Quzu
Şəhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azı bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənarda duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.
Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, arıq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.
Mən ondan qorxurdum. Bağçanın hansı tərəfindən girsəm, o məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar, sümüklərim yumşalıncaya qədər əzişdirərdi. Dünyada sevmədiyim iki adam vardısa, onlardan birincisi bu qoca bağban idi. Çox vaxt mən öz-özümə təəccüblə deyərdim: “Belə kinli adam, nə əcəb belə gözəl çiçəkləri bəsləyib yetirə bilir?”
Bir gün kərpic evin ikinci mərtəbəsində yaşayan gözəl qıza vuruldum. Odur ki, bağçanı unutdum. Bir daha qocanı narahat eləmədim. Gözəl qızı ilk dəfə pəncərənin qabağında görmüşdüm. Onlar özgə şəhərdən gəlmişdilər. Bizim yerli olsaydılar, qızın kim olduğunu bilərdim. Şəhərimiz balaca idi. Məktəbə gedib-gələndə, o qız, nə təhər olsa, gözümə dəyərdi. Yox, o buralı deyildi... Çünki... Yox, buralı deyildi.
Bəzən heç özümün xəbərim olmadan, ona dikilən gözlərimi, o, pəncərə qabağından çəkilib gedəndən sonra da geniş açıb dayanardım. İndi bağdakı gülləri, çiçəkləri unudub, bu canlı, gözəl, qaragözlü bahar çiçəyinə vurulmuşdum...
Birdən küçəyə baxan pəncərə bağlandı, bir daha açılmadı. Mən onu görə bilmədim: axtardım, tapa bilmədim. Mənə nifrətmi edirdi? Məni görmək istəmirdimi, bilmirəm. Öz-özümə dedim: “Yəqin köçüb gediblər. Daha qayıtmayacaqlar”.
Ancaq yanılmışdım.
Bir gün qoca bağban xəstələnib öldü. Gözəl bağça sahibsiz qaldı. Nədənsə, bu hadisə məni sevindirmədi. İllərdən bəri nifrət elədiyim bu qocanın ölümündən kədərlənib ağladım da...
Sonra bağça mənim ixtiyarıma keçdi.
Bir səhər, bağçanın ortası ilə axıb gedən balaca arxda ayaqlarımı sallayıb bulanıq su ilə oynayırdım. Nə gördüm?.. O idi – gözəl bahar çiçəyi!
Tez ayağa durub ağacın dalında gizləndim, gözlərim yalnız bir nöqtəyə dikilib qaldı. O, yer üzünün insanlarına bənzəmirdi. O, böyük bir ideal kimi mənim təsəvvürümdə o qədər yüksəldi ki, dodaqlarımın bir-birindən aralandığını, gözlərimin böyüdüyünü, nəfəsimin tutulduğunu, ürəyimin isə, qeyri-adi bir şiddətlə döyündüyünü belə hiss etmədim.
O, ikinci mərtəbədə, bədənnümə güzgünün qabağında durub, uzun, qara saçlarını darayırdı. Məni görürdümü? Yəqin ki...
Yox, görürdü. Görməsə də, bir vaxt görməli idi.
Mən onun yalnız profilinə baxırdım. Qara gözlərinə isə həsrət qalmışdım. Nəvaziş axtarırdım. “Bir bəri bax, gözlərini məndən gizlətmə! – deyə yalvarmaq istəyirdim. Yox, belə kəmiltifat olma!..”
Yox, o məni görmürdü.
Mən isə inləyirdim: “Ah, qızlar, qızlar, niyə siz arxanızca gələn cavan adamın, pərvanə kimi başınıza dolanmaq istəyən bədbəxt bir insanın sifətini, hərəkətini aydın görmək istedadına malik olduğunuz halda, bircə dəfə dönüb onun üzünə baxmırsınız? Siz nə üçün bu qədər məğrursunuz? Fərqi nədir ki, o, üç-dörd sürətli addımdan sonra qabağınıza keçib sizə istədiyi qədər tamaşa edə bilməzmi? Dönüb geriyə baxsanız, o insanın ürəyində sizə qarşı mütləq mənfi bir fikir oyanacağındanmı qorxursunuz? Axı, bütün insanlar belə yüngül deyillər ki? Sevənlərin qəlbi geniş olmurmu? Onların gözü iti, baxışı dərin olmurmu?”
O, ayna qabağından çəkildi. Elə bil ay parçası qara buludların dalında gizləndi. Gözlərimin qarşısında nəhayətsiz, dərin bir boşluq açıldı...
Axşama qədər orada qaldım. Evdən məni çağıranlara hay vermədim. O yanlarda, xəlvət bir bucaqda oturub günün batmağını gözlədim.
Hər dəqiqə mənə ildən uzun görünürdü. Yenə də yer üzünü işıqlandıran bir ay parçasını gözləyirdim.
Evin o yanından, yaz buludlarının arasından çıxan ay mənə baxırdı...
Birdən yaxınlaşan ayaq səslərini eşitdim. Donub qaldım. Yuxumu görürdüm? Yox, ay göydən yerə enmişdi, yeriyirdi.
– Xanım, siz qorxmursunuzmu?
Düşünürdüm ki, o mənim burada olduğumu bilmir və sualımı eşidən kimi səksənəcək. Yox, onun gözləri, dalınca gələn oğlanı aydın görən qızlarınkından belə iti idi. O, məni görürdü.
O duruxdu.
Mənim böyümüş gözlərim, həsrətində olduğum qara gözlərə dikildi.
O:
– Yox, mən qorxmuram, – deyərkən mən onun incə dodaqlarına baxdım.
O gülümsədi.
– Gül dərmək istəyirəm. Evdəkilər solub.
– Buyurun, xanım, yaxşı qərənfillər var.
– Qərənfil? Mən qızılgül dərmək istəyirəm.
– Niyə, xanım? Bu saat qərənfillərin yaxşı vaxtıdır.
Onun incə dişləri parıldadı:
– Mən özüm Qərənfiləm, – dedi. – Mənə qızılgül lazımdır.
Utandımmı? Qızardımmı? Deyə bilmərəm. Vücudum tir-tir əsdi. Bunu xatırlayıram.
– Sən qoca bağbanın nəyisən? – deyə o, məndən xəbər aldı.
– Mənmi? Heç nəyi. Mən qonşunuzam. Siz olan evin alt mərtəbəsində yaşayıram. Zirzəmidə...
– Harda oxuyursan? Səhər gimnaziyasındamı? Atanı hər gün görürəm. Yaxşı adamdır... Gəl mənə gül dərməyə kömək elə... Mən də oxumaq istəyirəm, atam qoymur. Deyir ki, qız xeylağı oxuyanda azır.
Mən qoca bağbanın mirasını toplayıb böyük bir dəmət bağladım.
– Buyurun, xanım...
– Mən dedim ki, qərənfil istəmirəm.
Mən onun fikrini anlamadım.
– Adın nədir?
– Mənim adım, Rəhim...
O, nəsihət verməyə başladı:
– Oğlan qıza çox baxanda... Yox, bu yaxşı deyil... Sən nə üçün bu gün evinizə getmədin? Anan səni üç-dörd kərə çağırdı. Sən cavab vermədin. Ac qaldığından narazılıq edirdi. Yaxşı deyil...
Mən yalnız indi xatırladım ki, səhərdən bəri heç nə yeməmişəm.
– Pəncərəmizə çox baxma. Anamın acığı tutur, görmürsənmi, küçəyə baxan pəncərələri bağlayıb. Razı olmur... Sən onu daha da şübhələndirirsən.
Birdən Qərənfil addımlarını yeyinlətdi. Bağçadan çıxdı. Geriyə boylanıb, üzümə baxa-baxa dedi:
– Get, çörək ye, anam səni görməsin deyə, bağçaya axşamlar çıx. Yaxşımı?
Mən nə qədər xoşbəxt idim. Sevincimdən dilim söz tutmurdu.
– Yaxşı, xanım, yaxşı... – dedim.
Ayrıldıq. Birinci görüşümüz bununla qurtardı.
Evdə məni danladılar. Anam söyləndi. Atam bağırdı. Mən heç birinə cavab vermədim. Səadət mənim dilimi qurutmuşdu.
Yerimə uzandım.
Gecə saat iki idi. Hələ də gözümə yuxu getmirdi.
“Bağçaya axşamlar çıx...” – Hə, hə, axşamlar... Necə yatdığımı xatırlamıram... Bir də səhər oyandım. Qapı döyülürdü.
Anam cəld qalxıb qapını açarkən, bir qadın səsi eşitdim. Qərənfilin anası idi.
– Dünən sizin oğlan səhərdən axşama kimi bağçada idi. Orada bizim quzumuz bağlanmışdı. İtib... Onu sizin Rəhim oğurlamayıb ki?
Mən yerimin içində donub qaldım.
Dinmədim.
Qərənfillə ilk görüşüm, son görüş oldu. Quzu mənim sevgimi oğurladı...
Kitabxana.az · https://kitabxana.az/works/mehdi-huseyn-quzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1**Tahir texniki minimum dərslərinə müntəzəm surətdə davam edirdi. Axır günlərdə müəllimlər hər bir şagirdə çox tələbkar yanaşırdılar. Məşğələlər vaxtında başlayır, vaxtında qurtarırdı. Hər gün keçilən dərsləri o birisi gün nöqtəsi-nöqtəsinə soruşurdular. Bunun səbəbini şagirdlər bilməsələr də, müəllimlər yaxşı bilirdilər.
Altıncı fəsil1**Qüdrəti şəhər partiya komitəsinə çağırmışdılar. O, başqa trest müdirlərinin də burada olacağını bilirdi. Lalə ilə öz arasında baş vermiş o nazik ixtilafın da, bütün müşkülləri həll edən bu yerdə, hamının ümid mənbəyi və nüfuzlu söz mövqeyi saydığı bu binada öz xeyrinə, yəni onun düşündüyü kimi həll ediləcəyinə inanmasaydı, payız gününün bürkülü havasında tərləyə-tərləyə bu hündür binanın dik pillələrini belə həvəslə qalxmazdı, bir bəhanə ilə özünü xəstəliyə vurar, ömründə yalan demədiyi halda belə bir yalanı söyləməkdə zərrə qədər də tərəddüd göstərməzdi. Onu hər yerdə həmişə haqlı saymışdılar. Onun iş təcrübəsi çoxlarına, hətta istəkli arvadı Laləyə belə nümunə göstərilmişdi. Qüdrətə elə gəlirdi ki, bu yüksək mövqeyi itirmək yalnız onun şəxsi duyğularını deyil, bir də, çoxdan bəri vərdiş halına gəlmiş iş üsullarını təhqir edir. Əgər burada inadlı mübarizə zərurəti hiss olunsaydı, o, heç bir vuruşmadan geri durmayacaqdı. Qüdrət özünü haqlı saydığı vaxt, ixtiyarca ondan yuxarıda duran adamlarla da vuruşmağı bacarır, müvəqqəti məğlub olsa da ruhdan düşmür, hər zaman, hər yerdə inadla, mərdlik və cəsarətlə fikrini müdafiə edirdi.
Yeddinci fəsil1**Nisa gözlərinə inanmırdı. Ona elə gəlirdi ki, həmişəki kimi yenə də oğlunu röyada görür, onun əynindəki zabit libası da hər gün çörək almaq üçün dükana gedəndə rast gəldiyi hərbi adamların paltarına bənzəyir. Bəs nə üçün Paşa özgə vaxt yuxusuna girəndə elə müharibədən əvvəlki sadə kostyumunda, əlində qovluq gəlirdi?
Səkkizinci fəsil1**Dənizdə tufan başlanırdı. Külək getdikcə şiddətlənirdi. Səhər çoxdan açılmışdısa da, göy üzü hələ də aydın görünmürdü. Mavi dənizin suları tutqun bir rəngə çalırdı. Dalğalar üzərində ağ köpüklər görünməsəydi, sulara mazut qarışdığını güman etmək olardı. Qaralmış buludlar cənuba doğru axışır, elə bil küləyin təqibindən baş götürüb hara isə qaçışırdı.
Başqa şairlərin şeirləri
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
DüşdümNeyləmişdim, yarəb, həqq dərgəhində,Xəstə olub müdam, cahanə düşdüm.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Dağlara-dağlaraMəcnun deyə Leyli ünü,Düşdü dağlara-dağlara.