yenə öz adi təbəssümü ilə gülümsəyib, gəmiyə doğru addımladı. Dənizdən əsən sərin meh onun qıvrım saçlarını yavaşcadan tərpədir, üz-gözünə sərinlik gətirirdi.

Gəminin baş tərəfində durub, bir nəfər yoldaşilə yükü yerbəyer edən gödək, yoğun və çevik bir fəhlə Qüdrəti görüb doğruldu. (O, buradakı briqadanın başçısı idi).

– Salam, yoldaş İsmayılzadə! – deyə o, yeni gətirilən taxtanın ucundan tutub dartdı və yerini rahatladı. Qüdrət elə bil onun iş həvəsini soyutmamaq üçün bir qədər sükut etdi, gələnlərə-gedənlərə baxdı və o biri taxta gətirilənə qədər briqada başçısına müraciətlə dedi:

– Xahiş edirəm sabahacan burada bir taxta da qalmasın, müştərisi çoxdur.

– Gözüm üstə! – deyə briqadir, hərbi adam kimi əlini gicgahına yaxınlaşdırdı.

Bu cavab Qüdrət üçün kafi idi: “Söz verdi, eləyəcək!” O, qanı qaralmış halda dal tərəfində dayanan Bədirliyə döndü:

– Bunlardan öyrən! – dedi, – işləməyi də, adamlığı da!

Bədirli, Qüdrətlə özü arasında əmələ gələn uçurumun dərinliyini yalnız indi hiss etməyə başlayır, hər sözünün nifrətə səbəb olduğunu duyur, İsmayılzadənin ondan nə istədiyini bir növ anlaya bilmirdi: “Nə üçün məni görən gözü yoxdur? deyə öz-özünə sual verir, amma cavab tapa bilmədiyindən qanı daha da qaralırdı.

Qüdrət birdən yorğunluq hiss edib, fəhlələrdən aralanaraq maşına doğru gələndə, Bədirli yenə gülümsəyib, sarımtıl və mırıq dişlərini göstərdisə də, Qüdrət ona baxmadan maşının gerisində yox, şoferlə yanaşı oturdu. Bunu gördükdə Bədirlinin ürəyinə daha pis bir şübhə damdı: “Məni işdən qovmağa bəhanə axtarır” deyə düşünərək, oturacaq yerindəki zorba portfelini götürüb dizinin üstünə qoydu. Amma elə bil iynə üstündə oturdu.

Onlar idarəyə yetişən kimi, Qüdrətin katibəsi buruqdan zəng etdiklərini, hansı bir mühüm iş üçünsə onu soruşduqlarını Qüdrətə xəbər verdi. O, yerində oturmamış tez-tələsik usta Ramazanı telefona çağırtdırdı.

– Nə var, nə yox, usta? Deyirlər məni istəyirsənmiş... Necə? Gil məhlulu axıb gedir? yenə Bədirli? Əşi bu zalım oğlu mənim də canımı boğazıma yığıb. – Dəstəyi yerindən asıb katibəsini səslədi: – Baş mühəndis buradadırmı?

– Xeyr, material aparıb, usta Ramazanın buruğuna getdi.

– Çoxdan?

– Xeyr, on beş-iyirmi dəqiqə bundan əvvəl.

Katibə yorğunluğunu gizlədə bilməyib əsnəyəndə, əlini ağzına tutdu.

– Görürəm yorğunsan, get evə, dincəl, – deyə Qüdrət katibəsini işdən buraxdı.

Bu anda şəhər telefonu səsləndi. Qüdrət qarşısındakı divar saatına baxıb dəstəyi götürdü. Şirmayı zəng edirdi.

– Hə, mənəm, qızım, – deyə o, bir anlığa bütün yorğunluğunu unutdu. Uşaqlara məxsus səmimi və məsum bir təbəssümlə güldü. – Tuflin hazırdır, qızım. Bəlkə bu gün gəldim. Ancaq sən yat, məni gözləmə. Sabah bütün günü evdə olacağam. Yaxşı? Sədəf müəllimə gəlmişdimi? Təzə notalar lazımdır? Taparam. Təki sən oxumağında ol...

Qüdrət dəstəyi yerindən asdı, aşağı əyilib yazı stolunun alt gözündən bir cüt uşaq tüflisi çıxardı, qəzetə bükdü.

Şirmayının musiqi müəlliməsi Sədəf, onu istedadlı gənclərin konsertinə hazırlayırdı. Qızının bu ilk çıxışı, Qüdrəti usta Ramazanın kəşfiyyat buruğundan az həyəcanlandırmırdı.

Gözləri stolun şüşəsi altında qoyulmuş məlumat vərəqəsinə sataşdı. Götürüb baxdı. Bu gün plan dünənkinə nisbətən bircə faiz artmışdı. Bunun səbəbini düşünəndə, Bədirli içəri girdi.

– Yoldaş İsmayılzadə, – dedi, – bütün günahları məndə görürsünüz. Uşaqlarım ölsün, usta Ramazan müqəssirdir. Özünə o qədər arxayındır ki, materialları vaxtında istəməyib...

Qüdrət, Bədirlinin uşaqlarına and içməsindən, sözlərində yalan olmadığını başa düşdü və onunla həddindən çox sərt dolandığını ürəyində etiraf etməyə məcbur oldu. Lakin yenə də:

– Qoca kişidir, onun yadına düşmür, sən yadına sal! – dedi. – Elə bilirsən ki, adamları danlamaqdan mənim xoşum gəlir? Qətiyyən yox! Sən mənim qulum deyilsən, köməkçimsən. Əgər məndə bir qüsur görüb deməsən belə çıxır ki, nədənsə qorxursan. Canım, nədən qorxursan axı? Qorxu ilə işləmək olmaz ki? – Qüdrət səsini yavaşıtdı:

– Səndən bircə xahişim var: adamların üzünə şax bax, çalışma ki, filankəsin xoşuna gələsən. Mən sahibkar deyiləm. Mən də adi bir vətəndaşam. Hamımızın məqsədimiz birdir. Xülasə, sözləri deməkdə fikrim odur ki, gələcəkdə öz işinlə adamlara xoş gəlməyə çalışasan.

– Düzdür. – deyə Bədirli trest müdirinin xahişini yalnız indi başa düşüb, gözlərini yerə dikdi: “Nə qədər sərtdirsə, bir o qədər də mehribandır” deyə fikirləşdi. – Ancaq sizdən bir xahişim var, yoldaş İsmayılzadə: məni çağırın kabinetə, istədiyiniz qədər danlayın, söyün, amma adamların yanında biabır eləməyin. Çünki siz onları tanımırsınız. Heç birində qanacaq yoxdur, o saat çıxıb boynumda oturarlar.

– Bax, bunda da yanılırsan. Məncə hər kəs birinci sırada öz qüsurlarını görməlidir. Kim insanları ucdantutma pis hesab eləyirsə, onun öz ürəyi təmiz deyil. Əgər mən buradakı adamların hərəsində mənəvi bir gözəllik nişanəsi tapmasaydım, bu gün də onlarla işləyə bilməzdim. Axı, bir də, insanlar anadan pis doğulmurlar ki? Balaca uşaqlar yaltaq olmurlar. Onlarda bu xasiyyət böyüdükdən sonra əmələ gəlir. Müqəssir kimdir? Əlbəttə, onları bu işə məcbur edənlər!.. Köləlik hissini, Çexov demişkən damcı-damcı sıxıb qanımızdan çıxarmalıyıq. İndi belə şeylərə qətiyyən ehtiyac yoxdur. Aydındırmı? Yoxsa bir də izah edim?

Qüdrət bu dəfə gülümsədi. İnadla Bədirlinin üzünə baxaraq, sözlərinin ona necə təsir etdiyini yoxlamaq istədi:

– Düz deyirəm, yox?

– Bəli.

– Bax, o gün mühəndis Fikrət burada çıxış elədi. Mən onun fikirlərini bəyənmədim. Çünki zərərli fikirlərdir. Ancaq məndən çəkinməyib, açıq danışmasını bəyəndim. Əgər o etirazını deməkdən qorxsaydı, mən trestdəki əhvali-ruhiyyəni düzgün təyin edə bilməzdim, çıxardığım nəticə yanlış ola bilərdi, kor-koranə işləyib tresti bir yana çıxara bilməzdim. Amma indi haradan mənə zərbə dəyəcəyini əvvəldən bilirəm, ona görə də hazırlaşıram, ayağımın altını bərkidirəm. Xülasə, mənə elə gəlir ki, xahişim sənə aydın oldu.

Qüdrət yenə saatına baxdı. On iki tamama bircə dəqiqə qalırdı:

– Baş mühəndis buruqdadır. Əminəm ki, avariyanı tezliklə ləğv edib qayıdacaq. – Qüdrət qızının tuflisini götürüb qapıya yanaşdı və çiyni üzərindən Bədirliyə baxaraq soruşdu: – Getmirsən?

Bədirli də onun dalınca çıxdı:

– Mən bu gün növbədəyəm, – dedi, – siz buyurun, gedin.

Qüdrət evinə yola düşdü. O, şəhərə çatanda hələ küçələrdən ayaq kəsilməmişdi.

Hər iki tərəfdən şütüyərək, asfalt üzərində süzən avtomobillərin fənərləri evlərin aynasına və asfalta əks edir, kinolardan, teatrlardan qayıdan adamların üzünü işıqlandıraraq keçirdi. Bu adamlar elə bil müharibə zamanındakı qaranlıq gecələrin heyfini almaq üçün yavaş-yavaş, sallana-sallana yeriyirdilər. Yoxuşsuz küçə saysız-hesabsız işıqlar içində üzürdü. Cınqıldayaraq ötən tramvayların baş tərəfində, zəfər bayramından indiyədək parıldayan qızıl işıqlar yanırdı. Dörd ildən bəri zil qaranlıqda yatan şəhər, indi artıq bütün gözəlliyi ilə rəng verib-rəng almaqda idi. Bütün gecələri göy kağızlarla örtülüb toz basmış pəncərələrdən indi göz qamaşdıran işıq sütunları uzanırdı.

Qüdrət doğma şəhərin ta uşaqlıqdan sevdiyi bu axşam sərinində maşınının yan şüşəsini açıq qoyub rahat-rahat nəfəs alır, yorğunluqdan xəfif bir tərzdə sızıldayan bədəninin ağrısını unudaraq, şirin-şirin mürgüləyirdi.

O, evinə yetişəndə hamını yatmış bilib, cibindən öz açarını çıxardı və qapını səssizcə açdı. Yemək otağının işığını yanan gördükdə, “hələ oyaqdırlar” deyə düşünüb uşaq kimi sevindi. Dəhlizdən yemək otağına adlayanda, onu gözləməkdən yorulub, başını stola söykəyərək yatmış Laləni gördü. Onu oyatmamaq üçün ayaqlarının ucunda yeridi, süfrəyə səliqə ilə düzülmüş çay dəsgahına baxdı və səssizcə əyilib Lalənin açıq boynundan öpdü. Lalə azacıq diksinərək gözlərini açdı və ərini görüb yuxulu-yuxulu gülümsündü:

– Bu gün nə əcəb belə tez? – deyə incə bir kinayə ilə xəbər aldı.

Qüdrət əlindəki tufliləri pianonun üstünə qoyub Laləyə cavab vermədən anası yatan otağa keçdi. Qapını açıq qoyub, bəridən düşən işıqda anası ilə yanaşı çarpayıda uzanmış qızını gördü və aşağı əyilib onun da üzündən öpdü.

Tükəzban yuxudan hövlnak oyandı:

– Sənsən? – deyə ürəyi bərk döyünə-döyünə oğlunun üzünə həsrət dolu gözlərilə bir xeyli baxdı: – İşlərin nə təhərdir, qadan ürəyimə?

Qüdrət həmişə belə sayıq yatan qoca anasını yuxudan oyatdığına təəssüfləndi:

– Sən yat, ana can, – dedi, – bilirəm, Şirmayı səni yorub, haldan salıb... Şeytan gör necə yatıb? Gündüz o qədər ora-bura vurnuxur ki, yanında top da atsan yuxudan oyanmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 saat
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 dəq
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 dəq
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 saat 15 dəq

Başqa şairlərin şeirləri