Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Səhifə 1 / 5

Böyük insana, insanpərvərə – Stalin

1

Cənnət xanım güzgü qabağında dayanıb pudralanırdı. Qonşu otaqdan qapını tıqqıldatdılar. Səs təkrar olundu. Cənnət xanım hirsləndi:

– Allahü əkbər, ha!

Məsum kişi xanımının acıqlı səsini eşitdi, lakin nə dediyini seçə bilmədi. Qorxa-qorxa qapını açdı, başını içəri uzatdı:

– Gəlin xanım, mənə bir alt köynəyi...

Cənnət xanım əlində pudrasilən, üzü güzgüyə sarı durmuşdu. Başını silkib elə qışqırdı ki, üzündən pudra ələndi:

– Ört qapını, kaftarın biri kaftar! Gözün kordur!

Məsum kişi peşman oldu, dərhal qapını basıb mətbəxə qayıtdı. Bir müddət ayaq üstündə tir kimi dayandı. Ömrünün bu axır çağlarında düşdüyü ağır vəziyyəti, gördüyü bihörmətliyi, eşitdiyi nalayiq sözləri düşündü. Min bir sevinclə böyütdüyü yeganə oğlunun körpəlik, uşaq lıq çağlarında ona bəslədiyi ümidi nəzərində canlandırdı, mərhum arvadını xatırladı...

Bütün bunlar iti bir külək kimi onun başından əsib keçdi, canına ani bir üşütmə gəldi. Sinəsindən odlu bir ah qopdu. Sanki bu ah illərdən bəri oğluna bağladığı böyük və dadlı ümidlərin yanıb kül olduğunu bildirən tüstü idi. Bu ahdan sonra, deyəsən, onun sinəsi şumlanmış zəmi kimi boşaldı. Kirpiklərini qaldıranda havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı, soyunub yerinə girmək istədi.

Bu zaman küçə qapısı açıldı, sonra da bərk örtüldü.

Gələn Həpir idi.

Həpir həmişə evə tufan kimi girərdi. Bəlkə, Həpir özünü zabitəli hiss etdirmək, arvad-uşağı qorxuzmaq üçün qəzəblə gəlirdi? Xeyr, onun xasiyyəti belədir. Özünü bilən gündən bəri onu mənası aydın olmayan daimi bir təlaş almışdır. Həpiri görən nabələd adamlar ona vacib və təcili bir məsələ ariz olduğunu güman edərək, hər sözünü maraqla dinlər, hərəkətini diqqətlə izlərdilər. Həpiri tanıyanlar isə onun sağalmaz bir təşviş azarına tutulduğunu yaxşı bilir, nə sözünə, nə özünə məna verirdilər.

Həpir proektbüroda məsul icraçı vəzifəsində çalışırdı. İdarəyə girib qışqıranda ki, "biabırçılıqdır, rüsvayçılıqdır, qarşısı alınmalıdır", deyərdin görəsən şəhərdə nə böyük cinayət olub. Həpirin idarə yoldaşları isə heç başlarını qaldırmaz, eşitmirmiş kimi dayanardılar. Yerli komitə üzvlərindən biri isə yavaşca deyərdi: "Ey, Verdiyev, yenə başladın?" İşlər müdiri gözünü ağardar, Verdiyev süzməni tuluğa salardı.

Evdə isə nə yerli komitə, nə işlər müdiri var idi. Zənn olunmasın ki, Verdiyev evdə istədiyi zaman eninə-uzununa çığır-bağır salır. Yox. Belə deyil. Doğrudur, evdə işlər müdiri yox idi, ancaq, əvəzində Cənnət xanım kimi əjdaha var idi. Verdiyev Cənnət xanımdan qorxduğu qədər heç əzrayıldan da qorxmazdı.

Bəs necə olur ki, Cənnət xanım evdə ola-ola, özü də güzgü qabağında bəzəndiyi bir zamanda Verdiyevin küy-kələyi aləmi başına alır.

Aydın məsələdir ki, Verdiyev bunu Cənnət xanıma qarşı etmir və etməz də. O, ancaq Cənnət xanımın xatirinə öz atasına qışqırır və buna görə də heç bir şeydən çəkinmir. Hərdən elə qışqırır ki, evin səqfi cingcing cingildəyir.

– Bu na zibil çaydı mənə verirsən? Götür qoy atamın qabağına!

– Bu şındır-mındırı dişmi tutar? Kim belə ətə pul verir gətirir...

Cənnət xanım ərinin nə demək istədiyini gözəl bilir, o saat Məsum kişiyə eşitdirir:

– Kişiyə de də. Mən bacarmıram onnan daha. Aparır pulu atır çölə, çıxıb gəlir. Bu kişi gələndən kooperativlərin nəki zibili, pəsməndası var, biz yeyirik. Əlli yaşında kişidir, başında əlli quruşluq ağlı yox.

Cənnət xanım o qədər dedi, o qədər danladı ki, axırda Həpir atasına nə pul verdi, nə iş tapşırdı.

Bu gün Verdiyevin qanı lap qara idi. Xörək başına oturmamış atasını çağırtdı.

Məsum kişi arxalığın yaxasını düymələyə-düymələyə içəri girdi. Nökər kimi aşağı başda ayaq üstə dayandı. Güman etdi ki, oğlu ona söz tapşıracaq. Lakin onun qaşqabağından zəhər yağdığını görüb soruşmağa cəsarət etmədi. Müntəzir dayandı.

Verdiyev dönüb qapıya, atasına sarı baxdı:

– A kişi, utanmırsan, gedib orda-burda gileylik eləyirsən, a saqqalın qanına bulansın. Sən özün bir zibil deyilsən, axı mənim adım-sanım var. Beş kişinin biriyəm, axı niyə məni tay-tuş içində yerə vurursan!..

Məsum kişini tər basdı. Əlini irəli verib nə isə cavab vermək istədi.

Pəncərə qabağında dayanıb bu mənzərədən zövq alan Cənnət xanım irəli yeridi. Barmağını az qaldı kişinin gözünə soxsun:

– Elə bu üz iləmi bayaqdan mənnən köynək davası döyürdün? A meyitini görüm, mən sənə köynək-tuman yumağa gəlmişəm?

Cənnət xanım dönüb ərinə çığırdı:

– Bax, qəti deyirəm, sabahdan bu evdə ya odur, ya mən! Bəsdir beş-altı ayı özümü çürütdüyüm. Mən də insanam, mən də cavanam, arzum-kamım var, bu nədi, canım, toyuq kimi aləmi mur-mundar eləyir. Gəlin köpək qızı başına nə daş salsın...

Verdiyev yerindən durdu, əllərini cibinə qoyub atasına tərəf gəldi. Qonum-qonşuya hay düşməmək üçün, bir az asta danışdı:

– Bura bax, mən sənin üçün kəniz almışam, ya özüm üçün arvad? Məsum kişi özünü itirmiş və əlacsız bir vəziyyətdə dayanaraq, nə isə demək istəyirdi. Ancaq söz tapmırdı.

– Oğul, adam atasını bu qədər...

Verdiyev onun sözünü istehza ilə təkrarladı.

– Ata... Ataya bax. Mənə nə atalıq eləmisən, a kişi? Xalqlar kimi mülk, maaş sahibisən? Ya partizan kinişkan var, mənə nə xeyrin dəyib? Şükür ki, hər iki dünyadan avarasan, hardan azıb başımıza bəla gəldin, a kişi! Günümüzü qara elədin, bəsdir axı, bəsdir axı, canım!

Məsum kişi özünü saxlaya bilmədi. Gözündən pırıl-pırıl yaş tökdü.

– Baş üstə, oğul. Gedərəm. Razı olmaram sənin külfətin incisin, mən baş alıb gedərəm.

Məsum kişi evdən çıxdısa da, Həpirin hirsi soyumadı. O öz-özünə deyinirdi:

– Taleyim belədir. Xalqın yeddi arxa yadları ağzını açanda tərif tökür, pisini qoyub yaxşılığını danışır. Mənim bədbəxtliyimə bax ki, doğma atam ayağımdan çəkir. Güclə beş adam içində tanınmışam. Min cür çətinliklə başımı bir yerə yığmışam. İndi də bu. Düşmənim ocaq başındadır. Canım, mənim evimdə pis baxırlar, qalma da! Çıx get də!

Cənnət xanım qayınatasının "baş alıb gedərəm" sözündən çox sevindi. Kişinin dalınca qapıya çıxdı, çıxdı ki, görsün, doğrudan da yorğan-döşəyini yığışdırıb gedirmi?

Məsum kişi gecənin bu vaxtında hara gedə bilərdi? Onun bu vaxt gedəsi heç bir yeri yox idi.

O, keçən ilin son ayına qədər öz vətənində - Qələmqaş rayonunda əkin əkərdi. Bir öküzü, bir-iki sağmal keçisi var idi. Arvadı öləndən sonra, qüssədənmi, tənhalıqdanmı, ya özünü itirdiyindənmi vaxtını evdə-eşikdə keçirər, el içinə az çıxardı.

Günün birində oğlundan, soyuqluğuna bələd olduğu, bir övlad kimi əl üzdüyü Həpirdən məktub aldı. Həpir xeyir iş başladığını yazır, atasını yarana çağırırdı. Həpir onu toya qonaq yox, həmişəliyə Bakıda yaşamağa, ev-eşiyin üstündə olmağa çağınrdı.

Ona görə də sadəcə "gəl" yazmırdı. Dönə-dönə təkrar edirdi ki, "hələ-həlbət yığış gəl, gözləyirəm".

Məsum kişi oğlunun xeyir işinə sevindisə də, köçüb getməyə ürək eləmədi. Ona görə ürək eləmirdi ki, oğluna inanmırdı. Bir tərəfdən könlü qanadlanıb uçur, ata üçün ən böyük xoşbəxtlik olan övlad toyuna tələsirdi. O biri tərəfdən nə qədər çalışırdı, oğlunun etibarsızlığını, soyuqluğunu xatirindən çıxara bilmirdi. Üç gün bu məsələni götür-qoy elədi. Gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Axırda bu fikrə gəldi ki, getməmək namərdlik olar. Yəqin Həpir ağıllanıb, uşaqlıq xasiyyətlərini yerə qoyub, kamil adam olub, bir də ki, qürbət şəhərdə kimi-kimsəsi yoxdur. Sabah ev-eşiyi dolandırmağa kömək lazımdır. Özgəsi ona nə can yandıracaq? Pulunu yeyib, özünü də peyləyəcəkdir. Allah göstərməsin, bilirəm arvadın qohum-əqrəbası başına yığılıb necə dartışdıracaqlar. Belə olan surətdə niyə gərək getməyəm, öz can-ciyərimi niyə gərək ona-buna möhtac qoyam. Buna baxmayaraq, işini daha da möhkəm tutmaq üçün oğluna məktub yazdı ki, "oğul, deyirsən, yığış gəl, oralarda dolana bilərəmmi? Ev-eşiyi nə sayaq eləyim?"

İki gün çəkmədi, Həpirdən təcili cavab gəldi. Həpir atasının dolanmaq dərdinə qalmağını yersiz sayırdı. "Bakıda, deyirdi, 15-16 adam mənim çörəyimi yeyir. Mənə ayıb olar ki, atam bu qoca vaxtında, güzəran qeydi çəkə, yığış gəl. Belə sözü mənə dedin, bir də heç kəsə demə".

Bu cavab Məsum kişini çox sevindirdi. Onun oğlu haqqındakı bütün pis təsəvvürlərini və tərəddüdlərini qüvvətli sel kimi yuyub apardı. O, tələm-tələsik hər şeyi dəyər-dəyməzinə satıb-sovdu. Pal-paltarını bağlayıb baqaja verdi. Bilet alıb Bakıya yollandı.

Məsum kişi oğlunun toyuna xoşbəxt bir ata kimi gəlir, gəlininə hədiyyə də gətirirdi. Min bir arzu və həsrətlə böyüdüb 22 yaşa çatdırdığı və anasızlığına nisgil etdiyi oğlunun xeyir işi və gələcəyi üçün fikrində aydın və möhkəm bir plan tökmüşdü. Buna plan demək düz olmazdı. Bu, qurulu bir imarət idi. Məsum kişinin oğlu üçün hazırlanmış bərlibəzəkli, dəmli-dəsgahlı bir evdi. Burada Məsumun quzu kimi salihə və mehriban gəlini yaşayır. Qayınatası ilə can deyib, can eşidir. Brilyant kimi balalar doğur. Balalar səhər-axşam, xoşbəxt babalarının başına yığılırlar. Baba da cücəli toyuq kimi, onlara dil tökür, qucağına alır, oynadır, öpür, dindirir, əzizləyir...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İki səs

Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

19454 dəq
Qələmdan

1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:

194515 dəq
Silah qardaşları

1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:

194520 dəq
Mənim də haqqım var

Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?

19458 dəq

Başqa şairlərin şeirləri