Əsərimin müzakirəsi
Bizlərdə adətdir, yazdığımız əsəri çapdan əvvəl müzakirəyə qoyarıq. Yoldaşlar oxuyar, məsləhətləşər, fikir deyər, müəllifə göstəriş verərlər. Doğrudur, içimizdə elə ədiblər olur ki, müzakirə istəmirlər. Əllərindən çıxan yazını dərhal tələsib çapa göndərirlər.
Hətta məşhur bir ədibimiz söz düşəndə deyərdi:
– Müzakirə ilə əsər yazmaq, yol üstündə otaq tikmək kimi bir şeydir. Yetirən bir plan verər. Onun-bunun planına baxarsan, çaş-baş qalarsan, axırda görərsən, bir şey çıxmadı.
Mən bu fikirdə deyiləm, müzakirəyə əhəmiyyət verən, qulaq asanam. Ona görə də əsərimi hazır olan kimi nəsr bölməsinə verirəm. Müzakirədə deyilən qeydləri də bacardıqca nəzərə alıram. Faydalı məsləhətə nə söz? Fikir fikirdən üstün olur. Tələsmək ziyan verər!
Bu dəfə əlyazmasını bölmə müdirinə verdim, xahiş elədim ki, yoldaşlara oxutsun, müzakirəni gecikdirməsin.
O da, sağ olsun, planına saldı.
İki ay sonra soruşanda dedilər, hələ yığışmağa vaxt yoxdur. Müzakirə payıza qalıb. Payızda getdim, dedilər, istəyirsən müzakirə tez olsun, iki nüsxə də makinadan çıxar, bir dənə azdır. Bir nüsxəni çoxuna oxutdurmaq gec olar. Bir neçə surət gətir, yoldaşlara verək, tez oxusunlar.
İki nüsxə təzədən makinadan çıxarıb bölməyə apardım. Bir ay da gözləyəndən sonra müzakirənin gününü müəyyən elədilər.
Müzakirə gündüz saat ikiyə təyin olunmuşdu. Müzakirəyə gələndə iki-üç nəfər gördüm, bölmə müdirindən soruşdum:
– Bəs camaat hanı?
– Gələnləri görmürsünüz?
– Çox az adam var.
– Yavaş-yavaş gələrlər.
– Saat ikiyə çağırımsınız, indi üçün yarısıdır.
– Darıxma, gələrlər.
Yarım saat da gözləyəndən sonra müdir kimi isə çağırdı:
– Adamlara xəbər vermisiniz?
– Hamısına deyilib!
– Necə deyilib?
– Yaxşı deyilib.
– Bəs hanı, görünmürlər!
– Deyilib.
Siyahıda hərənin bir bəhanəsi çıxdı.
– Gətir, bir siyahıya baxım!
Əhməd sanatoriyadadır. Məhəmməd bağa gedib. Əli naxoşdur. Vəli kağızın qulağına yazıb ki, mən razıyam, əsər hazırdır, çapa gedə bilər! Həsən deyir çapdan sonra oxuyaram. Hüseyn...
Müdir bu qeydləri oxuya-oxuya dedi:
– Görürsən, Vəli nə yaxşı yazıb?
– Yaxşı yazıb, ancaq bir Vəli azdır.
– Az olsun, yaxşı olsun, uzun gurultudan bir şey çıxmaz.
– Bu müzakirə olmadı.
– Niyə?
– Müzakirə geniş olur.
– Geniş nəyinə lazımdır, yayın istisində! Müxtəsər lazımdır.
– Mən elə bilirəm.
– Amma mən ayrı cür bilirəm.
– Bu kitabı sən yazmısan?
– Bəli.
– Niyə yazmısan?
– Çapa verməyə yazmışam.
– Bəs niyə çapa verməmisən?
– Müzakirəsini gözləyirəm.
– Mən də razıyam, faydalı əsərdir, sənin qələminə əminəm, ver çapa!
– Bu da oldu müzakirə!
– Onda nəşriyyata bir kağız yazın, zəhmət də olsa.
– Bəyəm, nəşriyyat özü görmür ki, faydalı əsərdir?
– Görsə də, sizin kağıza çox əhəmiyyət verirlər.
Müdir katibəsinə tapşırdı:
– Yaz, nəşriyyata bizdən bir kağız yaz ki, bu faydalı əsərdir. Biz lazım bilirik çap olunsun!
Başqalarını gözləmək lazım olmadı. Həmin kağızı makinada səliqə ilə yazdılar, sevinə-sevinə gətirib nəşriyyata verdim, orada da soruşdular.
– Balam, zəmanət kağızını müəllifin özünə verməzlər.
– Bəs kimə verərlər?
– Kimə istəsən olar, amma əsər müəllifinə yox. Bu bir dövlət sənədidir.
– Sənəd olmağına sözüm yox, ancaq...
Nəşriyyat işçisi hirsləndi, soruşdu:
– Əsər müzakirə olunub?
– Olunub!
– Protokol hanı?
– Protokol vermədilər.
– Müzakirə onsuz olmaz, yoldaş, get protokolu al gətir!
Protokol haqqında bölmə müdirinə deyəndə hirsi vurdu başına, əlini tovladı:
– Nəşriyyatdakılar bəyəm belə rəsmiyyətçi olublar? Deyəsən, kağıza səcdə eləyirlər! O boyda əsəri qoyub protokol axtarırlar?
– Axtarırlar.
– Deyə bilmirsən ki, a kişi, protokol çap olunmur, əsər çap olunur?
– Deməyə baxmırlar, istəyirlər.
– Get deynən mənə zəng eləsinlər.
Bunu nəşriyyatdakı katibəyə deyəndə başını buladı.
– Biz zəng eliyərik, amma zəngi bir yerə yazmırlar. Zəng havada yox olur. Amma sabah soruşanda bizdən zəng istəmirlər, sənəd istəyirlər, sübut istəyirlər, əzizim, zəngi təqdim etmək olmur!
Mən katibəyə, katibə mənə baxıb dururduq. Ortaya məyusluq sükutu çökmüşdü. Katibə bir hakimin müttəhimə yönəltdiyi diqqətlə mənə baxır, sanki nəsə soruşmaq istəyirdi. Mən bu məsum, günahsız qızın üzünə heyran-heyran baxıb, çarə axtarırdım.
– Axı, – dedim, – bacı, indi mən neynəməliyəm?
– Neyləyirsən elə, özün bilərsən!
– İstəyirəm ki, bu uğursuz əsəri birdəfəlik götürüb gedəm.
Katibənin üzü güldü, qaşqabağı açıldı:
– Aparsan, yaxşı olar, bizi də başağrısından qurtararsan, özünün də qulağın dinc olar.
Mən üzümü məsum qıza tutub dedim:
– Bacım, bu yazının mahiyyəti bir şey deyil. Bunu mən yazsam da, yazmasam da, həmin adamam. Bu qədər ki yazının dalınca düşürəm, zəhmətinə qatlaşıram, çoxları ilə üz-üzə gəlirəm, əl çəkməyə də hazır idim. Amma indi ki siz belə deyirsiniz, indi ki, siz nəşriyyatdan maaş aldığınız halda öz vəzifənizə belə ikrah hissi ilə yanaşırsınız, mən bu əsəri mütləq çap elətdirəcəyəm, bir nüsxəsini də sizə hədiyyə göndərəcəyəm və sizi də öyrədəcəyəm ki, adamların zəhmətinə belə münasibət nə ona, nə də sənin idarənə yaraşar!
Katibə mənim sözlərimdən diksinib qızardı, o yan-bu yana baxdı və cavab vermək üçün bir-iki dəfə durub-oturdu.
– Yoldaş filankəs, mən elə demək istəmirdim, istəməzdim, bilirsinizmi?..
Mən katibənin dediklərini eşitmək istəmədiyim üçün əsərimi qoltuğuma vurub, idarədən çıxdım.
– Salamat qalın!
– Bir dayana idiniz, yoldaş!
– Dayanmağa dəyməz, bacım, xudahafiz!
– A kişi, bir dəqiqə...
Qapını çırpıb çıxdım.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-eserimin-muzakiresi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ən yaxşı müalicə xəstələnməməyə çalışmaqdır.Həkim hekayələri, bir müddət həkimlik etdikdən sonra sənətindən əl çəkən bir tanışımın xatirələrindəndir. Burada xoşagələn nə varsa, o kişininkidir. Ancaq əl zəhməti ədibindir. Yazının yaraşıqsızhğı üçün ədibi töhmətləndirmək.lazımdır.
QəmbərquluTexnikumun həyətində adam əlindən tərpənmək olmurdu. Bu il yüz iyirmi nəfərin yerinə dörd yüzdən çox ərizə verən var idi. Kimi qəbul komisyonunun qərarını gözləyirdi, kimi tibbi yoxlamadan keçirilməli, kimi anket doldurmalı idi.Ərizə verənlər sevinc və intizardan yata bilmir, səhər açılan kimi gəlib məktəbin qabağını kəsir, özlərinin işi haqqında hər saat yeni və sevincli bir xəbər eşitmək istəyirdilər.
Əməli saleh1Minik qatarı uzaqlaşdı. Stansiyanın çəpərli, bağçalı həyətlərinə təkrar axşam sükutu endi.
Şəxsi məsələBöyük insana, insanpərvərə – Stalin*1
Başqa şairlərin şeirləri
کیفرش، فرجام بال و پر به خون آلودن است
طلوع پرتو حسنست در جهان، اماخلاف مذهب و دین چیست؟ معنی اسما
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.