Səhifə 8 / 11 · 64%

Lalə, Qüdrətin ayaq səslərindən, kabinetə keçdiyini, yazı stolunun dalında oturduğunu və nə isə yazdığını hiss etdi, nəfəsini çəkmədən dinləməyə başladı. Elə bil o, bu lal sükut içində, azacıq aralanmış qapıdan aydın eşidilən qələm səsindən, onun nə yazdığını bilmək istəyirdi: “Əslinə baxsan, məndə də təqsir var. Gərək briqadaları göndərməmişdən özü ilə məsləhətləşəydim” deyə xəyalından keçirib, o biri tərəfinə çevrildi. Qüdrət, qələmlə axırıncı nöqtəni vurub ayağa qalxdı və səssiz addımlarla gəlib yataq otağının qapısını örtdü. Bundan sonra Lalə heç bir səs eşitmədi və dumanlanan şüurunda röyamı gördüyünü, yoxsa hələ ayıqmı olduğunu, o qədər də aydın dərk etmədən yuxuya getdi.

4

– Ay arvad, indi mənim heç nədən qorxum yoxdur, mən xoşbəxt ölürəm, elə, qızım da bir oğula bərabərdir. Mən bu dünyadan o dünyaya arxayın köçüb gedirəm...

Atasının heç bir təəssüf ifadə etməyən sakit bir səslə dediyi bu sözləri Lalə indi də xatırlayırdı. Boranlı bir qış günü idi. Pəncərələrin şüşəsini mütəmadiyən cingəldədən şiddətli xəzri əsirdi. Küçələri arşın yarım hündürlüyündə qar basmışdı. Tramvayların hərəkəti dayanmışdı. Tez-tez yolları təmizləsələr də ara vermədən yağan qar göz açmağa qoymurdu. Son əlli ildə Abşeronda bu cür qar yağdığını görən olmamışdı. Lalənin atası Əlimərdan kişi dəniz sahilində təzə bir quyu qazıb qurtarmaq üzrə ikən, özünü soyuğa verib sətəlcəmdən xəstələnmişdi. Həkimlərin dediyinə görə, sağalmağına ümid yox idi.

Əlimərdan kişi, yanından bir dəqiqə belə aralanmayan arvadına deyirdi:

– Qızım bu il orta məktəbi qurtarır. Bundan sonra incinar oxutdurarsan. Allah qoysa, böyüyüb sənə oğulluq elər...

O, dünyaya gözlərini yumdu. Amma kənardan baxana elə gəlirdi ki, röyada nə isə görüb razı halda gülümsəyir. Qansız dodaqlarında donub qalmış bu təbəssüm, onun iyirmi illik həyat yoldaşını da aldatmışdı. Arvadı elə bilirdi ki, Əlimərdan huşa gedib, vəsiyyətini tamamlamaq üçün nə barədə isə fikirləşir. Onun ölümündən xəbər tutanda, xəstənin yanında oturmuş qohum-əqrəbadan tük ürpərdən bir şivən qopdu.

Lalə məktəbdə idi. Atasının ölümündən beş dəqiqə belə keçməmiş özünü içəri salıb, ağlaşan arvad-uşaqları yara-yara acı bir fəryad qoparıb, Əlimərdanın cənazəsini qucaqlamışdı.

Ağlaşma səsləri xəzrinin vıyıltısına qarışırdı.

Bu hadisədən düz iyirmi il keçmişdi, amma Lalə yenə də heç bir şeyi yadından çıxarmamışdı. Atasını fəhlə yoldaşları böyük bir ehtiramla dəfn etdikdən sonra, Lalənin anası qızının ümidinə qaldı. Aldıqları təqaüdlə dolanmaq çətin idi. Qız şair olmaq istəyirdi. Atasının vəsiyyətini bildikdə fikrini dəyişdi. Neft institutuna girdi. Ancaq ömründə ilk dəfə gördüyü ölüm onun qəlbində silinməz bir iz buraxmışdı. Bu xüsusda onun yanıqlı bir şeri də vardı. Onu köhnə kitablarının arasında hələ də saxlayırdı. Qüdrət təkdənbir bu şeri oxuyarkən, təəssüflə deyirdi: “Hayıf, Natəvandan sonra əsil şairə sənsənmiş!..”

Ali məktəb həyatı mütəmadi təhsil və təcrübədə keçdi. Onun ən çox sevdiyi neft alimi Qubkin idi. Bu səbəbə görə də kitab oxumaqla bərabər, gəzməyi, ayrı-ayrı neft mənbələrini öz gözü ilə görüb tədqiq etməyi sevirdi.

Hələ üçüncü sinifdə ikən dünyanın ən zəngin neft hövzələrini gəzib-dolanmışdı. Amma o, Bakını hər yerdən üstün tutur, atasının vəsiyyətini bir an belə unutmurdu. Onun son nəfəsdə dediyi sözlərə belə məna verirdi: “Qızım, mən də mühəndis olmaq istəyirdim, amma zəmanə buna imkan vermədi. Heç olmasa sən bu dünyadan kam al.

Qüdrət ondan iki sinif irəlidə idi. O da Lalə kimi mədən mühəndisi olmaq istəyirdi. İclasda təsadüfən tanış olmuşdular. Lakin bu təsadüf uğurlu çıxdı. İlk görüş son görüş olmadı. Qüdrətin ayrı-ayrı çıxışları, Bakıya, Bakı fəhlələrinə dair dediyi sözlər Lalənin ürəyinə yaxın idi. Qüdrətin atasına dair başqalarından eşitdiyi maraqlı hekayələr qızın könlündə, özü də duymadan ona qarşı dəruni bir hiss oyatmışdı. Lalə artıq onu sevdiyini və tez-tez görüşmək arzusu ilə çırpındığını başa düşəndə, atasının ölümündən sonrakı böyük kədərini unutmağa başlamışdı. İndi artıq həyatda yalqız olmadığını görməklə təsəlli tapırdı. Onlar ikisi də uzun-uzadı məktublar yazmadan, eşqin ülviyyətinə dair ehtiraslı nitqlər söyləmədən sevişirdi. Qüdrət çox vaxt tamam başqa şeylərdən danışır – “ay səni sevirəm, sənsiz yaşaya bilmirəm” kimi sözlərə nə üçünsə əvvəldən nifrət edirdi. Lalənin anası da Qüdrətin xoşuna gəldi. Gülsüm arvad Əli Bayramov klubunda həm özü dərzilik edir, həm də cavan qızlara bu sənəti öyrədirdi, hər gün qızını danlayıb: “sən oxu, qazancını istəmirəm” deyə onun axşamlar qəzet idarəsindəki işindən ayrılmasını tələb edirdi.

– Yox, ana can, – deyə Lalə onunla razılaşmırdı, – mənim xərcimi ödəyə bilməzsən...

– Nə xərcin var ki? Bəzənib-düzənən deyilsən ki?

– Kitablar, ana can, kitablar... Donluğumun doxsan faizi kitablara gedir.

Doğrudan da Lalənin otağında kitab əlindən tərpənməyə yer yox idi. Əvvəlləri rusca mütaliə etməklə kifayətlənirdisə də, son siniflərdə ingiliscə öyrənmişdi, əlinə keçən texniki əsərlərə son qəpiyini belə əsirgəmirdi. O, bədii əsərlərə də mənəvi bir ehtiyac kimi baxırdı. Rus klassiklərindən çoxunun külliyatını almışdı.

– Bax, mənim pullarım bunlara gedir!.. – deyə qız əlilə kitabları göstərib, anasının haqsız olduğunu əyani vasitə ilə sübut etməyə çalışırdı.

Qüdrət ilk dəfə onlara gələndə, Gülsüm arvad əl-ayağa düşüb plov bişirmək istədi. Qüdrət buna razı olmadısa da, Lalənin təkidilə xörək hazırlandı. Elə süfrə başında ana məsələnin nə yerdə olduğunu hiss edib sevincindən yerə-göyə sığmadı: “Qızıma layiq oğlandır” – deyə Gülsüm arvad könlündə qızına və gələcək kürəkəninə xeyir-dua verdi. Qüdrət gedəndən sonra Lalədən onun barəsində bir söz qopartmaq istədisə də, “yoldaşımdır, bir yerdə oxuyuruq” cümləsindən başqa Lalə ona heç bir şey demədi. Sonra məlum oldu ki, Əlimərdan Qüdrətin atasını tanıyırmış, elə Gülsüm özü də onun Sibir əhvalatını bilirmiş...

Qüdrət məktəbi qurtarıb mühəndis sifətilə mədənə gedəndən sonra da Lalə ilə əlaqəsini kəsmədi. Gah məktəbə gəlir, gah evə gəlir, gah da telefonla Laləni çağırıb kinoya, teatra aparırdı.

Tükəzban bu əhvalatdan çox gec xəbər tutmuşdu. Lalə məktəbi qurtarandan altı ay sonra Gülsüm arvadın evinə gəlib, ata-baba adətilə nişan üzüyü gətirmişdi. Nişanlılar təzə qayda ilə toy eləmək istəyirdilərsə də analar buna razı olmadılar, “bizim də əhdimiz var” dedilər. Köhnə qayda ilə toy elədilər. Fayton və zurna-balaban işə düşdü, Lalə şəhərin bu başından o başına köçməli oldu. Qüdrət onun anasını da öz evinə gətirdi. Tükəzban qarı təkliyin daşını atdı. O, həyatda sevincin nə olduğunu yalnız bu gündən sonra layiqincə başa düşdü.

Gəlin də, onun anası da nəcib adam çıxdılar. Ər-arvad işə gedəndə evdə tək qalan qocalar, danışmağa söz, görməyə iş də tapırdılar. Gülsüm arvad daha kluba getmir, uzun illərin əziyyətindən sonra qızının və kürəkəninin sayəsində xoşbəxt ömür sürürdü. İndi Əlimərdanın arzusu yerinə yetdiyi üçün Gülsümün də ürəyi rahat döyünürdü. Arabir dərindən köksünü ötürür: “keşkə Əlimərdan sağ olaydı, qızını, kürəkənini görüb sevinəydi” deyirdi.

Şirmayı həyata ayaq basanda, Gülsüm də əri kimi dodaqlarında donmuş bir təbəssümlə dünyaya göz yumdu “mən xoşbəxt ölürəm” dedi. Lalənin mədəninə yemək aparıb evə qayıdanda yağışa düşüb xəstələnmişdi. Ər də arvad da eyni xəstəlikdən öldü. Onların nəsli yaşadığı üçün hər ikisi “xoşbəxt ölürəm” deməkdə haqlı idi.

Amma Lalə hələ də bu ağrıları unutmamışdı.

O, atasını da, anasını da yaxşı xatırlayırdı...

5

Səhər Lalə gözlərini açanda, Qüdrəti çarpayısında görməyib təəccüb elədi. “Bu nədir, görünür o heç yatmayıb, gecə ikən trestə gedib” deyə düşündü, bu vaxt, yemək otağında bufeti açıb-örtən və səhər yeməyi hazırlayan qayınanasını çağırdı:

– Ana! Qüdrət hanı?

Tükəzban qüssəli bir təbəssümlə dedi:

– Mən səndən xəbər almaq istəyirdim, qızım... Anası ölmüşü deyəsən yenə də mədəndən çağırıblar.

– Yox, ana, o məndən küsüb gedib... – deyə Lalə köksünü ötürdü. O qalxıb geyinməyə başlayanda kabinetin yataq otağına açılan qapısı ağzında, saçlarını səliqə ilə daramış, yenə də cəhrayı lentini bağlamış, yanaqları azca qızarmış, gözləri sual və təəccüblə parıldayan Şirmayı göründü. Üzündə, yaşına heç də uyğun gəlməyən bir ciddiyyət vardı.

– Nə olub qızım? – deyə onun sifətindəki dəyişikliyi o dəqiqə sezən Tükəzban soruşdu.

Şirmayı gah nənəsinin, gah da anasının üzünə baxıb sükut edirdi. O, birdən Laləyə doğru yönəlib yenə eyni ciddiyyətlə xəbər aldı:

– Ana, “iradə” nə deməkdir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

1**Lətifə Tahirin yoldan qaytarılması xəbərini eşidəndən sonra, onu gördüyü ilk günlərdən ürəyində Tahirə qarşı oyanan meyl birdə-birə yox olub getmişdi: “Demək, yanılmışam. O məni zərrə qədər də istəmirmiş. Əgər istəsəydi, kəndə qaçmazdı. O, zəif və iradəsiz bir oğlandır”. Belə düşündüyü üçün bir daha Tahirlə üz-üzə gəlməməyə çalışırdı. Səhər növbəsindən qayıdan fəhlələrlə qarşılaşdığı zaman, usta Ramazanı və Cəmili salamlayaraq tez də uzaqlaşır, Tahirə sarı heç olmasa ani bir nəzər belə salmırdı. Bu soyuqluğun və etinasızlığın səbəbini Tahir bir növ anlaya bilmirdi. Ona elə gəlirdi ki, Lətifə onun barəsində nə isə pis söz eşitmiş, qızın ürəyində ona qarşı nifrət oyanmışdır. Odur ki, buruqda işini qurtarıb ümumi yaşayış evinə qayıdarkən, bu xüsusda Lətifə ilə danışmağa fürsət axtarırdı. Ancaq dörd-beş gündən bəri belə bir fürsət əlinə düşmürdü. Hamının gözü qabağında onunla danışsaydı, “birdən ağır bir söz deyə bilər, olan-qalan hörmətimi də ayaq altına salıb tapdalayar” deyə düşünən Tahir də özünü zahirən Lətifə kimi soyuq və etinasız göstərməsinə baxmayaraq, əslində yanıb-yaxılır, bəzən köhnə adamlar kimi mövhumata qapılıb, taleyinin küskünlüyündən şikayət edirdi. Birdən o, Cəmilin dəniz sahilində dediyi sözü xatırladı və bütün günahları Cəmilin üstünə yıxmaq fikrinə düşdü. İstirahət günü, Səməndərlə Biləndərin yataq otağından çıxıb getdiyini görəndə o birdən açılışdı:

1 saat
Altıncı fəsil

1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.

34 dəq
Yeddinci fəsil

1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?

56 dəq
Səkkizinci fəsil

1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.

1 saat 15 dəq

Başqa şairlərin şeirləri