Şəxsi məsələ
Səhifə 3 / 5 · 40%
Tahir təngə gəldi:
– Sənə dil yetirmək çətindir. Biz istəmirik ailəndə belə narazılıqlar ola. Get yaxşıca fikirləş. Qoca kişiyə bir hörmətsizlik-zad olubsa tərgit. A balam, bu sənin atandır, ümidi, adamı bir sənsən də. Sən də ona kəs baxanda yazıq dığlanar ki... Onun qəlbinə dəyməyəsən gərək, sən komsomolçusan, axı!
Doğrudur, həmin iclas Həpiri bir az yumşaltdı. Amma o, yeri gəldikcə işinin pisliyini, nöqsanlarını tənqid edənlərə bəhanə gətirirdi: "Neyləyim, qoyurlar işləyəm? Mənim ailəmə, şəxsi işimə qarışırlar. Məni atam ilə, atamı arvadımla vuruşdururlar. Bu şəraitdə əsəbi adam necə işləsin?"
Həpir, bununla bəzi işçiləri inandırır, bəzilərini də qorxudurdu. Odur ki, çoxları Məsum kişinin halını bilsə də, Həpirdən çəkinib dinmirdilər.
2
Xoş və mülayim bir yaz axşamında səkilər, bulvarlar, xiyabanlar dolusu gəzən deyib-gülən adamların arasından keçərək dənizə tərəf gedən zəif və qısa bir kölgə heç kəsin diqqətini çəkmirdi. Bu, həmin bu kölgə ehmal və iradəsiz addımlarla yeriyən, heç yana baxmayan, yalruz adamları aralayıb yol tapmağa çalışan Məsum kişi idi. Sahili seyrə çıxan adamlardan biri o kişinin libasına, yerişinə baxsaydı, ondakı qəribəliyi və qeyri-adiliyi dərhal duyardı. Bunun üçün o qədər də həssaslıq, yaxud dərin müşahidə gərək deyildi. Çox ehtimal ki, bir çoxları Məsum kişiyə baxır, onun məyusluğunu, yasa batmış kimi pərişanlığını hiss edirdi. Lakin onu dayandırmağa, onun haraya getdiyini, nə apardığını soruşmağa kimsə cəsarət etmirdi.
Məsum kişi sahilə yaxınlaşdıqca dizləri titrəyir, addımları yavaşıyır, yerişi mütərəddid bir hal alırdı. Qarşıdakı guya dəniz deyil, qara gövdəsini yerə verib yatan, ucsuz-bucaqsız bir məsafəni qapayan amansız ölümdür. Sanki o, bu axşam xüsusi bir iştaha ilə dərin və sirli gözlərini sahilə dikib işıqlar və insanlar arasından gələn Məsum kişini gözləyir. Sanki bu sərin külək onun, o məchul və dəhşətli aləmin fışıltılı və soyuq nəfəsi idi. Lap dərinlərdə, qaranlığın ortasında tez-tez qalxıb sönən qırmızı işıq isə mayak deyildir, ölümün kəlləsində yanan məşəldir. O da müntəzirdir. O da tez-tez şəhərə baxır, Məsum kişini gözləyir. Şəhərin ayağından dənizə sallanan qızıl sütunlar da fəlakətə enməyə pilləkənlərdir. Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. Dəniz isə bədbəxt qonağını gözlədiyi üçün dərhal sakitləşib pilləkəni yerinə gətirir. Dəniz bu ani sakitliyində dilini uzadıb qonağı sahil daşlarından istəyir, daşların sükutu isə "gözləyin, gözləyin" deyir, yem olmaq üçün gələn Məsum kişi sahilin tənha bir yerində dayamb özünün geniş, qaranlıq, soyuq və dərin məzarına baxır...
Onun heçliklərdən qaralan nəzərləri, sanki dənizdən bir kəmənd gətirirdi. Kəmənd boynuna salındı: "Vaxtdır, əcəl gəlmişdir."
Məsum kişi başını göylərə qaldırıb, Allah dərgahından öz günahlarına əfv istəmək üçün təsirli sözlər aradı. Lakin sanki bu sözlərin ixtiyarı oğlunda, o naxələfin əlində idi. Sanki dili nitqindən qalmışdı.
Vidalaşmaq, üzülmək üçün son dəfə qayıdıb həyata, şəhərə baxdı. Bu baxışında, ailəsindən ayrılmağa məcbur olan bir məhkumun həsrət və əzabı, sarsıntı və həyəcanı vardı. O, şəhərə baxmaq üçün boynunu birdən qanırmışdı. İndi nəzərləri şəhərdən, işıqdan, bu insanlardan, bu həyatdan və bəşər məskənindən üzülmüşdü. Üzü həyatdan dönmürdü. Başı ağır-ağır çevrilirdisə də, gözləri şəhərdən ayrılmaq istəmirdi.
Təki heç dönüb baxmayaydı!
Məsum kişi bu baxışında nələr görürdü. Pəncərələrindən buket kimi işıq püskürən evləri, səkilərdə və balkonlarda çay içən, deyib-gülən adamları, quş kimi süzüb gedən tramvayları görürdü. Qız qalasının ətrafından yüksələn musiqini eşidirdi.
Bu baxış sanki, Məsum kişinin 55 illik həyatından ləzzətli və mənalı idi. Hər şey, görüb duyduğu hər şey gəlib onun önündə diz çökür, yalvarırdı: "Getmə, getmə."
Sanki, yeni tikilən və həyat gətirən evlər onunla dəniz arasında sədd çəkir. Uzun və cavan ağaclar sahilə sərilib ölümün yolunu kəsir. Uşaqlar, o əziz balalar əl-ələ verib Məsum kişini qaytarırlar: "Yox, qoymarıq, qoymarıq, əmi, qayıt".
Uşaqlığın qayğısız günləri, gəncliyin coşqun və alovlu saatları, kənd həyatının sakit, şirin və ləzzətli dəqiqələri gəlib süfrə kimi Məsumun önündə açıldı: "Of, həyat nə qədər şirindir. Of, ömrümün əziz çağları, gəlin, siz haradasımz? Başımın üstündən bir qırlanqıç kimi nə üçün ötüb getdiniz?.."
Təsirdən Məsum kişinin qəlbi döyündü, başına bərk bir ağrı sıçradı, qaşları düyüldü, gözləri kiçildi, sifəti bozardı, qaməti sınmaq üçün oda qoyulmuş yaş ağac kimi qanrıldı. O, gözünü hər şeydən yumub, dənizə - ölümə açmaq və onun qucağına atılmaq istədi. Bu arzu onun ürəyində artıq lap möhkəmlənmişdi: "Nə fərqi var, budur, iki dəqiqə sonra mən dalğalar arasında can verəcəyəm, oğlum, gəlinim isə yaşayacaqlar..."
Məsum kişi evi xəyalına gətirdi. Bu saat onlar qapını bağlayıb, qolqola seyrə çıxıblar. Bəli, bir neçə saat sonra mən haqq dünyada olacağam. Görəydim oğlum, o naxələf mənim dalımca düşüb axtaracaqmı?..
Məsum kişi boğazını biçən bu odlu suala tüstülü bir ah ilə cavab verdi:
"Yox, yox... Bəlkə də sevinəcək, şad olacaqlar. Allah heç bəndəsinə belə ölüm qismət eləməsin. Mənim dalımca baxan, nigarançıhğımı çəkən kimim var? Əziz arvadım, mehriban qızım, xələf oğlummu?"
Məsum kişi bu sözləri deyəndə odlu yaşlar dolu kimi gözündən tökülür, başından tüstü-duman qalxırdı.
Yuxarı, Bayıl tərəfdən eşidilən addım səsləri Məsum kişini xəyalından ayırdı. Diqqət edəndə matrosların dəstə ilə gəldiyini gördü. O, özünü itirdi. Bir istədi - tez suya tullansın, bir də fikrinə gəldi ki, "duyarlar, igid adamlardır, atılıb çıxardarlar, biabır olaram..." Onların ötübgetməsini gözlədi. Matroslar yaxınlaşanda gurultulu səslə mahnı başladılar.
Stalin bizlərə həyat verəndir,
Stalin bizlərə qanad verəndir,
Böyük Stalin tək arxamız vardır!
Matroslar getdikcə yavaşıyan mahnı da, tarixə qarışmış gənclik həyatı kimi, Məsum kişidən uzaqlaşırdı. Mahnı uzaqlaşdıqca günəş yamaclardan buz qopardan kimi, kişinin qəlbindən ahlar-amanlar qoparırdı: "Əlbət ki, bəxtəvərsiniz, mənim də bir elə atam, köməyim olsaydı, Stalin mənim də dərdimə qalsaydı..."
Məyusluq küləyi kişinin canını üşütdü:
– Mən Stalinin nəyinə lazımam? Stalin yeni, igid adamları qoruyur. Komandir deyiləm, doktor, injener deyiləm, müəllim deyiləm, partizan deyiləm, əlimdən nə gəlir... qocalıb işdən düşmüş adamam, kimə lazımam? Məni kim tanıyır?
Yenə də matrosların mahnısı Məsumun qulaqlarında cingildədi:
Stalin bizlərə həyat verəndir,
Stalin bizlərə qanad verəndir...
Stalin ki, bunların heç birini şəxsən tanımır. Bunlar onu görməyiblər. Amma günəş kimi onunla isinib, cana gəlirlər. Bu günəşdən mənim niyə qismətim olmasın? Niyə olmasın?
Bu sual ilə o, nə isə demək, nə isə başlamaq istəyirdi. Onun xəyalında parlayan bir işıq, ona doğru və geniş bir nicat yolu göstərirdi. Onu kölgəliklər, uçurumlar, fəlakətli sahillərdən qayıtmağa çağırırdı.
– Mən havaxt bu yolu tutdum ki? Mən havaxt o kişiyə ağız açdım, havaxt dərdimi dedim?.. O kişi atadır, ata qədrimi bilər. Mənim səsimi eşidər...
Bir də qutqaşınlı dostunun dedikləri yadına düşdü: "Stalin kənddən gələnlərin keyfini necə soruşurmuş, necə o, anasının görüşünə gedib, necə ata-oğul hörməti tutandır..."
Bu fikirlər Məsumun başında doğub sanki, qurşun kimi əridi. Qanına keçib bütün damarlarına axdı, mum kimi yumşalmış bədənini heykəl kimi bərkitdi. Dizinə taqət, ürəyinə tab gəldi. O, öz-özünə mızıldandı: "Gəl sən bir yoxla, əl boyda ərizəyə nə gəlib..."
Kişi sahildən geri çəkildi. Sənələrdən bəri aradığı, uğrunda dəmir başmaq yırtdığı bir sirri gözləmədiyi qaranlıq bir yerdə tapmış kimi sevincək qayıtdı. Stalinə yazacağı ərizəni düşünə-düşünə şəhərə, yanan işıqlara, gəzən adamlara, gurultulu küçələrə doğru yeridi.
Məsum gedirdi, gedə-gedə fikirləşirdi. Fikirlər onu gah sevindirir, gah bir ümidə bağlayır, gah ruhdan salır, gah məyus və peşman edir, gah da lap çaşbaş qoyurdu.
Onun yerişi də belə idi, gah iri addımları ilə asfaltı ölçür, gah ağacların narın kölgələri altına çəkilib yavaşıyır, gah boynunu qaşıyaraq, sağına-soluna baxır, ya dimdik huşyar dayanıb sanki uzaqdan gələn bir səsi dinləyirdi.
Bütün bu tərəddüdlərdən sonra yalnız bir şey üzərində bərk durdu: Stalinə şikayət!
Məsum kişinin həyata doğru yeganə yolu bu idi. Onu bu əzmindən qaytarmaq ölüm deməkdi və ancaq ölüm qaytara bilərdi.
Bəs Məsum kişini məyus edən nə idi? O, savadsızdı. Belə bir ərizə yazmaq onun əlindən gəlməzdi. Aydındır ki, bunu oğlundan da xahiş edə bilməyəcəkdi.
Tanışlardan heç kəsə ürəyi qızmır. Bilir ki, bu balaca məsələ deyil. Bilənlər o saat oğluna xəbər verəcəklər.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-sexsi-mesele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.
Qələmdan1Əntiqəfüruş Hacı Qılman Daşlı küçədən keçirdi. Yuxarı mərtəbələrdən bir göy pəncərəni taqqıldatdılar. Cavan bir oğlan başını eşiyə uzadıb Hacını səslədi:
Silah qardaşları1Böyük otaqdan dəhlizə, dəhlizdən də dalana açılan qapılar örtülməmişdi. Üzü pəncərəyə, arxası qapıya dayanıb namaz qılan Səltənət yenicə başını qaldırmışdı ki, həyət qapısı açıldı. Mehribanın uşağı kim ilə, nə isə danışdı. Dalanda və sonra daş pilləkənlərdə ayaq səsləri eşidildi. Səltənət bu zaman əllərini göyə qaldırıb dua edirdi: kim bilir, bu saat hansı səngərlərdə dayanan, ya çətin yollarda at sürən, düşmənlə tutuşan, gülləni-gülləyə calayıb, qan-tər içində top atan oğlunu – Nəcəfi nəzərinə gətirir, özü hiss etmədən səsini ucaldırdı:
Mənim də haqqım varKonduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:– Niyə?
Başqa şairlərin şeirləri
Badi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
SamavarEy olan aləmara layiq sultan, samavar,Sənə müştaqıydı məcmu bəy və xan, samavar,
Birləşən iki nəhrTarix boyu axdığı yerdən alıb izini,Qoşmuş dəli Quzğuna Kür çağlaya-çağlaya.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm