Bilməzdim bir yağlı tikəsən, vətən,Azala-azala gəlirsən dada.Quzu dərisinə bənzər xəritən,Quruya-quruya qalıb ortada.

Qatlasan qatlanar, dartsan uzanmaz,Rus barmaq uzadır, fars əl çəkəndə.Bir yanın dəmavənd, bir yanın Qafqaz,Ah, nələr çəkmədin bu yel çəkəndə!

Səni unutmadı düşmənlər bir an,Tamah sancıları tutur, buraxır.Kabab iyisinə oyanıb İran,Rusya da Pyotrun gözüylə baxır.

Gələn əsirlərin səssiz fəryadı,Hopur varlığıma torpaqdan, sudan,Qanıxmış iştahı diş altındadır,Bir it də arabir hürür qonşudan.

Gah ayı payısan, gah aslan payı,Götürmək istəyir səni ortadan:Aslan dərisinə bürünən ayı,Ayı dərisinə bürünən aslan.

Üstündə mələklər ocaq qalayan,Ah sən də bir ulu yurd ola bilsən.Doğudan batıya ruhu ulayan,Quzu dərisində qurd ola bilsən!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən