Səhifə 1 / 2

I

Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşğələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındıra bilmədi. Çox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. Qeysər, sifətdən çirkin idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. Qeysər, çirkinliyini özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

On dörd illik bir həyat yoldaşı olan Hidayətin son hərəkətləri isə ona ikinci bir dərd olmuşdu. O, bir gün klubdan qayıdarkən, Hidayətin işdən çox tez gəldiyini görmüş, lakin heç əhəmiyyət verməmişdi...

İlıq havalı bir aprel günü idi. Qeysər ərinin bu hərəkətini düşünə-düşünə yenə evə qayıdırdı. Qapının zəngini çaldığı zaman, səs-səmir gəlmədi. Zəngi bir də basdı. Qeysər tez içəri girdi. Hidayət masa arxasında oturub, “ciddi” bir mütaliəyə dalmışdı. Qeysər bu mütaliənin mənasını anladı. Üzü sapsarı oldu, əlləri titrədi. Bir şey demək istədi. Udqundu, dili söz tutmadı. Hidayət başını qaldırdı, heç bir işdən xəbəri yoxmuş kimi yenə qarşısındakı kitaba göz gəzdirdi. Qeysər qulluqçusuna baxdı, ciddi və sərt addımlarla yataq odasına keçdi. Bu dəqiqə: “Özüm hər bir işi görə bilərəm!” – demək istəyirdi. Lakin bu sözü onların heç biri anlaya bilməyəcəkdi. Qeysər də bunu düşünüb, bir söz demədi.

Küçəyə baxan pəncərə qarşısında dayandı, nə edəcəyini bilmədi.

Hidayətin otağına açılan qapıya yaxınlaşdı, bir müddət səssiz durdu, ərinin vicdansız hərəkətlərini xəyalından keçirdi. Acı bir söz aradı, tapa bilmədi.

Bu halda Hidayət yerindən qalxdı, acıqlı və qızarmış gözlərilə ona baxan Qeysəri gördü. Qıpqırmızı oldu. Onun mənalı gözlərində öz xəyanətini oxudu, bugünkü işindən arvadının duyuqluğunu anladı, heç bir şeydən xəbəri yoxmuş kimi, addım-addım yeriməyə başladı. Qeysər yerində heykəl kimi dayanıb, gözlərini Hidayətdən ayırmırdı. O, acığından yarpaq kimi əsirdi.

– Hidayət!

– Nə var?

– Mən dedim ki, bu xarabaya qulluqçu-zad lazım deyil.

– Nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, xalqın uşağını yazıq eləmə!

– Uşaq nədir, zad nədir?

– Sənin qulluqçun, İsməti deyirəm.

Bu söz Hidayəti ildırım kimi vurdu. O, yerində dondu, artıq deməyə bir sözü qalmadı.

– O, bu gün evdən çıxmalıdır!

– ...

– Hər gün burada birini bədbəxt eləməyə sənin ixtiyarın yoxdur, bilirsənmi?..

– ...

– Mən demirəm ki, o insan deyil, ancaq o yazığı bundan sonra kim alacaq?

– ...

Hidayət xam at təki fısıldayır, güllə kimi üstünə yağan bu sözlərə tab gətirə bilmirdi.

– Onu səbəbsiz bayıra tullamağa da bizim ixtiyarımız yoxdur, müqavilə bağlamışıq... bir də... onun heç kəsi yoxdur, hara getsin?

– Mən ona iş taparam!

– Yox... axı bir də...

– Nə demək istəyirsən?

– Belə olmaz ki!..

Aralığa dərin bir sükut çökdü. Hər ikisi gözünü yerə dikib, bir müddət baxındı. Qeysərin ürəyi hirsli-hirsli döyünürdü. O, qarşısında duran ərini ayağının altına salıb tapdalamaq istəyirdi. Ancaq bu işdə aciz olduğunu duyurdu. Bir addım irəlilədi, gözlərini tez qaldırıb, Hidayətin bozarmış yanaqlarına baxdı. Bu baxış son dərəcə həyəcanlı idi. Hidayət əsəbiləşir, ox kimi batan baxışların təzyiqi altında sıxılırdı.

O yaxşı hiss edirdi ki, Qeysər əvvəlki Qeysər deyil. Onun bu evdə heç bir alacağı qalmamış, ərlə arvadın canlı rabitəsi olan on yaşlı oğlu da, iki il bundan əvvəl qara torpaqların qoynunda basdırılmışdı. İndi Qeysərlə ciddi danışmaq da mümkündü. Onun fikrincə iki ildə bir uşaq verməyən arvadın evdə rahatca oturması, müftəcə yeyib-içməsi, xoşa gedən bir iş deyildi.

Hidayət, qəti bir qərara gəlmiş kimi, ciddi bir tövrlə Qeysərə baxdı:

– O, bu evin adamı olacaq!..

Bu sözü eşidərkən Qeysərin gözündə od parladı, ağır bir şillə almış uşaq kimi az qaldı dalıüstə yerə yıxılsın, qapının örtülü qanadından yapışdı, özünü topladı:

– Olsun!..

II

Hidayət yaxşı anlayırdı ki, o öz hərəkətləri ilə əski ailənin səmimi rəftarına mane olur. Ancaq bu, özü Hidayətə daha xoş gəlirdi. O, ürəyində heç ağıla gəlməyən bir arzu da bəsləyirdi. Bu arzu, Qeysərin bütün zəhmətini heçə çıxarıb, ona ağır bir zərbə endirmək idi.

Hidayət hər gün işdən gələndə, bir bəhanə arayır, Qeysərin hər bir hərəkətini izləyir, onu ən cüzi bir şeydə təqsirləndirməyə çalışırdı.

Hidayət arzusuna bu tezlikdə müvəffəq ola bilməyəcəyini gördü, başqa bir yol aramağa çalışdı.

“Kəndə yollaram, kənddəki evi şənləndirmək lazımdır deyərəm, özümün də hər həftə gələcəyimi vəd edərəm, vəssalam!”

O, özünün bu son qərarından razı qaldı, müvafiq bir dəqiqə gözlədi.

Bu dəqiqə, tezliklə gəlib yetişdi. Evdə oturub çay içdikləri zaman, kənd işindən söz düşdü. O, üzünü Qeysərə tutub, boğuq bir səslə dedi:

– Oranı da əldən buraxmaq doğru deyil!

Qeysər ərinin sözünü acı bir təbəssümlə qarşıladı, cavab vermədi. Onun nə demək istədiyini anlamışdı.

– Bir də... bəlkə məni qulluqdan çıxartdılar, o vaxt kəndə gedə bilərik.

Hidayətin qulluqçusu İsmət də bu söhbətə qasrşmaq istəyirdi. Ancaq Hidayət ona imkan vermir, mətləb üstə gəlməyə tələsirdi.

– Yaxşı olardı ki, özün gedə idin!

Hidayət qalın dodaqları arasından çıxan bu sözlərin, özü tərəfindən deyildiyinə təəccüb etdi. Hər halda fikrini söylədi, Qeysəri kəndə yollamaq istədiyini onun özünə anlada bildi.

Hidayətin bu sözünü eşidən kimi, Qeysərin dodaqlarında istehzalı bir təbəssüm oynadı.

– Mənmi? – deyə səndəlidən qalxdı.

Qeysər kəndə gedə bilərdi. Bəlkə bu təklifi də sevinclə qarşılardı... Ancaq bu fikrin arxasında gizlənən məqsəd, Qeysərə gün kimi aydındı. Qeysər belə təkliflərin mənasını çox tez anlayırdı.

– Yol açıqdır, – dedi, – sən özün gedə bilərsən. Mən evimdəcə qalmaq istəyirəm.

– Axı, mən vəzifəmi buraxıb gedə bilmərəm...

– Mənim də çox işim var, hələlik vaxtım da yoxdur. Kənddəki evin bərbad olmağını istəmirsən, get, özün otur mal-qaranı otar!..

Hidayət Qeysərin öhdəsindən gələ bilmədi, özünü çox sərt göstərməyə çalışdı. Amma bu da bir nəticə vermədi, dediyi sözlər ona heç bir təsir etmədi.

– Mən belə bilirəm ki, sənin kənddə olmağın yaxşıdır, qadası!..

– Mən özüm də belə düşünürəm ki, əvvələn kənddəki üç-dörd artıq heyvan mənə lazım deyil, burada çalışmağım həm özüm üçün, həm başqaları üçün xeyirlidir, ikincisinə qalan yerdə, kənddən xoşun gəlirsə get, mənə də baş ağrısı vermə.

Hidayət bu uzun danışığı kəsmək üçün nə edəcəyini bilmir, hiddətindən tut yarpağı kimi əsirdi.

O, boz və qurumuş dodaqlarını dili ilə isladır, dişini qıcırdadırdı.

– Qeysər, bilirsənmi, bunlar sənə baha oturar?

– Bilirəm, bilirəm, hi, hi, hi...

– Eybi yoxdur, getmə! Ancaq...

– Özün gedə bilərsən!..

III

Hidayət Qeysərdən qorxdu; odur ki, İsmətin evdən çıxıb getməsini tapşırdı. Ancaq o, hamilə olduğunu, heç bir yana getməyəcəyini bildirdi.

Hidayət uzun get-gəldən canını qurtarmaq üçün yalnız bir yol tapdı. İsməti ikinci arvad kimi almaq!

Bu fikrini özü də bəyəndi. Kimsənin xəbəri olmasın deyə zaqsa belə getmədi. İsməti aldı, təzə bir qulluqçu gətirdi.

Qeysər bu hadisədən xəbər tutdu, ancaq kədərlənmədi. İlk dəfə qadınlar şöbəsinə getdi, Hidayətin bu işini olduğu kimi söylədi. Şöbə müdirəsi heç bir tədbir görmədi. Qeysərə:

– Evi burax, yalnız klubda çalış! – deyə məsləhət gördü.

Qeysər təəccüblə soruşdu:

– O halda mənim bütün əməyim itməzmi?

– Eybi yoxdur, onsuz da biz köhnə ev-eşikdən əl çəkirik... – deyə müdirə gülümsündü.

Qeysər başını buladı:

– Axır onun bu cür rəftar eləməyə haqqı varmı?

– Əlbəttə yoxdur, bu barədə tədbir görmək sonranın işidir... İş burasındadır ki, bizim bəzi kişilər əvvəlki qayda ilə dolanmaq istəyirlər... Bir vaxt gələr ki, bunlar hamısı düzələr.

Müdirənin son sözünü eşidərkən Qeysərin gözləri güldü. O, “hamısı düzələr” sözünü eşitdiyi zaman çox sevindi, öz-özünə deyindi:

“Hidayətin tərcümeyi-halı oxunacaq; onun paxırı açılacaq... Bunu söyləmək, bütün həqiqəti açıb-tökmək mənim vəzifəm idi. Nə etməli? Ailə əsarəti buna imkan vermədi! Eybi yoxdur, gələcəkdə bunların hamısı düzələr”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri