Səhifə 6 / 11 · 45%

Tükəzban yerindən qalxmaq istərkən, Qüdrət onun çiynindən tutub qoymadı:

– Nahaq qalxırsan, ana can... – dedi. – Lalə buradadır, hər şeyi hazır eləyib... Amma o qədər gözləyib ki, axırda yorulub yatıb...

Tükəzban, oğlundan yaşınırmış kimi, arıq çiyinlərini nazik yorğanda gizlətdi, bir oğluna, bir də nəvəsinə baxdı, elə bil damağında ailə səadətinin bütün şirinliyini duyub, bir-iki dəfə ağzını marçıldatdı. Şirmayını oyatmamaq üçün pıçıltı ilə dedi:

– Bilirəm, ər-arvad bəhsə giribsiniz. Şirmayı bu gün qəzeti oxuyub məni başa salırdı. Nə olar ki, görünür zəmanənin adəti bundadır. Neyləyirsiniz eləyin, amma canınıza da yazığınız gəlsin.

– Baş üstə, ana! – deyə Qüdrət gülə-gülə sağ əlini gözünün üstünə qoyub, Tükəzbandan azca aralandı. – Sənin sözün mənim üçün qanundur. Ancaq yat, narahat olma...

Tükəzban ilk və sonbeşiyi olan Qüdrəti min əziyyətlə boya-başa çatdırdığından, onun üstündə, öz təbirincə, nanə yarpağı kimi əsirdi. Qüdrət də bunu çox gözəl bilirdi. Əri Salman cavan yaşlarında Sibirə sürgün edildikdən sonra köməksiz qalmış Tükəzban, yalnız ərini çox istədiyinə görə yox, həm də bircə balasının dərdindən onun-bunun qapısında paltar-palaz yumağa razı olmuşdu, amma başqa ərə getməyə rəy verməmişdi. “balam sağ olsun!” deyə təsəlli tapıb, Qüdrət mühəndis oluncaya qədər səbir etmişdi.

– Mən demirəm pis işlə oğul... Mənim dediyim odur ki, sən hökumətə elə sabah da lazım olacaqsan, – deyə həmişə onu vaxtında çörəyini yeməməkdən, günlərlə ailəsindən kənarda qalıb yuxusuz gecələr keçirməkdən saqındırmağa çalışırdı. Qüdrət, anasının könlü xoş olsun deyə çox vaxt yorğunluğunu büruzə verməzdi. Xüsusən müharibə illərində evə telefon eləməyə belə imkan tapmadığı günlər olanda: “sən qorxma, ana can, mənim evə gəlməməyimə baxma, işim elədir ki, mədənlərdə tez-tez lazım oluram, orada işim-gücüm yatmaqdır, yeməyim də öz qaydasındadır” deyə Tükəzbanı arxayın edərdi.

Qüdrət indi də anasını dilə basdı:

– Əşi, indi nə var ki? – dedi, – hər gün dənizdə gəzib kef çəkirəm. Gündə yüz kərə çimirəm, üzə-üzə hey gedirəm uzaqlara...

– Yox, yox, ağrın ürəyimə, çox uzağa getmə, dəniz ləçər arvada oxşayır, birdən Allah eləməmiş, dilim qurusun, mən nə deyirəm? İşdir, qəzadır... – deyə Tükəzban qızdırmalı kimi yerində uçunmağa başladı.

– Eh, ay ana, nə var ki?.. – deyə Qüdrət qayğısız bir halda əllərini havada oynatdı. – Özün bilmirsən mən nə təhər üzürəm?

Qüdrət yenə dilindən xataya düşəcəyindən qorxub, Lalənin yanına keçdi.

– Hə, arvad, yenə səxavət əlini açmısan, – deyə yemək stolunun üstünə düzülmüş yağı, pendiri və qara kürünü göstərdi – qiyamətdir, çay ver gəlsin!

Lalə çayniki elektrikə keçirdi:

– Səhərdən zəng eləməkdən yorulmuşam. Trestdə tapılmırsan. Bilirdim bu gün gələcəksən. Nə üçünsə ürəyimə dammışdı, – dedi, – hə, işlərin necədir?

– Niyə, pis getmir. Ancaq materiallarımız çatışmır.

– Daxili ehtiyatları səfərbərliyə almaq lazımdır! – deyə Lalə, dəb halına gəlmiş bir cümlə ilə ərinə baxıb güldü və bununla da müharibə illərində trestdəki daxili ehtiyatların qurtardığına işarə etmək istədi. Amma Qüdrət sir-sifətinə ciddi bir ifadə verdi, son zamanlar fəhlələrin topladıqları və təmir edib işə saldığı köhnə avadanlığı xatırlayaraq, arvadına da bu yolla kömək eləmək istədi:

– Sən gülürsən, ancaq yenə də istifadə olunmamış şeylər çoxdur, orada-burada atılıb qalmış alətləri, boruları işə saldırmışam. Son vaxtlarda uşaqlar qəribə bir üsul ixtira eləyiblər. Lazım olmayan dəniz vışkalarını sökmədən bir yerdən başqa yerə köçürürlər. Bilirsən bu bizim işimizi nə qədər asanlaşdırır?

Lalə başını buladı:

– Yox, bizdə belə deyil. İstifadə olunmamış bir mismar da qalmayıb...

Qüdrət nazik doğranmış çörəkdən bir parça götürüb üstünə yağla kürü çəkdi:

– Mən ayrı materialları nəzərdə tuturam, – dedi – çatışmayan bilirsən nədir? Qazıma borularımız çatışmır, taxta-şalban ki, lap azlıq eləyir. Bir neçə buruqdan çıxarılan istismar boruları yay kimi əyilib xarab olub... Onları əvəz etməyə ən azı üç min metr təzə boru lazımdır. Traktorlarımızın çoxusu təmir olunmayıb... Hər şeyi təzədən başlamışam.

– Amma işin o qədər də pis getmir. Plan 85 faizə qalxıb... Sən on beş faiz artmısan, amma mən hələ yerimdə sayıram... – Lalə duruxdu, birdən gözlərini Qüdrətin üzündə dayandırdı. – Hələ bir de görüm, bizim adamları nə üçün geri qaytarmısınız, hə,

– Hansı adamları?

– Sizə kömək üçün üç briqada göndərmişdim. Onları deyirəm.

– Həəə... – Qüdrət qaşlarını azacıq yuxarı qaldırdı, – qaytardıq, çünki bunun faydası yoxdur.

– Məgər sənə plan doldurmaq lazım deyil?

– Əlbəttə lazımdır! – Qüdrət əlindəki çörəyi dişlədi və yeməyə ara vermədən sözünə davam etdi: – Axı, bir də mən yalnız bu ili düşünmürəm. Mən, xüsusən dənizdəki vuruşmaların sabahını nəzərdə tuturam.

Lalə onun fikrini başa düşmədi:

– Bu nə deməkdir?

– Çayın qaynadı, götür! – deyə Qüdrət, pıqqıldayan çayniki göstərdi. – Bu o deməkdir ki, mən cavanları tərbiyə edib yetişdirməklə məşğulam. Onları bir dəqiqə belə unutmaq olmaz. Son hadisələr, elə biri Mehmanın əhvalatı göstərdi ki, gənc qvardiyanın tərbiyəsi neft istehsalından az mühüm deyildir...

Lalə çiyinlərini çəkdi:

– Qəribə məntiqdir! Bizim briqadaların buna nə dəxli var?

– Var, var. Qoy cavanlar indidən heç kəsə ümid bağlamadan işləməyə adət eləsinlər!..

– Məncə əksinə! – deyə Lalə rəsmi bir ifadə ilə izah etməyə başladı. – Gənclər hər an bizim köməyimizi hiss etməlidirlər. Onlardakı inamı artırmaq üçün bu köməyin tərbiyəvi əhəmiyyəti var...

Qüdrət öz fikrinin üstündə möhkəm durmuşdu:

– Adamlarda bu hissi cəmiyyətimiz özü yaradır. Mən, işdəki müstəqilliyi nəzərdə tuturam. Şəxsi ehtiyac insanı öyrənməyə, axtarıb tapmağa məcbur edir.

– Şəxsi ehtiyac başqa, işdə mütəqabil kömək başqa... Əgər sən deyən yolla getsək, Cek Londonun qəhrəmanları kimi, bizim də cavanları şəxsi şöhrət duyğuları zəhərləyə bilər...

– Bax, burada mən heç bir məntiq görmürəm... – Qüdrət də artıq rəsmiyyətə keçdi: çünki istehsalatın ictimai xasiyyəti belə duyğuların inkişafına hər zaman mane olur. Xüsusən bizdə fəhləni həyəcana gətirən istehsalatın ümumi mənafeyidir.

– Aha, sən mənə siyasi dərs verməyə başladın... Unutma ki, bizdəki fəhlə gənclərin əksəriyyəti kənddən yeni gəlir...

– Nə olar ki? Kənddə də ictimai xarakterli təsərrüfat hökm sürür...

Ərlə-arvadın söhbətini kənardan dinləyən olsaydı, burada siyasi məşğələ keçildiyini güman edərdi.

Ancaq onlar, yarım zarafat tərzində gedən bu söhbət zamanı ali məktəbdə oxuduqları vaxtı xatırladılar. İmtahanlardan qabaq fəhlələr bir yerə toplaşar, bir-birinə sual verib cavab alar, yorulmaq nə olduğunu bilmədən, uzun-uzadı mübahisə edərdilər. Qüdrət üçün də, Lalə üçün də, əziz olan o günlərdə, hər ikisi belə qayğılardan azaddı. Onlar ali məktəbdə keçdikləri siyasi fənləri, burada, bu mürəkkəb iş prosesində əyani olaraq görmüş, yalnız indi həqiqi mənasında anlamağa başlamışdılar.

Lalə Qüdrətin yadına, trestə göndərildiyi ilk həftəni saldı:

– Axı sən o zaman demədinmi fəhlə qüvvəsi çatışmır?.. Mən briqadalarımızın boşalmağını gözləyirdim. Təzə quyuları qazıb təhvil verdilər, mən də köməyə yolladım...

– Özü də Ramazanın buruğuna?

– Nə olar ki?

– Necə nə olar? Yoxsa onun cavabından xəbərin yoxdur?.. – Qüdrət şaqqıldayıb güldü. – Deyəsən sənin briqadirin usta Ramazanın sözünü hələ də başa düşməyib...

Lalənin yanaqları xəfif bir qızartı ilə örtüldü. Elə bil qoca ustanın dedikləri şəxsən ona aid idi.

– Əgər onun ehtiyacı yoxsa, fəhlələri başqa briqadalara göndər, – deyə məsləhət gördü.

– Bura bax, arvad, səndən briqadir filan istəmirəm, mənim bu saat üç traktora ehtiyacım var. Kömək eləmək istəyirsənsə buyur göndər, orda deyim ki, yarışda öz qanuni arvadımdan kömək almışam...

– Necə, necə? Qanuni arvad? Bu nə sözdür? – Lalə əlindəki çay stəkanını havada saxlayıb hərəkətsiz qaldı. – Belə çıxır ki...

– Belə çıxır ki, mənim əsil ehtiyacım sənə bəlli deyil...

– Bəllidir. Çünki o ehtiyac məndə də var... Müharibə hər şeyi köhnəltdi. Yalnız texnikamızı deyil, neft təbəqələrini də köhnəltdi... Bu saat elə buruqlarımız var ki, hansı təbəqəsini açırıqsa su verir. Bilirsənmi bu nədəndir? Müharibə zamanı çoxları “ver gəlsin, ağına-bozuna baxmayın” deyib, adamlarımızı diqqətsizliyə, məsuliyyətsizliyə öyrədiblər. Bunların paxırı indi açılır. Ancaq mən də Laləyəm. Bir qram nefti də torpağa bağışlayan deyiləm. Hər vasitəyə əl atacağam. Təmir briqadalarını artıracağam, köhnə quyuların hamısını işə salacağam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 saat
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 dəq
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 dəq
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 saat 15 dəq

Başqa şairlərin şeirləri